· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı 60 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Sentyabrın 15-də - Bilik günü Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur.

Mərasimə toplaşmış təhsil işçiləri, şagirdlər, valideynlər Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Dövlət başçısı müasir standartlara uyğun tikilmiş məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir. Prezidentin xüsusi tapşırığı ilə ötən il iyunun 1-dən inşasına başlanılmış bu məktəbdə tədris üçün hər cür şərait yaradılmışdır. 50-dən çox sinif otağı olan 840 şagird yerlik məktəbdə yeni dərs ilində 600 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olacaqdır. Məktəbdə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətləri, Azərbaycanın dövlət dili, rəmzləri, hərb sənəti ilə və tədrislə bağlı xüsusi guşələr yaradılmışdır.

Paytaxtın qabaqcıl təhsil ocaqlarından olan, Qarabağ müharibəsi şəhidi, vaxtilə burada oxumuş Paşa Nəzərovun adını daşıyan məktəbin yeni binası müasirliyi ilə diqqəti çəkir. İnşaat işləri zamanı Türkiyə, Fransa və digər ölkələrdən gətirilən tikinti materiallarından geniş istifadə edilmişdir. Məktəbdə avadanlıqlar və əyani dərs vəsaitləri ilə təchizat yüksək səviyyədədir. Bu il dörd sinifdə 1-cilər təhsilə başlayacaqlar. Heydər Əliyev Fondu respublikamızdakı bütün 1-ci sinif şagirdlərini çanta, məktəbləri isə nəfis tərtibatlı əyani vəsaitlə təchiz etmişdir.

Xatırladıldı ki, cari ildə bu məktəbin 55 məzunu respublikamızın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmiş, onlardan 41-i tələbə adını qazanmışdır. Məktəbin 600-dən çox bal toplamış məzunları Prezident təqaüdünə layiq görülmüşlər.

Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman salonlarına baxdı, tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.

Məlumat verildi ki, informatika kabineti kompüterlərlə təmin olunmuş və İnternet şəbəkəsinə qoşulmuşdur. Məktəbin kitabxanasında latın qrafikası ilə çap olunmuş 6000-ə qədər dərslik və müxtəlif ədəbiyyat toplanmışdır.

Məktəbdə mini ATS quraşdırılmış, tibb otağında səhiyyə xidməti üçün normal şərait yaradılmışdır. Məktəbin bufetindəki avadanlıqlar və yaradılan şərait keyfiyyətli qidalanmaya hərtərəfli təminat verir.

Kimya laboratoriyası həmin fənnin təkcə nəzəri deyil, həm də praktik baxımdan yüksək səviyyədə tədrisinə hərtərəfli imkan yaradır. Fizika laboratoriyası da müasir tərtibatı və zəngin avadanlığı ilə diqqəti cəlb edir. Burada da nəzəri biliklər praktik məşğələlərlə əlaqələndiriləcəkdir.

Bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmişdir.

Məktəbin davamlı işıqlandırılması, istilik, havalandırma sistemi müasir səviyyədədir. Yanğından mühafizə sistemi ən son texnologiyalara əsaslanır və istənilən fövqəladə halın qısa müddətdə aradan qaldırılmasına imkan verir.

Dövlət başçısı 1-ci sinif şagirdləri ilə görüşdü, onlara təhsildə uğurlar arzuladı.

Dövlət başçısı məktəblərə qayğının daha da gücləndiriləcəyini, müəllimlərin iş şəraitinin və maddi rifah halının mütəmadi yaxşılaşdırılacağını vurğuladı.

Məktəbin idman salonu ilə tanışlıq zamanı bildirildi ki, buradakı münasib şərait və müxtəlif avadanlıq bədən tərbiyəsi dərslərinin lazımınca tədrisinə imkan yaradır. Burada həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar keçirmək mümkündür. Duşxana, soyunub-geyinmə otaqları da vardır. Prezident İlham Əliyev bu təhsil ocağının açılışı və yeni dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etdi, uğurlar arzuladı və onlarla xatirə şəkli çəkdirdi.

* * *

Sonra Prezident İlham Əliyev 60 nömrəli orta məktəbin qarşısındakı parkda aparılan yenidənqurma işləri ilə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, burada əsaslı təmir işləri yüksək səviyyədə aparılmışdır. Parkda məktəblilərin və sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Müasir işıqlandırma sistemi quraşdırılmış bu istirahət ocağı ətraf ərazi ilə ümumi ansambl təşkil edir, paytaxtın bu hissəsinə əlavə yaraşıq verir.

Prezident İlham Əliyev Bakıda aparılan yenidənqurma işləri ilə bağlı fikirlərini bölüşdü, tapşırıq və tövsiyələrini verdi.