· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin Əsasnaməsinin təsdiqi haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqi işini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə

ƏMR EDİRƏM:

1. Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin Əsasnaməsi təsdiq edilsin (Əsasnamə əlavə olunur).

2. TİMS şöbəsi (İ.Sadıqov) hər il Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və lazımi səviyyədə həyata keçirilməsini təmin etsin, zəruri məsələlərin həlli ilə bağlı təkliflər hazırlasın.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

22 dekabr 2008-ci il

 

 

 

 

 

Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsinin 

 

ƏSASNAMƏSİ  

1. Müsabiqənin rəsmi adı

Məktəblilər arasında kompüter layihələri üzrə "Gənc kompüter istedadları" respublika müsabiqəsi.

 

2. Müsabiqənin məqsədləri

Kompüter layihələri müsabiqəsinin əsas məqsədləri aşağıdakılardır:

İnformasiya texnologiyalarının (proqramlaşdırma, Veb-dizayn, multimedia) tətbiqi sahəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılması;

* gənclərin kompüter (informasiya) texnologiyalarına yiyələnməsi;

* gənclərin yaradıcılıq qabiliyyətinin inkişafı;

* istedadlı uşaqlarla işin forma və üsullarının təkmilləşdirilməsi;

* tədris prosesində İKT-nin tətbiqi.

 

3. Müsabiqənin keçirilmə vaxtı

Müsabiqə hər ilin mart-aprel aylarında keçirilir.

 

4. Müsabiqənin təşkilatçıları

Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Təşkilatçılar sırasına digər dövlət, qeyri-hökumət qurumları və özəl şirkətlər də daxil edilə bilər.

 

5. Müsabiqənin Münsiflər Heyəti

* Müsabiqənin Münsiflər Heyəti kompüter texnologiyaları və kompüter qrafikası sahələrində nüfuzlu mütəxəssislərdən, mədəniyyət və incəsənət xadimlərindən, qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarətdir.

* Müsabiqənin Münsiflər Heyətinin tərkibini müsabiqənin Təşkilat Komitəsi təsdiq edir.

 

6. Müsabiqənin məzmunu

6.1. Kompüter layihələri müsabiqəsinə şagirdlər tərəfindən dərs və dərsdənkənar vaxtda hazırlanmış layihələr qəbul olunur. Bir məktəbdən 3-dən artıq layihə qəbul edilmir. Layihələr həm ayrıca şagird tərəfindən, həm də müəllimin rəhbərliyi ilə şagird kollektivi tərəfindən hazırlana bilər.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılır:

1. Təqdimatlar

2. Veb-saytlar

a) Məktəbin rəsmi saytı

b) Şagirdlərin sərbəst mövzu üzrə hazırladığı saytlar

3. Kompüter proqramları

a) öyrədici proqramlar

b) Oyun proqramları

c) İnformasiya proqramları

4. öyrədici layihələr

5. Kompüter animasiyası

6.2. Təqdimatlar müsabiqəsi 2 (iki) turda keçirilir:

Birinci tur - Ev tapşırığı. Sərbəst mövzular üzrə təqdimatlar təqdim olunur. Ev tapşırıqlarını yoxladıqdan sonra müsabiqənin Münsiflər Heyəti ən yaxşı işləri seçir və onların müəllifləri ikinci əyani turda iştirak edir.

İkinci tur - Proqram. Qabaqcadan müəyyən edilmiş mövzular üzrə verilən iki mövzudan birinin 2 saat ərzində təqdimatı hazırlanır. Münsiflər Heyəti təqdimatların mövzusunu müsabiqə ərəfəsində püşkatma yolu ilə müəyyən edir.

6.3. Veb-saytlar, kompüter proqramları, öyrədici layihələr və kompüter animasiyaları müsabiqələri də 2 turda keçirilir:

Birinci tur. Ev tapşırıqları təqdim olunur və onlar arasında seçim aparılır.

İkinci tur. Seçilmiş işlərin müdafiəsi keçirilir.

6.4. Müsabiqənin finalında müsabiqənin Münsiflər Heyəti tərəfindən seçilmiş ən yaxşı işlər iştirak edir.

Hər bir nominasiya üzrə 1 (bir) I dərəcəli diplom, 2 (iki) II dərəcəli diplom və 3 (üç) III dərəcəli diplom verilir. Bundan əlavə, aşağıdakı həvəsləndirici diplomlar təqdim edilir:

* Ən gənc iştirakçıya;

* Ən yaxşı dizayna;

* Ən orijinal layihəyə.

