· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Biri var idi, başqası yox idi...

 

Dərslik üzərində iş çox vaxt və böyük zəhmət tələb edir. Bu prosesdə müxtəlif ölkələrin istifadədə olan dərslik və dərs vəsaitlərini araşdırmaqla yanaşı, konkret fənnin tədrisinin müxtəlif aspektlərinin işıqlandırıldığı nəzəri ədəbiyyatı geniş təhlil etmək lazım gəlir. Yalnız bundan sonra dərsliyin məzmununu formalaşdırmaq, sistemləşdirmək kimi növbəti, daha çətin və  yaradıcı mərhələ başlayır. Əvvəlcə onu qeyd edim ki, Ə.Osmanlının öz komplekti barədə apelyasiya komissiyasının rəyi ilə geniş oxucu kütləsini tanış etməsi çox faydalı oldu və\ biz də bu komplekt ilə bağlı xidməti yazışmalardan xəbərdar olduq. Eyni zamanda komissiyanın tutarlı arqumetlərinin Ə.Osmanlı tərəfindən təkzib cəhdlərinin əsassızlığı və uğursuzluğu da bizə aydın oldu. Məsələn, komissiya öz rəyində balıq və kəpənək şəkillərinin üzərindəki misalların verilmə üsulunun aydın olmadığını təsdiq edir. Ə.Osmanlı isə bu iradı təkzib etmək üçün Amerika, Almaniya və Litva kimi ölkələrin dərsliklərindən nümunələr gətirir və öz tapşırıqları ilə bu nümunələri eyniləşdirməyə çalışır.

 

Lakin Amerika dərsliyindən olan nümunədə sütunla yazma vərdişi aşılanır. Dairənin diametri boyu bir düz xətt üzərində yazmaqla bu bacarıq formalaşdırılır və müəyyən mənada dairə haqqında biliklə də əlaqələndirilmiş olur.

Almaniya dərsliyindən götürülmüş nümunədə (məlumat üçün deyim ki, bu ölkənin çox dərsliklərini biz də diqqətlə araşdırmışıq və bu dərsliklərdə hətta səhifə nömrələrinin də əlavə bir məntiqi yükü var)  3+6 və 13+6 analogiyası ilə tərtib olunmuş misallar verilmişdir. Litva nümunəsində "toplananların yerini dəyişdikdə cəm dəyişmir" xassəsini öyrədən və azalanın bir vahid artma qanunauyğunluğu ilə toplanmış misallar verilmişdir.

Göstərilən tapşırıq nümunələri bir daha təsdiq edir ki, istər xarici ölkə dərsliklərinin və istərsə də istifadədə olan "Riyaziyyat-1" dərslik komplektinin məntiq və məramına Ə.Osmanlının düzgün analitik yanaşması olmadığından, o, yanlış nəticələr çıxarır. Kurrikulumda nəzərdə tutulmuş bacarıqların çoxunun bizim dərslikdə reallaşdırılmadığı iddiasını irəli sürür. Bütün məsuliyyətimlə bildirirəm ki, kurrikulumda nəzərdə tutulmuş 52 bacarıqdan eləsi yoxdur ki, dərslik komplektimizdə onun reallaşma xəritəsini izləmək mümkün olmasın. Opponentim isə bu bacarıqları formalaşdırmaq üçün 10 ildir yazdığı dərsliklərdə nələri vermişdisə, yeni kitabında da elə onları təkrarlayır və bizdən də özü kimi düşünməyi tələb edir. Biz isə bu bacarıqların mahiyyətini və  reallaşdırılma yollarını dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi əsasında araşdırıb, öyrənib, sonra dərsliyi yazmışıq.

