· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı

Sentyabrın 12-də "Gülüstan" sarayında təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında hazırlanıb nəfis şəkildə çapdan buraxılmış "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Nazirlər Kabinetindən nümayəndələr, nazirlər, millət vəkilləri, təhsil nazirinin müavinləri, nazirliyin aparatının rəhbəri və nazirliyin struktur bölmə rəhbərləri, ali məktəblərin rektorları, orta ixtisas məktəblərinin, Təhsil Nazirliyinə tabe gimnaziya və liseylərin direktorları, tanınmış ziyalılar və KİV işçiləri iştirak edirdilər. Salonda yeni çapdan çıxmış kitabdan nümunələr qoyulmuşdu.

 

Mərasimi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə açaraq salona toplaşanları salamladı. çox nəfis şəkildə  hazırlanmış kitabı son 5 ildə Azərbaycanın təhsil həyatının salnaməsi kimi dəyərləndirən F.Abdullazadə təqdimat mərasimində çıxış edəcək natiqlərin onun məziyyətləri haqqında geniş danışacaqlarına ümidvar olduğunu bildirdi.

Təqdimat mərasimində söz alan YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Slavyan Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Tibb Universitetinin rektoru, professor, AMEA-nın həqiqi üzvü Əhliman Əmiraslanov, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, professor Nigar Cərulla qızı, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva, Bakı Avropa Liseyinin direktor müavini Aygün Məcidova rəsmi sənədlər əsasında tərtib olunmuş kitabın təhsilimizin son 5 ildəki mənzərəsinə aydınlıq gətirmək, onda baş verən prosesləri əks etdirmək, dövlətin təhsilə və təhsil işçilərinə göstərdiyi qayğını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər, onun məziyyətlərindən danışdılar, tərtibçilərin ünvanına minnətdarlıq ifadə etdilər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təqdimat mərasimində çıxış edərək buraxılışına məsul olduğu kitabın hansı məram və məqsədlərdən irəli gəldiyini, tərtib zamanı hansı prinsiplərin gözləndiyini açıqladı, kitab haqqında söylənən yüksək rəy və fikirlərə görə çıxış edənlərə minnətdarlıq etdi.

(çıxışlar aşağıda ixtisarla dərc olunur).

 

Fatma Abdullazadə (Azərbaycan Respublikası Prezidenti İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri):

- Hörmətli mərasim iştirakçıları. Bu kitabın xüsusiyyətləri haqqında çox danışmaq olar. Mən əminəm ki, bugünkü natiqlər bu xüsusiyyətləri, məziyyətləri lazım olduğu qədər açıqlayacaqlar. Bu kitabın ən önəmli cəhəti ondan ibarətdir ki, o, rəsmi sənədlərə, imzalanmış sərəncamlara, təsdiq olunmuş dövlət proqramlarına istinad edilərək sənədlər toplusu kimi çox nəfis şəkildə hazırlanıb. Kitabla bağlı bir neçə məqama toxunmaq istəyərdim. Bu beş ildə keçdiyimiz yola nəzər salsaq görərik ki, Azərbaycanda 3 ali məktəb yaradılıb. ölkə başçısının sərəncamı ilə 2006-cı il martın 6-da Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının yaradılması qərara alınıb. 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılıb. Nəhayət, bu il yanvarın 15-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması haqqında sərəncam imzalanıb.

Bu kitabın səhifələrini vərəqlədikcə aydın olur ki, ölkə başçısının təhsil sahəsində həyata keçirdiyi siyasət hər bir azərbaycanlıya, hər bir təhsil işçisinə, təhsil müəssisəsinə ünvanlanmış siyasətdir. Bu siyasətin beynəlxalq tutumu da kifayət qədər sanballıdır. 2004-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Dövlət Avrasiya Universitetinin və Bilkənd Universitetinin, 2005-ci ildə Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin, 2007-ci ildə Koreyanın Kyunq He Universitetinin, 2007-ci il iyulun 29-da İordaniya Universitetinin,  2008-ci il fevralın 18-də Macarıstanın Korvinus Universitetinin fəxri doktoru adlarını alıb. 2008-ci ilin fevralında Prezident İlham Əliyevə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilib. 2008-ci il mayın 22-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Əgər biz dövlət başçısının müxtəlif ölkələrin universitetlərindəki çıxışlarına nəzər salsaq görərik ki, 2004-cü ilin sentyabrında ölkə Prezidenti Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetində görüş keçirib və orada çıxış edib. Həmin ilin oktyabrında Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində görüş keçirib, bu universitetin fəxri doktoru adını alıb. 2005-ci ilin martında Moskva Dövlət Universitetində görüşü olub. 2006-cı il mayın 6-da Misirin Əzhari-Şərif Universitetinin rektoru ilə görüşüb. 2006-cı ilin oktyabrın 4-də Prezident Latviya Universitetində olub və görüş keçirib. 2007-ci il sentyabrın 23-də Macarıstanda olub və bundan sonra Rumıniyanın Ployeşti Neft və Qaz Universitetində görüş keçirərək burada çıxış edib.

Bütün bu səfərlər, görüşlər, çıxışlar, fəxri adlar əslində ölkə başçısının təhsil sahəsində yeritdiyi siyasətə beynəlxalq aləmdə bu və ya digər vasitə ilə verilən qiymətdir.

Kitabdan 3 sənədə diqqəti cəlb etmək istərdim. Onlardan biri 2004-cü ilin yanvarında imzalanan sərəncamdır. O, belə səslənir: "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında". Bu sərəncama əsasən ümumi tirajı 6 milyon 600 min nüsxə olan 158 adda 262 kitab çap olunub. Onlar həm Azərbaycan, həm də dünya klassikasını əhatə edən əsərlərdir. Hər bir əsər 25 min nüsxə tirajla çap olunaraq Azərbaycanın məktəblərinə, məktəb kitabxanalarına və kütləvi kitabxanalarına verilmişdir.

