Bütün xəbərlər
22 avqust, 12:46

Uşaqlıq həyatın ən qayğısız dövrü kimi çox ideallaşdırılır. Halbuki ən kiçik yaşlardan başlayaraq uşaqlardan çox şey tələb olunur. Onlar bağça və məktəbdə sinif otağına, yaşıdlarına, tərbiyəçi və müəllimə uyğunlaşmalı, ətrafdakı insanlarla münasibət qurmalı, problemlər həll etməli olur. Təəssüf ki, qeyri-müəyyən və mürəkkəb dünyada böyümək uşaqlara qayğısız həyat vəd etmir.

Amerika Psixoloqlar Assosiasiyasının məqaləsində bildirilir ki, həyatda rastlaşacağı çətinliklərin, uğursuzluq və məyusluqların öhdəsindən gəlmək üçün uşaqlara öyrədilməli bacarıqlardan ən vacibi dözümlülük olmalıdır.

Dözümlülük - çətinlik, travma, faciə, təhdid və ya stresslərə uyğunlaşmaq bacarığı övladlarımızın qeyri-müəyyən hisslərinin idarə olunmasına kömək edə bilər.

Rasional-emosional davranış terapiyasının (REBT) müəllifi, amerikalı psixoterapevt Albert Ellis bildirir ki, uşaqlara kiçik yaşlarından məyusluqlara dözməyi öyrətmək onların həyatın çətinliklərinə cavab verə bilmələri üçün vacibdir.

Məyusluğa dözmək anadangəlmə bir bacarıq deyil. Bu, üzərində işlənə və zamanla inkişaf etdirilə bilən münasibətdir. Hər bir uşağın xarakteri unikaldır və bu onların həssaslıq və dözümlülük həddini müəyyən edir. Bəzi uşaqlar çətinliklərə daha kəskin reaksiya verir, digərləri isə uğursuzluqları qəbul etmək və onlara uyğunlaşmaq qabiliyyətini nümayiş etdirirlər.

Bundan əlavə, düzgün emosional təhsil uşaqlara öz hisslərini tanımaq, müəyyənləşdirmək və idarə etmək üçün açardır. Onlar hisslərini müəyyənləşdirmək, bu emosiyaları idarə etmək üçün sağlam strategiyalar axtarmağı öyrəndikdə çətinliklərdən daha konstruktiv şəkildə çıxmağa imkan verən yollar tapırlar.

Eyni zamanda, ailə mühiti və valideynlik tərzi uşaqların məyusluq və uğursuzluqların öhdəsindən gəlmək bacarığında həlledici rol oynayır.

Əsas odur ki, ifrata varmaqdan çəkinin: valideynin avtoritar üslubu uşaqlarda daimi və onu zəiflədən məyusluq yarada bilər. Belə üslub uşağın çətinliklərlə üzləşməsinin qarşısını almağa yönəlsə də, onun inkişafını məhdudlaşdırır. Valideynlər övladlarının əvəzinə hər şeyə qərar verməklə və ya onları problemli vəziyyətlərdən qorumaqla əslində uşaqları maneələrin öhdəsindən gəlmək və emosional inkişaf üçün lazımi bacarıqları inkişaf etdirmək imkanından məhrum edirlər. Doğru yol onlara daha müstəqil olmağa imkan verən və sağlam böyümələrinə kömək edən yanaşmadadır.

Psixoloqların uşaqlara məyusluğun öhdəsindən gəlməyi öyrətmək üçün valideynlərə tövsiyələri belədir:

  • Övladınıza duyğularını tanımaqda kömək edin. Onlara hisslərini adlandırmağı öyrədin. Kədər, qəzəb və ya məyusluq kimi duyğularını tanımaq və ayırd etmək onların daxili dünyalarını anlamasına yardım edəcək.
  • Nümunə olun. Gündəlik problem və çətinliklərin öhdəsindən necə gəldiyinizi nümunə ilə göstərin. Uşaqlar müşahidə edərək öyrənirlər və valideynin problemlərə münasibəti onlar üçün ən yaxşı dərsdir.
  • Övladınızın əvəzinə hər şeyə qərar verməyin. Hər şeyə “hə” deməyin və ya övladınızın özbaşına həll etməyi öyrənə biləcəyi problemləri onun yerinə həll etməyin. Onlara istədiklərini əldə etmək üçün zəhmətin dəyərini, həmçinin “yox” deməyin və məhdudiyyətlər içində yaşamağın vacibliyini öyrədin.
  • Sərhədləri qoruyun. Uşaqlar öyrənməlidirlər ki, istədiklərini həmişə əldə edə bilmirlər. Bunun səbəb ola biləcəyi qəzəblə konstruktiv şəkildə mübarizə aparmağa kömək edin.
  • Əzmkarlığı təşviq edin. Övladınıza izah edin ki, səy ona bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. Problemlərlə üzləşmək və həll edə biləcəklərini öyrənmək onların özlərinə inamlarını və məyusluğa qarşı dözümünü artıracaq.
  • Alternativlər təklif edin. Əgər tapşırıq çox çətin görünürsə, övladınıza məqsədə çatmağın başqa yolunu göstərin. Öz yanaşmanızı uyğunlaşdırmaq problemin öhdəsindən gəlməyin açarı ola bilər.
  • Çətinlikləri öyrənmək imkanına çevirin. Məyusluq anı keçdikdən sonra, nəyin alınıb-alınmadığını birlikdə müzakirə edə bilərsiniz. Beləliklə, övladınız gələcəkdə oxşar vəziyyətlər qarşısında daha hazırlıqlı olacaq.

