Bakı şəhərindəki Ələkbər Əliyev adına 204
nömrəli məktəb 1981-ci ildə fəaliyyətə başlayıb.
1176 şagird yerlik məktəbdə hazırda 64 sinifdə
1271 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 165 müəllim məşğul olur. Məktəbdə dərslər
müasir metodlarla keçilir.
204
nömrəli orta məktəb 2008-2009-cu tədris ilini
yüksək göstəricilərlə başa vurub. 103 məzundan
56-sı ali məktəblərə daxil olub. Məktəbin 13
məzunu 500-dən, 4 məzunu isə 600-dən çox bal
toplayıb. 204 nömrəli məktəb beynəlxalq İnternet
layihəsində iştirak edərək 300 məktəb arasında
birinci yerə layiq görülüb.
Qazanılan uğurlar, ilk növbədə, məktəbin
pedaqoji kollektivinin zəhmətinin nəticəsidir.
Burada peşəkar müəllimlərin sayı onlarcadır.
Onlar arasında əməkdar müəllim fəxri adına layiq
görülən Dilruba Hüseynovanın, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Almaz Həsrətin, 8-9-cu
siniflər üçün "Riyaziyyat, test tapşırıqları"
kitabının müəlliflərindən biri Bəylər
Şahməmmədovun və başqalarının adını çəkmək
mümkündür. 204 nömrəli məktəbin uğurlarında bu
təhsil ocağının direktoru Ziba Rzayevanın
əməyini də xüsusi qeyd etmək lazımdır.
Məktəbdə tez-tez "açıq dərs"lər təşkil olunur,
müəllimlər öz təcrübələrini həmkarları ilə
bölüşürlər. Cari dərs ilində məktəbdə keçirilən
və bir növ müsabiqə xarakteri daşıyan "açıq
dərs"lərdə ibtidai sinif müəllimi Bilqeyis
İsmayılova fərqlənib. Onun müasir tədris
metodları ilə apardığı "açıq dərs"lər çox
maraqla qarşılanır. O, "açıq dərs"lərində
kiçikyaşlı uşaqların informasiya-kommunikasiya
texnologiyaları ilə işinə xüsusi diqqət yetirir.
Dərsdə videomateriallardan geniş istifadə
olunur. B.İsmayılovanın bu yaxınlarda IV "B"
sinfi ilə apardığı "açıq dərs" isə 2009-2010-cu
tədris ilinin ən maraqlı və fərqlənən
dərslərindən biri hesab olunub. Dərsi dinləyən
mütəxəssislər, ibtidai sinif müəllimləri
müəllimin yaradıcı işini, fəal təlim
metodlarından məharətlə istifadə etməsini yüksək
qiymətləndiriblər.
Arzu ƏLİYEVA,
BDU-nun jurnalistika fakültəsinin IV kurs
tələbəsi
|