· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Akademik  Zərifə Əliyeva adına məktəbdə Bilik günü

Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına məktəbdə keçirilən Bilik gününə həsr olunmuş tədbir Dövlət himnimizin sədaları altında Azərbaycan bayrağının qaldırılması ilə başlandı. Məktəbin direktoru Məhəbbət Vəliyeva çıxış edərək dedi:

 

- Hörmətli qonaqlar, əziz müəllimlər, şagirdlər və valideynlər. Bilik günü münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm. Müəllim üçün Bilik günü xüsusi əhəmiyyət kəsb edir. Bu gün bizim məktəbin kollektivi üçün ikiqat bayramdır. çünki illərlə doğma kollektivlərdə çalışan müəllimlər bu gün bir kollektivdə, dövlət başçısının xeyir-duası ilə istifadəyə verilmiş belə bir möhtəşəm məktəbdə, görkəmli oftalmoloq alim, gözəl insan Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə işləyəcək. Bayramda bu şərəfə nail olan şagirdlər iştirak edir. Onlar yay günlərində çox gərgin imtahan verərək bu məktəbin şagirdi adını qazanmağa layiq görülmüşlər. Bu münasibətlə bütün şagirdləri ürəkdən təbrik edirəm.

Məktəbimizə gəlincə bildirmək istəyirəm ki, respublikamızda son beş il ərzində tikilən 1361 məktəb arasında ən müasir standartlara cavab verən yeni tipli məktəblərdən biridir. Bu məktəbdə yalnız IX, X və XI sinif şagirdlərinin təhsili nəzərdə tutulub. 350 şagird, 40-a yaxın müəllim kollektivi olan məktəbimiz maddi-texniki baxımdan çox yaxşı təmin olunmuşdur.

Sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov tədbir iştirakçılarını, müəllim və şagirdləri  Bilik günü münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycanda təhsil sisteminin beynəlxalq standartlara cavab verən bugünkü səviyyəyə qalxmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu olmuşdur. Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasi kurs bu gün uğurla davam etdirilir.

Nəhayət, akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin ilk zəngi səsləndi. üzərinə "Xoş gəlmişsiniz", "Bilik bayramınız mübarək!" sözləri yazılmış iri şarlar və sülh, əmin-amanlıq rəmzi olan ağ göyərçinlər səmaya buraxıldı. Bundan sonra şagirdlər növbə ilə sinif otaqlarına daxil oldular. Həmin gün şagirdlər ilk dərslərə yenicə başlamışdılar ki, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov məktəbə gələrək üçmərtəbəli, ən müasir avadanlıqlarla təchiz edilmiş binadakı ayrı-ayrı fənn kabinetlərini, sinif otaqlarını, idman salonunu, İnternet şəbəkəsinə qoşulmuş kompüter otaqlarını, xatirə zalını, müxtəlif ədəbiyyatlarla təmin olunmuş kitabxananı nəzərdən keçirdi, tədris işinin yüksək səviyyədə təşkili ilə bağlı rəhbərliyə öz tövsiyələrini bildirdi. Təhsil naziri sonda məktəbin müəllim və şagirdlərini 2008-2009-cu dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

 

Ədalət DAŞDƏMİRLİ

 

 

 

Məktəbin yeni tədris korpusu istifadəyə verildi

Bakının 83 nömrəli məktəb-liseyinin şagirdləri və pedaqoji kollektivi də Bilik gününü yüksək əhvali-ruhiyyə ilə keçirdilər.

Şagirdləri, valideynləri və qonaqları salamlayan məktəbin direktoru Yaqut Sadıqova yeni dərs ilinin başlanması münasibətilə onları təbrik etdi.  Bildirdi ki, məktəbin məzunlarının 70 faizdən çoxu bu il yüksək bal toplayaraq müxtəlif ali məktəblərə və o cümlədən, iki məzun xarici ölkələrin tanınmış universitetlərinə qəbul olub. Ən böyük uğurumuz isə ölkə başçısının sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmağımızdır.

Sonra Y.Sadıqova dövlət vəsaiti hesabına tikilən əlavə yardımçı tədris korpusu haqqında məlumat verdi. Məlum oldu ki, müasir standartlara cavab verən binada 320 şagird təhsil ala biləcək. Həm də təhsil ocağında istilik sitemi də nazirliyin vəsaiti ilə yüksək səviyyədə təmir olunub.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  və təhsil nazirinin müavini İradə Hüseynova mərasimdə cıxış etdilər. Onlar qeyd etdilər ki, görülən bütün bu işlər dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Yeni tədris binasının açılış rəmzi olan qırmızı lent kəsildi və şagirdlər sinif otaqlarına daxil oldular.

 

RƏŞAD