· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil naziri "DAEWOO" şirkətinin prezidenti ilə görüşüb

 

Mayın 19-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası "DAEWOO" şirkətinin prezidenti cənab Younq-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

öncə nazir qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib və onları səmimi salamlayıb. Nazir Cənubi Koreya Respublikası Baş nazirinin ölkəmizə səfərinin uğurlu nəticələr verəcəyini əminliklə vurğulayıb.

Sonra Misir Mərdanov Cənubi Koreya ilə Azərbaycan arasında olan əlaqələrin sürətlə inkişafından və səmərəli əməkdaşlıqdan söz açıb. ötən ilin avqustunda "DAEWOO" şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən ölkəmizdə Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması istiqamətində aparılan işləri qeyd edən nazir həmin təhsil ocağının açılmasının Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayıb. Nazir mərkəzdə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanması, peşə təhsili sistemində çalışan işçilərin biliklərinin artırılması və digər istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb.

Cənab Younq-Von Kanq səmimi qəbul üçün nazirə təşəkkür edib. Eyni zamanda qonaq Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması layihəsi üzrə görüləcək işlərdən danışıb, qısa zaman ərzində bu layihənin həyata keçiriləcəyini əminliklə vurğulayıb. öz ölkəsində peşə təhsili sahəsində qazanılan uğurlardan bəhs edən qonaq bu nailiyyətləri ölkəmizlə paylaşmağa hazır olduqlarını bildirib və mövcud layihənin ikitərəfli əlaqələrin qurulmasına şərait yaradacağını diqqətə çatdırıb.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə müvafiq sahə üzrə bir sıra məsələlər müzakirə edilib.

 

 

 

 

 

Texniki Peşə Təhsili Mərkəzinin layihəsi təqdim olundu

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın beynəlxalq "DAEWOO" şirkəti tərəfindən Azərbaycanda "Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi" üzrə hazırlanmış layihənin təqdimatı oldu.

Təqdimat mərasimində təhsil naziri, nazir müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı şəhərinin peşə liseyləri və peşə məktəblərinin direktorları, "DAEWOO" şirkətinin bir qrup təmsilçisi iştirak edirdilər.

Mərasim açıq elan olunduqdan  sonra "DAEWOO" şirkətinin fəaliyyətindən, xüsusən də şirkətin peşə təhsilinə dəstəyindən bəhs edən qısametrajlı film nümayiş olundu.

Daha sonra həmin şirkət tərəfindən Azərbaycanda tikiləcək Ali Texniki Peşə Təhsili Mərkəzi layihəsinin əsas parametrlərini əks etdirən film mərasim iştirakçılarına təqdim olundu. Videogörüntülərdən aydın oldu ki, 2007-ci il avqustun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cənubi Koreyanın "DAEWOO" şirkəti arasında Azərbaycanda müasir standartlara cavab verəcək Peşə Təhsili Kompleksinin inşasına dair memorandum imzalanıb və ötən müddət ərzində "Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi" layihəsi hazırlanıb. Layihənin ümumi dəyəri 32 milyon ABŞ dollarıdır. Vəsaitin 10 milyon dollarını Azərbaycan, 22 milyon dollarını isə Koreya tərəfi ayıracaq. İqtisadiyyatın müxtəlif sahələrində elektronika və müasir texnologiya ilə işləyə biləcək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulan Ali Texniki Peşə Təhsili Mərkəzinin Bakı şəhərində fəaliyyət göstərən 4 nömrəli peşə liseyinin bazasında qabaqcıl texnologiya üzrə inşa edilməsi planlaşdırılıb. Mərkəz 25.000 m2 ərazini əhatə edəcək, burada həmçinin yataqxana, emalatxanalar, yeməkxana, laboratoriyalar, tədris otaqları, idman zalı və s. fəaliyyət göstərəcək. Tədris otaqları təhsil avadanlığı istehsalı sahəsində yüksək texnologiyaya malik Koreyanın müxtəlif şirkətləri tərəfindən 633 adda 5401 ədəd müxtəlif avadanlıqla təchiz ediləcək. Tikintisini Koreya "İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu"nun maliyyələşdirdiyi mərkəz Azərbaycanda yüksək iqtisadi inkişafa nail olunmasında əhəmiyyətli rol oynayacaq. O, həm Azərbaycanın peşə təhsili sistemini müasir standartlar səviyyəsinə çatdırmağa və artıq özünü doğrultmuş Koreya modelinin üstünlüklərindən istifadə etməyə, həm də Azərbaycanda mövcud olan və yaxın gələcəkdə yaradılacaq sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin olunması problemini həll etməyə imkan verəcək.

