· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Respublika birinciliyinin qalibi

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan "Kyokuşinkaykan" Kontak Karate Federasiyasının təşkil etdiyi respublika birinciliyi keçirilmişdir. Müxtəlif çəki dərəcələrində keçirilən yarışlarda qaliblər müəyyən edilmiş, onlara mükafatlar təqdim olunmuşdur. Qaliblər arasında Maştağadakı Cəfər Cabbarlı adına 187 nömrəli orta məktəbin rus bölməsinin 5"Q" sinfinin  şagirdi Mirikram İntiqam oğlu Fəttahov da var idi.

 

O, 1997-ci ildə anadan olub. Uşaq vaxtlarından idmana böyük həvəsini nəzərə alan valideynləri onu  2002-ci ildə Maştağa Olimpiya Kompleksində fəaliyyət göstərən şotakan karate bölməsinə yazdırırlar. Karate ilə bir neçə il müntəzəm məşğul olan Mirikram müxtəlif yarışlarda iştirak edib, diplom və medallarla təltif olunub. 2008-ci ildən isə kyokuşinkaykan kontak karate bölməsində məşqlərini davam etdirir.

Maştağa Olimpiya Kompleksinin məşqçisi, İKKO-nun Bakı federasiyasının direktoru Elçin Həşimov yetirməsi haqqında bunları dedi:

- Mirikram Fəttahov bir ilə yaxındır kyo

kuşinkaykan kontak karate bölməsinə yazılıb. Həmişə məşqlərdə verilən tapşırıqlara ciddi əməl edir, yoldaşları arısında nizam-intizamı ilə seçilir. Mirikramda əsas xoşagələn cəhət ondan ibarətdir ki, döyüş vaxtı özünü idarə etməyi bacarır. Respublika birinciliyində keçirdiyi görüşlərə gəldikdə  bütün döyüşlərini yüksək səviyyədə , soyuqqanlılıqla keçirərək  40 kiloqram çəki dərəcəsində  birinci yerə layiq görüldü. İndi qarşıda keçiriləcək yarışlara hazırlaşırıq. Federasiyamızın tədbirlər planında cari ilin martında respublika çempionatı, apreldə isə Bakı birinciliyinin  keçirilməsi nəzərdə tutulur. İnanıram ki, məşqlərə ardıcıl davam eləsə Mirikramdan yaxşı idmançı çıxacaq.

Bu gun dövlət başçısının idmana qayğısı ölkəmizdə bu sahənin inkişafına təkan vermişdir. Hazırda respublikamızın elə bir ucqar rayonu olmaz ki, orada idman kompleksləri inşa olunmasın. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış etmələrini bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndiririk.

İdmandakı uğurları ilə yanaşı, Mirikram 187 nömrəli orta məktəbdə də təhsilini "əla" və "yaxşı" qiymətlərlə davam etdirir. Gənc idmançıya qarşıdakı yarışlarda uğurlar, təhsilində müvəffəqiyyətlər arzulayırıq.

 

Qabil YUSİFOĞLU

 

 

 

 

Həmrəylik günü qeyd edildi

Bakının 1 nömrəli orta ümumtəhsil məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  "dəyirimi masa" keçirildi. Tədbirdə filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə həmrəylik gününün yüksək səviyyədə keçirildyini qeyd  etdi. Bildirdi ki, dünyanın ikinci bir ölkəsi yoxdur ki, öz milli bayramlarından savayı, dünyada yaşayan soydaşlarının həmrəylik gününü keçirsin. 

Qonaqlar 31 dekabr gününü dünyada yaşayan 60 milyon azərbaycanlının ən böyük bayramı kimi qiymətləndirərək, öz ürək sözlərini söylədilər.

Məktəbin  şagirdləri  tanınmış şairlərin  milli mövzuda yazdığı əsərlərindən  müəyyən parçalar söylədilər.

 

Rəşad ZİYADOV

 

 

 

Məktəbdə görüş

Bakıdakı 190 nömrəli orta məktəbdə müəllim və şagirdlərlə Xəzər Universitetinin rektoru, şair-publisist, fizika-riyaziyyat elmlər doktoru, professor Hamlet İsaxanlının görüşü oldu. Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil  Kərimov, Xəzər, Bakı Slavyan universitetlərinin müəllim və tələbələri də iştirak edirdilər.

Tədbirdə məktəbin direktoru Afət Bakıxanova, məktəb üzrə  həmkarlar ittifaqının sədri Rizvaniyyə Qasımova və digərləri tanınmış alim və şair-publisist Hamlet İsaxanlının həyat  və fəaliyyətindən, onun  yaradıcılığından danışdılar. Şagirdlər H.İsaxanlının yaradıcılığından seçmə şeirlər söylədilər.

Görüşdə  professor H.İsaxanlı "Dördlük","Müasir dünyada ali təhsil sistemində nələr baş verir", "Azərbaycan sevgi poeziyası" və "Bu da bir həyatdır" adlı kitablarını məktəbin kitabxanasına hədiyyə etdi.

Tədbirin sonunda qonaq  məktəbin xatirə kitabına ürək sözlərini yazdı.

 

 

 

 

 

 

Şagirdlər peşələrə yiyələnirlər

Bakıdakı 3 nömrəli Bakı Peşə Məktəbində öyrədilən peşələrin sayı   ötən illərdən fərqli olaraq cari dərs ilində artıb.

Bu barədə məlumat verən məktəbin direktoru Sabir Əliyev bildirdi ki, hazırda  burada 192 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 9 fənn müəllimi,12 istehsalat təlim ustası məşğul olur. Bütün dərslər ayrı-ayrı fənn kabinetlərində keçilir. Müəllimilərdən Əvəz Seyidəliyev, Ədilə Rüstəmova, Şahin Abbasov və Raquf Süleymanov tədrisdə interaktiv təlim metodlarından istifadə etməklə, dərslərini yüksək səviyyədə qururlar. Şagirdlər müxtəlif peşələrə, o cümlədən tikişçi,  tikiş avadanlıqlarının operatoru, inşaatçı-xarrat, dülgər, avtomobil təmiri üzrə çilingər, mühasib-fərdi kompüter operatoru peşələrini dərindən öyrənirlər.

Keçən il  bu məktəbi 109 nəfər bitirmişdir. Bu gün onlar müxtəlif sahələrdə çalışsalar da,  təhsil  aldıqları məktəblə əlaqə saxlamağı  da  unutmurlar.   

 

Şakir CƏFƏROV