Hörmətli oxucuları yormamaq xatirinə iradların xeyli hissəsini ötürməklə Ə.Osmanlının həmmüəllifi olduğu "Dərs kitabını" sürətlə vərəqləyərək, "Riyaziyyat-1" komplektinə qarşı irəli sürdüyü əsassız ittihamları da cavablandırmaq yerinə düşərdi:

Səhifə 18-19.  Ədədləri yazma və oxuma dərsləri çox bəsitdir. 4-5 yaşlı uşaqlara ədəd və say anlayışını bu cür öyrətməklə kifayətlənmək olar. Bu tapşırıqların köməyilə şəxsiyyəti (fərdi) formalaşdıran heç bir idraki, sosial, kinetik (psixomotor) vərdiş və bacarıqları aşılamaq mümkün deyil.

        

Təkrarlanan və cansıxıcı tapşırıqların psixoloji atmosferi - öyrənməkdən zövq almaq, etdiklərindən məmnun qalmaq meyarları haqqında isə heç danışmağa dəyməz.

Səhifə 21. Şagird kitab boyu bol-bol verilmiş ədədlər arasında "böyükdür", "kiçikdir" işarələrini mexaniki olaraq yazma tapşırıqlarını yerinə yetirir. Əslində isə onlar çoxu, azı təyinetmə bacarıq və vərdişlərini real situasiya üzərində möhkəmləndirən və bununla da təxminetmə bacarıqlarını formalaşdıran məşğələlər yerinə yetirməlidirlər. Mexaniki olaraq ədədlər arasında abstrakt müqayisə işarələrini yazmaq şagirdə heç nə vermir.

Yeri gəlmişkən, Ə.Osmanlı ədədləri müqayisə məşğələlərinə istifadədə olan "Riyaziyyat-1" komplektində az yer verildiyini qeyd edir. Bizim məqsədimiz 6-7 yaşlı şagirdə heç nə verməyən bu abstrakt riyazi ifadələri yazdırmaq deyildir. Biz ədədlərin müqayisəsini havanın temperaturu üzərində isti və soyuq, təqvim üzərində gec, tez, əvvəl, sonra anlayışlarını dərketmə bacarıqlarına yönəldirik. Müxtəlif əşyaların, ərzaqların sayı ilə adamların sayı arasında müqayisə aparmaqla çatmaz, çatar, artıq qalar vəziyyətlərini dərketmə bacarıqları formalaşdırır.  Şəxsiyyətyönümlü, nəticəyönümlü təhsil bunu tələb edir. Şagird dünənki hava temperaturuna uyğun ədədlə bugünkü hava temperaturuna uyğun ədədi müqayisə etməyi bacarır, hava haqqında gündəlik məlumatı başadüşmə bacarıqlarına yiyələnir, havaya uyğun geyimini seçmə bacarığını və məsuliyyətini dərk etdiyini nümayiş etdirir. Burada, yeri gəlmişkən, bir məsələyə də münasibət bildirmək istəyirəm. Ə.Osmanlının iradlarından biri də budur ki, kurrikulum sənədi ədədlər və əməlləri 20 dairəsində öyrətməyi nəzərdə tutur, biz isə 100 dairəsində də ədədləri veririk (əslində kurrikulumda "100-ə qədər saymanı öyrətmək olmaz" fikri yoxdur).  Hamıya məlumdur ki, 5-6 yaşlı uşaq 100-ə qədər sayma bacarığı ilə öyünür. Valideynlər də, "mənim qızım (oğlum) yüzə qədər 5 yaşından sayır" kimi fikirlərlə sevinirlər. Biz niyə 6-7 yaşlı uşağın öz fərasəti hesab etdiyi və asanlıqla bacardığı 100-ə qədər sayma məşğələlərini ondan gizlətməliyik? Məhz pulun, temperaturun, təqvimin öyrədilməsini niyə onların bu keyfiyyətlərinə arxalanaraq yerinə yetirməyək? Bu zaman onlar heç bir toplama və çıxma ifadələri yazmırlar. İrəliyə və geriyə sayma vərdişləri ilə artma və ya azalma faktlarını müəyyən edirlər.

