· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Sarsılmaz birliyin tərənnümü

Naxçıvan Dövlət Universitetində türk xalqlarının böyük öndəri Mustafa Kamal Atatürkün anadan olması, gənclik və idman bayramı qeyd edildi. Azərbaycan və türk xalqlarının milli istiqlaliyyəti uğrunda qurban gedən şəhidlərin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hər iki ölkənin Dövlət himni oxundu.

Universitetin azərbaycanlı və türk tələbələrinin birgə hazırladıqları tədbirdə Türkiyənin Naxçıvandakı konsulu Mehmet Bilir çıxış edərək Mustafa Kamal Paşanın Türkiyənin müstəqillik qazanması və milli cümhuriyyət yaradılmasındakı xidmətlərindən danışdı. Konsul Atatürkün türk gəncliyinə böyük inam bəslədiyini və mənəvi miras qoyduğunu bildirərək bugünkü bayramın tarixi dəyərlərindən bəhs etdi.

Sonra universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək türk və Azərbaycan xalqlarının qədim tarixi köklərə söykənən sarsılmaz dostluğundan, dahi öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən daha da möhkəmləndirilmiş qardaşlıq münasibətlərindən söz açdı. Rektor türk xalqının əlamətdar tarixi günləri, bayramları münasibəti ilə universitetdə də ənənəvi tədbirlər keçirildiyini qeyd etdi, gənclik və idman bayramının əhəmiyyətini xüsusi vurğuladı.

Sonra Mustafa Kamal Paşanın türk gəncliyinə müraciəti, Türkiyənin azadlıq mücadiləsinə, Atatürkə həsr olunmuş müxtəlif şeirlər səsləndirildi.

Universitetin Tələbə Teatr Studiyasının hazırladığı "Türklərin Atatürkü" tamaşasından parçalar alqışlarla qarşılandı.

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat xidmətinin əməkdaşı

 

Azərbaycanlı şagird 27 ölkənin məktəbliləri arasında keçirilən yarışmanın qalibi oldu

 

Mayın 9  və 11- də Türkiyənin Ankara şəhərində  keçirilən Beynəlxalq Kompüter Layihə yarışmasında 27 ölkə üzrə 674 məktəbdən 11200 şagird öz layihəsini göndərmişdir. Onlardan 212 nəfər də finala vəsiqə almışdı. 

Azərbaycandan bu layihədə iştirak edən 9 şagirddən isə 2 nəfər finala çıxmışdır.

Həmin şagirdlərdən biri Bakının 100 nömrəli orta məktəbinin 10-cu sinif şagirdi Taleh Kərimlidir. Taleh 5 ildir ki, kompüterlə  məşğul olur, əsasən dizayn-qrafika ilə maraqlanır. O, 2006-2007-ci tədris ilində respublika fənn olimpiadasında informatika fənnindən IV yerə, 2007-2008-ci tədris ilində isə III yerə  layiq görülüb.

Həmyerlimizin uğurları barəsində Türkiyə Təhsil Nazirliyindən ölkəmizin Təhsil Nazirliyinə təbrik məktubu göndərilmişdi. Bu gün  biz də bu təbrikə qoşularaq Taleh Kərimlini bu münasibətlə ürəkdən təbirik edir, ona  daha böyük qələbələr arzulayırıq.

Rəşad ZİYADOV