· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Müəllimlər qərəzli tənqidlərə etiraz edir, yeni dərslik komplektlərini bəyəndiklərini bildirirlər

Məlum olduğu kimi, "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı və ona dəm tutanlar I siniflər üçün yazılmış dərslik komplektləri haqqında mətbuatda qərəz dolu silsilə tənqidi yazılar dərc etdirirlər. Bununla əlaqədar son günlər redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olmuşdur. Həmin məktublarda ölkəmizin müxtəlif bölgələrində çalışan təhsil işçiləri yeni dərsliklərə qarşı məqsədli şəkildə aparılan qərəzli tənqidə etiraz edir, dərsliklərin üstünlüklərindən, məziyyətlərindən söz açırlar. Məktubların hamısını ayrı-ayrılıqda dərc etmək imkanımız xaricində olduğundan onların bir qismini icmal şəklində oxucuların diqqətinə çatdırırıq.

 

Yeni fənn kurrikulumları əsasında hazırlanmış dərsliklərin haqsız və qərəzli tənqidi Cəlilabad rayonunun təhsil işçilərini də hiddətləndirib və onlar öz etirazlarını redaksiyamıza göndərdikləri "özü yıxılan ağlamaz və yaxud ustadına kəm baxanın gözlərinə qan damar" başlıqlı yazıda bildiriblər. Cəlilabad RTŞ-ın müdiri Ədalət Əsgərovun, rayonun Günəşli kənd 2 nömrəli orta məktəbinin direktoru, əməkdar müəllim Kəramət Həsənovun, Ocaqlı kənd 1 nömrəli orta məktəbinin riyaziyyat müəllimi, əməkdar müəllim Allahbağış Muradovun, Cəlilabad şəhər 8 nömrəli orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim İltifat Bağırovun, Göytəpə şəhər 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Qasımovanın, Privolnoye kənd 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Asiya Orucovanın, Cəlilabad şəhər 2 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Şəmsiyyə Qasımovanın, Uzuntəpə kənd 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Tahir Tahirzadənin, RTŞ-ın ibtidai siniflər üzrə metodisti Vaqif Süleymanovun imzaladığı məktubda deyilir:

"Biz - Cəlilabad rayonunun təhsil işçiləri - saç-saqqalını sinif otaqlarının divarları arasında ağardan, gözünün nurunu gələcəyimiz olan balalarımıza bəxş edən insanlar Əlövsət Osmanlı adlı başabəla naşir və "dərslik müəllifi"nin artıq yarım ilə yaxın bir müddət ərzində dayanmadan müxalifətyönümlü mətbuatda dərc etdirdiyi tənqid, böhtan, çirkab dolu bədyanlarını təəssüf və dərin narazılıq hissi ilə qarşılamışıq.

ölkəmizdə mətbuat, söz azadlığından sui-istifadə edən Ə.Osmanlı təhqiramiz, qeyri-etik ifadələr işlətməkdən çəkinməyərək əsassız iddialar irəli sürür, guya ona qarşı haqsızlıq edildiyini, müəllifi olduğu I sinif "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tərəfindən qeyri-obyektiv qiymətləndirildiyini hay-küylə nəzərə çarpdırmağa çalışır".

Məktub müəllifləri Ə.Osmanlının tənqid hədəflərindən biri olan Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasını (Milli Kurrikulumu) yüksək qiymətləndirərək onun tətbiqini qloballaşan dünyamızda zamanın tələbi olduğunu, Azərbaycan hökuməti tərəfindən 2006-cı ilin oktyabrında təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədində dövlətin təhsillə bağlı siyasətinin, cəmiyyətin ehtiyac və tələblərinin, eləcə də şagirdlərin meyil və  maraqlarının nəzərə alındığını bildirirlər.

Məktubda "öz gözündə tiri görməyən, başqasının gözündə isə qıl axtaran cənab Ə.Osmanlının" "Riyaziyyat" dərsliyinə də münasibət bildirir, onun 1964-cü ilin "Hesab" dərsliyi ilə oxşarlıq təşkil etdiyi, dərslikdə ardıcıllığın olmadığı göstərilir.

Dediklərini faktlarla sübut edən müəlliflər yazırlar: "Müəllif"  1-dən  10-a qədər ədədlər mövzusunda beşinci dərsdən başlayaraq toplama və çıxma əməlləri verir. Hərçənd ki, toplama və çıxma mövzusuna 34 dərs qalmışdır. Aydındır ki, bu, şagirdlər üçün artıq yükdür, onlarda heç bir bacarıq aşılamır, əksinə, şagirdləri əzbərçiliyə sövq edir.

Toplama və çıxma əməlləri 17-ci dərsdən başlayaraq 108-ci dərsə qədər hər dərsdə verilmişdir. Amma, komponentləri haqqında məlumat 108-ci dərsdə verilirdi. çox qəribədir, oktyabrın axırında toplama və çıxmanı öyrənənlər aprelin sonunda komponentlərin adlarını öyrənirdilər. Müəllimlər Ə.Osmanlının bu səhvini düzəltmək üçün mövzunun yerini dəyişməli olurdular. Ə.Osmanlının müəllifi olduğu "Riyaziyyat" dərsliyində ilin birinci yarısına qədər nə bir yazılı məlumat var, nə bir məsələ".

Ə.Osmanlının "Riyaziyyat" dərsliyinin yeddi il dalbadal dəyişmədən, bağışlanılmaz səhvləri təkrar edilərək çap olunduğunu, müəllifin həmin səhvləri aradan qaldırmaq əvəzinə qələmə sarılıb, Təhsil Nazirliyinə, Dərslikləri Qiymətləndirmə Şurasına və onun üzvlərinə böhtanlar atdığını deyən məktub müəllifləri, nəhayət, Ə.Osmanlının yazdığı başabəla kitablardan canlarını qurtara bildiklərini söyləyir, onun - bir dəfə də olsun belə ibtidai sinifdə dərs deməmiş, ibtidai siniflərdə fənlərin tədrisi metodikasından başı çıxmayan bir adamın körpə balalarımız üçün dərslik yazmaq haqqının olmadığını qeyd edirlər.

Məktub müəllifləri sonra yazırlar: "Ə.Osmanlının qəzetlərə verdiyi açıqlamalarda, necə deyərlər, "xoruzun quyruğu" görünür. Onun hay-həşiri, sən demə, Azərbaycan Respublikasının Tender haqqında qanununa əsasən keçirilmiş tenderdə məğlub olması imiş. Tenderdə məğlub olmuş Osmanlı indi qələmə sarılıb Təhsil Nazirliyinin ünvanına böhtanlar atmaqla məşğuldur. Halbuki əvvəlki illərdə tender qalibi olarkən bəh-bəhlə indi qılıncladığı Təhsil Nazirliyini və Dərslikləri Qiymətləndirmə Şurasını tərifləyirdi və bu tərifnamələrdən dili qabar olmuşdu. Hazırda isə Osmanlı məğlubiyyəti ilə barışmayaraq ona-buna ağız atır. Onun bu çabalarının məqsədi aydındır.

Quba rayonunun bir qrup təhsil işçisi - RTŞ-ın müdiri Süleyman Aslanov, rayonun Alıc-Digah kənd orta məktəbinin riyaziyyat müəllimi Gülmirzə Pənahov, Zizik kənd orta məktəbinin ibtidai sinif müəllimi Saçlı Musayeva, RTŞ-ın ibtidai siniflər üzrə metodisti Mülayim Orucova, riyaziyyat fənni üzrə metodisti Ağababa Atakişiyev, Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimləri Vəfa Babayeva, Pərvanə Hüseynova, Alekseyevka kənd orta məktəbinin ibtidai sinif müəllimi Xuraman Əlimərdanova RTŞ-ın orqanı "Tərəqqi" qəzetinin baş redaktoru, RTŞ-ın metodisti Şıxəmməd Seyidməmmədov Əlövsət Osmanlıya ünvanladıqları "Açıq məktub"da öncə ölkədə həyata keçirilən təhsil islahatlarından, kurrikulum islahatları çərçivəsində atılan addımlardan bəhs edir, Qubanın təhsil işçilərinin təhsil sahəsindəki yenilikləri müdafiə etdiklərini bildirirlər. Sonra məktubda deyilir:  "Cənab Əlövsət Osmanlı! Sizin "Həyat bilgisi -1" və "Riyaziyyat - 1" dərslikləri barədə "Azadlıq" qəzetində dərc etdirdiyiniz silsilə, qərəzli, böhtan xarakterli yazılarınız reallıqdan, hadisələrə, zamanın tələbinə açıq gözlə baxmaqdan çox uzaqdır və bizim də hiddətimizə səbəb olmuşdur. çox təəssüf ki, sizin yazılarınızda mətləbdən çox qərəzkarlıq öz əksini tapmışdır. "Azadlıq"ın 28,11.2008-ci il tarixli sayındakı məqalənizdə "Həyat bilgisi - 1" dərsliyinin 23-cü səhifəsindən verdiyiniz şəkildə "Mənim ailəm - mənim vətənimdir" ifadəsinə irad tutursunuz. Məgər bu ifadə "Mənim evim - mənim vətənimdir", "Mənim kəndim - mənim vətənimdir" kimi dəfələrlə işlənən, tanınmış şəxsiyyətlərin möhürlədiyi ifadələrdən fərqlənirmi və bunun nəyi ironiya ilə qarşılanmalıdır?"

Sonda məktub müəllifləri Ə.Osmanlını obyektivlik hissini itirməməyə, pedaqoji ictimaiyyəti  çaşdırmamağa, təhsilimizə yad müstəvidən baxmamağa çağırırlar.

Redaksiyamıza Goranboy rayonundan daxil olmuş "Alternativ dərsliklər - həqiqətin tək üzü" sərlövhəli yazını da bir qrup təhsil işçisi göndərib. Məktubu imzalayanlar - Goranboy RTŞ-ın müdiri Elmar Əliyev, metodmərkəzin direktoru Faiq Dosiyev, rayonun Safikürd kənd orta məktəbinin direktor müavini, əməkdar müəllim İsgəndər Səklikov, şəhər 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Roza Namazova, şəhər 2 nömrəli orta məktəbin ibtidai sinif müəllimləri Sona Məmmədova Dürdanə Məmmədova təhsilimizdə baş verən yeniliklərə diqqəti cəlb edir, ölkəmizdə yeni təhsil konsepsiyasının, Milli Kurrikulumun tətbiqini görülmüş işlərin ən əhəmiyyətlisi kimi qiymətləndirir, Milli Kurrikulumun həyata keçirilməsinə xidmət edən yeni dərsliklərin yazılmasını təhsilimizin ən böyük uğurlarından sayırlar. Bu baxımdan müəllifləri Aybəniz İbrahimova və Gülər Mehdiyeva olan birinci siniflər üsün "Həyat bilgisi" və Nayma Qəhrəmanova ilə Cəmilə Əsgərovanın "Riyaziyyat - 1" dərsliklərini xüsusilə yüksək dəyərləndirirlər. Müəlliflər yazırlar ki, həmin  dərslik komplektləri şagirdlərin maraq dünyasını təmin edə biləcək şəkildə tərtib edilmiş və nəfis şəkildə çap olunmuşdur. Kitablar asan öyrənməni, asan mənimsənilməni, çevik istifadə olunma keyfiyyətlərini özündə birləşdirməklə interaktiv təlim üçün hələlik alternativi olmayan vəsaitdir. Kitablar müəllimlərin təlim prosesini xeyli asanlaşdırmaqla öyrədənləri öyrətmək funksiyasını da müvəffəqiyyətlə yerinə yetirir.

Haqqında söhbət gedən dərslik komplektləri pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunsa da, təəssüflər olsun ki, bir qrup pedaqoq tərəfindən qısqanclıqla qarşılanır. Belə pedaqoqlardan biri 2007-ci ildə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin ibtidai siniflərinin "Həyat bilgisi" və "Riyaziyyat" dərsliklərinin həmmüəlliflərindən olan Əlövsət Osmanlıdır".

Daha sonra Goranboy təhsil işçiləri Ə.Osmanlının hərəkətlərinin onlarda təəssuf hissi doğurduğunu bildirir, Ə.Osmanlıya məsləhət görürlər ki, "ənənəvi təhsil problemləri ilə məşğul olmayan mətbuat orqanlarında çıxış etməkdənsə, bugünkü dərsliklərdən daha üstün kitablar tərtib etsin".

Daha sonra məktubda müəllifləri Əlövsət Osmanlı və başqaları olan 2007-ci ildə nəşr edilmiş dərsliklərlə yeni dərsliklər müqayisə edilir, yeni dərslik komplektlərinin açıq-aşkar üstün olduğu qeyd edilir.