Başqa bir sərəncama diqqət yetirək. Bu sərəncam "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" adlanır. 2004-cü ildə imzalanmış həmin sərəncam da yerinə yetirilərək 75 adda 250 kitab, təxminən 2 milyon nüsxə tirajla çap olunaraq məktəb kitabxanalarına və kütləvi kitabxanalara çatdırılıb. Nəhayət, 2007-ci il dekabrın 30-da imzalanan "Dünya ədəbiyyatı kitabxanasına daxil olmuş əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncam üzərində indi iş gedir. Burada 138 adda 153 kitabın çap olunması nəzərdə tutulur ki, bunların da 40-ı Nobel mükafatları laureatlarının kitablarıdır.

Təhsilin maddi-texniki  bazası ilə bağlı burada nümayiş etdirilən kadrlara yəqin hamınız diqqət yetirirsiniz. Bakı şəhərində, Gəncədə, respublikamızın hər bir bölgəsində ucaldılan yeni məktəblərin təzə binalarına tamaşa etmək imkanı var. Bu kitaba əlavə olunan xüsusi disk vasitəsi ilə həyata keçirilir. Bu disk həm də kitabın elektron variantının olmasından xəbər verir. Bu isə ölkə Prezidentinin təhsildə informasiya texnologiyalarının gerçəkləşdirilməsi ilə bağlı sərəncamının nə dərəcədə həyata keçirildiyini göstərir.

Kitabda təhsilin maddi-texniiki bazası ilə bağlı olan xeyli Prezident sərəncamı yer alıb. Bu baxımdan 2007-2008-ci illərdə imzalanan "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərin əsaslı təmiri, ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi", "Bakı Musiqi Akademiyasının maddi-texniki bazasının yaxşılaşdırılması" və nəhayət, "Bakı Dövlət Universitetinin yeni korpusunun tikintisi ilə bağlı bəzi məsələlər haqqında" və s. sərəncamları xüsusi qeyd etmək istərdim. Bu, sərəncamlar sırasında 2-si xüsusi yer tutur. 2006-2008-ci illərdə  imzalanmış həmin sərəncamlar Azərbaycan Tibb Universitetinin tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarının yaradılmasını nəzərdə tutur. Beləliklə, Tibb Universitetinin illərlə arzu etdiyi baza məhz bu sərəncamlar əsasında yaradılır.

Kitabda işıq üzü görən bəzi sərəncamlar nəinki Təhsil Nazirliyi, bir sıra başqa nazirliklərlə də müştərək işlərin həyata keçirilməsini nəzərdə tutur. ümumtəhsil məktəblərinin İKT ilə təminatı Dövlət Proqramının təsdiq olunması haqqında 2004-cü ildə imzalanmış sərəncam buna misal ola bilər. Həmin proqramın həyata keçirilməsini təkcə bu fakt təsdiq edir ki, bu il Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul yalnız İnternet vasitəsi ilə həyata keçirilmişdir.

Müştərək həyata keçirilən proqramlardan biri də 2006-cı ildə təsdiq olunmuş xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramıdır.

Bu proqrama əsasən demək olar ki, hər il istedadlara xüsusi təqaüdlərin ayrılması ilə bağlı sərəncamlar imzalanır. Kitabda öz əksini tapmış bu sərəncamlar içərisində 2008-ci il iyulun 28-də imzalanmış sərəncamı xüsusilə qeyd etmək istərdim. Bu, Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının solistlərinin xüsusi təqaüdə layiq görülməsi barədə sərəncamdır. Biz hamımız canlı şahidiyik ki, Parisdə, Strasburqda, Avropanın başqa mədəniyyət, parlamentarizm və siyasi mərkəzlərində bu uşaq gənclər simfonik orkestri hansı uğurlar qazanıb.

Kitabın bir çox səhifəsi bilavasitə təhsil işçilərinin sosial durumu, əməkhaqları ilə, aspirantların və tələbələrin əməkhaqları ilə və s. tədbirlərlə bağlıdır. Bu səhifələrdən aydın olur ki, demək olar, Azərbaycanda elə bir il olmur ki, təhsil müəssisəsində çalışanlar təltif olunmasın, onların əməyi dövlət başçısı tərəfindən qiymətləndirilməsin. ölkə Prezidentinin 2004-cü il 21 avqustunda verdiyi sərəncamı xüsusilə qeyd etmək lazımdır. Bildiyiniz kimi, iqlim şəraitinə görə Azərbaycanda uzun illərdir ki, dərslərin sentyabrın 1-də deyil, 15-də başlanması barədə müzakirələr gedirdi. Məhz bu sərəncamla Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması ilə bağlı qərar verilmiş, 15 sentyabr "Bilik günü" elan olunmuşdur.

Əlbəttə, kitabın məziyyətləri çoxdur və çıxış edənlər yəqin ki, yeri gəldikcə onlardan bəhs edəcəklər.

 

Əli Əhmədov (YAP-ın icra katibi, millət vəkili): 

- İcazə verin, yeni dərs ili münasibəti ilə Azərbaycanın bütün təhsil işçilərini, təhsillə bağlı olan bütün Azərbaycan vətəndaşlarını təbrik edim. ümidvar olduğumu bildirim ki, növbəti tədris ili Azərbaycanın təhsil alanları və təhsil verənləri üçün uğurlu olacaq.

Hörmətli tədbir iştirakçıları! Liderlərin və onların tarixi inkişafa təkan verən fəaliyyətlərinin təsvir olunması, onların haqqında kitablar yazılması tarixin dərinliklərinə gedən xoşniyyətli ənənədir. Əlamətdar haldır ki, bu ənənə dövrümüzə qədər gəlib çatıbdır. Bu gün müzakirəsinə toplaşdığımız "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabı da bu xoşməramlı ənənənin Azərbaycanda yaşadığını bilavasitə əks etdirir. Məqsəd aydındır: Liderlər, onların fəaliyyətləri və nəticələrinin tarixin yaddaşına əbədi olaraq həkk olunması və gələcək nəsillərə çatdırılması. Bu gün nəfis şəkildə tərtib olunmuş və Azərbaycan oxucularına təqdim olunan "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabı bu nəcib niyyətə xidmət etməkdədir. Fikrimizcə, kitabın ən başlıca məziyyəti Azərbaycanın təhsil sahəsindəki gerçəkliyini əyani şəkildə əks etdirməsidir. Bu baxımdan o, Azərbaycan təhsilinin 5 illik inkişafının salnaməsi adlandırılmağa layiqdir.  Kitab Azərbaycanın təhsil gerçəkliklərini geniş və əhatəli şəkildə əks etdirməklə bugünkü inkişafımız haqqında gələcək nəsillərdə əyani təəssüratların yaranması vəzifəsinə xidmət edəcəkdir.