 

7. Müsabiqənin mərhələləri

Müsabiqə üç mərhələdən ibarətdir:

1. Müsabiqədə iştirak üçün ərizə və işlərin qəbulu.

2.  Ən yaxşı layihələrin seçilməsi üzrə Münsiflər Heyətinin işi.

3.  Müsabiqənin finalı. Qaliblərin mükafatlandırılması.

 

8. Layihələrə qoyulan tələblər

Layihələr aşağıdakı tələblərə cavab verməlidir:

1.  Layihələr Windows 2000/XP əməliyyat sistemli fərdi kompüterdə baxılmaq üçün yararlı olmalı və Təşkilat Komitəsinə CD-lərdə təqdim edilməlidir.

2. Qeyri-standart (UNİCODE olmayan) şriftlərdən istifadə olunduqda onlar layihə ilə birlikdə "Fonts" qovluğunda təqdim edilməlidir.

3.  Müsabiqə layihələrinə "Source" qovluğunda bütün mənbə faylları mütləq əlavə olunmalıdır.

4. Layihə elan edilmiş nominasiyaya uyğun gəlmirsə, Münsiflər Heyəti üzvləri ərizəçini xəbərdar etməklə layihənin nominasiyasını dəyişə, yaxud qeydiyyatından imtina edə bilər.

5. Müsabiqənin Təşkilat Komitəsi bu Əsasnamənin tələblərinə cavab verməyən layihələri qeydiyyata almaqdan imtina edə bilər. Qeydiyyatdan imtina şərh edilmir.

 

9. Ərizələrin qeydə alınması

1. Müsabiqədə iştirak ərizəsi və layihənin qısa məzmunu müsabiqənin elektron poçt ünvanına göndərilir.

2. İddiaçılar sırasından iştirakçıların seçimi Münsiflər Heyəti tərəfindən saytda yerləşdirilmiş qəbul edilmiş formaya uyğun tərtib edilmiş ərizə əsasında aparılır.

3. Müsabiqədə iştirak üçün ərizə 1 mart tarixindən gec olmayaraq təqdim edilməlidir. Ərizə formasının bütün boş yerləri doldurulmalıdır. Qeydiyyatdan sonra ərizədə göstərilən ünvana qəbulun təsdiqi barədə bildiriş göndərilir.

 

10. Layihələrin qiymətləndirilməsi qaydası

* Müsabiqə iştirakçılarının ərizələri Əsasnamənin şərtlərinə və nominasiyanın tələblərinə uyğunluq baxımından müsabiqənin Münsiflər Heyəti tərəfindən qiymətləndirilir. Bundan sonra müsabiqə iştirakçılarının siyahısı, təqdim edilmiş işlərin təsviri və qeydiyyat tarixi ilə birlikdə müsabiqənin saytında dərc edilir.

* Münsiflər Heyəti səsvermə yolu ilə finalçıları müəyyən edir.

* Müsabiqənin final mərhələsində müsabiqə iştirakçıları öz layihələrini proyektorla nümayiş etdirərək müdafiə edirlər.

* Münsiflər Heyəti layihəni 10 ballıq sistemlə qiymətləndirir.

 

11. Layihələrin qiymətləndirmə meyarları

* Müsabiqəyə təqdim edilmiş layihələr nominasiyalar üzrə qruplaşdırılır. Hər bir nominasiya üzrə qiymətləndirmə meyarları müəyyən edilir. Bu meyarlarla müsabiqənin saytında tanış olmaq olar.

* Münsiflər Heyəti müsabiqənin xüsusi laureatlarını (qiymətləndirmə meyarlarını nəzərə almadan əlahiddə nailiyyətlərlə seçilən layihələri) elan edə bilər.

 

12. Mükafatlandırma

Laureatların mükafatlandırılması müsabiqənin final tədbirləri zamanı baş verəcək. Müsabiqənin laureatları təşkilatçıların və sponsorların qiymətli mükafatlarını alırlar.

 

13. Təşkilat Komitəsi

Müsabiqənin hazırlanmasına rəhbərliyi Təşkilat Komitəsi edir. Təşkilat Komitəsi müsabiqənin proqramını, rəsmi Münsiflər Heyəti tərkibini, müsabiqənin nəticələri barədə hesabatı təsdiq edir.

