|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki -
Hörmətli xanımlar və cənablar! Əziz
həmvətənlər! Mən
sizin hamınızı Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edirəm. 2008-ci il başa çatır. ölkəmiz üçün,
Azərbaycanın hərtərəfli inkişafı üçün
2008-ci il çox uğurlu olmuşdur. 2008-ci ildə bizim
iqtisadiyyatımız yüksək sürətlə inkişaf
etməkdə davam etmişdir. Deyə bilərəm ki, son
dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından
dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və
bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial
məsələləri uğurla həll edək. Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı
Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi
tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki,
Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi
islahatlar öz bəhrəsini verir və dünya miqyasında
Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə
malikdir. Azərbaycanda iqtisadiyyatın inkişafı
üçün bütün lazımi tədbirlər görülür. Dövlət
sahibkarlığın inkişafını
dəstəkləyir və növbəti illərdə bu
dəstək daha da böyük olacaqdır. Bunun
nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının
85 faizi özəl sektorda formalaşır. Bu, böyük
nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi
və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına
xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan
sonrakı illərdə də iqtisadi inkişafa böyük
diqqət göstərəcəyik və əminəm ki, qarşıda
duran bütün vəzifələrə nail olacağıq. ölkəmizdə son beş il ərzində
həyata keçirilən regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı da uğurla başa çatdı. Proqramın
bütün vəzifələri icra olundu. Proqram qəbul olunanda
600 min yeni iş yerlərinin açılması
nəzərdə tutulurdu. Bu gün böyük qürur hissi ilə
deyə bilərəm ki, son beş il ərzində
Azərbaycanda 750 min yeni iş yerləri açılmışdır
ki, bu da regionların inkişafına çox böyük təkan
vermişdir. Bizim bölgələrimiz abadlaşır, gözəlləşir,
yeni infrastruktur layihələri həyata keçirilir, sosial
obyektlər tikilməkdədir. Bütün bunlar Azərbaycanın
hərtərəfli inkişafına xidmət göstərir,
Azərbaycanın bütün bölgələri inkişaf edir. Kənd təsərrüfatına böyük
diqqət göstərilir. Biz, demək olar ki, ərzaq
təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi
tədbirləri görmüşük və ümid edirəm ki, növbəti
bir-iki il ərzində özümüzü ərzaq məhsulları
ilə tamamilə təmin edəcəyik. Kənd
təsərrüfatında aparılan islahatlar,
fermerlərə verilən güzəştlər, dövlət
qayğısı, dövlət tərəfindən
verilən kreditlər - bütün bunlar bizim uğurlarımızı
şərtləndirən amillərdir. Bununla bərabər, Azərbaycanda sosial
siyasətə böyük diqqət göstərilir. Bəli, biz
bazar iqtisadiyyatı əsasında yaşayırıq
və uğurumuzun da əsası bundan ibarətdir. Ancaq
bununla bərabər, bütün sosial proqramların icrası
üçün Azərbaycan iqtidarında iradə var və biz bunu
edirik. Azərbaycanda sosial obyektlərin tikintisi
geniş vüsət almışdır. Son beş il
ərzində Azərbaycanda 1600 yeni məktəb tikilmişdir
və növbəti illərdə bu siyasət davam
etdiriləcəkdir. Yeni məktəblərin tikintisi davam
etdiriləcəkdir. Bütün bölgələrdə, demək
olar ki, hər yerdə yeni müasir tibb müəssisələri
yaradılır. Onlar ən müasir avadanlıqlarla təchiz
olunur ki, insanlara gözəl tibbi xidmət göstərilsin. Bu
da bizim sosial siyasətimizin təzahürüdür. ünvanlı
sosial yardım proqramı icra olunur və bunun da çox böyük
əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq
şəraitində yaşayanların sayı son beş il
ərzində 49 faizdən 16 faizə düşmüşdür
və əminəm ki, 2008-ci ilin yekunlarına görə bu
rəqəm daha da aşağı düşəcəkdir,
hələ ki, yoxsulluq şəraitində yaşayan
vətəndaşlar var və dövlət onlara kömək
üçün hər şeyi etməlidir. Ona görə ünvanlı
sosial yardım proqramı bundan sonra da davam
etdiriləcək və əminəm ki, Azərbaycanda
yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır. 2008-ci ildə minimum əməkhaqqı
və minimum pensiyanın həcmi 50 faiz artırılmışdır
və bundan sonrakı illərdə bu siyasət davam
etdiriləcəkdir. Biz elə etməliyik ki, insanlarımız
yaxşı yaşasınlar. Bizneslə məşğul
olanlar üçün şərait yaradırıq, ancaq büdcə
təşkilatlarında işləyənlər,
vətəndaşlarımız dövlət
tərəfindən lazımi maddi təminat almalıdırlar
və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik.