Təhsil mərkəzində avtomatlaşdırma, mühərrik, elektron, elektrik, avtomobil istehsalı, informasiya texnologiyaları, sənaye avadanlıqları adı altında ümumilikdə 7 ixtisas tədris ediləcək.

2 ilə inşa olunması nəzərdə tutulan mərkəzin tikintisi başa çatanadək burada çalışacaq mühəndis-pedaqoji heyətin hazırlanması da layihədə öz əksini tapıb. Təqdimatda bununla əlaqədar deyilənlərdən məlum oldu ki, təhsil mərkəzində işləyən müəllimlər üçün Koreyada 49 nəfər olmaqla 3 aylıq, idarə heyəti üçünsə 20 nəfər olmaqla 1 aylıq kurslar təşkil ediləcək, tədris olunacaq ixtisaslar üzrə peşə standartları, kurrikulum, dərslik və dərs vəsaitləri hazırlanacaq.

Təhsil mərkəzində ümumi və qısamüddətli olmaqla 2 növ kurslar təşkil ediləcək. ümumi kurslar 2 illik olacaq. Burada Koreya Politexnik Universitetinin tətbiq etdiyi sistem əsasında tədris aparılması nəzərdə tutulur. Eyni zamanda işçilər üçün təlimlər, 6 aylıq qısamüddətli axşam və müəllimlər üçün təkmilləşmə kurslarının keçilməsi də planlaşdırılır. Burada həm əsas və orta təhsil bazasını bitirmiş şagirdlər, həm də ali təhsilli şəxslərin təhsil almaları mümkün olacaq.

Təqdimatdan sonra təhsil naziri Misir Mərdanov çıxış etdi. Azərbaycanda texniki peşə təhsilinin mövcud vəziyyəti, son illər sahənin inkişafı üçün görülmüş işlər barədə məlumat verən nazir qeyd etdi ki, hazırda ölkəmizdə 114 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 7-si işğal olunmuş rayonları əhatə edir ki, həmin müəssisələr də indi, demək olar ki, fəaliyyət göstərmir.

Qalan 107 texniki peşə təhsili müəssisəsindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır. Hər il peşə liseyləri və peşə məktəblərinə 13 mindən artıq şagird qəbul olunur.

Azərbaycanın təhsil sistemində peşə təhsili müəssisələrinin uzun illər diqqətdən və qayğıdan kənarda qalan, cəmiyyət həyatındakı rolu lazımınca dəyərləndirilməyən bir sahə olduğunu deyən Misir Mərdanov fikrini sübut üçün diqqəti belə bir fakta yönəltdi ki, hazırda orta məktəb məzunlarının yalnız 6-7 faizi, özü də orta məktəbi aşağı qiymətlərlə bitirənlər bu müəssisələrə gedirlər. Halbuki inkişaf etmiş ölkələrdə, o cümlədən də Koreyada bu göstərici 60 faizdir.

Bununla belə, nazir son illər peşə təhsilinin inkişafına diqqətin artdığını, ötən il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" qəbul edildiyini, proqramda bir neçə prioritet istiqamətin nəzərdə tutulduğunu söylədi. Nazir qeyd etdi ki, bu istiqamətlərin arasında texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi əsas yer tutur. Son iki ildə peşə təhsilinə dövlət büdcəsindən ayrılan vəsait əvvəlki illərə nisbətən xeyli artıb. Nəzərdə tutulub ki, qısa müddət ərzində Bakıda və rayonlarda 9 peşə məktəbi əsaslı təmir edilsin.

Nazir bütün bu işləri uğurla aparmaq üçün beynəlxalq təcrübəni öyrənməyin vacib olduğunu, son illər bu istiqamətdə bir sıra addımlar atıldığını, beynəlxalq təşkilatlarla əlaqələr qurulduğunu bildirdi. Qeyd etdi ki, artıq Təhsil Nazirliyində Dövlət Proqramında nəzərdə tutulandan əlavə, 6 layihə üzərində iş gedir. Həmin layihələr barədə yaxın günlərdə mətbuat vasitəsi ilə ictimaiyyətə məlumat veriləcəkdir.

Sonra Misir Mərdanov təqdimatı keçirilən layihə barədə danışaraq ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu layihənin Azərbaycanın son illər sıx əlaqələr, isti münasibətlər qurduğu Cənubi Koreyanın beynəlxalq "DAEWOO" şirkəti rəhbərliyinin təşəbbüsü ilə baş tutduğunu, layihənin reallaşdırılması üçün bir il ərzində Koreya tərəfi ilə səmərəli danışıqlar aparıldığını, şirkət rəhbərləri ilə həm Cənubi Koreyada, həm də Azərbaycanda bir sıra görüşlər keçirildiyini bildirdi. Layihəyə yüksək qiymət verən təhsil naziri onun həyata keçirilməsi nəticəsində Azərbaycanda texniki peşə təhsilinin tamamilə yeni bir modelinin yaranacağına, layihə əsasında tikilən Ali Texniki Peşə Təhsili Mərkəzinin təkcə peşə təhsili müəssisəsi deyil, həm də peşə təhsili siyasətini hazırlayan bir mərkəz kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu söylədi.