 

14.  Maliyyələşdirmə

Bütün dövlət, kommersiya və ictimai qurumlar öz mükafatlarını təsis edə və müsabiqənin təşkil edilməsi və keçirilməsində iştirak edə bilər.

 

 

 

  

 

 Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların     yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə  mübadiləsinin təşkil olunması məqsədilə

ƏMR EDİRƏM:

1. 2008-2009-cu dərs ilində uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil  İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov), Respublika Texniki Yaradıcılıq Mərkəzi (Q.Əliyev) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsinlər.

5. İqtisadiyyat şöbəsi (H.Zeynalov) müsabiqənin keçirilməsi ilə əlaqədar tələb olunan xərclərin nazirliyin  mərkəzləşdirilmiş vəsaitlərinin  xərclər smetasından ödənilməsini təmin etsin və bu vəsaitin xərclənməsi üçün xərclər smetası hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etsin.

6. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri tərəfindən ödənilsin.

7. Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli köməklik göstərilməsi məqsədilə yerlərə ezam olunmuş əməkdaşların ezamiyyə xərcləri bu məqsədlə təsdiq olunmuş xərclər smetasından ödənilsin.

8. ümumi şöbə (İ.Mirzəyev) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və Əsasnamənin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 dekabr 2008-ci il

 

 

 

 

 

 

 

 Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə

ƏMR EDİRƏM:

1. Təhsil Nazirliyinin "Qaynar xətt"in fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel.: 496-37-61, 496-34-82, e-mail: qaynar xətt @edu.göv.az).

2. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov) və Ali və orta iixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:

- təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər versinlər;

- sessiyanın monitorinqinin keçirilməsini təşkil etsinlər, nəticələri təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.

3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

- 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;

- imtahan sessiyasında şəffaflığın artırılmasını, ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;

- qərargahın fəaliyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını təmin etsinlər;

- imtahanların gedişində neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- qərargahın fəaliyyəti, daxil olan şikayətlər barədə nazirliyin "Qaynar xətt"inə gündəlik məlumat təqdim olunmasını təmin etsinlər;

- nəzərə alınsın ki, ali və orta ixtisas təhsili müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar:

- qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə fevral ayının sonunadək Təhsil Nazirliyinə məlumat versinlər.

4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) "Qaynar xətt"in fəaliyyəti barədə KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.

5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 dekabr 2008-ci il

 

 

 

 

 

 

 

Təhsil Nazirliyinin 07.11.2008-ci il tarixli, 111 nömrəli kollegiya qərarının icrası barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində ölkəmizdə siyasi stabilliyin və iqtisadiyyatın dinamik inkişafının bərqərar olması bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi irəliləyişlərə səbəb olmuşdur.

Son illər ölkəmizin ümumi təhsil sistemində islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla təhsilin keyfiyyətinin yüksəldilməsindən və onun inkişafının təmin edilməsindən ibarətdir. Təhsilin keyfiyyətini təmin edən əsas amillər isə təhsilin məzmunu, müəllim faktoru və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlıdır.

Hazırda ümumtəhsil sahəsində həyata keçirilən qiymətləndirmə sisteminin əsasını milli və beynəlxalq, xüsusilə məktəbdaxili qiymətləndirmə təşkil edir.

Məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi, təhsil pillələri üzrə buraxılış imtahanları kimi komponentlərdən ibarət olub, bu gün tətbiq edilən gündəlik qiymətləndirmənin aradan qaldırılmasını zəruri vəzifə kimi qarşıya qoyur. Orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması mexanizminin tətbiq edilməsi bu istiqamətdə atılmış ən mühüm addımlardan biridır.

Bu məqsədlə 2005-2006-cı dərs ilindən ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması addım-addım həyata keçirilmiş, bu sahədə toplanmış təcrübə 2007-2008-ci dərs ilində buraxılış imtahanlarının daha yaxşı keçirilməsinə zəmin yaratmış, şagird nailiyyətlərinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Bu işlərin müvəffəqiyyətlə yerinə yetirilməsində imtahan rəhbərləri və nəzarətçiləri, imtahan aparılan məktəblərin direktorları mühüm rol oynamışdır. Bununla yanaşı, bəzi imtahan rəhbərləri, imtahan mərkəzlərinin rəhbərləri - məktəb direktorları və nəzarətçilər son dərəcə məsuliyyətli olan bu işin yerinə yetirilməsi prosesində öz vəzifə məsuliyyətini dərk etməmiş, ciddi pozuntulara yol vermişlər. Yol verilmiş nöqsanların aradan qaldırılması üçün cari dərs ilində ciddi iş aparılır.