Hacıqabul rayonunun təhsil işçiləri adından redaksiyamıza göndərdikləri məktubda RTŞ müdiri, əməkdar müəllim Şükür Məmmədov, şəhər 1 nömrəli orta məktəbin tarix müəllimi, əməkdar müəllim Xədicə Abasova, Atbulaq kənd orta məktəbinin riyaziyyat müəllimi, Respublika Təhsil Şurasının üzvü Atarbəy Soltanov, Rəncbər kənd orta məktəbinin riyaziyyat müəllimi, qabaqcıl təhsil işçisi Qənimə İsayeva, təhsil şöbəsi metodkabinetinin direktoru Arifə Bunyatova, şəhər 4 nömrəli orta məktəbin riyaziyyat müəllimi Almara Babayeva, şəhər 2 nömrəli orta məktəbin riyaziyyat müəllimi Hacıbədəl Heydərov, Qubalı kənd orta məktəbinin riyaziyyat müəllimi Ağaşərif Əzizov, şəhər 5 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Seyidzöhrə İmanova və şəhər 3 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Peykər Quliyeva yazırlar: "Yeni fənn kurrikulumları əsasında yazılan və 2008-2009-cu dərs ilindən tətbiq olunan yeni dərsliklər müəllimlərin ürəyincədir. Uzun illər arzusunda olduqları bir vəsaitin - müəllim üçün vəsaitin həmin dərslik komplektində olması hamımızı daha çox sevindirir. Yeni dərsliklər  əvvəlki dərsliklərdən bir çox üstünlüklərlə fərqlənir, öz məzmun və keyfiyyətilə seçilir, müəllim və şagirdlər tərəfindən yüksək qiymətləndirilir. Yeni dərsliklərdə verilən çalışmalar, suallar, testlər şagirdlərin intellekt səviyyəsini yüksəldir, sual və tapşırıqların şəkil, cədvəl və sxemlərlə verilməsi şagirdlərin düşünmə qabiliyyətini gücləndirir, onların müstəqil işləməsinə daha çox şərait yaradır və eyni zamanda biz müəllimləri də yaradıcı işləməyə sövq edir.

Deyilən hər hansı əsassız tənqid, şər, böhtan biz müəllimlərdə ciddi narahatçılıq hissi yaradır. "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlının "Azadlıq" qəzetinin səhifələrində "Riyaziyyat" və "Həyat bilgisi" dərslikləri haqqında yazılar dərc etdirməsi, bu yazılarda dərsliklərdə yalnız nöqsan axtarması, ağa qara deməsi onun nə qədər iddialı, özündən müştəbeh, ambisiyalı olduğunu bir daha sübut etdi.

Cənab Osmanlı, gözəl bir atalar sözünü sizə xatırlatmaq istəyirik: "Ustadına kəm baxanın gözlərinə qan damar". Zaman ən gözəl hakimdir. Zaman sübut edəcək ki, bu gün başlanan kurrikulum islahatı, yeni fənn kurrikulumları əsasında müasir dərsliklərin yazılması dövrünə görə çox cəsarətli və düzgün addımdır".

Poçtumuza daxil olmuş digər bir məktubda Bakı şəhərindəki 289 nömrəli orta məktəb - "Zəngi" liseyinin müəllimləri Ariz Bağırov, Nazim Cəfərov, Rasim Əhmədov (riyaziyyat), Gültəkin Mustafayeva, Nərgiz Gəncəliyeva, Afaq Cəfərova, Zivər Məmmədova, Rəna Quliyeva, Aysel Hüseynova (ibtidai sinif) sözügedən məsələyə öz münasibətlərini bildirmişlər. Məktubda deyilir ki, "Ə.Osmanlının tənqid etdiyi N.Qəhrəmanova və C.Əsgərovanın müəllifləri olduqları dərslik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)" sənədinin tələblərinə cavab verir. Bu dərslikdə mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında riyaziyyat təliminin qəbul olunmuş məzmun xətləri öz əksini tapmışdır.

Dərslik şagirdlərin yaş, qavrama və bilik səviyyələrinə uyğundur.

Dərslik şagirdlərin yaradıcı təfəkkürünü, idrakını, bilik və bacarıq səviyyəsini, düşünmə və problemi həll etmə qabiliyyətini inkişaf etdirir. Verilmiş tapşırıqlar şagirdi düşünməyə sövq edir.

Etiraf edək ki, əvvəlki dərslikdə belə tapşırıqlara rast gəlmirdik. Tapşırıqlar çox bəsit və sadə idi. Riyazi məntiqi və təfəkkürü inkişaf etdirən çalışmalar yox dərəcəsində idi. Bu isə şagirdə yerində saymaqdan başqa heç nə vermirdi".

Sonra məktub müəllifləri dedikləri fikirləri yeni dərslikdən gətirdikləri çoxlu misalla əsaslandırırlar.  Qeyd edirlər ki, dərsliyin 10-cu səhifəsində verilmiş heyvanxananın planı,  74-cü səhifədə verilmiş misallar şagirdlərin məntiqi təfəkkürünün inkişafında mühüm rol oynayır. Şagirdlər bu cür çalışmalar həll etməklə cisim və ya əşyanın oxşar və fərqli xüsusiyyətlərini dərk edirlər və s.

Dərslikdə verilmiş qiymətləndirmə mexanizmini, fəal təlim metodları ilə işləmək üçün əlverişli şərait yaradan tapşırıqları da müəllimlər onun məziyyəti hesab edirlər. Buna misal olaraq onlar 32-ci səhifədə verilmiş Venn diaqramını xüsusi qeyd  edirlər.

Məktubda dərsliyin digər məziyyətləri də konkret misallara istinad edilməklə sadalanır, burada getmiş bəzi səhvlər qeyd olunur.

Sonra məktub müəllifləri apardıqları təhlillərə əsaslanaraq Ə.Osmanlının müəllifi olduğu "Riyaziyyat - 1" dərsliyinin nöqsan və çatışmazlıqlarına diqqəti yönəlir və göstərirlər ki, bu dərslikdə Milli Kurrikulumda riyaziyyata qoyulan beş məzmun xəttindən biri olan statistika və ehtimal, habelə qiymətləndirmə vərəqi, ümumiyyətlə, yoxdur, seçilmiş misal və məsələlər çox bəsitdir və şagirdləri nə təşkilatçılığa, nə də yaradıcılığa sövq etmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodmərkəzinin direktor müavini Sitarə Məmmədova, paytaxtdakı 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva, 32 nömrəli məktəbin müəllimi Sədaqət Qurbanova, 182 nömrəli məktəbin müəllimi Solmaz Yunisova və 212 nömrəli məktəbin müəllimi Mehriban Əkbərova redaksiyamıza göndərdikləri məktubda təhsilin müasir tələblər zəminində yeniləşməsində və kurrikulum islahatları çərçivəsində aparılan işlərin daha mükəmməl olmasında yeni dərsliklərin xüsusi rolu olduğunu, bu baxımdan "Riyaziyyat - 1" dərsliyinin yüksək keyfiyyəti, forması, gözəl dizaynı ilə seçildiyini qeyd edirlər. Onlar yazırlar: "Burada verilmiş məsələlər, çalışmalar, məntiqi suallar,cədvəllər, rebuslar, mozaikalar, rəngli şəkillər, düşündürücü fiqurlar o qədər maraqlıdır ki, nəinki şagirdlər, eyni zamanda valideynlər də kitabdakı çalışmalara biganə qalmır, uşaqlarla birlikdə onları yerinə yetirir, oyun xarakterli riyazi məsələləri həll edirlər".

Məktub müəllifləri qeyd edirlər ki, mövzuların düşündürücü olması, kurrikulumun tələblərinə uyğun işlənməsi şagirdlərin informasiyaları toplamaq, onların üzərində işləmək qabiliyyətini təkmilləşdirməyə, təhlil və təsdiq etmək bacarığına yiyələnməyə, müstəqil qərarlar qəbul etməyə, ideyalar irəli sürməyə, qoyulan məsələlərə yaradıcı-tənqidi yanaşma bacarığı əldə etməyə kömək edir.

Müəlliflərə görə, dərsliyin ən üstün cəhəti ondan ibarətdir ki, o, şagirdlərə zəruri riyazi bilikləri əldə etməklə yanaşı, onları həyata tətbiq etməyi də öyrədir.

Daha sonra dərsliyin üstünlüklərindən ətraflı söz açan müəlliflər bildirirlər ki, "Riyaziyyat - 1" dərsliyində fənlərarası inteqrasiya zamanı müxtəlif məzmun xətləri və hər bölmədə öyrənilən biliklər arasında əlaqə yaradılır, şagirdlərin müxtəlif sahələr üzrə bilikləri formalaşdırılır və dünyagörüşünün artırılmasına imkan yaradılır.

Məktub bu sözlərlə bitir: "Biz fəxr edirik ki, müasir tələblərə uyğun şəkildə dərslik komplektləri ilə işləyirik. Dərslik komplektləri təhsilə yenilik gətirmişdir".

