· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məqsədə aparan düzgün yol: İdeya, məzmun və formanın vəhdəti

ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası cənab Prezidentimiz İlham Əliyevin cəmiyyətin bütün sahələrini əhatə edən uğurlu siyasəti nəticəsində öz bəhrəsini verməkdədir. Hər il respublikamızın müxtəlif bölgələrində istifadəyə verilən yüzlərlə məktəb binalarının, əslində müasir təhsil komplekslərinin, məktəblərdə quraşdırılan kompüterlərin, Heydər Əliyev Fondunun çox lazımlı hədiyyəsi olan yeni tədris avadanlıqlarının və əyani vəsaitlərinin millətimizin gələcək inkişafındakı önəmli rolu şəksizdir.

Bu böyük şərəfə layiq görülən, xoşbəxt anlar yaşayan kollektivlərdən biri də Masallı şəhərindəki "Dəfinə" məktəb-liseyi olmuşdur. Məhz bu ilin oktyabrında möhtərəm Prezidentimizin məktəbimizdə olması, dahiyanə məsləhətləri və təklifləri kollektivimizin, bütövlükdə rayonumuzun bütün təhsil işçilərinin fəaliyyət kredosuna çevrilmişdir.

Biz həmçinin Təhsil Nazirliyinin son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyası yolunda böyük işlər gördüyünün şahidiyik. İlk öncə yeni dərsliklərin yaradılmasını milli pedaqogikamızın ən böyük nailiyyəti kimi qeyd etmək istəyirik. Sistematikliyi, elmi-məntiqi əsasları, uğurlu metodik yanaşmaları, illüstrativ və didaktiv materialların, qiymətləndirmələrin bolluğu ilə müəllimlərimizin rəğbətini qazanan dərsliklərimiz şübhəsiz ki, Azərbaycan təhsilinin nailiyyətlərindən başlıcası kimi qəbul olunmalıdır.

Yeni dərs ilindən I siniflərdə fənn kurrikulumlarına keçidlə əlaqədar yeni dərsliklərin yaradılması bu sahədə hələlik ilk addım kimi diqqətimizi cəlb etdi. Fikrimiz heç də kimisə müdafiə etmək, yaxud da lazım oldu olmadı iradlarımızı bildirmək deyil, məqsədimiz ümumiyyətlə, orta məktəbin riyaziyyat dərslikləri barədə silsilə yazılar hazırlamaqdır. Bu zaman fikirlərimiz subyektiv qəbul olunsa da, hər halda çoxillik təcrübəmizə əsaslanmağa çalışacağıq.

N.Qəhrəmanova və C.Əsgərovanın müəllifi olduqdları ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün "Riyaziyyat-1" dərsliyini ideya, məzmun və formanın vəhdəti baxımından qarşıya qoyulan məqsədlərə doğru aparan düzgün yol kimi qəbul edirik. Mövzuların əhatə dairəsi geniş olmaqla məzmunlu və yığcamdır. Görünür, müəlliflər apardıqları eksperimentlərin nəticələrini nəzərə almaqla şərhə və oxunaqlığa ciddi fikir vermişlər. Uşaqlar və onları əhatə edən aləmdə riyaziyyatın rolu, əşya və onun yeri, müqayisə, qarşılaşdırma müqayisəsi şagirdləri yorulmadan, məntiqi düşüncələrinin inkişafı fonunda lazımlı anlayışları mənimsəmələrinə xidmət edir. Şagirdlər hiss edirlər ki, bu müşahidə etdiklərinin və duyduqlarının riyaziyyatda ekvivalentləri-ədədlər var. Ədədlərə harada rast gəlirsən? Ədədlər nəyi bildirir - kimi dolğun illüstrativ materialla təmin olunmuş sualların qoyuluşu uğurlu tapıntıdır. Əslində demək olar ki, mövzuların hamısında fənlərarası əlaqə gözlənilmişdir. Bacarıq və vərdişlərin eyni xarakterli tapşırıqlar və şəkillər üzərində iş şəklində inkişafı və möhkəmlənməsi düzgün həllini tapmışdır. Şagirdlər rəqəmləri mənimsəmiş, əqli və məntiqi analogiyaları tapmaqı bacardıqlarından artıq tətbiq etməyə vadar edilmişdir. Dərsliyin 23-cü səhifəsində test nümunələrinin verilməsi də yaxşı haldır. Dövlət rəmzlərindən və atributlarından məqsədli istifadə, ədəd ağacı, ədəd evi anlayışlarının daxil edilməsi şagirdlər üçün maraqlı və yaradıcı ola bilər. Səhifə 29-da tək və cüt ədədlər anlayışının əyaniləşməsi, tək və cüt ədədlərin illüstrativ izahı ustalıqla verilmişdir. Həmin səhifədə, 3-cü çalışmada əvvəlki biliklərin tətbiqinin tələb olunması şagirdlərin praktik biliklərinə inamlarının tərbiyə olunması üçün yaxşı addımdır. Ədədlərin müqayisəsi, müqayisə işarələri (>, <, =) görmə və düşüncənin əlaqəli fəaliyyəti ilə tamamlanır. Bu zaman ədədlərin müqayisəsində münasibət işarələrinin tətbiqi əsaslandırılmışdır.