2008-2009-cu tədris ilində mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarının Naxçıvan MR istisna olmaqla, bütün respublikanı əhatə etməsi nəzərdə tutulub.

Göstərilənləri nəzərə alaraq,

ƏMR EDİRƏM:

1. "2007-2008-ci tədris ilində XI siniflərdə buraxılış imtahanlarının yekunları və cari dərs ilində qarşıda duran vəzifələr haqqında" kollegiya qərarı rəhbərlik və icra üçün əsas götürülsün.

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Şəhərlər üzrə ümumi təhsil şöbəsi (A.Muradov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müvafiq rayon (şəhər) təhsil şöbələrinin müdirləri ilə birlikdə:

2.1. buraxılış imtahanının nəticələrini və yeni dərs ilində qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə etsinlər, nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görsünlər;

2.2. orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirildiyi günədək məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər;

2.3. buraxılış imtahanında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəbləri və peşə liseylərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxsınlar.

3. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) buraxılış siniflərində oxuyan şagirdlər və imtahan nəzarətçiləri haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

4. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahanların keçirilməsi üçün zəruri fəaliyyətlərin və təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.

5. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər və rayon təhsil şöbələrinə lazımi köməklik göstərsin.

6. İqtisadiyyat şöbəsi (H.Zeynalov) yoxlama və buraxılış imtahanları materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

7. Orta təhsil kursu üzrə buraxılış imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıda adları qeyd olunan məktəb rəhbərlərinə şəxsi işinə yazılmaqla təşəkkür elan edilsin:

1. Sara Xanlarova - Bakı şəhəri Beynəlxalq Təhsil Kompleksinin direktoru

2. Həcər Rəhimova - Bakı şəhəri 88 nömrəli məktəbin direktoru

3. Tanrıverdi Orucov - Bakı şəhəri 115 nömrəli məktəbin direktoru

4. Vaqif Babayev - Bakı şəhəri 211 nömrəli məktəbin direktoru

5. Almaz Əsgərova - Bakı şəhəri 220 nömrəli məktəbin direktoru

6. Bəhram Şiriyev - Bakı şəhəri 276 nömrəli məktəbin direktoru

7. Ofelya Babayeva - Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru

8. Seyidəli Həsənov - Gəncə şəhəri 17 nömrəli məktəbin direktoru

9. Zahid Həsənov - Gəncə şəhəri 28 nömrəli məktəbin direktoru

10.  Elmira Yaqubova - Abşeron rayon Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru  

11. Əhmədağa Ələkbərov - İsmayıllı şəhər 3 nömrəli məktəbin direktoru

12. Hakim Nəcəfov - Ucar şəhər 5 nömrəli məktəbin direktoru

13. Kamandar Rüstəmov - Şirvan şəhər 11 nömrəli məktəbin direktoru

8. Orta təhsil kursu üzrə buraxılış imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıda adları qeyd olunan nəzarətçi müəllimlərə şəxsi işinə yazılmaqla təşəkkür elan edilsin:

1. İndira Kərimova - Bakı şəhəri 32 nömrəli məktəb

2. Xalidə Aslanova - Bakı şəhəri 47 nömrəli məktəb

3. Aydan Məmmədova - Bakı şəhəri 52 nömrəli məktəb

4. Sahibə Musayeva - Bakı şəhəri 57 nömrəli məktəb

5. Mehriban Əliyeva - Bakı şəhəri 70 nömrəli məktəb-lisey

6. Əlibala Paşayev - Bakı şəhəri 129 nömrəli məktəb

7. Mirvari Yusifova - Mingəçevir şəhəri 14 nömrəli məktəb

9. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün rayon (şəhər) təhsil şöbələri:

9.1. orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında öz üzərlərinə düşən işi yerinə yetirmədikləri və imtahan prosesinin normal gedişinə müdaxilə etdikləri üçün adları aşağıda qeyd olunan məktəb direktorlarının tutduqları vəzifədən azad edilməsi məsələsini həll etsin:

1. Ələkbərova Billurə İbrahim qızı - Bakı şəhəri 183 nömrəli məktəb

2. Köçərli Rahib Süleyman oğlu - Bakı şəhəri 285 nömrəli məktəb

9.2. işdə ciddi nöqsanlara yol verdiyi üçün Bakı şəhəri 202 nömrəli məktəbin direktoru Qasımov Qasım Niyazəli oğluna intizam tənbehi - şəxsi işinə yazılmaqla şiddətli töhmət verilməsi məsələsini həll etsin.