Səhifə 21-23-də toplama və çıxmanın riyazi ifadələri bu əməllərin mahiyyəti izah olunmadan yazdırılır. 3 ədədini keçən kimi toplama və çıxma səssizcə yazılır. Nə toplamanın, nə çıxmanın mahiyyəti, nə də komponentlərin izahı verilmir. Əgər bu anlayışları vermək tezdirsə, o zaman bu əməlləri verməyə nə ehtiyac var? "0"-ın mahiyyəti öyrədilməmiş çıxma əməli necə öyrədilə bilər? Şagird 3-1 , 3-2 yazır, bəs 3-3 niyə yazmamalıdır? 3-3-ün mahiyyəti nədir sualı niyə araşdırılmır? Bəli, bu əməli öyrətmək doğrudan da hələ tezdir. Deyəsən, ədəd və say anlayışlarının tədrisi üçün müəlliflər başqa üsullar tapa bilmir və tələm-tələsik toplama-çıxma öyrədirlər. Ədədi yalnız əməllərin köməyilə ifadə etmək kimi akademik bir yanaşma ilə şəxsiyyətyönümlü, nəticəyönümlü təhsilə start verirlər.

Bizim dərslikdə hər bir ədəd öyrədilərkən şagirdin konkret sayı ifadə edən ədədi dərk etməyə yönəlmiş problem situasiyalar qoyulur. Məsələn, 7 bananı iki nəfər arasında neçə cür bölə bilərsən? 8 düyməni iki qutuda neçə müxtəlif üsulla yerləşdirə bilərsən? Şagird hər bir vəziyyəti sayma vasitələri ilə modelləşdirir və uyğun vəziyyətləri ədədlərlə ifadə edir, nəticəni cədvəldə yerləşdirir, bütün vəziyyətləri araşdırdığına əmin olur (hər bir vəziyyət bir vahid artıq sayda olmalıdır, məsələn, 8-ə uyğun modellərin sayı 9 olmalıdır), nəticəni sinfə təqdim edir. Əşyalar çoxluğundan verilən sayda əşyanı ayıra bildiyini nümayiş etdirir. İş dəftərində "Verilmiş ulduzları 2-2 ayır" tipli tapşırıqlar da bu bacarığın formalaşmasına xidmət edir. Bütün bunlar əqli gimnastika rolunu oynayır. Sonrakı dərslərdə şagird "toplananların yerini dəyişdikdə cəm dəyişmir" qaydasını kor-koranə öyrənmir. O bilir ki, 6 bananın onda, 1 bananın isə dostunda və ya tərsinə olduğu situasiyanın onun və dostu üçün fərqi var. Bəs bu qaydanın mənası nədir sualı üzərində düşünüb və cavab axtarmaq, qoyulmuş problem situasiyaları araşdırmaq iqtidarında olur. Hər halda, biz qarşımıza riyaziyyatın bu cür öyrədilməsini məqsəd qoymuşuq. Müəllimlərin də bu fikri başa düşərək yeni dərsliyə rəğbətlə yanaşmaları yolun doğru olduğunun sevindirici işarələridir. 

Opponentimizin kitabında isə yüzlərlə toplama və çıxma əməlləri yerinə yetirilir və nəhayət, yalnız toplama "Artırmaq" adı ilə 37-ci, çıxma "Azaltmaq" adı ilə 38-ci səhifədə, komponentlərin adı isə 78-ci səhifədə verilir. Bu dərslərin adları rus mənbəyindəki "Uveliçit. Umenşit" sözlərinin tərcüməsidir. Dərsin başlığının felin məsdər formasında verilməsinə ancaq bu dərslikdə rast gələrsən. Bu forma sanki qəsdən şagirdi fəaliyyətsizliyə sövq etmək üçün seçilib.