Kitabla tanış olarkən onun müəlliflərinin öz qarşılarına bir neçə vəzifə qoyduqları haqda fikir söyləmək mümkündür. Bunlardan birincisi bu həqiqəti etiraf etməkdən ibarətdir ki, Azərbaycanda təhsilin inkişafının əsasında dayanan həqiqət və gerçəklik İlham Əliyev şəxsiyyəti, İlham Əliyev fenomeni ilə bilavasitə əlaqədardır. Bu həqiqət kitabın adında da əksini tapmışdır. Əlbəttə, bu kontekstdə mən o həqiqəti də qeyd etmək istərdim ki, indi Azərbaycanın bütün vətəndaşları Azərbaycandakı inkişafı bilavasitə Prezident İlham Əliyevin şəxsiyyəti ilə əlaqələndirirlər. Hər kəs Azərbaycanda inkişaf, tərəqqi, yüksəliş haqqında fikirləşərkən qeyri-ixtiyari olaraq Prezident İlham Əliyev, onun fəaliyyəti, onun həyata keçirdiyi siyasəti göz önünə gətirir və dəyərləndirir.

Eyni ilə də Prezident İlham Əliyev və onun həyata keçirdiyi siyasət haqqında düşünərkən yenə də Azərbaycandakı inkişaf, tərəqqi, irəliləyiş göz önünə gəlir və dəyərləndirilir.

Kitabın müəlliflərinin öz qarşılarına qoyduqları digər çox fundamental bir vəzifə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində əldə olunan möhtəşəm uğurların mənzərəsinin əhatəli şəkildə kitabda əks etdirməkdən ibarətdir. Təhsil sahəsindəki vəzifələrimizin nə qədər möhtəşəm olduğunu təsəvvür etmək üçün kitabda kifayət qədər faktlar sadalanıb.

Dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən qeyd edirdi ki, əzəmətli vəzifələrin qarşıya qoyulması nəticəsində biz əzəmətli nailiyyətlər əldə edə bilərik. Prezidentin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin əzəməti əzəmətli uğurların da qazanılmasına gətirib çıxarıbdır və kitabda bu gerçəkliyi aydın şəkildə təsəvvür etmək mümkündür.

 Mən burada oturanların hər birinin bildiyi bir faktı diqqətə çatdırmaqla Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi siyasətin nə qədər möhtəşəm uğura gətirib çıxardığını bir daha təsdiqləmək istəyirəm: Azərbaycanda 5 il ərzində 1360-dan yuxarı  (mən kitabda gətirilən rəqəmə istinad edirəm və demək istəyirəm ki, indi bu rəqəm bir az da çoxalıb) yeni məktəb binası tikilib istifadəyə verilmişdir. İndi Azərbaycanda 5000 məktəb var. Azərbaycanın məktəb fondu 70 il ərzində formalaşıb. 70-80 il ərzində formalaşan 5 minə yaxın məktəb fondunun təxminən üçdə biri - 1360-ı son beş il ərzində inşa edilən və istifadəyə verilən məktəblərdir.

Ancaq, eyni zamanda etiraf etmək lazımdır ki, təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi bazasının möhkəmləndirilməsi ilə məhdudlaşmır. ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdirilməsi və beləliklə, Azərbaycan cəmiyyətinin keyfiyyətcə yeniləşməsi üçün təhsil faktorundan istifadə edilməsi istiqamətində həyata keçirilən islahatlar, mən hesab edirəm ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi böyük töhfədir. Nəhayət, tərtibçilər kitabı elə tərtib ediblər ki, onunla tanış olanlar Prezident İlham Əliyevin təhsillə əlaqədar həyata keçirdiyi siyasətin mahiyyəti, məzmunu və əsas istiqamətləri haqqında aydın təsəvvür alsınlar.

Prezident İlham Əliyevin bu kitabda yerləşdirilmiş təhsillə bağlı çıxışları, sərəncamları və digər rəsmi sənədlər mahiyyətindən ortaya çıxan gerçəklik ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin uzunmüddətli inkişafının təminatı Azərbaycanda təhsilə verilən önəm, dəyər, qiymətlə dövlət siyasətində təhsilin strateji istiqamət kimi müəyyənləşməsi ilə bilavasitə əlaqədardır.

Kitabla tanış olarkən onun tərtibçilərinin İlham Əliyevə böyük hörməti, məhəbbəti və ehtiramını aydın şəkildə görmək mümkündür. Kitabın hər səhifəsində İlham Əliyevə təhsil işçilərinin böyük minnətdarlıq hissləri və duyğuları öz əksini tapıb. Mən hesab edirəm ki, bu minnətdarlıq duyğuları, hissləri İlham Əliyevin Azərbaycanın təhsilinin inkişafına böyük diqqət və qayğısı ilə əlaqədardır.

çıxışımın sonunda bu qədər əzəmətli, gözəl və fundamental bir kitabın hazırlanması üçün böyük zəhmət çəkmiş kollektivə öz minnətdarlığımı bildirmək istəyirəm. Kitabı Azərbaycan ziyalılarına, bütövlükdə təhsil tarixinə böyük töhfə hesab edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın təhsil işçiləri Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi qayğıya daim layiq olmağa çalışacaqlar.

 

Bahar Muradova (Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini):

- Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar!

Heydər Əliyev "Millətin gələcəyi ölkənin müstəqilliyinin təməlidir" söyləmiş və bu fikri həqiqətə çevirmək üçün bütün şüurlu həyatını sərf etmişdi. Böyük öndər bu işin görülməsi üçün xalqı, onun önündə gedən ziyalıları, elm-mədəniyyət xadimlərini və siyasi xadimləri ətrafına səfərbər etmişdi. Bu gün Azərbaycanda uğur adına nə varsa, onun hər birinin altında mərhum Heydər Əliyevin imzası var. ölkədə görülən işlər heç də birdən-birə meydana gəlmir, özündən əvvəl mövcud olan təməl üzərində inkişaf edir. Azərbaycanın da həyatının bütün sahələri məhz Heydər Əliyev tərəfindən yaradılmış təməl üzərində inkişaf etməkdədir. Təhsil sahəsi də bu baxımdan istisna deyil.