Sıra sayları mövzusunda əyani biliklərin ümumiləşdirilib daha məntiqi nəticələr çıxarılması çalışma 2 və çalışma 3-də nəzərə alınmışdır. Əks əlaqənin mühümlüyü, fiqurların onların sıradakı uyğun yerlərinə müvafiq ədədlərə qarşı qoyulması birölçülü massivlərin emalı kimi çox mühüm praktik riyaziyyatın kiçikyaşlı uşaqlar üçün uğurlu həllidir. Həmin səhifədə çalışma 3-də həndəsi fiqurların onların yerləşmə yerlərinə qarşı qoyulması həm də həndəsi fiqurların forma və adlarını şagirdlərə mənimsədir. çalışma 4-də şagirdlərdə fiqurların ölçülərinə görə fərqləndirmə bacarıqları formalaşdırılır. ümumiləşdirici tapşırıqlar kimi çöplərin köməyi ilə məntiqi nəticə çıxarma, istiqamətin dərketməyə təsiri, təsvirlərə uyğun ədədlərin tapılması, rənglərinə uyğun olaraq fiqurların saylarının müqayisəsi dəqiq verilmişdir. çalışma 5-də verilən şərtlər daxilində məntiqi nəticə çıxarma ilə düzgün cavabın tapılması əhəmiyyətlidir.

Dərslikdə ədədin və onun tərkib hissələrinin modelinin qurulması şagirdlərdə ümumiləşdirmə bacarıqlarını formalaşdırır. Məntiqi ardıcıllıqda növbəti addımın fərqlənməsi, eyni bucaq qədər dönmə anlayışlarının daxil edilməsi, fikrimizcə, ibtidai sinifdə önəmli məsələlərdir.

Toplama əməlinin müxtəlif təsvirlərin, fiqurların, onun elementlərinin köməyi ilə verilməsi sıfrın, sıfırla toplamanın daxil edilməsi maraqlıdır. Əlaqələndirmələrdə sıfır anlayışının ədədi dildəki söz ekvivalentlərindən istifadə ustalıqla həllini tapmışdır. Uyğunluq və bərabərlik anlayışları arasındakı əlavə, əvvəl, sonra, qarşı, arxa anlayışlarının uğurlu riyazi modeli şagirdlər üçün sadə və başadüşüləndir.

Həmçinin müstəqil işlərin çoxluğu, mümkün variantların seçilməsi və artıq halların tapılmasına gətirilən tapşırıqların bolluğu müəlliflərin metodik tapıntılarıdır.

Dərsliyin son iki bölümündəki (Pullarımız, Vaxt, Qrafiki məlumat, Ehtimal, Təqvim) zənginliyi ilə düşündürücü, inkişafetdirici və tərbiyəedicidir.

Təbii ki, ilk addım kimi haqqında bəhs etdiyimiz dərslikdə cüzi qüsurlar da vardır.

Şübhəsiz ki, müəlliflər onları gələcək nəşrlərdə nəzərə alacaqlar.

Əlinaz TALIBOV             riyaziyyat müəllimi, respublikanın əməkdar müəllimi,
Azadxan PAŞAYEV         riyaziyyat müəllimi, respublikanın əməkdar müəllimi,
Bəybala XƏLİLOV           Masallı RTŞ metodkabinetinin müdiri, riyaziyyat müəllimi
Qardaş FƏTULLAYEV      Masallı RTŞ-ın məsləhətçisi, riyaziyyat müəllimi
Hafiz QƏNBƏROV          Masallı RTŞ-ın məsləhətçisi, riyaziyyat müəllimi
Əhməd ŞAHVERDİYEV    Masallı RTŞ-ın məsləhətçisi, riyaziyyat müəllimi
Saleh NƏZƏROV             Masallı RTŞ-ın məsləhətçisi, riyaziyyat müəllimi
Yavər HƏSƏNOV             Masallı RTŞ-ın ibtidai siniflər üzrə metodisti
Ağa KƏRİMOV                Masallı RTŞ-ın ibtidai siniflər üzrə metodisti
Seyfulla XƏLİLOV            Masallı RTŞ-ın ibtidai siniflər üzrə metodisti
Ədalət NEMƏTOV            riyaziyyat müəllimi, respublikanın qabaqcıl maarif xadimi
Asudə MƏMMƏDOVA       riyaziyyat müəllimi
İltifat ABDİNOV                riyaziyyat müəllimi, respublikanın qabaqcıl maarif xadimi, "Tərəqqi" medallı