Şagirdlərə tələsik toplama, çıxma, "böyükdür", "kiçikdir" işarələri ilə dolu olan mücərrəd ifadələr yazdırmaq yerinə, riyazi təfəkkür formalaşdıran məntiqi tapşırıqlar verilməli, məlumatı araşdırmağa, təqdim etməyə yönəlmiş oyun və məşğələlər keçirilməlidir. Bununla da bir tərəfdən kiçikyaşlı uşaqlar bir növ əqli gimnastika keçirlər, digər tərəfdən isə məktəbə hazırlıq dövrünü eyni səviyyədə keçməmiş uşaqlar arasındakı fərq azalmış olur.

Səhifə 28. Sərçə hoppanan heyvan deyil, o, uçur, qurbağa, dovşan, dələ kimi heyvanlar hoppanır.

 

 

Bu məsələnin  bir tərəfi, digər tərəfi isə daha acınacaqlıdır. Ədədləri hər dəfə 1-dən başlayaraq ən çoxu 10-a qədər saymağa aid hər səhifədə tapşırıqlar qoyulması çox cansıxıcıdır. Təkcə 28-29-cu səhifədə 1-6 intervalında bir-bir irəliyə və geriyə sayma məşğələsini şagird 7 dəfə yerinə yetirir. Bu səhifəni doldurmaq xatirinə edilən bəsit gediş, həm də qloballaşma əsrində yaşayan 7 yaşlını oxumaqdan, öyrənməkdən bezdirərək daha mürəkkəb və ona xoş gələn kompüter oyunları oynamaq üçün İnternet klublara gizlicə qaçmağa sövq edən provakasiyadır.

Müxtəlif addımlarla maraqlı sayma məşğələləri, oyunları müəllim üçün vəsaitdə verilməlidir. 1-1 sayma insana anadangəlmə verilən bir bacarıqdır. Geniş riyazi təfəkkürü isə müxtəlif ədədlərdən başlayaraq bərabər addımlarla (və ya verilən intervalda bərabər addımlarla) sayma məşğələləri vasitəsilə formalaşdırmaq mümkündür. Məsələn, 11-dən başla, 2-2 üç addım irəliyə say, neçədə dayandın? Bu cür məşğələlər üzərində qurulmuş maraqlı oyunlar istifadədə olan dərslik komplektinə daxil olan müəllim üçün vəsaitdə verilmişdir.

Səhifə 33. çalışma 3 şərti ölçü vahidləri haqqındadır. Bu tapşırıq üzərində Ə.Osmanlının yeni bilik verən dərsə yanaşmasını araşdıraq. Şərti ölçü vahidləri haqqında məlumata şagird ilk dəfə bu tapşırıqda rast gəlir. Müəllim 40 dəqiqə dərs vaxtını bu tapşırığa qədər bu səhifədə verilmiş möhkəmləndirmə tapşırıqlarının yerinə yetirilməsinə sərf etsin, yoxsa səhifənin sonunda verilmiş yeni anlayışı, qarışla ölçməni - şərti ölçü vahidini öyrətsin? Müəllim üçün vəsaitin 5-ci səhifəsində verilmiş dərsin tiplərini göstərən cədvələ görə 33-cü səhifədə verilmiş dərs keçilən materialları ümumiləşdirən və sistemləşdirən bir dərsdir. Şərti ölçü vahidi harada öyrədildi ki, indi də sistemləşdirilir. Bir də ki, adam qarışı ilə ölçə-ölçə gedir. Bir adamın neçə əli var?

 

 