ötən əsrdə bu istiqamətdə görülmüş işlər, Azərbaycanın müstəqillik dövründə atılmış addımlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Təhsildə qazanılan uğurların söykəndiyi təməllərdən biri də, əlbəttə, bu sahədə işləyən, təhsilin inkişafı üçün həyatını sərf edən təhsil işçiləridir. Mən bu günü təkcə tədris ilinin başlanması ilə yox, həm də bu sahənin uğurlarını özündə əks etdirən bu kitabın ərsəyə gəlməsi ilə əlamətdar hesab edirəm.

Kitab çox orijinal bir şəkildə tərtib olunub. Əlbəttə, Əli müəllim burada onun bir çox məziyyətlərini qeyd elədi və qarşıya qoyulmuş vəzifələrin maksimum yerinə yetirilməsini faktlarla əsaslandırdı. Mən onu demək istəyirəm ki, bu kitabı tərtib edənlər, doğrudan da, həm Heydər Əliyev irsinə, siyasi kursuna məhəbbətlərini, həm də bu kursun layiqli davamçısı İlham Əliyevə, onun fəaliyyətinə verdikləri qiyməti və münasibəti kitabda əks etdiriblər. Kitab Misir Mərdanovun ön sözü ilə başlayır. İnanılmaz dərəcədə geniş bir fəaliyyətin əksini tapdığı bu ön sözdə gətirilən rəqəmlər, həmin rəqəmlərin ildən-ilə sürətlə dəyişməsi göstərir ki, təhsil Azərbaycan Prezidenti üçün nə qədər əhəmiyyətli sahədir, bu istiqamətdə nə qədər ciddi addımlar atılmışdır.

Mövcud vəziyyəti bilməyən, tikilən məktəbləri görməyən adam yəqin ki, bu rəqəmlərə baxıb təəccüb edər, qısa bir müddətdə bu qədər iş görmək mümkündürmü? Amma həm kitabda gətirilən sitatlar, həm də real həyat göstərir ki, mümkündür və Azərbaycanda bunu reallaşdırmaq mümkün olmuşdur.

Kitabın ön səhifələrindən İlham Əliyevin 2003-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimindəki qısa nitqi yerləşdirilmişdir. Bu nitq qısa, lakonik olduğu qədər də geniş və əhatəlidir. Burada qarşıdakı 5 ildə təkcə Prezident kimi İlham Əliyevin deyil, Azərbaycan xalqının və dövlətinin qarşısında duran vəzifələrin qısa tezisləri verilmişdir. Bunlara nəzər salarkən Azərbaycan həyatının bütün istiqamətlərində İlham Əliyevin bir prezident kimi görəcəyi işlər, həyata keçirəcəyi fəaliyyət haqqında məlumat almaq mümkündür.

Prezident İlham Əliyevin çıxışında həm iqtisadiyyatın, həm mədəniyyətin, həm də sosial həyatın, o cümlədən təhsil sahəsinin inkişafı üçün Azərbaycanın zəngin təbii sərvətlərindən istifadə və bu istifadədən əldə olunan gəlirin hara yönəldiləcəyi barədə fikirlər səsləndirilir. Kitabda çox nəfis şəkildə yerləşdirilmiş və görülən işləri əyani şəkildə əks etdirən şəkillərdən də aydın görünür ki, Azərbaycanın təbii sərvətləri doğrudan da İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın təhsilinin, deməli Azərbaycanın gələcəyinin təmin olunmasına yönəldilib.

Bu mənada mən İlham Əliyevin inauqurasiya mərasimindəki olan nitqinin kitaba salınmasını çox əhəmiyyətli hesab edirəm. Təkcə təhsil sahəsində əldə edilmiş uğurları görmək kifayətdir ki, İlham Əliyevin digər istiqamətlərdə də verdiyi vədə, dediyi sözə əməl edən bir şəxsiyyət olduğunu təsəvvür edəsən. O, təkcə bu vədi verməmişdi, həm də vədini yerinə yetirmişdir. O, Azərbaycan xalqı üçün yaxşı Prezident olacağı vədini, "Azərbaycan müəllimləri yaxşı məktəblərdə işləməlidirlər və Azərbaycan şagirdləri yaxşı məktəblərdə oxumalıdırlar" fikrini sonrakı fəaliyyətində daha da möhkəmləndirmişdir. çünki təhsil hər kəsə, hər bir ailəyə, evə  yaxın olan bir sahədir və bu sahədə qazanılan uğurlar bütövlükdə xalqa xidmətin bariz nümunəsi deməkdir.

Bir neçə rəqəm gətirmək istəyirəm. 2003-cü illə 2008-ci ildə Azərbaycanın Dövlət büdcəsində təhsilə ayrılan vəsaiti müqayisə etdikdə biz ölkədə nə qədər inkişaf getdiyinin şahidi oluruq. 2003-cü ildə təhsil sahəsinə cəmi 243 milyon manat vəsait qoyulmuşdu. Cəmi 5 il ərzində bu rəqəm 1,5 milyard manata çatdırıldı. Bu sahəyə qoyulan vəsaitin miqdarı təxminən 5 dəfə artıb. Prezidentin dəstəyi, bilavasitə verdiyi sərəncamlarla orta təhsilin inkişafı üçün 14 proqram təsdiq olunub və həyata keçirilməkdədir. Təhsilimiz beynəlxalq aləmdə gedən proseslərə inteqrasiya edir. ötən 5 il ərzində 30 ölkə ilə təhsil sahəsində müqavilələr imzalanmışdır. Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq təşkilatların dəstəyi ilə 70-dək proqram və layihə həyata keçirilmişdir.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi, "Elektron məktəb" layihəsi, təhsil işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsi, kadr hazırlığı, təhsilin idarə olunması üçün atılan addımlar, biliyin qiymətləndirilməsi istiqamətində həyata keçirilən layihələr buna misal ola bilər.

Kitabla tanışlıq göstərir ki, tərtibçilər kifayət qədər sanballı bir nəşr ortaya qoya biliblər.

Misir müəllim başda olmaqla, təhsil işçilərinin və təhsil sahəsi ilə bağlı bütün insanları bu kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edirəm.

 

Kamal Abdullayev (Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü):

- öz oxucusu ilə sənədlərin dilində danışan bu kitabı maraqla vərəqlədikcə, oxucunun gözü qarşısında bu sənədlərin arxasında bu sənədlərlə səsləşən gərgin fəaliyyət diqqəti cəlb etməyə bilmir. İlk növbədə adamın fikrinə o gəlir ki, nəzərdən keçirilən dövrü - möhtərəm Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən bir dövrü, ondan əvvəlki dövrdən, Heydər Əliyevin tədrisə münasibətindən, onun kontekstindən ayrı götürmək mümkün deyil. çünki məhz o dövrdə bugünkü tədrisin geniş panoramı öz bünövrəsini, mayasını tapmışdır. Heydər Əliyevin tədrisə, təhsilə qayğı və diqqətini təkcə orta məktəblərlə, auditoriyalarla, ali məktəblərlə məhdudlaşdırmaq düzgün olmazdı. Keçirilən bütün dövlət əhəmiyyətli tədbirlərin hamısı - yubileylər, mərasimlər, yazıçıların, böyük söz-sənət ustalarının anılması - bunların hamısı əslində bütün xalqın maariflənməsi yolunda atılan möhtəşəm addımlardır. Bu gün biz təhsil sistemimizin nailiyyətlərindən danışarkən, təbii ki, o dövrü indiki dövrün başlanğıcı kimi qəbul etməliyik.

Bu gün Azərbaycan təhsilinin doğrudan da geniş panoramda, səpələnmiş problemləri var. Bu problemlərin bir çoxu ali təhsil sisteminin kredit sisteminə keçməsi ilə bağlıdır. Boloniya sistemi və ümumiyyətlə Qərb təhsil sisteminin özünün bu gün rastlaşdığı çətinliklər var. Biz o çətinliklərdən yan keçməyi elə bu gündən müəyyənləşdirməliyik.

Problemlərdən danışarkən təhsilimizdəki nailiyyətləri görməyən və yaxud görmək istəməyən bir sıra adamların diqqətinə təhsilin bir çox problemlərinin çox zaman onun özündən asılı olmadığını çatdırmaq istərdim. Yəni təhsildə problemlər var, xüsusən də insanlararası münasibətlərdə, müəllim-tələbə münasibətlərində, müəllim-müəllim münasibətlərində və s. Təhsil cəmiyyətin güzgüsüdür, cəmiyyətdə də müəyyən problemlər var. Amma bütün bunları təhsilin problemləri kimi təqdim edənlər, mənə elə gəlir ki, yanılırlar.

Azərbaycan təhsilinin bugünkü mənzərəsi bu kitabda yığcam, lakonik şəkildə qeyd olunub. Prezident İlham Əliyevin sistemləşdirici mahiyyət kəsb edən, bir-birini tamamlayan qərarları bu gün Azərbaycanın rayonlarında həm hökumət tərəfindən, həm Heydər Əliyev Fondu tərəfindən inşa edilməkdə olan məktəb binaları, tədris mərkəzləri, təmir edilmiş müəssisələrdə özünü real şəkildə göstərir. Bizim universitetimiz də həmin sənədlərdən birinin obyekti olub və mən Prezidentimizə buradan bir daha minnətdarlıq hissi ilə bildirmək istərdim ki, Prezidentimizin bizə göstərdiyi diqqət və qayğı nəticəsində ayrılmış maliyyə vəsaitinin köməyi ilə biz bir sıra problemlərimizi həll etdik, universitetimizin binasını yenidən qurduq, avadanlığını, ləvazimatını dəyişdik və güman edirəm ki, bütün bunlar tədrisin  mahiyyətinə, məzmununa da böyük kömək göstərəcəkdir.

Doğrudan da gözəl tərtib olunmuş kitabın arxasında gərgin zəhmət və Prezidentin qarşısında böyük məsuliyyət hissi durur. Mən güman edirəm və inanıram ki, bizim təhsil sistemimizin bütün sahələrində bu məsuliyyət hissini çox dəqiq anlayırlar və biz hamımız çalışacağıq ki, xalqımız, ölkəmizin Prezidenti qarşısındakı məsuliyyətimizi ləyaqətlə yerinə yetirək.

Kitab haqqında burada çox gözəl sözlər deyildi. Güman edirəm ki, insanlarla sənədlərin dilində danışan, dəqiq faktlar əsasında söhbət aparan bu kitabın bütövlükdə təhsil sistemimiz, onun bugünkü, strateji inkişaf yollarını öyrənən alimlər üçün, təhsilin tarixi ilə məşğul olan mütəxəssislər üçün böyük əhəmiyyəti olacaq.

 

Əhliman Əmiraslanov (Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü):

- Hörmətli mərasim iştirakçıları. Bu gün təqdimat mərasiminə toplaşdığımız "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabını mən  Azərbaycan təhsil ictimaiyyətinin həyatında çox mühüm bir hadisə hesab edirəm. Kitabla tanış olduqda elə rəqəmlərə rast gəlirsən ki, doğrudan da böyük qürur hissi keçirirsən. Bu rəqəmlər Azərbaycanda təhsilin 5 il ərzində necə sürətlə inkişaf etməsindən xəbər verir. Kitabın əsas məziyyətlərindən biri də ondan ibarətdir ki, o, konkret sənədlər əsasında hazırlanıb, burada təhsilimizin inkişafının konkret xronologiyası öz əksini tapıbdır.

Burada məktəb tikintisi ilə bağlı rəqəm səsləndi. Mən inanmıram ki, dünyanın hər hansı bir ölkəsində beş il ərzində 1361 yeni məktəb inşa edilsin, müasir avadanlıqla təmin olunsun və istifadəyə verilsin. Və yaxud 300-dən artıq tədris müəssisəsi yenidən qurulsun, əsaslı təmir olunsun, istifadəyə verilsin. Bu il 161 yeni məktəb istifadəyə veriləcək. Doğrudan da, bu rəqəmlər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində təhsilimizin çox böyük nailiyyətlər əldə etməsindən xəbər verir.