2008-ci ildə məcburi köçkünlərin, qaçqınların
sosial problemlərinin həlli və məşğulluğunun
artırılması üçün bütün lazımi tədbirlər
görülübdür. 2003-cü ildə mən söz vermişdim ki,
Azərbaycanda bir dənə də çadır şəhərciyi
qalmayacaqdır. Biz buna nail olduq. Bu gün Azərbaycanda bir
dənə də çadır şəhərciyi yoxdur. Əvvəllər
dözülməz şəraitdə yaşayan soydaşlarımız
bu gün gözəl evlərlə təmin olunublar. Onlar üçün
qəsəbələr salınıb, məktəblər,
tibb ocaqları tikilib, yollar salınıb, işıq
xətləri çəkilibdir. Beləliklə, biz bu böyük, ağır
sosial bəlanın aradan qaldırılması üçün mühüm
addım atdıq. Bundan sonrakı illərdə biz bu
siyasəti davam etdirəcəyik. Amma bununla bərabər, bu
məsələnin həlli üçün,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ədalətli və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həlli üçün biz öz
səylərimizi göstəririk. 2008-ci ildə Birləşmiş
Millətlər Təşkilatının Baş
Məclisində Azərbaycanın işğal altında
qalan torpaqlarında vəziyyətlə bağlı çox önəmli
qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, BMT Təhlükəsizlik
Şurasının beş daimi üzvündən üçü - Minsk
qrupunun həmsədrləri bu qətnamənin
əleyhinə çıxmışdı, qətnamə böyük
səs çoxluğu ilə qəbul edildi. Bir
tərəfdən bu, Azərbaycanın gücünü göstərir,
Azərbaycanın artan nüfuzunu göstərir. Digər
tərəfdən onu göstərir ki, haqq-ədalət öz
yerini tutmalıdır. Bütün dünya ictimaiyyəti Azərbaycanı
dəstəkləyir və mən şübhə etmirəm
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunacaqdır. Bunun başqa
yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı
heç vaxt Dağlıq Qarabağa müstəqillik
verməyəcəkdir. Dağlıq Qarabağ
əzəli Azərbaycan torpağıdır və biz
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması
üçün bütün səyləri göstərəcəyik. Həm
siyasi, həm diplomatik və lazım gələrsə,
hərbi üsullardan da istifadə etmək olar. Bu haqq
bizdə var. Beynəlxalq hüquq bunu təmin edir. Bildiyiniz kimi, bu istiqamətdə böyük işlər
görülübdür. 2008-ci ildə ordu quruculuğu üçün lazımi
tədbirlər görülübdür. Bizim bütün hərbi
xərclərimiz 2 milyard dollara çatıbdır və
2009-cu ildə bu rəqəm daha da artacaqdır. Biz bunu
edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində
yaşayırıq, müharibə hələ bitməyibdir.
Müharibənin birinci mərhələsi başa çatıb
və biz hər an hazır olmalıyıq ki, öz doğma
torpaqlarımızı istənilən yolla işğalçılardan
azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim
hərbi gücümüzü hamıya göstərdi. Azərbaycan 2008-ci ildə öz enerji
siyasətini uğurla davam etdirmişdir. Biz enerji təhlükəsizliyi
məsələlərinə nail olduq və bu gün başqa
ölkələrin enerji təhlükəsizliyi üçün
fəaliyyət göstəririk. Bu bizə həm siyasi,
həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni
imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir.
Azərbaycan, demək olar ki, qarşıda duran bütün
neft-qaz məsələlərini uğurla həll edibdir.
İxracın şaxələndirilməsinə nail
olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə
xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq
85 faizə çatıbdır, - eyni zamanda bu, bizə iqtisadi
imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir.
2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir.
