
Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiadası olan “Turkic International Mathematical Olympiad” (TIMO) üçün qeydiyyat başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, olimpiada “Global Olympiad Center” tərəfindən təşkil olunur və bu il 21 dekabr tarixində Azərbaycanın beş şəhərində – Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvanda keçiriləcək.
Akademik heyəti türk dünyasının nüfuzlu professor və alimlərindən ibarət olan TIMO, şagirdlərdə riyaziyyata marağı artırmaq, analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin türk ölkələrinin gənclərini elm və bilik ətrafında birləşdirməyi hədəfləyir.
Olimpiadada 2–11-ci sinif şagirdləri iştirak edə bilərlər. Hər bir şagird öz sinfi üzrə imtahan verəcək və suallar sinif səviyyəsinə beynəlxalq olimpiada və yarış proqramına uyğun hazırlanacaq.
İbtidai siniflər üçün imtahan 20 sualdan ibarət olacaq və 60 dəqiqə davam edəcək, 5–11-ci siniflər üçün isə 25 sual təqdim olunacaq, cavablandırma müddəti 90 dəqiqədir. TIMO-nun sual strukturu sadəcə riyaziyyat biliklərini yoxlamır — şagirdin düşünmə qabiliyyətini, məntiqi yanaşmasını və analitik qərarvermə bacarığını inkişaf etdirməyi hədəfləyir.
İmtahan mövzuları:
İbtidai siniflər (2–4): riyazi ardıcıllıqlar, sadə məntiq tapşırıqları, düşüncə oyunları.
Yuxarı siniflər (5–11): riyaziyyat, analiz, kombinatorika, tənliklər və tətbiqi məntiq üzrə çoxvariantlı tapşırıqlar.
Bu model sayəsində hər bir iştirakçı öz yaş səviyyəsinə uyğun beynəlxalq dəyərləndirmə sistemi ilə qiymətləndiriləcək. TIMO-nun məqsədi şagirdlərə yalnız suallara cavab verməyi deyil, riyaziyyatla düşünməyi öyrətməkdir.
Olimpiadanın ölkə mərhələsində yüksək nəticə göstərən şagirdlər aşağıdakı nisbətdə mükafatlandırılacaqlar:
● Top 5 faiz – Qızıl medal
● Top 10 faiz – Gümüş medal
● Top 15 faiz – Bürünc medal
Digər iştirakçılar fərqlənmə diplomu və iştirak sertifikatı əldə edəcəklər. Medal qazanan şagirdlər olimpiadanın beynəlxalq final mərhələsində iştirak hüququ qazanacaqlar.
Bu il üçüncü dəfə keçiriləcək TIMO-nun beynəlxalq final mərhələsi ilk dəfə Bakı şəhərində baş tutacaq. Əvvəlki illərdə final mərhələləri İstanbul Texniki və Akdeniz universitetlərində (Antalya) təşkil olunub.
Bakı finalında 40-dan çox ölkədən şagirdlərin iştirakı gözlənilir. Onların sırasında – Avstraliya, Banqladeş, Almaniya, Fransa, Yaponiya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Tayland, Hindistan, Çin, Malayziya, İtaliya, İspaniya, İsveç, Bolqarıstan, Norveç, Niderland, Portuqaliya, Rumıniya, İran, Küveyt, İrlandiya, Özbəkistan, Türkmənistan, Bəhreyn, Kanada, Finlandiya, İordaniya, Qazaxıstan, Rusiya, Filippinlər, Nigeriya, Qırğızıstan və digər ölkələr.
Təşkilatçılar bildiriblər ki, TIMO-nun Azərbaycanda keçirilməsi ölkə üçün həm elmi, həm də simvolik əhəmiyyət daşıyır. Bu olimpiada şagirdlərə yalnız biliklərini sınamaq deyil, həm də beynəlxalq səviyyədə özünü göstərmək və gələcək akademik inkişaf üçün təcrübə qazanmaq imkanı yaradır.
Qeydiyyat prosesi artıq aktivdir. İştirak etmək istəyənlər https://goc.edu.az/ saytına daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər