Mayın 21-də Sumqayıtdakı "İdrak" məktəb-liseydə
Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya
elmləri doktoru, professor Vaqif Abbasovla
müəllım-şagird kollektivinin görüşü keçirildi.
Tədbirdə Sumqayıtın bir sıra ziyalıları, təhsil
ictimaiyyətinin nümayəndələri və digər qonaqlar
iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru, pedaqoji
elmlər namizədi, dosent Möhsün Alışov mərasim
iştirakçılarını salamladı və dəvətlərini qəbul
etdiyi üçün professor Vaqif Abbasova dərin
minnətdarlığını bildirdi. O, "İdrak"
məktəb-liseyi haqqında ümumi məlumat verərək
bildirdi ki, hələ iki yaşı tamam olmayan
müəssisənin hədəfi hərtərəfli, yaradıcı, yüksək
intellektə sahib olan şagirdlər yetişdirməkdir.
Müstəqil dövlətimizin tərəqqisi naminə sağlam
düşüncəli vətəndaşlar yetişdirmək, onları
tərbiyə etmək müəllimlərin qarşısında duran
başlıca vəzifələrdən biridir. Məhz müəllimlərin
səyi nəticəsində liseyimizin şagirdləri
ölkəmizdə keçirilən müxtəlif olimpiada və
müsabiqələrdə uğurlu çıxış edərək, yüksək
nailiyyətlər əldə etmişlər. O, professor Vaqif
Abbasovla görüşdən şagirdlərin çox şeylər
əldə edəcəklərini vurğuladı. M.Alışov kimya
dərsliklərinin müəllifi V.Abbasovun müasir
elmimizin görkəmli simalarından olduğunu və
Azərbaycan təhsilinə xüsusi töhfələr verdiyini
şagirdlərin nəzərinə çatdıraraq, onun
hazırladığı tələbələrin dünya olimpiadalarındakı
uğurlarından danışdı. V.Abbasovun 300-ə yaxın
elmi əsərin, bir çox monoqrafiyaların,
dərsliklərin müəllifi olduğunu, onlarca elmlər
doktoru və elmlər namizədi hazırladığını
xüsusilə vurğuladı. O, V.Abbasovun həm də
onlarla şeir yazdığını qeyd etdi.
Sonra şagirdlərin ifasında V.Abbasovun yazdığı
şeirlər səsləndi. Onun "Yaşa, Azərbaycanım"
şeirinə Maya Heydərqızının bəstələdiyi mahnı
şagirdlər tərəfindən ifa olundu.
Çıxış üçün söz professor V.Abbasova verildi. O,
tədbir iştirakçılarını salamladı və ona
göstərilən diqqətə görə məktəbin kollektivinə
təşəkkürünü bildirdi, işlərində uğurlar
arzuladı. V.Abbasov şagirdlərə milli mənəvi
dəyərlərimizi qoruyub saxlamağı, dövlət və
dövlətçiliyimizi hər şeydən uca tutmağı tövsiyə
etdi. Elm əldə etmək üçün çalışmağı və mövcud
imkanlardan maksimum istifadə etməyi məsləhət
bilən natiq, kimya elminin bəşəriyyət üçün nə
qədər vacib olduğunu söylədi.
Çıxış edənlər professor V.Abbasovun elmi
kəşflərindən söhbət açdılar.
Niyazi RƏHİMOV |