Bakıda qəbul edilmiş qərarlar nəinki
Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir,
eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada
yeni vəziyyətə gətirib çıxarılmasına
xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla
istifadə edirik və mən şübhə etmirəm ki, növbəti
illərdə Azərbaycanın uğurlu neft strategiyası
davam etdiriləcəkdir. Bununla bərabər, energetika sektoruna biz böyük
vəsait qoyuruq. Son beş il ərzində Azərbaycanda 6
elektrik stansiyasının tikintisinə nail olduq. Bir neçə
elektrik stansiyası bərpa edildi, təmir olundu və
bizim enerji gücümüzü artırdı. Bu da böyük
nailiyyətdir. Yəni, bir sözlə, bu sahədə
vəziyyət çox qənaətbəxşdir. Əminəm
ki, növbəti illərdə bu uğurlu siyasət davam
etdiriləcəkdir. 2008-ci ildə biz böyük tarixi
əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars
dəmiryolunun tikintisinə başladıq. Uzun
illərdən, uzun müzakirələrdən sonra biz bu
dəmiryolunun tikintisinə nail olduq və bu gün
Azərbaycan şirkətləri bu işlərdə
fəal iştirak edirlər. Dəmiryolunun tikintisi nəticəsində,
Avropa ilə Asiyanın birləşməsi
nəticəsində, təbii ki, Azərbaycanın həm
iqtisadi, həm də geosiyasi mövqeləri daha da möhkəmlənəcəkdir.
Azərbaycan nəqliyyat üçün əvəzolunmaz ölkəyə
çevriləcəkdir. Bu, bizim uzunmüddətli milli maraqlarımızın
təmin olunmasına xidmət göstərir. Nəqliyyat sektorunda digər vacib
hadisələr baş vermişdir. 2008-ci ildə
Lənkəranda və Zaqatalada iki gözəl aeroport
istifadəyə verilmişdir. Yeni tankerlər alınır,
avtomobil yolları tikilir. Bütün bunlar böyük vəsait
tələb edir. Azərbaycan dövləti bu gün bu imkanlara
malikdir. Uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız
bütün bu şəraiti bizim üçün yaratdı. Əziz dostlar, bu gün, eyni zamanda Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Bu günü bütün azərbaycanlılar bütün dünyada qeyd
edirlər. Azərbaycan dövləti dünya azərbaycanlılarının
təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi
üçün öz səylərini göstərir və göstərməkdədir.
Mən çox şadam ki, demək olar, bütün ölkələrdə,
azərbaycanlıların yaşadıqları bütün ölkələrdə
bizim soydaşlarımız müvafiq təşkilatlarda
fəaliyyət göstərirlər. Azərbaycan diaspor
təşkilatları möhkəmlənir, güclənir və
ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət
fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan dövləti
xaricdə yaşayan azərbaycanlıların
məsələlərinin həlli üçün öz
səylərini göstərir. Biz həmişə onları
dəstəkləyəcəyik və bütün başqa ölkələrdə
yaşayan azərbaycanlılar doğma Vətənə
həmişə arxalana bilərlər. 2008-ci ildə prezident seçkiləri keçirilmişdir.
Azərbaycan xalqı demokratik, azad şəkildə öz
iradəsini ortaya qoymuşdur, öz iradəsini ifadə etmişdir.
Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi
böyük etimada görə bir daha bütün Azərbaycan xalqına
öz dərin minnətdarlığımı bildirmək
istəyirəm. Bu böyük etimad və xoş münasibət
məni daha da ruhlandırır. Mən beş il bundan
əvvəl Azərbaycan xalqına söz vermişəm ki,
ölkənin hərtərəfli inkişafı üçün
əlimdən gələni edəcəyəm. Mən
Azərbaycan xalqının rifahı naminə çalışacağam.
Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin
möhkəmlənməsi naminə çalışacağam. Bir
daha demək istəyirəm ki, mənə göstərilən
böyük etimad və inam məni həm çox ruhlandırır,
həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına
söz vermək istəyirəm ki, bundan sonra da əlimdən
gələni əsirgəməyəcəyəm ki, doğma
xalqıma ləyaqətlə xidmət edim. Əziz dostlar! Əziz xanımlar və cənablar! Əziz bacılar və qardaşlar! Mən bir daha sizin hamınızı Yeni il
bayramı və Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə ürəkdən
təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik,
yeni-yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!
|