Mən bir neçə kəlmə bu illərdə universitetlərimizdə əldə olunmuş nailiyyətlər, inkişaf haqqında hörmətli toplantı iştirakçılarına məlumat vermək istərdim.

Son illər elə bir universitet tapmaq olmaz ki, orada yeni bir tədris binası tikilib istifadəyə verilməsin, müasir avadanlıqlarla təchiz olunmasın.

Universitetlərimizdə təhsilin keyfiyyətini yüksəltmək üçün müasir texnologiyalar tətbiq olunmağa başlayıb. Elektron kitabxanalar, elektron dərsliklər fəaliyyət göstərir.

Demək olar ki, bütün universitetlərimizin əsas fakültələri kredit sisteminə keçib. O cümlədən Tibb Universitetinin 3 fakültəsi kredit sistemi ilə fəaliyyət göstərir. Universitetlərimizin Avropa təhsil birliyinə inteqrasiyası sahəsində də çox böyük işlər görülüb. Bu gün universitetlərimiz dünyanın ən nüfuzlu ali məktəbləri birliklərinin üzvləridir. Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu illər ərzində Tibb Universiteti başqa beynəlxalq qurumlarla bərabər, dünya ali təhsil müəssisələri reyestrinə daxil olub. Bu, universitetimizin beynəlxalq miqyasda tanınmasından, nüfuzundan xəbər verir.

Ali məktəblərimizin nüfuzunun artması sayəsində son illər universitetlərimizə xarici vətəndaşların axını da artıbdır. Təkcə Tibb Universitetində bu gün 17 ölkədən gəlmiş 600-dən çox xarici vətəndaş təhsil alır.

Universitetlərimizin beynəlxalq əlaqələri də genişlənib və bu sahədə çox böyük işlər görülüb.

İndi isə mən kitabda öz əksini tapmış 2 sərəncam haqqında fikirlərimi toplantı iştirakçılarına çatdırmaq istərdim.

 Möhtərəm Prezidentimiz 2007-ci il sentyabrın 11-də imzaladığı sərəncamla Tibb Universitetinin fəaliyyətə başladığı gündən arzusunda olduğu universitet klinikalarının yaradılması barədə olan planı həyata  keçirdi. 2007-ci il sentyabrın 18-də möhtərəm Prezidentimiz özü bu tədris-terapevtik klinikasının təməlqoyma mərasimində iştirak etdi.

Artıq bu klinikada tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. 450 çarpayılıq bu tədris klinikasında gələcəkdə universitetimizin əsas terapevtik yönlü 17 kafedrası yerləşəcək. Məhz bu qayğıya, diqqətə görə biz möhtərəm Prezidentimizə öz təşəkkürümüzü bildiririk.

Bu il martın 13-də möhtərəm Prezidentimiz digər bir sərəncam imzaladı: "Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasının yaradılması haqqında". Bu sərəncamı həyata keçirmək üçün biz çox böyük çətinliklərlə rastlaşdıq. Yer problemi var idi. Səhiyyə Nazirliyi bu işdə bizə yaxından kömək etdi. Bu gün Tibb Universitetinin 3 cərrahi profilli klinikasının yerləşəcəyi binanın tikintisi uğurla davam edir. Biz əminik ki, bu yaxınlarda bu klinika da istifadəyə veriləcək.

Universitetlərimizin məzunlarının çox böyük müvəffəqiyyətləri var. Bu gün universitet bitirən mütəxəssislərin tək Azərbaycandan yox, dünyanın bir çox ölkələrindən sorağı gəlir. Təkcə Tibb Universitetini bitirən məzunların hər il 100-dən çoxu Amerikanın və Avropanın inkişaf etmiş ölkələrində imtahan verib diplomlarını təsdiq etdirir və yüksək ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərirlər. Bu da universitetlərimizdə olan inkişafdan xəbər verir.

Mən əminəm ki, təqdimatını keçirdiyimiz kitab istər mətbuatımız, istərsə də ictimaiyyət tərəfindən çox yüksək dəyərləndiriləcək.

 

Nigar Cərulla qızı  (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, professor):

- Hörmətli xanımlar və cənablar! Hörmətli təqdimat iştirakçıları! Təqdimatına toplaşdığımız "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabı sözün həqiqi mənasında 5 illik siyasi ömrün sənədli salnaməsidir. 692 səhifəlik salnamənin mən yalnız bir neçə səhifəsinə diqqətinizi cəlb etmək istəyirəm. 2006-cı ilin aprelin 17-də Prezident İlham Əliyev "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

14 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan üzrə musiqi sahəsində xüsusi istedadı olan 11 gəncin adı "Qızıl kitab"a yazılaraq onlar Prezidentin xüsusi təqaüdünə layiq görülüblər. Bu uşaqlar Mehriban xanım Əliyeva ilə Fransa və Amerikaya səfər etmiş, Ağ evdə senatorların toplandığı məclisdə çıxış edərək böyük müvəffəqiyyət qazanmışlar. Mehriban xanımın məhz istedadlı uşaqları özü ilə aparması təsadüfi deyildi. Sülhməramlı birinci ledimiz məhz istedadlı uşaqların siyasi xadimlərə təsvir vasitəsini psixoloq həssaslığı ilə duymuşdur.

Az sonra - 27 iyun 2007-ci il tarixli sərəncamla Milli Konservatoriyanın nəzdində İncəsənət gimnaziyasının daha 2 şagirdi Prezidentin xüsusi təqaüdünə layiq görüldülər.

Prezidentin 8 yanvar 2008-ci il tarixli sərəncamı ilə daha 8 istedadlı uşaq və bunların içərisində məktəbimizin 1 şagirdi Prezident təqaüdünə layiq görülüb.

5 mart 2008-ci il tarixli sərəncamı ilə Prezident "Muğam 2005" və "Muğam 2007" müsabiqəsi qaliblərini Prezident təqaüdünə layiq görüb. Qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama verdiyi qiymət bu gün bütün xalqımız tərəfindən yüksək qiymətləndirilir. Elə bir televiziya verilişi, elə bir sənətkar məclisi, elə bir toy-büsat yoxdur ki, ora dəvət almış xanəndələr bu məqamı, bu sayğını alqışlamasın.

Milli Konservatoriyanın nəzdində Musiqi kolleci muğam məktəbinin beşiyidir, desəm yanılmaram. Həmin sərəncamla təltif olunanlar arasında bu təhsil ocağının 2 tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Heydər Əliyev adına Müasir təhsil kompleksinin şagirdi və digər istedadların adları vardı.

Nəhayət, istedadlı balalarımıza verilən növbəti qiymət Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamında öz əksini tapdı.

Sərəncamla 17 nəfər istedadlı uşağa Prezidentin xüsusi təqaüdü təsis edildi.

Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq Gənclər Simfonik Orkestri ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellası Mehriban xanım Əliyeva ilə "Azərbaycanın xoşməramlı mələkləri" proqramı çərçivəsində Avropanın 3 şəhərində - Paris, Strasburq və Brüsseldə konsert proqramı ilə çıxış etdilər. YUNESKO-da Azərbaycanı 112 istedadlı uşaq təmsil edirdi. Onların 52-si məktəbimizin şagirdi idi.

Uşaqların səyahətdən aldıqları təəssüratları söz ilə ifadə etmək qeyri-mümkündür. Mehriban xanım uşaqlara bu səyahətdə Disney Lendin bir gününü hədiyyə etmişdi. Bu günə kimi keçirilən konsertlər haqda xoş təəssüratlı fikirlər dünyanın müxtəlif yerlərindən ünvanımıza səslənir və bizi şad edir. Azərbaycan Respublikasının sülhməramlı siyasətini nümayiş etdirmək üçün bu, ən təsirli vasitələrdən biri idi.

Bu gün təqdimatına toplandığımız "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabı həm ideya, həm məzmun, həm poliqrafik tərtibat, həm estetik görüm baxımından, sözün həqiqi mənasında, yüksək dəyəri olan bir kitabdır. Kitabda Prezident İlham Əliyevin yalnız təhsil sahəsində fəaliyyəti açıqlanmışdır. Mən bu səhifələrin yalnız yeddisinə toxundum. Hər sərəncamın, hər görüşün, Azərbaycanın rayonlarına, kəndlərinə edilən səfərlərin arxasında o bölgələrin abadlaşdırılması, orada təhsil ocaqlarının tikilməsi, hər bir təhsil ocağının maddi-texniki bazasının möhkəmlənməsi, tədris-təhsil sistemində yeni metodlardan istifadə edilməsi, əməkhaqlarının ilbəil artırılması dayanır. Dövlət başçısının Vətənə məhəbbəti, xalqına qayğısı və bütövlükdə bu illər ərzində gördüyü titanik əmək dayanır.

Kitabın ərsəyə çıxarılmasında zəhməti olan təhsil işçilərinə minnətdarlığımızı bildirirəm.

 

Məhəbbət Vəliyeva (akademik Zərifə Əliyeva adına məktəbin direktoru):

- Hörmətli tədbir iştirakçıları, əziz müəllimlər!

Bu gün bu möhtəşəm salonda yeni dərs ili ərəfəsində çox əlamətdar hadisə ilə əlaqədar - dövlətimizin başçısının son 5 il ərzində təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən, ölkənin təhsil tarixində özünəməxsus yeri olacaq bir kitabın təqdimat mərasiminə yığışmışıq.

ölkə ictimaiyyətinə təqdim olunan bu kitabla tanış olduqca dövlət başçımızın təhsilin forma və məzmununa yeni yanaşma mövqeyini və bunun nəticəsində təhsilin dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəldilməsinə böyük diqqət və qayğı göstərdiyini, təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxladığını görürük.

2008-ci il aprelin 28-i görkəmli oftalmoloq alim, nəcib insan Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi kimi yadda qaldı. Həmin gün Zərifə xanımın adını daşıyan yeni məktəbin açılış mərasimi oldu. Məktəbin açılışında cənab Prezidentin şəxsən iştirak etməsi təbii ki, bizi ürəkdən sevindirdi.

840 şagird yerlik bu məktəbdə Azərbaycan və rus bölmələri üzrə IX-XI sinif şagirdlərinin yüksək səviyyəli təhsil almaları üçün müasir standartlara cavab verən ən zəruri şərait yaradılmışdır.

Məktəbimizdə "Elektron məktəb" layihəsinin tətbiq edilməsi çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə, məktəblərarası elektron əlaqələrin genişləndirilməsinə və ümumilikdə şagirdlərin davamiyyəti və nailiyyətləri haqqında dərhal məlumat almaq üçün zəmin yaradır.

Bu kitabın səhifələrində Prezidentin müxtəlif tədbirlərdə söylədiyi çox dəyərli fikirlər var. İnkişafın istənilən sahəsinə aid olan çıxışlarında cənab Prezident maddi dəyərlərin insan kapitalına çevrilməsinin vacibliyini dönə-dönə vurğlayır.

Kitabda son illər ərzində şərəfli əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək orden, medal, fəxri adlar almış təhsil işçilərinin siyahısı da təqdim edilmişdir. Bu prosesin davamı kimi müəllimlərin əməkhaqqının artırılması dövlət başçısının təhsil sahəsində çalışan insanlara göstərdiyi qayğıdır.

 

Aygün Məcidova  (Bakı Avropa Liseyinin direktor müavini): 

- Hörmətli xanımlar və cənablar!

Qeyd etmək istərdim ki, bu gün mənim həyatımda əlamətdar bir gündür. Möhtəşəm bir kitabın təqdimatında çıxış etmək mənə nəsib olmuş və göstərilən bu etimadı mən şərəflə gələcək fəaliyyətimdə doğrultmağa söz verirəm.

"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" adlı bu kitabı vərəqləyərkən, kiçik bir zaman müddətində - 5 il ərzində təhsilimizdə baş verən böyük dəyişikliklərə görə qürur hissi duydum. Kitabda Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin 2003-2008-ci illərdə təhsillə bağlı tədbirlərdə iştirakı, çıxışları və nitqləri, fərman və sərəncamları xronoloji ardıcıllıqla verilmişdir.