9.3. imtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə intizam tənbehi - şiddətli töhmət verilməsi məsələsini həll etsin:

1. Həqiqət çələbiyeva - Bakı şəhəri 272 nömrəli məktəb

2. Maisə Abdullayeva - Bakı şəhəri 264 nömrəli məktəb

9.4. imtahanın gedişində nöqsanlara yol vermiş adları aşağıda qeyd olunan məktəb rəhbərlərinə intizam tənbehi - töhmət verilməsi məsələsini həll etsin:

1. Aytən Baxşıyeva - Bakı şəhəri 8 nömrəli məktəb

2. Şəfiqə İsmayılova - Bakı şəhəri 28 nömrəli məktəb

3. İradə Babayeva - Bakı şəhəri 36 nömrəli məktəb

4. Mətanət Cabbarlı - Bakı şəhəri 62 nömrəli məktəb

5. Şölə İbrahimova - Bakı şəhəri 73 nömrəli məktəb

6. Səidə Məmmədova - Bakı şəhəri 101 nömrəli məktəb

7. Süleyman Zülfüqarov - Bakı şəhəri 146 nömrəli məktəb

8. Nemət Məmmədov - Bakı şəhəri 165 nömrəli məktəb

9. Karat Karatov - Bakı şəhəri 257 nömrəli məktəb

10. İradə Hüseynova - Bakı şəhəri 304 nömrəli məktəb 

11. Azər Qazıyev - Mingəçevir şəhəri 4 nömrəli məktəb

12. Nazim Nəbiyev - Mingəçevir şəhəri 11 nömrəli məktəb

13. Nəriman İsrafilov - Mingəçevir şəhəri 12 nömrəli məktəb

14. Sahibə Abdullayeva - Gəncə şəhəri 2 nömrəli məktəb

15. Vəfa Abbasova - Gəncə şəhəri 6 nömrəli məktəb

9.5. imtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə intizam tənbehi - töhmət verilməsi məsələsini həll etsin:

1. Qumru Orucova - Bakı şəhəri 39 nömrəli məktəb

2. Şəkər Məmmədova - Bakı şəhəri 201 nömrəli məktəb

3. Rəhilə Məmmədova - Bakı şəhəri 201 nömrəli məktəb

4. Vasil İsmayılov - Bakı şəhəri 248 nömrəli məktəb

5. Səfurə İsakova - Bakı şəhəri 61 nömrəli məktəb

6. Sevinc Əkbərova - Bakı şəhəri 25 nömrəli məktəb

7. Aynur Məmmədova - Bakı şəhəri 25 nömrəli məktəb

8. Fidan Bərxudarova - Bakı şəhəri 25 nömrəli məktəb

9. Vəfa Həsənova - Bakı şəhəri 109 nömrəli məktəb

10. Gülgəz Tanrıverdiyeva - Bakı şəhəri 216 nömrəli məktəb

11. Milyana Nağıyeva- Bakı şəhəri 318 nömrəli məktəb

12. Səidə Cəfərova - Bakı şəhəri 241 nömrəli məktəb

13. Gülnarə Əsgərova - Bakı şəhəri 177 nömrəli məktəb

14. Bilqeyis Mustafayeva - Bakı şəhəri 177 nömrəli məktəb

15. Ayişə Məmmədova - Bakı şəhəri 275 nömrəli məktəb

16. ülkər Kərimova - Bakı şəhəri 205 nömrəli məktəb

17. Hicran Sadıqova - Bakı şəhəri 151 nömrəli məktəb

18. Flora Süleymanova - Bakı şəhəri 151 nömrəli məktəb

19. Vüsalə Mustafayeva - Bakı şəhəri 217 nömrəli məktəb 

10. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın.

11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

12. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

29 dekabr 2008-ci il

 

 

 

 

 

 

 

 

 

20 Yanvar  faciəsinin on doqquzuncu ildönümünün qeyd edilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM:

 

1. 20 Yanvar  faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq ali, orta ixtisas, texniki peşə, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində yanvar ayının 14-dən 20-dək Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

7 yanvar 2009-cu il