· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

NDU yeni tədris ilinə möhtəşəm uğurlarla start verdi

15 sentyabr - Bilik günü Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri yeni tədris ilinə layiqli uğurlarla qədəm qoydular. Məhz Bilik günü Naxçıvan Dövlət Universitetində həm də əlamətdar tədbirlər gününə çevrildi.

Tarix-filologiya fakültəsində ikinci ədəbiyyat kabinetinin açılışında iştirak edən universitetin rektoru, akademik İsa Həbibbəyli universitet kollektivini yeni dərs ili münasibəti ilə təbrik etdi, yaradılan kabinetin ədəbiyyatşünaslıq elminin tədrisindəki əhəmiyyətindən bəhs etdi. Tarix-filologiya fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent İman Cəfərli kabinetin klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarının ədəbi-bədii irsinin təbliğində böyük rol oynayacağını vurğuladı.

Daha sonra fizika-riyaziyyat fakültəsində yaradılan Təhsil Qeydiyyat - İnformasiya Mərkəzinin açılış mərasimi keçirildi. Rektor, akademik İsa Həbibbəyli Boloniya sisteminin mahiyyəti barədə ətraflı məlumat verdi, bu il universitetdə 10 ixtisasın Boloniya sisteminə keçdiyini bildirdi. O, dövlət başçısının  2010-cu ilədək ölkədəki bütün ali məktəblərin Boloniya sisteminə keçməsi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələrdən danışdı.

Universitetin təsviri incəsənət fakültəsində fortepiano, nəfəsli alətlər, xalq çalğı alətləri və bəstəkarlıq kafedralarının açılması musiqişünaslar üçün əsl ərməğan oldu. Konservatoriyanın nəzdində incəsənət təmayüllü kitabxananın fəaliyyətə başlaması isə burada elmi-tədqiqat işlərinin aparılmasına yüksək şərait yaradır.

NDU-nun əsaslı kitabxanasının direktoru, filologiya elmləri namizədi Aypara Behbudova universitet rəhbərliyinin kitabxananın inkişafına göstərdiyi xüsusi qayğıdan söz açaraq, akademik İsa Həbibbəylinin öz şəxsi kitabxanasından kitabxanaya çoxlu sayda kitab hədiyyə etdiyini bildirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Dünya tarixinin azərbaycanlı dahisi" adlı kitab sərgisi, habelə "Azərbaycan xalçaları", "Naxçıvan teatrı - 125", "Səttar Bəhlulzadə - 100" kimi digər kitab sərgiləri tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Universitetin iqtisad fakültəsində gömrük işinin təşkili kabinetinin açılışından sonra isə birinci kurs tələbələri ilə görüş keçirildi. Tədbirdə Naxçıvan Dövlət Universitetinin tanıtım filmi vasitəsilə birincilərin universitet dünyası ilə ilk və mükəmməl tanışlığı oldu. Audiovizual tanışlıq fotoslayd vasitəsi ilə davam etdirildi. Rektor, akademik İsa Həbibbəyli yenicə tələbə adı qazanmış gəncləri təbrik etdi.

Bu il universitetə qəbul olan 750 tələbənin 714-nün 400 bal, 113 nəfərinin 500 bal, 9 nəfərinin 600-dən yuxarı bal topladığını, bunun milli təhsilimizin inkişaf göstəricisi olduğunu qeyd etdi. Natiq bu statistikanın muxtar respublikanın yeganə ali təhsil ocağının yüksək reytinqi kimi də dəyərləndirdi.

Tələbələr adından çıxış edən, 640 balla beynəlxalq münasibətlər ixtisasına daxil olmuş Nargilə Əsədova, 658 balla hüquqşünaslıq ixtisasına qəbul olmuş Zenfira Əsədova, ingilis dili ixtisasının I kurs tələbəsi, 642 bal toplamış Türkan Rzayeva, pediatriya ixtisasının II kursunda təhsil alan Osman Cəfərli əvəzsiz diqqət və qayğıya görə ölkə başçısına, muxtar respublika və universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, bu yüksək etimadı layiqincə doğruldacaqlarına söz verdiər.

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin

mətbuat xidmətinin rəhbəri

 

 

Metodist müəllimlərə sertifikatlar təqdim olundu

Azərbaycan Müəllimlər İnstitutunda Britişh Counsil-in təşkilatçılığı ilə müəllimlərin təkmilləşdirilməsi kursları üzrə beşinci, sonuncu seminarı keçirilmişdir.

Britişh Counsil və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 5 fevral 2007-ci il tarixində imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən, Britişh Counsil  Azərbaycan İngilis dili müəllimləri Assosiasıyasının dəstəyi ilə 2007-2008-ci illərdə keçirilmiş müəllimlərin təkmilləşdirilməsi layihəsinin seminarları başa çatdırıldı. İkiillik proqramın məqsədi AMİ-nin on bir bölgədən olan ingilis dili metodistlərinin bilik və ixtisasının artırılması idi.

Seminarda çıxış edən müəllimlər kursların zəruriliyindən danışaraq, öz fərdi layihələrini təşkilatçılara təqdim etdilər.

Britişh Counsil-in direktoru Nikolə Os Delalüvye çıxışında seminarların təşkili ilə bağlı fikirlərini iştirakçıların nəzərinə çatdırdı. Sonra Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov seminarların əhəmiyyətindən danışaraq bildirdi ki, layihə bölgələrdən olan müəllimlərin təkmilləşdirilməsini inkişaf etdirmiş və bu treninqlər müasir dərslərə dəyişikliklər gətirmişdir. Qeyd olundu ki, 21 metodist müəllim seminarlarda iştirak edərək müasir təlim metodologiyasını sinifdə necə tətbiq etməyi öyrənibdir. Sonda metodist müəllimlərə sertifikatlar təqdim edildi.

 

Fazil İDRİSOĞLU

 

 

 

Universitetin iki tələbəsinə kompüter hədiyyə edildi

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetinin  akt zalında Bilik gününə həsr olunmuş tədbirdə  universitetə  təzə qəbul olunmuş I kurs tələbələri, onların valideynləri, professor-müəllim heyəti iştirak  edirdilər.

 

Dövlət himni səsləndirildikdən sonra  ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov   universitetin  I kurs tələbələrini, onların valideynlərini və pedaqoji kollektivi  təbrik etdi. O bildirdi ki, burada iştirak edən tələbələr  birinci gündür ki, universitetə gəlirlər.Onlar bilməlidirlər ki, ADU ulu öndərimiz Heydər Əliyevin  sərəncamına  əsasən 1973-cü ildən  ayrıca müstəqil ali məktəb kimi fəaliyyətə başlamışdır.O vaxtdan da təhsil ocağı inkişaf edir, dəyişir və yeniləşir. İlk yeganə ali məktəbdir ki,  Azərbaycanda Boloniya sisteminə bütünlüklə daxil olmuşdur. Universitetə qəbul olan 170 tələbə isə 600 bal toplamışdır.

Universitetin 665 bal toplayan iki tələbəsinə kompüter hədiyyə edildi.

Sonda valideynlər adından Tamara xanım  Azərbaycanda gənclərin təhsil almaları üçün onlara  yaradılan şəraitə və göstərilən qayğıya  görə  dövlətimizə və  ADU-nun rəhbərliyinə    minnətdarlığını  bildirdi.

 

Şakir CƏFƏROV