çıxışının sonunda koreyalı mütəxəssislərə minnətdarlıq edən nazir layihənin həyata keçirilməsində onlara Təhsil Nazirliyi tərəfindən hər cür kömək göstəriləcəyini bildirdi.

Təqdimat mərasimində çıxış edən beynəlxalq "DAEWOO" şirkətinin vitse-prezidenti cənab Pak Yonq Hu son on illərdə Cənubi Koreyanın sürətli inkişafında peşə təhsilinin oynadığı roldan, təhsilin bu pilləsinin modernləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən, təqdimatı keçirilən layihənin reallaşdırılması ilə əlaqədar ölkəmizin Təhsil Nazirliyi ilə apardıqları birgə işdən danışdı, layihənin bəzi parametrləri haqqında mərasim iştirakçılarına məlumat verdi.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırıldı.

Yusif ƏLİYEV

 

 

 

 

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

Mayın 22-də Təhsil Nazirliyində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

 

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan -Türkiyə özəl Liseyləri Baş İdarəsinin rəisi  Adəm önal, fənn olimpiadalarına münsiflik etmiş respublikanın tanınmış alimləri, şagirdləri bilik yarışında yer tutan məktəblərin direktorları iştirak edirdilər.

 

Təhsil naziri Misir Mərdanov məktəblilər arasında keçirilmiş fənn olimpiadaları haqqında ətraflı məlumat verərək bildirdi ki, bilik yarışı 3 mərhələdə aparılıb. Respublika üzrə 399064 IX-XI sinif şagirdindən 46422 nəfəri I, 17128 nəfəri II, 1112 nəfəri isə son mərhələ - respublika turunda iştirak edib. Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya , biologiya, informatika fənləri üzrə keçirilmiş olimpiadaların respublika turunda iştirak edən 1112 nəfərdən 371-i I-II-III və IV yerlərə layiq görülüb. Olimpiadanın yekun turunda Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı, Balakən, Zaqatala, Qax, Salyan, Ucar və Füzuli rayonlarının məktəbliləri daha fəal iştirak ediblər. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Bakı özəl Türk Liseyi və onun filiallarının şagirdləri xüsusi fəallıq göstəriblər.

Təhsil Nazirliyinin tabeliyindəki tədris müəssisələrindən fizika-riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərin, T. İsmayılov adına "İntellekt" məktəb-liseyin, Heydər Əliyev adına liseyin və Müasir Təhsil Kompleksinin şagirdləri xüsusilə daha çox mükafata layiq yer tutublar. Ənənəvi olaraq keçirilən fənn olimpiadaların bütövlükdə nəticələrindən razı qaldığını deyən nazir bütün qalibləri, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini təbrik edərək ən xoş arzularını söylədi. ölkəmizdə istedadlı yeniyetmə və gənclərə xüsusi diqqət  yetirildiyini qeyd edən təhsil naziri bununla bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın müstəsna əhəmiyyətindən söz açdı. Dövlət Proqramının yeniyetmə və gənclərin yüksək bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılmasında mühüm rol oynadığını xüsusi vurğuladı. Nazir bu istiqamətdə görülməsi vacib olan məsələlərdən danışdı. Təhsil ocaqlarımızda artıq kifayət qədər yüksək biliyə malik şagirdlərin olduğunu bildirən təhsil naziri bundan qürur duyduğunu dedi.

Nazir çıxışının sonunda fənn olimpiadalarının keçirilməsində əməyi olanlara təşəkkür edərək, bilik yarışına rəhbərlik etmiş ayrı-ayrı fənlər üzrə münsiflər heyətlərinin sədrləri olan tanınmış alimlərin zəhmətini yüksək dəyərləndirdi.

Sonra respublika fənn olimpiadaları qaliblərinin adları açıqlandı. Səhnəyə dəvət olunan I-II-III yerlərin qaliblərinə münsiflər heyətlərinin sədrləri medal və diplomlar təqdim etdilər. Onu da qeyd edək ki, I yeri tutan qaliblərə həmçinin qiymətli hədiyyələr də verildi.

Tədbiri təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq bir daha bütün qaliblərə müvəffəqiyyətlər, daha yüksək nəticələr arzuladı.

Samirə HüSEYNQIZI