· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil ocağının 80 illik yubileyi keçirildi

 

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 nömrəli orta məktəbin 80 illik yubileyi keçirildi. Foyedə şagird və müəllimlərin işlərini canlandıran  stendlər, referatlar, noutbukdakı görüntülər diqqəti cəlb edirdi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı  Sahib Ələkbərov, məktəbin  məzunları və digər  qonaqlar iştirak edirdilər.

Məktəbin  direktoru Gülnaz Mehdizadə təhsil ocağının pedaqoji  kollektivi adından tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əvvəllər  "rus- tatar",  sonra "gürcü-tatar" (Azərbaycan - red.) məktəbi  adı ilə  tanınan  tədris  ocağı  uzun illər  ingilis dili təmayüllü məktəb olmuşdur. 2006-2007-ci dərs ilindən məktəbdə  rus bölməsi  açılmışdır. Yetirmələrimizdən   bir çoxu dövlətçiliyimizin idarə  olunmasında və ali qanunvericilik  orqanlarında çalışır.  

Sonra Azərbaycanın Dövlət bayrağı zala  gətirilərək səhnəyə qaldırıldı və Dövlət himni səsləndirildi. Milli geyimli kiçikyaşlı şagirdlər "Cücələrim" mahnısını  oxuyub, şeirlər söylədilər,  rəqs etdilər. Ekranda  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən  müəyyən fraqmentlər göstərildi.  Məktəbin yaxın  və uzaq keçmişini  əks etdirən  film nümayiş etdirildi.

Milli Məclisin sədr müavini Bahar Muradova 80 illik yubileyi qeyd olunan  məktəbin məzunu,  Milli Məclisin sədri Oqtay Əsədovun hazırda Bolqarıstan Respublikasında rəsmi  səfərdə   olduğunu bildirərək, onun   təbrikini  tədbir iştirakçılarına   çatdırdı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov  çıxışında bildirdi ki, 7 nömrəli məktəbdə, sözün əsl mənasında, şagirdlər  arasında  sistemli və məqsədyönlü vətənpərvərlik  işi aparılır. Məktəb indiyə kimi  təlim -tərbiyə sahəsində   çox böyük uğurlar qazanmışdır. Bunun nəticəsidir ki, bu gün məktəbin məzunları arasında  çoxlu sayda elmlər namizədi, dosent, elmlər doktoru, professor, akademik və dövlət mükafatı  laureatı vardır.

Məktəbi 1955-ci ildə bitirmiş məzun, AMEA-nın müxbir  üzvü, professor  Vasif Babazadə Azərbaycan Respublikası Prezidenti sənab İlham  Əliyevin bu təhsil ocağına göstərdiyi xüsusi qayğıdan söhbət açdı.Təhsil sahəsində  aparılan islahatlarla  bağlı  təhsil naziri  Misir Mərdanovun  xidmətlərini  qeyd edərək bildirdi ki, 7 nömrəli məktəb 10 ilə yaxındır   "Qabaqcıl  təcrübə  məktəbi"  kimi  fəaliyyət göstərir. Məktəb  ötən tədris  ilində  ali məktəblərə  qəbulun nəticələrinə görə   ilk 10 yeri tutan  təhsil  ocaqları sırasındadır,  həm də müxtəlif  beynəlxalq  layihələrdə iştirak edir.

1959-cu il məzunlarından Azərbaycan Respublikası  Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcəli dövlət müşaviri, professor  Adilə Abbasova və başqaları  onlara dərs demiş müəllimlər   haqqında xatirələrini danışdılar.

Təhsil naziri Misir Mərdanov   məktəbin   direktoru başda olmaqla, pedaqoji kollektivi 80 illik yubiley münasibətilə təbrik etdi. Nazir vurğuladı ki,  mövcud olduğu illər ərzində vətənpərvər, geniş dünyagörüşlü, dərin bilik və bacarıqlara  malik nəsillər tərbiyə  edib yetişdirən qocaman təhsil ocağı  bu gün də öz  missiyasını uğurla  davam etdirir.    Eyni zamanda sevinirəm ki,  bu tədbirdə keçmiş məktəb direktorları  da iştirak edirlər, biz  onları da    təbrik edirik.

Tədbirin sonunda nazir məktəbin direktoru Gülnaz Mehdizadə, müəllimlərdən Ofelya Həsənova, Rəna Ağasıyeva, Nuridə Abdullayeva və başqalarına Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanları və fəxri fərmanlar verdi.

 

Şakir CƏFƏROV