· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"Günərzi Qayğı Mərkəzi" uşaq müəssisələrinə alternativ xidmət növüdür

Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evinin nəzdində "Günərzi Qayğı Mərkəzi" yaradılmışdır. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində dövlət uşaq müəssisələrinə alternativ model kimi nəzərdə tutulmuş mərkəzin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısını almaq, onların cəmiyyətə inteqrasiya və sosial adaptasiyasını təmin etməkdir.

Dekabrın 29-da "Günərzi Qayğı Mərkəzi"nin rəsmi açılışı oldu. Bu münasibətlə düzənlənən mərasimdə təhsil naziri Misir Mərdanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər. Nazir və icra başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsib mərkəzin fəaliyyətinə xeyir-dua verdilər, uşaq evinin kollektivini və balaca sakinlərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdilər. Sonra Misir Mərdanov və İ.Abbasov mərkəzi gəzərək burada uşaqların yaşaması, təlim-tərbiyəsi, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının maraq və meyillərinə uyğun səmərəli təşkili üçün yaradılmış şəraitlə tanış oldular, işçilər və uşaqlarla söhbət etdilər. Uşaq evinin müdiri Sevda Hacıyeva qonaqlara məlumat verərək bildirdi ki, "Günərzi Qayğı Mərkəzi" risk qrupuna daxil olan, valideynləri işləyən, aztəminatlı ailələrin məktəbyaşlı uşaqlarını gün ərzində qayğı ilə təmin etmək üçün nəzərdə tutulub. "Günərzi Qayğı Mərkəzi" Dövlət Proqramı çərçivəsində 3 il müddətə həyata keçiriləcək pilot layihəyə əsasən təşkil edilmişdir. Mərkəzin fəaliyyətə başlaması ilə uşaq evinə ölkənin digər bölgələrindən olan uşaqların qəbulu dayandırılacaq, yalnız Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitinə malik ailələrin uşaqları cəlb ediləcəkdir.

Mərkəz ümumilikdə 80 uşağa xidmət edəcək. Onun fəaliyyəti genişləndikcə, tədricən uşaq evi bütövlükdə "Günərzi Qayğı Mərkəzi"nə çevriləcək. Mərkəzdə psixoloq və loqoped xidməti nəzərdə tutulmuşdur. Psixoloq  uşaq və onun ailəsilə kompleks şəkildə iş aparacaq.

Verilən məlumatdan aydın oldu ki, mərkəz, eyni zamanda uşaqların müasir tələblərə uyğun yeni bilik və bacarıqlara yiyələnmələrini, ev tapşırıqlarını hazırlamalarını, fiziki inkişafını təmin edəcək, onların tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirəcək, valideyn və uşaqlara psixoloji xidmət göstərəcək. "Günərzi Qayğı Mərkəzi" gün ərzində 10-12 saat fəaliyyət göstərəcək və uşağın mərkəzdə olma müddəti onun ehtiyaclarından asılı olacaqdır. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq uşaqla iş aparılacaqdır.

"Günərzi Qayğı Mərkəzi"ndə uşaqların maraq və bacarıqlarına əsasən müxtəlif dərnəklər - güləş, bacarıqlı əllər, rəqs, rəsm, kompüter dərnəkləri yaradılmışdır. Tədbir iştirakçıları həmin dərnəklərdə uşaqlarla aparılan işlə tanış oldular. Məlumat verildi ki, mərkəzin işçiləri uşağı dərsdən sonra təhsil aldığı məktəbdən buraya gətirəcəklər. Uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması mərkəz tərəfindən təmin ediləcəkdir. Bu məqsədlə mərkəzə Təhsil Nazirliyi tərəfindən mini sərnişin avtobusu verilmişdir. Mərkəzdə uşaqların gün ərzində 2 dəfə qidalanması və ehtiyac yaranarsa, ilk tibbi yardım xidmətinin göstərilməsi, habelə işçilərin bacarıqlarının artırılması məqsədilə mütəmadi treninq və seminarların keçirilməsi nəzərdə tutulub.

Nazir, icra başçısı və digər qonaqlar uşaq evinin məşğələ və yataq otaqlarına, idman zalına, yeməkxanasına, tibbi xidmət üçün nəzərdə tutulmuş otaqlarına, mətbəxinə də baxış keçirdilər.

Hər yerdə hiss olunan yüksək səliqə-sahman, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyi otaqların müasir avadanlıq və zəruri vəsaitlərlə təchizatı, dəhlizlərdə yerləşdirilmiş "Bizim bir günümüz", "Bizim uğurlarımız", "Əbədi liderimiz", "Bir görüşün işığında", "Şəhidlər unudulmur" adlı stendlər, təsviri incəsənət zalında nümayiş olunan uşaqların əl işləri və rəsmləri mərasim iştirakçılarında xoş təəssürat yaratdı.

Təhsil naziri Azərbaycan üçün yeni olan alternativ qayğı modelinin yaradılmasını yüksək qiymətləndirdi, buradakı şəraitdən razı qaldığını bildirdi. Nazir vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş de-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramı çərçivəsində açılışı keçirilən "Günərzi Qayğı Mərkəzi" bu sahədə ilk təşəbbüsdür. Yaxın illərdə 2 nömrəli uşaq evi bütövlükdə "Günərzi Qayğı Mərkəzi"nə çevriləcəkdir. Misir Mərdanov gələcəkdə şərait yarandıqca digər uşaq evləri və internat məktəblərində də belə qayğı mərkəzlərinin təşkil olunacağını və adıgedən müəssisələrin "Günərzi Qayğı Mərkəzləri" ilə əvəzlənəcəyini də diqqətə çatdırdı.

Mərasimin sonunda uşaqlar qonaqları özlərinin hazırladıqları maraqlı bədii proqramla salamladılar və onların bayramlarını təbrik etdilər.

Yusif ƏLİYEV