Həm
ata, həm ana tərəfi xan nəslindən olan Xurşidbanu
Natəvan ədəbiyyat tarixində məşhur simalardan biridir.
Atası Mehdiqulu xan məşhur Qarabağ xanı İbrahimxəlil
xanın kiçik oğlu, anası Bədircahan bəyim məşhur Gəncə
xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır. Xurşidbanu
Natəvan İbrahimxəlil xanın nəvəsi, Cavad xanın isə
nəticəsidir. Ona hər yerdə "Xan qızı" deyə müraciət
edirdilər. Ailədə isə yeganə övlad olduğu üçün "tək
inci" adlandırırdılar. Xurşidbanu Natəvanın fəaliyyətinə
nəzər salarkən onu məşhur şair, "Məclisi-üns" adlı
məclisin rəhbəri, rəssam, Şərq təbabətinin gözəl
bilicisi, bir çox xəstəlikləri türkəçarə ilə müalicə
edən loğman, xeyriyyəçi insan, gözəl tikmələr yaradıcısı
olan qabiliyyətli qadın, şahmat oynamaq bacarığı ilə
ətrafdakıları valeh edən oyunçu, sərgi və cıdır
yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı
kimi görürük.
Təxəllüsünün mənası "gücsüz, taqətsiz" olan bu zərif
qadın çiyinlərində təxəllüsünə uyğun olmayan ağır bir
yük daşımışdır. Şairə kimi fəaliyyətinə nəzər salmazdan
əvvəl digər məşğuliyyətlərinə diqqət yetirək.
Xurşidbanu Natəvan dövrünün realist rəssamlarından
olmuşdur. Onun bu günə qədər gəlib çıxan albomunda lalə,
qərənfil güllərinin, qovaq ağacının, Şuşaya aid bir
mənzərənin, Şeyx Şamil sarayının şəkilləri vardır.
Albomda olan şəkillər onun istedadlı rəssam olduğundan
xəbər verir.
Deyilənə görə, Xurşidbanu Natəvan gözəl şahmat oyunu ilə
fransız yazıçısı Aleksandr Dümanı təəccübləndirmiş, o,
şairəyə şahmat taxtası hədiyyə vermişdir. O, Şərq
qadınının bu cür yüksək intellektə malik olmasını yüksək
qiymətləndirmişdir.
Xurşidbanu Natəvandan bəhs edərkən onun xeyriyyəçilik
işlərindən danışmamaq mümkün deyil. Onun ən böyük
xeyriyyəçilik işi İsa bulağından Şuşa qalasına su
çəkdirməsi, əhalini içməli su ilə təmin etməsi, hovuz,
hamam tikdirməsi olub.
Deyirlər ki, Xurşidbanu Natəvan hansı kasıb evin qonağı
olarmışsa, oturduğu döşəyin altına 100 manat pul
qoyarmış, səbəbini soruşanda deyərmiş ki, hər kasıbı
sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir.
Xurşidbanu Natəvan hər yerdə yoxsulların, kimsəsizlərin
müdafiəçisi idi. Deyilənə görə, çar çinovnikinin
günahsız bir adamı döydüyünü görəndə Natəvan ona iki
şillə vurur və heç kimdən qorxmadan əl atıb onun
paqonunu qoparır. Bu da onun xarakterindəki ikili
xüsusiyyətin: kimsəsizlərə, yoxsullara olan humanizmin,
tiranlara, despotlara olan nifrətin, üsyankarlığın
təcəssümü idi.
Xurşidbanu Natəvanın nəslindən Əbülfət xan Tuti,
İbrahimxəlil xanın qızı Ağabəyim ağa, Cəfərqulu xan
Nəva, Fətəli bəy Hali, Abdulla bəy Asi kimi şairlər
olmuşdur. 17 yaşlı oğlu Mirabbası itirən şairənin üzü
1885-ci ildən sonra gülməmişdir. Ana istəkli oğluna
mərsiyələr yazmaqla təsəlli tapmışdır:
Nə yaxşı münis idi, heyf, nagahan getdi.
Məni bu möhnət ara qoydu əlaman getdi.
Göz yaşları, həsrət, kədər, ümidsizlik Natəvan şeirinin
əsas ruhunu təşkil edir. Şeirlərinin əksəriyyətində
şairə fələyin amansızlığından şikayət edir.
Nə yaxşı günlər idi, səninlə münis idim,
Zamanə indi edib sinə dağlı lalə məni
Vüsalə yetməyibən zarü natəvan qaldım.
Edib fələk yenə həsrət o mah cəmalə məni.
Natəvan şeirlərində şəxsi şikayətdən ictimai şikayətə
keçərək Azərbaycan qadınlığının hüquqsuzluğunu
göstərmiş, onların dərdini, kədərini öz şəxsi dərdi kimi
qəbul etmişdir.
Bu gün Natəvanın böyüyüb boya-başa çatdığı torpaqlar
işğal altındadır. Şairənin büstü düşmən gülləsindən
deşik-deşik olmuşdur. Yəqin ki, onun narahat ruhu bu
torpaqlarda dolaşır, düşmən gülləsinə tuş gələn büstü
seyr edir. İnanırıq ki, hörmətli Prezidentimiz cənab
İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində
Qarabağ torpaqları işğaldan azad olunacaq, Xurşidbanu
Natəvanın növbəti yubileyi doğma vətəni olan Şuşada qeyd
olunacaq, Natəvan nəslinin bu gün yaşayan nümayəndələri
bunun şahidi olacaq və rahatlıq tapacaqlar.
Zahidə MƏMMƏDOVA,
Ucar şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi |