
Zeynəb Cabbarlı 2013-cü ilin aprelində dünyaya gəlib. Hazırda 12 yaşındadır. O, bu il Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyinin 5-ci sinfini bitirib. Dərslərini sevə-sevə oxuyur, mütaliəyə marağı böyükdür. Ən çox sevdiyi fənn isə riyaziyyatdır. Zeynəb deyir ki, riyaziyyat da futbol kimidir, dəqiqliyi sevir.
Amma onun həyatı təkcə dərs və kitablarla məhdudlaşmır. Zeynəb üçün futbol həyatının ayrılmaz hissəsidir. O bildirib ki, bu oyuna sevgisi uşaqlıqda atası ilə birlikdə futbola baxmaları, atasının bu idman növünə maraq göstərməsi ilə yaranıb: “İlk dəfə ayağımla topu vuranda sanki başqa bir aləmə düşdüm. Futbol mənə azadlıq və sevinc hissi verir. Orada daha dəqiq və sürətli olmaq gərəkdir”.

Zeynəbin valideynləri onun bu həvəsini görüb həmişə dəstək olublar. İndi o, “Sumqayıt” futbol klubunun U13 komandasında hücumçu mövqeyində çıxış edir. 2024-2025-ci illərdə Zeynəb Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən U13 Qızlar Liqasının ən məhsuldar oyunçusu seçilib. Mövsüm ərzində vurduğu qollarla komandasını önə çıxarıb və “ən məhsuldar oyunçu” kimi təltif olunub: “Hər oyuna böyük coşqu ilə çıxıram. Məqsədim yalnız qalib gəlmək deyil. Daha çox fərqlənmək, yadda qalmaq istəyirəm”.
Zeynəbi fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, həm sağ, həm də sol ayağı ilə ustalıqla oynayır. Bu bacarığı sayəsində meydanda daha çevik olur.
Qızlarla voleybol deyil, oğlanlarla futbol oynamaq istəyir
Bəzən sinif yoldaşları Zeynəbə təəccüblə “Qız uşağısan, futbol niyə oynayırsan?” deyirlər. Amma o gülümsəyib keçməyi bacarır. Məktəbdə bədən tərbiyəsi dərsində qızlar voleybol oynasa da, o, müəllimindən xahiş edir ki, oğlanlarla futbol oynasın.
Zeynəbin kiçik qardaşı da onun kimi futbolçudur. Hər ikisi “Sumqayıt” klubunun əsas heyətində oynayır. Biri U11, digəri U13 komandasında. Maraqlısı budur ki, hər ikisi də hücumçudur və hər ikisi iki ayaqla topa zərbə vura bilir. Qardaşı da onunla eyni sinifdə oxuyur, hər ikisi sinif əlaçısıdır.

Ailənin dəstəyi hər zaman var…
Zeynəbin anası Ülkər Mövsümlü qızının futbola olan sevgisindən danışaraq qeyd edir ki, o, yalnız futbolçu olmaq istəyir: “Düşüncəsində bir gün Avropada ölkəmizi təmsil etmək var. Bir valideyn kimi onu həmişə dəstəkləyirəm. Həyat qısadır. Onun seçimlərinə qarışmıram. Harada özünü xoşbəxt hiss edirsə, orada olsun”.
Atası da gənclikdə futbolçu olub. Amma bu sahədəki fəaliyyətini davam etdirə bilməyib. İndi Zeynəbin uğurları ata üçün də böyük fəxrdir. Üstəlik, qızı ilə yanaşı, oğlu da meydanda fərqlənir, hər ikisi bacarıqları ilə seçilir.
Zeynəb futbolu sadəcə idman deyil, bir həyat tərzi kimi görür. Boş vaxtlarında dənizə getməyi, futbol oyunlarına baxmağı, ingilis dili öyrənməyi və rəsm çəkməyi sevir.

O, Sumqayıt 4 saylı Diyarşünaslıq Klubunun üzvüdür, rəsmləri ilə bir neçə müsabiqənin qalibi olub. Rəsm müəllimi deyir ki, Zeynəb çox səbirlidir, fırça ilə duyğularını gözəl ifadə edir.
Bundan başqa, Zeynəb riyaziyyat üzrə Kenquru və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında da iştirak edib. Futbol sahəsində isə 2024-cü ildə U14 qızlar arasında keçirilən yarışda təmsil olunduğu “Baku Sporting” komandası 2-ci yeri qazanıb. 2025-ci ildə U13 çempionatında “Sumqayıt” FK ilə respublika 3-sü olub. Mövsümün ən çox qol vuran oyunçu seçilib. Hazırda Azərbaycan U15 Qızlar Milli Komandasının heyətindədir.
Zeynəbin ən böyük arzusu bir gün Azərbaycan qadın milli komandasının heyətində çıxış etmək və ölkəmizin bayrağını beynəlxalq arenalarda dalğalandırmaqdır: “Təkcə Azərbaycanda deyil, dünyada tanınmaq istəyirəm”.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər