· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycanın dövlət siyasətində təhsil prioritet məsələdir

Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Əziz dostlar!

Əziz tələbələr!

Əziz müəllimlər!

Mən sizi, ilk növbədə, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda bu gün Bakı Dövlət Universitetinin həyatında çox gözəl və əlamətdar bir gündür. Bu gün universitetin yeni gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm.

Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır.

Bildiyiniz kimi, Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət göstərilir. Dövlət siyasətində təhsil məsələləri, demək olar ki, prioritet məsələlərdir. Təhsil məsələlərinə ayrılan büdcə xərcləri ildən-ilə artmaqdadır. Həm orta məktəblər üçün binalar tikilir, həm ali məktəblərdə yeni korpuslar tikilir, avadanlıq alınır, o cümlədən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün avadanlıq, laboratoriyalar alınmışdır. Yəni dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır ki, Azərbaycanda təhsil sistemi daha da inkişaf etsin və təhsilin keyfiyyəti artsın. Əlbəttə ki, gənclər, tələbələr, yaxud da məktəblərdə oxuyan uşaqlar, çalışan müəllimlər yaxşı şəraitdə yaşamalıdırlar, oxumalıdırlar, işləməlidirlər.

Təhsil işçilərinin sosial müdafiəsi məsələləri də öz həllini tapır. İldən-ilə artan maaşlar, əməkhaqları bunun əyani sübutudur. Biz gələcəkdə də bu siyasətə sadiq olacağıq. çünki təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Biz bu məsələyə məhz ona görə diqqət göstəririk ki, istəyirik gənc nəsil bilikli olsun, savadlı olsun və Azərbaycanın uzunmüddətli inkişafını təmin etsin.

Azərbaycan çox zəngin ölkədir. Bizim böyük təbii resurslarımız vardır. Ancaq bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik. Azərbaycanın zəngin neft-qaz yataqlarının işlənilməsi nəticəsində əldə edilmiş gəlirlər o cümlədən təhsil məsələlərinə sərf olunur. Bu yaxınlarda qəbul edilmiş müxtəlif proqramlar çərçivəsində gənclərin daha da gözəl təhsil alması üçün əməli-praktik tədbirlər görülübdür. Həm tələbələrin təqaüdləri artırılıb, həm də xüsusi proqram çərçivəsində istedadlı tələbələrin xarici ölkələrin aparıcı ali məktəblərində oxuması nəzərdə tutulur. Ancaq mən çox istərdim ki, Azərbaycanda təhsilin keyfiyyəti və səviyyəsi o qədər yüksək olsun ki, xarici ali məktəblərə tələbələrin göndərilməsinə heç ehtiyac qalmasın. Əminəm ki, biz buna nail olacağıq. çünki bunu etmək üçün bütün imkanlar var.

Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır. Elə mütəxəssislər ki, onlar müasir şəraitə uyğun şəkildə fəaliyyət göstərəcəklər. İndi dünya dəyişir, qloballaşma prosesləri gedir. Azərbaycan bu işlərdə geridə qalmamalıdır. Biz bütün mütərəqqi, qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bizə sərf edən təcrübəni Azərbaycanda tətbiq etməliyik. Ona görə həm müəllimlər öz peşəkarlıq səviyyəsini qaldırmalıdırlar, təhsilin keyfiyyətində yeni mərhələ başlanmalıdır. Eyni zamanda tələbələr də bilməlidirlər ki, həyatları, gələcəyi üçün, ilk növbədə, onların bilik səviyyəsi rol oynayacaqdır.

Bu gün bütün başqa ölkələr kimi, Azərbaycan da öz iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurubdur və bu, ölkəmizə çox böyük mənfəət gətiribdir. İndi Azərbaycanda bazar iqtisadiyyatının bütün istiqamətləri güclənir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılmış tədqiqata görə, Azərbaycan iqtisadi islahatlar işində dünya miqyasında birinci ölkədir. Yəni bu, onu göstərir ki, Azərbaycanda çox köklü iqtisadi islahatlar aparılmışdır və onlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafı üçün şərait yaradır.

Bazar iqtisadiyyatı şəraitində hər bir insan, hər bir vətəndaş, əlbəttə ki, dövlətdən qayğı və diqqət görməlidir. Ancaq, eyni zamanda öz gücünə güvənməlidir. Hər bir insanın gücü isə, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, bizim gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır. Dövlət də öz tərəfindən bu şəraiti yaratmalıdır. Bu gözəl korpusların tikintisi, digər məsələlərin həlli, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmlənməsi işlərində dövlət öz köməyini göstərəcəkdir.

Mən çox şadam ki, indi Azərbaycanda, ümumiyyətlə, cəmiyyətdə təhsilə çox böyük diqqət var. Artıq hər kəs başa düşür ki, ölkəmizin uzunmüddətli inkişafını bilik səviyyəsi müəyyən edəcəkdir. Əgər dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq görərik ki, onlarda inkişaf və tərəqqi məhz texnologiyalar deyil, təhsil sahəsində mümkün olmuşdur. Neft-qazla zəngin olan ölkələrin bir neçəsi öz potensialını tam şəkildə işə sala bilməmişdir. Azərbaycanın timsalında biz görürük ki, həm güclü maddi baza əsasında, həm təbii resursların sayəsində, həm də yeni texnologiyalar, yeni yanaşmaları tətbiq etməklə ölkəmizi gücləndiririk. Təbii ehtiyatlar bizim üçün bir vasitədir. ölkəmizin hərtərəfli inkişafı, bölgədə Azərbaycanın mövqelərinin möhkəmlənməsi, regional çərçivədə qabaqcıl ölkəyə çevrilməsi - bütün bu məqsədlərə çatmaq üçün müxtəlif amillər lazımdır və demək olar ki, onların hamısı var. Həm güclü iqtisadiyyat, güclü siyasət, sabitliyin möhkəm olması, xalqla iqtidar arasında olan birlik, güclü sosial siyasətimiz, təhsil və digər sosial, humanitar məsələlərə diqqətimiz - bütün bunlar ölkəmizi gücləndirir. Bu gün sirr deyil ki, Azərbaycan bölgədə həlledici mövqelərə malikdir. Bizim artan iqtisadi və siyasi çəkimiz Azərbaycanı güclü inkişaf etmiş ölkəyə çevirməlidir və bu məqsəd qarşımızda dayanır. Əlbəttə, təhsil məsələlərinə bir daha qayıtmaq istəyirəm: peşəkar, bilikli kadrlar olmadan biz heç bir məqsədə çata bilmərik.

Mən bu gün çox şadam ki, Bakı Dövlət Universiteti təzə korpusunun açılışı ilə tələbələrə, müəllimlərə yeni şərait yaradır. Bu binanın tikintisi uzun illər idi ki, aparılırdı. Ancaq görülən əlavə tədbirlər nəticəsində, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin hesabına bu korpusun tikintisi tezliklə başa çatmışdır və bu gün həm tələbələrin, həm də müəllimlərin ixtiyarına verilir.

Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.

Sağ olun.

 

Bakı Dövlət Universitetinin yeni korpusu müasir tələblərə uyğundur

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılış mərasimində iştirak edib

 

Sentyabrın 15-də Bakı Dövlət Universitetində yeni inşa edilmiş, müasir tələblərə cavab verən tədris korpusunun açılış mərasimi olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısını və xanımı Mehriban Əliyevanı təhsil naziri Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov, universitetin Elmi Şurasının üzvləri hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və yeni tədris korpusu ilə tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır.

Yeni korpusun inşasına 1991-ci ildə başlanılsa da, sonradan burada işlər dayandırılmışdı. Əsas inşaat işləri 2006-cı ildən davam etdirilmişdir. Həmin il tikinti üçün büdcədən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdı. Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 20 may tarixli sərəncamına əsasən korpusun inşası üçün 4,6 milyon manat əlavə vəsait ayrılmışdır.

Bakı Dövlət Universitetinin sonuncu korpusu 20 il əvvəl istifadəyə verilmişdi. Sonralar açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının ciddi şəkildə artması yeni korpusun tikilməsi zərurətini yaratmışdı.

15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli yeni tədris korpusunda 300-dən çox otaq, o cümlədən 220 auditoriya vardır. 4 mindən çox tələbənin təhsili üçün hər cür şərait yaradılmış, bütün kabinetlər mebel dəsti, lazımi avadanlıqla təchiz edilmişdir. Burada universitetin 3 fakültəsi - tarix, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri yerləşmişdir.

Prezident İlham Əliyev 337 yerlik akt salonuna baxdı. Mərasimlərin, elmi toplantıların keçirilməsi üçün nəzərdə tutulan akt salonu orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.

Dövlət başçısı universitet poliklinikasında yaradılan şəraitlə, yeməkxana ilə də tanış oldu. Poliklinika ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunmuş, lazımi tibbi xidmət göstərilməsi üçün burada hər cür şərait yaradılmışdır.

Sonra dövlət başçısı tarix fakültəsinin yerləşdiyi mərtəbədə oldu, 200 nəfərlik akt salonuna baxdı. Fakültədə ulu öndər Heydər Əliyevə həsr edilmiş fotoguşə də yaradılmışdır.

Prezident tətbiqi riyaziyyat və kibernetika fakültəsinin yerləşdiyi mərtəbədə tətbiqi analizin riyazi üsulları kafedrasında, kompüter mərkəzində yaradılan şəraitlə də maraqlandı. Bildirildi ki, mərkəzdəki kompüterlərin hamısı İnternetə qoşulmuşdur.

Yeni korpusun istifadəyə verilməsi ilə BDU-nun korpuslarının ümumi sahəsi 40 min kvadratmetrdən 55 min kvadratmetrə çatmışdır.

Sonra tədris korpusunun açılışına həsr edilmiş mərasim oldu.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

* * *

Sonra Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış etdi.

 

 

 

 

 

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun çıxışı

- Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Bu gün Bakı Dövlət Universitetinin həyatında əlamətdar və tarixi günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əziz qonağımızdır və ona görə icazə verin, möhtərəm Prezidentimizi Şərqin ilk dünyəvi ali məktəbində salamlayım və ona bu qocaman elm və təhsil məbədgahına "Xoş gəlmişsiniz!" deyim.

Hörmətli mərasim iştirakçıları!

Tarixən bütün dünyada universitetlər dövlətin və dövlətçiliyin barometri olmuşdur. Yəni universitetlərin inkişafı dövlətin və dövlətçiliyin iqtisadi və intellekt potensialının göstəricisidir. Bu mənada əgər bu gün universitetlərimizdə belə möhtəşəm binalar tikilirsə, onların güclü maddi-texniki bazası yaradılırsa, bu, respublika iqtisadiyyatının dinamik inkişafının daha bir əyani sübutudur və ölkədə aparılan uğurlu siyasətdən xəbər verir.

Möhtərəm cənab Prezident!

ümummilli lider Heydər Əliyev elmə və təhsilə daim qayğı göstərərək təhsili xalqın gələcəyi hesab etmişdir. Biz çox şadıq ki, həmin ənənələri uğurla davam etdirərək Siz, cənab Prezident, elmin və təhsilin inkişafına böyük diqqət yetirirsiniz. İqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində gördüyünüz nəcib işlər, son 5 ildə elmin və təhsilin inkişafı, gəncliyə qayğı ilə əlaqədar imzaladığınız 120-dək sərəncam bunu əyani sübut edir. Yeri gəlmişkən qeyd edim ki, bu il mayın 20-də Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə Prezidentin Ehtiyat Fondundan 4,6 milyon manat vəsaitin ayrılması barədə imzaladığınız sərəncam bizim üçün xüsusilə əhəmiyyətli olmuşdur. İcazə verin, həmin sərəncama, habelə elmin və təhsilin inkişafı ilə əlaqədar, xüsusən də son günlərdə ali məktəb müəllimlərinin əməkhaqqının və tələbələrin, aspirantların təqaüdünün artırılması haqqında imzaladığınız sərəncamlara görə Sizə universitetin bütün kollektivinin minnətdarlığını çatdırım.

Həmçinin, icazə verin, burada iştirakından istifadə edərək, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərən, təkcə son üç ildə yüzlərlə yeni məktəb tikintisini təmin etmiş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya universitet ziyalılarının xüsusi minnətdarlığını bildirim.

Cənab Prezident, məhz Sizin imzaladığınız həmin sərəncamlar universitetin müəllim və tələbələrini ruhlandırmış, onlar son üç ayda böyük təşəbbüskarlıq və əzmkarlıqla bu binanın tikintisi, ətrafın abadlaşdırılması və yaşıllaşdırılması işində inşaatçılara yaxından kömək göstərmişlər. Dövlətin və xalqın birliyinin daha bir əyani göstəricisi olan həmin təşəbbüskarlıq nəticəsində bu möhtəşəm tədris korpusu nəzərdə tutulan vaxtdan xeyli əvvəl və smeta dəyərində hesablanmış 16 milyon manat əvəzinə cəmi 11 milyon manata yaxın vəsaitə başa gəlmişdir.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin sonuncu tədris korpusu 1988-ci ildə inşa edilmişdi. Son illərdə açılan yeni fakültələr, kafedralar, tələbələrin sayının artması böyük sıxlıq yaradırdı. Bu binanın istifadəyə verilməsi ilə universitetin auditoriya fondu və yararlı sahələrin həcmi təxminən üçdə bir qədər artmışdır.

Gələn il böyük təntənə ilə 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız universitetimiz yaradılarkən cəmi 300-dək tələbəsi, 44 müəllimi var idi. İndi isə BDU-da 18 min tələbənin təhsili ilə 1300-dək akademik, professor və müəllim məşğul olur. Bakı Dövlət Universiteti dövlətçiliyimizin etibarlı sosial dayağı olmaqla bərabər, bu gün də ali təhsil sisteminin bayraqdarıdır və yeni təhsil sisteminə, Boloniya prosesinə keçid metodologiyasının formalaşmasında öncül yerdə durur.

Möhtərəm cənab Prezident!

Bakı Dövlət Universitetinə gəldiyinizə görə, bu möhtəşəm binanın inşasına görə, təhsilə və elmə göstərdiyiniz böyük qayğıya görə Sizə bir daha bütün kollektivimizin minnətdarlığını çatdırır və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

 

AzərTAc