5 il əvvələ nəzər salaq. Təhsildə gedən böyük dəyişiklikləri öncədən həyata keçirən Bakı Avropa Liseyi (BAL) yenə də novator məktəb kimi öz axtarışlarını davam etdirir. Təhsildə başlayan irimiqyaslı islahat addımları da liseyin elmi və pedaqoji fəaliyyətində bir sıcrayış yaratdı. Daima müəllimlərin maddi rifahını yüksəltmək naminə atılan addımlar onları yeni nailiyyətlər axtarışında olmağa, təhsilin keyfiyyətini yüksəltməyə ruhlandırdı.

"ümumi təhsil sitsemində dərslik siyasəti" təsdiq edildi. BAL müəllimləri dərsliklərin hazırlanmasında iştirak etdi, dərsliklərin qiymətləndirilməsi şurasına üzv seçildilər, müəllimlərimiz tərəfindən didaktik materiallar, dərs vəsaitləri və məqalələr dərc olundu. I siniflər üçün hazırlanmış "Ana dili" dərsliyinin, müəllim üçün metodik vəsaitin və iş dəftərinin müəlliflərindən oldular. Böyük fəxrlə qeyd edim ki, mən özüm də bu dərsliklərin hazırlanmasında yaxından iştirak edərək yeni tipli "Ana dili" dərsliyinin müəlliflərindən biriyəm.

Qeyd etmək istəyirəm ki, bu gün təqdim olunan "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" adlı kitab Azərbaycan təhsil sisteminin 2003-2008-ci illər ərzində dinamik inkişafını, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğısını əks etdirən sanballı nəşrdir.

 

Misir Mərdanov (Azərbaycan Respublikasının təhsil naziri):

- Hörmətli mərasim iştirakçıları. Mən, ilk növbədə, bu mərasimdə iştirak edənlərin hər birinə dəvətimizi qəbul edib gəldiklərinə görə minnətdarlığımı bildirirəm. Bu gün bu salonda hörmətli millət vəkilləri, ali məktəb rektorları, dövlət adamları, iş adamları, müəllimlər iştirak edir. Yeni dərs ilinin başlanğıcında belə bir kitabın çap olunmasına görə mən də sevinc hissi keçirirəm. Daha çox ona görə sevinirəm ki, bu gün bəlkə də Azərbaycanın tarixində yeganə hadisələrdən biridir ki, uşaq bağçasının tərbiyəçisi və ya ibtidai sinif müəllimi nazirlə, parlament sədrinin müavini, deputatlarla bir yerdə oturur, onlarla eyni kürsüdə çıxış edirlər. Mənə belə gəlir ki, bu, Azərbaycan cəmiyyətinin əldə etdiyi ən böyük nailiyyətdir. Etiraf edək ki, belə hallar bizim cəmiyyətimizdə əvvəllər çox az olub. Bu gün Azərbaycanın ibtidai sinif müəllimi "Gülüstan" sarayının tribunasına çıxıb deyir ki, mən Azərbaycan məktəbliləri üçün bu il çap olunmuş "Ana dili" dərsliyinin müəllifiyəm. Bu, doğrudan da çox sevindirici və çox böyük hadisədir. Mən düşünürəm ki, bu hadisələrin hamısı üçün biz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin müqəddəs ruhu qarşısında borcluyuq. Bizim hər birimiz üçün bu şəraiti məhz Heydər Əliyev yaradıb.

Son illərin Azərbaycan həyatının ən böyük uğuru, mənim fikrimcə, bütün prioritet sahələr üzrə problemlərin həll olunması üçün elmi cəhətdən əsaslandırılmış dövlət proqramlarının hazırlanması və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilməsidir.

Bütün sahələrdə indi çoxsaylı belə proqramlar hazırlanır və yerinə yetirilir. Təhsil sahəsində 14 dövlət proqramı hazırlanaraq təsdiq olunub, hər proqram üzrə icra planı tərtib olunub. Bu proqramlar yerinə yetirilməkdədir. Gələcəkdə də belə layihələr hazırlanacaqdır.

Bu cür proqramların hazırlanması ideyasını ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə irəli sürmüş, onun rəhbərliyi altında həmin ildən təhsilin prioritet sahələrinin inkişafı üzrə proqramlar hazırlanmağa başlanmışdır. Bu gün dövlət başçımız, hörmətli cənab İlham Əliyev o siyasəti uğurla davam etdirir.

Lakin bunlar bizi arxayınlaşdırmamalıdır. Qarşıda bizi daha ciddi, daha məsuliyyətli işlər gözləyir. Mən düşünürəm ki, bütövlükdə Azərbaycan ictimaiyyəti, Azərbaycanın təhsil işçiləri Prezidentimizin inkişafyönümlü siyasətinin həyata keçirilməsində yaxından iştirak etməlidirlər.

Sonda nəhayət, bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Son 5 ilin ərzində Azərbaycan siyasi cəhətdən dünyanın ən stabil ölkələrindən birinə çevrilmiş, iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrin sırasına çıxmışdır. Dünyanın ən nüfuzlu maliyyə qurumu Dünya Bankı Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Son 5 il ərzində Azərbaycan çox inkişaf edib. Burada həmin inkişafı əks etdirən rəqəmlər sadalandı. Mən onları təkrar etmək istəmirəm. Təkcə onu qeyd edim ki, dövlətin büdcəsi bu illər ərzində 10 dəfədən çox artıbdır. Mən əminəm ki, qarşıdan gələn 5 il Azərbaycanımız üçün, bizim hər birimiz və övladlarımız üçün daha uğurlu olacaqdır.

Bu kitabı tərtib etməkdə bizim məqsədimizdən biri də bu idi ki, Azərbaycan cəmiyyətinin diqqətini təhsilimizə yönəldək. Mənə belə gəlir ki, son 5 ilin ən uğurlu nəticələrindən biri ondan ibarətdir ki, təhsil Azərbaycanın hər bir vətəndaşının diqqət mərkəzində duran bir sahəyə çevrilib. Bu gün bu salonda 500-dən çox insanın iştirakı da məhz bunu təsdiq edir.

Hazırladı:

Yusif ƏLİYEV