· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Qafqaz Universitetinin məzun gecəsi

Bu il Azərbaycanda fəaliyyətinin 15 ili tamam olan Qafqaz Universiteti mayın 20-də Ş.Qurbanov adına Musiqili Komediya Teatrında özünün 11-ci buraxılışına həsr olunmuş məzun gecəsi keçirdi. Tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, ziyalılar, Türkiyədən, Şimali Kipr Türk Cümhuriyyətindən, Amerikadan qonaqlar, valideynlər iştirak edirdilər.

Universitetin builki məzunlarının qismətinə öz buraxılış bayramlarını üç əlamətdar hadisə ilə bir vaxtda - ümummilli liderimiz Heydər Əliyevin 85, Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illik yubileylərinin və təhsil aldıqları ali məktəbin 15 illiyinin qeyd olunduğu ərəfədə keçirmək xoşbəxtliyi düşmüşdü. Məzun gecəsi də elə bu ildönümlərə həsr olunmuşdu.

Tədbirdə öncə türk dünyasının liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan və Türkiyənin dövlət himnləri ifa edildi.

Sonra Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Məzun gecəsində təbrik nitqi söyləyən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ulu öndər Heydər Əliyevin xeyir-duası və yaxından köməyi ilə açılmış universitetin öz fəaliyyətini ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində etimada sədaqətlə davam etdirdiyini bildirdi. Rektor 15 il ərzində keçilən yola qısa nəzər salıb, universitetin bugünkü durumundan söz açdı. 2400 tələbənin təhsil aldığı Qafqaz Universiteti ölkəmizin qeyri-dövlət ali məktəbləri arasında ən yüksək reytinqə malik təhsil müəssisəsidir. Yarandığı vaxtdan kredit sistemi ilə işləyən universitet 2007-ci ildən Boloniya prosesinə qoşulmuş, Avropanın və ABŞ-ın bir sıra ali məktəbləri ilə sıx ikitərəfli əlaqələr yaratmışdır.  İş dünyası ilə yaranmış sıx əlaqələr sayəsində universitetin məzunları hər il işlə təmin olunurlar.

Rektor rəhbərlik etdiyi ali məktəbin 11-ci məzunları olan 350-dən çox gənci təbrik edib onlara uğurlar arzuladı.

Məzunları təbrik edən təhsil naziri Misir Mərdanov çıxışında "çağ" öyrətim Şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib şirkətin yaratdığı Qafqaz Universitetinin və türk liseylərinin nəinki Azərbaycanda, hətta bütövlükdə Qafqaz regionunda nümunəvi təhsil ocaqları olduğunu, onların təcrübəsini öyrənməyin vacibliyini vurğuladı. Təhsil nazirinin sözlərinə görə, Qafqaz Universiteti ölkəmizdə yeganə ali təhsil ocağıdır ki, ABŞ-ın 3 nüfuzlu universiteti ilə müqavilə bağlayaraq tələbələrinə ikili diplom verilməsini həyata keçirir.

Millət vəkili, Atatürk Araşdırma Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən də gəncləri təbrik edib onlara ən xoş arzularını çatdırdılar.

Məzun gecəsində bölüm, fakültə, universitet birincilərinə, "Araz" kurslarını bitirib ali məktəblərə yüksək balla daxil olan və Prezident təqaüdünə layiq görülənlərə, il ərzində Amerika, Kanada, Türkiyə, İran, Gürcüstan, Vyetnam, Tailand, Makedoniya, Bosniya və Hersoqovina, özbəkistan və Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq olimpiadaların və müsabiqələrin qaliblərinə xatirə hədiyyələri təqdim olundu.

Tədbir universitetin istedadlı tələbələrinin ifasında konsert proqramı ilə davam etdi.

Yusif ƏLİYEV