Şəkildə təsvir olunmuş vəziyyət necə izah olunmalıdır? Doğrusu, kurrikulumda təsbit olunmuş hansı standartın hansı dərsdə reallaşdırıldığı məlum deyil, şagird ilin axırında bütün bacarıqlara birdən  yiyələnir. Nəticəyönümlü təhsil isə hər dərsdə şagirdin nəyə nail olduğunu, qiymətləndirmənin mümkünlüyünü təmin etməyi tələb edir. Dərsliyin mündəricatı yoxdur. Müəlliflər müəllim üçün vəsaitdə verilmiş "Bacarıqlar atlası" cədvəlində əks olunmuş bacarıqların qarşısında Dərslik və İş dəftərində verilmiş tapşırıqların səhifəsini göstərməklə süni bağlantılar yaradırlar. Yeri gəlmişkən, bu "Bacarıqlar atlası" çox geniş bir yazının mövzusudur. Bircə onu deyə bilərəm ki, bu cür yozma atlası tələb olunan bacarıqları formalaşdırmağa qadir deyil. Ən əvvəl ona görə ki, dərslik sistemli, ardıcıl öyrətmə üsulu olan nəşr məhsuluna deyilir. Bu dərsliyi tərtib edənlər isə bu ilkin tələb üzərində heç düşünməmişlər. Kitab dərslik yox, 20 dairəsində toplama və çıxmaya aid bəsit məsələ-misal toplusudur.

Səhifə 34. Mənbə sindromu yenə özünü göstərir. Meyvə-tərəvəz dükanında qadın işləyir, ağır yeşikləri qaldırmaqla qadın-kişi bərabərliyini vəsf edən sovet psixologiyasına xidmət edir. Qarpız, yemiş almağa da balaca qızı göndəriblər.

 

 

Səhifə 44. 3-cü tapşırıqda siçanın, quşun, pişiyin, itin şar üzərində dayanması mümkünlüyünü düşünək. Şarı bu heyvanlar ağırlıqları ilə deyil, caynaqları ilə partlada bilərlər. Kitab sağlam düşüncəli insanı təəccübləndirən bu cür tapşırıqlarla doludur.

 

 

Səhifə 48. Bundan sonrakı səhifələri vərəqləmək isə şok effektindən adrenalin almağa alışanlar üçün uyğun prosedur ola bilər.  Ədədləri öyrənərkən artıq şagird hər bir ədədin özündən əvvəlki ədədə bir əlavə edilməsi ilə alındığını mənimsəyib. Məktəbə hazırlıq dövründə də elə öyrədilən ancaq "1 üstəgəl" və "1 çıx" olur. Bu fəaliyyətə sözügedən dərslikdə də ən azı 47 saat sərf olunub. 47 saatdan sonra 7 yaşlı uşağa 1-i toplamanı öyrətmək üçün qoşa-qoşa dərslik səhifələri ayırmağa nə ad vermək olar?

 

 

48-49 səhifələrdəki tapşırıqlar bəs deyilmiş kimi, 50-ci səhifədə yenidən "1 üstəgəl", 51-ci səhifədə "1 çıx" tapşırıqları verilir. 52 və 53-cü səhifələr də bu vərdişləri möhkəmlətmək üçündür. Əlövsət müəllim yazılarında bizim başımızın qarışdığını və toplama-çıxma cədvəllərini vermədiyimizi söyləyir. Yox, Əlövsət müəllim, biz şagirdə deyirik ki, cəm, eyni toplananlar ilə bağlı müxtəlif vəziyyətləri sən özün araşdır. Hələ toplama-çıxmaya qədər ədədin tərkib hissələrini modelləşdirmə və uyğun cədvəl tərtibetmə məşğələlərini şagirdlər cütlərlə iş kimi yerinə yetirir və sinfə təqdim edirlər. Ədəd oxu üzərində isə şagird hesab əməllərini tez və asanlıqla yerinə yetirə bilir. Toplama və çıxmanın qarşılıqlı əlaqəsi bu hesab əməllərinin mahiyyətinin dərindən dərk edilməsinə kömək edir, daha geniş riyazi təfəkkür formalaşdırmağa təkan verir. Şagird cəm və azalan arasında, toplananlar, çıxılan və fərq anlayışları arasında qarşılıqlı əlaqəni dərk etməklə tam və hissə anlayışlarını mənimsəmiş olur. Bu, həm riyazi ifadələr üzərində "ədədlər ailəsi" yanaşması kimi təqdim olunur, həm də bütöv tort, onun hissələri ilə bağlı tapşırıqlar üzərində cəm və azalanın, toplanan, çıxılan və fərqin real həyatda anlamını göz önünə gətirir. Şəxsiyyətyönümlü, nəticəyönümlü təhsilin tələblərinə toplama cədvəlləri yox, bu cür məşğələlər cavab verir.

