· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib

Mayın 20-də Bakı Dövlət Universitetində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilmişdir.

Universitetdə Türkmənistan Prezidentini səmimi qarşıladılar, tələbələr ali qonağa gül dəstəsi təqdim etdilər.

Türkmənistan dövlətinin başçısı əvvəlcə universitetdəki Heydər Əliyev Muzeyi ilə tanış oldu.

BDU-nun rektoru, AMEA-nın akademiki, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimi açaraq, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun həyat və fəaliyyətinin əsas məqamlarından danışdı.

Ali qonağa müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranma tarixi barədə məlumat verildi. Bildirildi ki, hazırda universitetin 16 fakültəsində 18 mindən çox tələbə təhsil alır. Onların 1300 nəfəri 20 xarici ölkənin nümayəndəsidir. Universitetdə işləyən 1300-dən çox müəllimin 300 nəfəri elmlər doktoru, professor, 14 nəfəri Milli Məclisin deputatıdır.

Sonra Abel Məhərrəmov dünyada sabitliyin qorunub saxlanmasında səylərinə, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, elmi və tərəqqini dəstəklədiyinə görə Türkmənistan Prezidentinə BDU-nun fəxri doktoru adı verilməsi barədə Böyük Elmi Şuranın 2008-ci il 19 may tarixli qərarını oxudu.

Prezident Qurbanqulu Berdiməhəmmədova BDU-nun fəxri doktoru mantiyası, diplomu və hədiyyə təqdim olundu.

Mərasimdə nitq söyləyən Türkmənistan Prezidenti layiq görüldüyü şərəfə görə Azərbaycanın qədim ali məktəbinin Elmi Şurasının üzvlərinə təşəkkürünü bildirdi.

Türkmənistan dövlətinin başçısı vurğuladı ki, onun ölkəsində genişmiqyaslı və tarixi dəyişikliklər və islahatlar gedir. O, Türkmənistanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və son nəticədə onun inkişaf etmiş dövlətə çevrilməsini ölkənin daxili siyasi xəttinin öncül istiqaməti kimi səciyyələndirdi. Qurbanqulu Berdiməhəmmədov dedi: "Türkmənistanda başa düşürlər ki, bu məqsədə intellektual potensialı artırmaqla, biliklərə və insan təfəkkürünün ən yaxşı nailiyyətlərinə və tərəqqiyə arxalanmaqla nail olmaq mümkündür". O bildirdi ki, bu məqsədlə təhsil və elm sahəsində köklü islahatlar həyata keçirilir, orta təhsil, ali məktəblərdə kadr hazırlığı sistemi təkmilləşdirilir, fundamental elmlər inkişaf etdirilir. Türkmənistan bu yolda müəyyən nailiyyətlər əldə etmişdir. ölkədə ən müasir multimedia avadanlığı ilə təchiz olunmuş məktəbəqədər uşaq müəssisələri, məktəblər və ali təhsil ocaqları tikilir və bu proses davam etdirilir.

Azərbaycan-Türkmənistan münasibətlərindən danışan Prezident Qurbanqulu Berdiməhəmmədov vurğuladı ki, Bakıda aparılan danışıqlar və Prezident İlham Əliyev ilə əldə olunan razılaşmalar geniş dövlətlərarası dialoq, o cümlədən etimadın, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə digər sahələrdən daha çox kömək edən humanitar sahədə dialoq üçün yeni imkanlar açır.

Mərasimin sonunda ali qonaq BDU-nun rektoruna hədiyyə təqdim etdi.

Sonra Türkmənistan Prezidenti BDU-nun fəxri doktorları qalereyası üçün şəkil çəkdirdi.

AzərTAc