Bu mesaj uşaqlara əsl uğurun heç vaxt uğursuzluğa düçar olmamaq deyil, hər cəhddən nəsə öyrənmək olduğunu anlamağa kömək etmək üçün vacibdir.

Uşaqlara izah olunmalıdır ki, hissləri gizlətmək lazım deyil. İnsanların məyusluqla qarşılaşdıqda kədər və ya qəzəb kimi emosiyalar yaşaması normaldır. Valideyn olaraq tez-tez “Vəziyyət o qədər də pis deyil” və ya “Narahat olma, keçəcək” kimi sözlər söyləyərək onları dərhal yaxşılaşdırmağa çalışırıq. Bu ifadələr yaxşı niyyətli olsa da, övladınıza hisslərinin və ağrılarının əhəmiyyətsiz olduğunu hiss etdirə bilər.

Bunun əvəzinə, onların duyğularını dinləməyə və onları qəbul etməyə çalışın.

Uğursuzluq dövrlərində uşaqların qayğıkeş böyüklərə daha çox ehtiyacı olur. Unutmayaq ki, onlar sadəcə “Hər şey yaxşı olacaq” deməklə kifayətlənməyən, əslində uğursuzluğun öyrənmək üçün fürsət olduğunu izah edən, dözümlülüyün məyusluğun olmaması deyil, davam etmək üçün güc tapmaq bacarığının olduğunu nümunə göstərən valideynlərə ehtiyac duyurlar.

Amerikalı psixoloq Martin Seligman qeyd edir ki, “uşaqlara həyatın yalnız sevinc anlarını deyil, həm də məyusluqları ilə üzləşməyi öyrətmək onların gələcək rifahının təməlidir”.

Tədqiqatlar göstərir ki, dözümlülük bacarığına yiyələnmiş uşaqlar daha güclü sosial əlaqələr qurur, emosional rifahlarını qoruyur və həyat boyu daha balanslı seçimlər edə bilirlər.

Psixoloq Karol Dvekin “inkişafyönlü düşüncə” konsepsiyası da göstərir ki, səhvləri uğursuzluq kimi deyil, öyrənmək fürsəti kimi görən uşaqlar daha irəli gedirlər. Dözümlülük təkcə fərdi bacarıq deyil, həm də sosial dəstək şəbəkələri ilə möhkəmlənən bir keyfiyyətdir. Bu keyfiyyət isə valideyn, müəllim və cəmiyyətin birgə məsuliyyəti ilə formalaşır.

Ona görə də valideynlər və müəllimlər yalnız bilik ötürən deyil, həm də dözümlülüyü, emosional sabitliyi və problem həll etmək bacarığını təşviq edən bələdçilər olmalıdırlar. Unutmayaq ki, gələcəyin güclü və sağlam fərdləri bu gün çətinliklərdən qorunan deyil, onların öhdəsindən gəlməyi öyrənən uşaqlar arasında yetişəcək.

Ən əsası isə uşaqlara öyrədilməlidir ki, “uğur” heç vaxt yalnız nəticə ilə ölçülmür; bəzən ən böyük uğur yıxıldıqdan sonra ayağa qalxmağı bacarmaqdır.

Mənbə: “Azərbaycan məktəbi" jurnalı

Şərhlər

Xəbər lenti

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12 sentyabr, 14:08

“Dərs planları bir çox hallarda formal xarakter daşıyır” – Elnur Əliyev

12 sentyabr, 13:45

Almaniya Təhsil və Tədqiqat Nazirliyinin iki layihəsi üzərində işləyirəm – Azərbaycanlı tədqiqatçı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.