55-ci səhifəyə qədər hər səhifədə verilmiş bir-bir irəliyə və geriyə sayma tapşırıqlarını nəzərə almasaq, yalnız "üstəgəl 1" və  "çıx 1"-ə aid 200-dən çox misal var. Təkcə 52-54-cü səhifədə 10 dəfə 5+1 və 5-1 misalı var. Bu misallar kitabın sonuna qədər davam edir.

Səhifə 54. Burada 2-nin toplanmasına ayrıca dərs ayrılır. Şagirdə toplama və çıxmanın mahiyyəti açıqlanmaqdansa, 2-nin, 3-ün, 4-ün, 5-in toplanmasına qoşa-qoşa səhifələr və ayrıca möhkəmləndirmə dərsləri ayrılır.

Mən 54-cü səhifədən o tərəfə təhlil aparıb yazını davam etdirmək və oxucuları yormaq istəmirəm.

Statistika və Ehtimal məzmun xəttinin adıçəkilən dərs kitabında isə heç izi, tozu da yoxdur. Ə.Osmanlının "Bacarıqlar atlası"nda verdiyi çalışmaların bu məzmun xətti ilə nə yaxından, nə də uzaqdan hər hansı bir əlaqəsi var. Sinifdə neçə stol var, sinifdə neçə müəllim var sualları ilə bu məzmun xəttinə uyğun bacarıqları reallaşdırdığı barədə fikirləri isə ancaq gülüş doğurur. Statistika məlumatı araşdırmaq, seçmək, sistemləşdirmək, nəticə çıxarmaq, təqdim etmək bacarığıdır, gördüyünü sayma bacarığı deyil. Müasir dünyanın informasiya bolluğunda informasiyanın düzgün dərk olunması həyati əhəmiyyət kəsb etdiyi bir zamanda yenə "gördüyünü say" bacarıqlarının formalaşdırılmasında ilişib qalmaq, "özünü, dağa-daşa salmamaq" acı təəssüf doğurur.

Doğrusu, acı təəssüf doğuran bir başqa məsələ də var. Əlövsət müəllim illərdir ibtidai siniflər üçün dərsliklər yazır və kurrikulumun hazırlığında müəyyən müddət milli məsləhətçi kimi iştirak edib. Amma tədrisin qiymətləndirmə mərhələsi komplektdə əksini tapmayıb. Yazılarından da belə görünür ki, qiymətləndirmənin nə olduğunu o özü də hələ yaxşı başa düşmür. Hər bir bacarığın reallaşmasını bütün təfərrüatı ilə əks etdirən qiymətləndirmə meyarlarını təsəvvür etmədən necə dərslik yazmaq olar? öyrətmə prosesini təşkil etmək və öyrəndiyini təsdiq etmək üçün qiymətləndirmə mexanizmi olmayan komplekti necə nəticəyönümlü təhsilin tələblərinə uyğun saymaq olar? Ə. Osmanlı deyir ki, qiymətləndirmə cədvəli kurrikulum sənədində olardı, mən də dərsliyimə yerləşdirərdim!? Bax məndə acı təəssüf doğuran məhz elə budur: gördüyü işi axıracan bilməmək.

Yeni ildə hər kəsə bildiyi, sevdiyi, ən əsası isə həm cəmiyyət, həm də özü üçün faydalı olan işlə məşğul olmaq xoşbəxtliyini yaşamaq diləyi ilə bu mövzuya nöqtə qoyuram.

 

Nayma QƏHRƏMANOVA,

1-ci siniflər üçün "Riyaziyyat-1"

komplektinin həmmüəllifi