· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Məktəb-liseyin yeni tədris korpusunun açılışı oldu

Mayın 21-də Bakı şəhərindəki "Ankara məktəbi" məktəb-liseyin yeni tədris korpusunun açılış mərasimi oldu.

Mərasimdə təhsil naziri Misir Mərdanov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən, KİV nümayəndələri və başqaları iştirak edirdilər.

Məktəbin həyətinə toplaşmış şagirdlər qonaqları gül-çiçəklə qarşıladılar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra   məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.      

çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.  Nazir təhsil ocağının yeni tədris korpusunun açılışının əlamətdar bir hadisə olduğunu deyərək məktəbin pedaqoji və şagird kollektivlərini bu münasibətlə təbrik etdi. Misir Mərdanov qeyd etdi ki, 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan "Ankara məktəbi" məktəb-liseyi ən müasir avadanlıqlarla tam təchiz edilib. Bu gün isə məktəbin həyətində inşa olunmuş 4 mərtəbəli 240 şagird yerlik, geniş idman zalı olan tədris korpusu şagird  və müəllimlərin ixtiyarına verilir.

Nazir məktəbin Azərbaycanla Türkiyənin təhsil sistemi  arasında körpü olacağına ümidvar olduğunu deyərək bura toplaşmış müəllim və şagirdlərə ən xoş arzularını çatdırdı. "Ankara məktəbi" məktəb-liseyin Türkiyənin Ankara şəhərindəki Heydər Əliyev adına ilk öyrətim okulu ilə qardaşlaşmış təhsil müəssisəsi olduğunu qeyd edən təhsil naziri onların gələcəkdə birlikdə uğurlu layihələr həyata keçirəcəklərinə əmin olduğunu bildirdi.

Misir Mərdanov çıxışında Heydər Əliyev Fondunun prezidenti,YUNESKO  və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə xüsusi önəm verdiyini vurğulayaraq, Fondun gördüyü işləri yüksək qiymətləndirdi.

Yaradılan bu cür gözəl şəraiti dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının növbəti bir təzahürü kimi dəyərləndirən nazir bir daha bütün şagirdlərə dərin bilik almalarını və göstərilən etimadı  hər zaman  doğrultmalarını  tövsiyə etdi.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən  çıxış edərək  şagirdləri və pedaqoji kollektivi təbrik etdilər.Burada təhsil alan şagirdlərin  öz uğurları ilə təhsil ocağına başucalığı gətirəcəklərinə ümid etdiklərini söylədilər.

Təbrik çıxışları başa çatdıqdan sonra təhsil naziri Misir Mərdanov yeni tədris korpusunun rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Təhsil naziri və qonaqlar tədris korpusu ilə yaxından tanış oldular. Təhsil  ocağının direktoru Səmayə Eynullayeva rəhbərlik etdiyi məktəb haqqında ətraflı məlumat verərək bildirdi ki, burada 1.400 şagirdin təlim-tərbiyəsi ilə 140 müəllim məşğul olur.Təlim Azərbaycan və rus dillərində aparılan tədris müəssisəsi  ikinövbəlidir.

Sinif otaqlarına baş çəkən, kompüter zalında olan qonaqlar burada uşaqların müasir informasiya texnologiyalarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən məmnun qaldılar. Geniş və rahat, müasir standartlara cavab verən idman zalında  şagirdlərin normal məşğul olmaları üçün hər cür imkanlar  var.

  Təhsil naziri  Misir Mərdanov tədris korpusu tikintisinin keyfiyyətindən, eləcə də maddi-texniki bazanın lazımi səviyyədə olmasından razı qaldığını bildirdi.

Yeni tədris korpusu ilə ətraflı tanış olan qonaqlar daha sonra ulu öndər  Heydər  Əliyevin məktəbin birinci mərtəbəsindəki   büstü qarşısına gələrək onu ehtiramla andılar. Onlar türk dünyasının dahi şəxsiyyətləri Heydər Əliyevin  və Mustafa Kamal Atatürkün fotoşəkilləri olan "Bir millət, iki dövlət",ölkə başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluq əlaqələrindən bəhs edən xüsusi guşələrə maraqla tamaşa etdilər.

Sonda  tədbir iştirakçıları xatirə  şəkli  çəkdirdilər. 

Samirə KƏRİMOVA