· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bir məktubun izi ilə

 

Nərimankənd məktəbindəki nöqsanlar ciddi narahatlıq doğurur

Redaksiyamıza Gədəbəy rayonunun Nərimankənd orta məktəbinin vəziyyəti barədə 2 şikayət məktubu daxil olmuşdu. Məktubun müəllifləri - məktəbin müəllimləri Südabə Nağıyeva və Sahib Hüseynov şikayətlərində məktəbin direktoru Mirvari Alıyevanın öz işinin öhdəsindən gələ bilməməsindən, təlim-tərbiyənin aşağı səviyyədə olmasından, dərs cədvəlinin düzgün tərtib olunmamasından və digər nöqsanlardan bəhs edirdilər.

 

Məktubda yazılanları araşdırmaq üçün Gədəbəyə ezam olunduq. Kollektivin üzvləri, habelə şikayətçilər S.Nağıyeva və S.Hüseynovla görüşdük. Faktları araşdırdıq. Həqiqətən də göstərilən faktların əksəriyyəti doğru idi.

Birmərtəbəli, 2 korpusdan ibarət olan bu kənd məktəbində 157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Məktəbdə 11 sinif var. Dərslər 1 növbədə keçilir. Sinif otaqlarının darısqallığı və azlığı, laboratoriyaların, kitabxananın, fənn kabinetlərinin, əyani vəsaitlərin yoxluğu, ayrıca kompüter otağının olmaması burada təlim-tərbiyənin aşağı səviyyədə olmasını göstərir.

Direktorun ayrıca kabineti yoxdur. Gözlədik, zəng vuruldu. Sonra otaqlardan birində söhbət etdik. Bəzi sənədlərə baxdıq. (Əgər bunlara sənəd demək mümkündürsə). Harada əyləşdiyini soruşduq: - Müəllimlərlə birlikdə bir tərəfdə əyləşirəm, - dedi.  Ondan məktəbin iş planı, dərsdinləmə dəftərini soruşduq. Lakin direktor onları göstərə bilmədi. çox təəccüblüdür ki, nə ötən dərs ilində, nə də indiyə qədər keçən müddət ərzində direktor müəllimlərin dərslərində 1 saat belə oturmayıb, fikir mübadiləsi aparmayıb, onların məsuliyyətini artırmayıb. Belə olan halda hansı keyfiyyətdən, nizam-intizamdan danışmaq olar?!

Pedaqoji şuranın iclasları jurnala yazılır. Lakin müəllimlər etiraf edir ki, bir neçə ildir ki, bizdə pedaqoji şura keçirilmir.

Burada divar qəzetlərinin çıxarılmasından, sinifdənxaric, habelə mədəni, kütləvi tədbirləri keçirməkdən heç söhbət açmağa dəyməz. Avadanlıq və inventarlar bir küncdə yığılıb qalıb və müəllimlər demək olar ki, onlardan istifadə etmirlər. Olduğumuz siniflərdə də belə vəziyyətin şahidi olduq.

Burada uşaq birliyi, valideyn komitəsinin adı var, özü yox. Bunlara aid heç bir sənədə rast gəlmədik. Hətta valideyn komitəsinin sədrinin kim olduğunu deməkdə çətinlik çəkdilər.

Məktəb direktorunun həyat yoldaşı Seymur Alıyevin direktor müavini kimi çalışmasının nə dərəcədə pedaqoji etikaya uyğun gəlib-gəlməməsini deməkdə çətinlik çəkirik. Lakin nöqsanların baş verməsində, dərs cədvəlinin tutulmasında, dərslərin düzgün bölünməsində, dərslərin sinif jurnalına yazılmasında, ümumiyyətlə, təlim-tərbiyə işinə cavabdehlikdə müavinin də üzərinə böyük yük düşür. Gəlin, faktlara müraciət edək.

X sinfin jurnalını vərəqlədikdə nəzərimizi bir neçə ad və soyad cəlb etdi. Şəhriyar Paşayev, Kəmalə Əhmədli və Nigar Hüseynlinin adları jurnala yazılsa da, onlar bir gün də olsa dərsə gəlməyiblər. Müəllimlər isə həmin şagirdlərə qaib yazmayıblar.

Ən qəribə haldır ki, məktəbin XI sinfinə şagird qəbul edilib. Şahnaz İbrahimovanın adı oktyabrın 10-dan XI sinif jurnalına yazılıb. Bununla da Təhsil Nazirliyinin 15.09.2005-ci il 46-14-45-4534/16 nömrəli təlimati məktubunun tələbləri kobud surətdə pozulub. Təlimati məktuba görə XI sinif şagirdləri istisna hal olmazsa, bir məktəbdən digər məktəbə keçirmək qadağan edilmişdir. Bundan başqa, həmin şagirdin biliyi yüksək qiymətləndirilmişdir.

Sinif jurnallarında nöqsanlar, pozuntular çoxdur. Bunlar da əsasən məktəb direktoru tərəfindən edilmişdir. Oktyabrın 13-də riyaziyyat fənnindən məktəbin direktoru M.Alıyeva yoxlama yazı işi yazdırmış, lakin cəmi iki nəfərin - Aydan Hüseynova və Namiq İsmayılovun biliyi "4"-lə qiymətləndirilmişdir. Bəs qalan uşaqlar? Məktəbdə kifayət qədər belə faktlar var. Bundan başqa X sinifdə iqtisadiyyatın əsasları, insan və cəmiyyət dərsləri 20 oktyabra kimi boş keçmiş və jurnala qeyd olunmamışdır.

Təlim-tərbiyə ocağında nöqsan və çatışmazlıqlar çoxdur. Biz isə hələ gördüklərimizin hamısını qeyd etmədik. Məktəb elm və bilik məbədidir. Bu işə barmaqarası baxmaq olmaz. Hamı öz işinə vicdanla, əzmkarlıqla yanaşsa, o vaxt yüksək təlim-tərbiyədən danışmaq olar. Yəqin ki, rayonun əlaqədar təşkilatları sözügedən məktəbdə hökm sürən laqeydlik, ətalət buzunu sındıracaq, buradakı nöqsan və çatışmazlıqları aradan qaldıracaqlar.

 

Malik NOVRUZOV