Bakıdakı 212 nömrəli orta məktəbin direktoru Qurban Həsənovun, onun təlim-tərbiyə işləri üzrə müavini Leyla Qurbanovanın, sinif müəllimləri Nuriyyə Paşayevanın, Qüdrət Rəsulovanın, Ramilə İsmayılovanın, Solmaz Əliyevanın imzası ilə aldığımız "Tənqid qərəzsiz olmalıdır" sərlövhəli yazıda da yeni fənn kurrikulumları əsasında yazılmış I sinif dərsliklərinin Ə.Osmanlı tərəfindən haqsız tənqidi pislənir və dərsliklərin bəyənildiyi bildirilir. Məktubda deyilir ki, ölkənin bütün təlim-tərbiyə müəssisələrində olduğu kimi 212 nömrəli məktəbdə də kollektiv yeni dərs ilinə böyük fəallıqla başlayıb. Xüsusən I siniflərdə yeni fənn kurrikulumlarının tətbiqi sahəsində xeyli irəliləyişlər əldə olunub. Artıq ilkin nəticələr götürülən istiqamətin düzgün olduğunu göstərir.

Bununla yanaşı, məktub müəllifləri bildirirlər ki, Əlövsət Osmanlının "Azadlıq" qəzetinin səhifələrində dərc olunan yazıları pedaqoji kollektivimizdə narahatçılığa səbəb olub. Ona görə də həmin yazıları müzakirə etmişik və bu qənaətə gəlmişik ki, Ə.Osmanlının "Azadlıq" qəzeti səhifələrində ardı-arası kəsilmədən dərc olunan təhqiramiz ifadələrlə dolu çıxışları heç bir elmi polemikaya uyğun gəlməyən, onun şəxsi ambisiyaları üzərində qurulan mülahizələridir. Həmin yazılarda "Riyaziyyat - 1" dərsliyi ilə bağlı qeyd olunan nöqsanlar prinsipial xarakter daşımır.

Ə.Osmanlının müəllifi olduğu dərslikdə şagirdlər daha çox əzbərləməyə sövq edilirdisə, əksinə yeni "Riyaziyyat - 1" dərsliyində şagirdlər daha çox düşünməyə, axtarıb tapmağa istiqamətləndirilir.

Bakı şəhərindəki daha bir tədris müəssisəsindən - İ.Əfəndiyev adına "Elitar" gimnaziyadan daxil olmuş məktub da məsələyə obyektiv münasibət bildirilməsi baxımından diqqəti cəlb edir. Məktubun müəllifi, gimnaziyanın riyaziyyat müəllimi K.Cəfərli yazır ki, pedaqoji elmlər namizədi Əlövsət Osmanlının "Riyaziyyat - 1" komplekti haqqında mətbuatda dərc etdirdiyi məqalələri oxuyub, onların qərəzli tonda yazılmasından dərin təəssüf hissi keçirdim.

Hər bir insanın pedaqoji işə töhfə vermək, hansısa variantı üstün hesab etmək, yeni təkliflər irəli sürmək istəyinə heç kəs müdaxilə edə bilməz. Amma təkliflər qərəz libasına bürünəndə cılız və dəyərsiz görünür. Mənim fikrimcə, N.Qəhrəmanova və C.Əsgərovanın müəllifləri olduğu "Riyaziyyat - 1" dərsliyi milli dəyərlər zəminində hazırlanıb, Avropa təhsil sisteminə və fənn kurrikulumunun müddəalarına uyğundur, düzgün və ardıcıl struktura malikdir, mövzular detallaşdırılıb və müvafiq sinif şagirdlərinin yükünə tamamilə uyğundur, çalışmalar şagird təfəkkürünün inkişafına təsir baxımından normal seçilmişdir, çalışmaların rəngli təsviri, məntiqi düşüncəyə əsaslanan suallar, mövzuların əlaqələndirilməsi üçün vacib sayılan, həm də ümumiləşdirici çalışmalar, şagirdlərin dinləmə qabiliyyətinin formalaşması üçün seçilmiş tapşırıqlar müəlliflərin dərslik üzərində ciddi işləmələrindən xəbər verir.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyevin imzası ilə redaksiyamıza daxil olmuş yazıda isə dərsliklərin məzmun və poliqrafik tərtibatı ilə bağlı Gəncə şəhəri ümumtəhsil məktəblərinin pedaqoji işçilərinin rəy və təklifləri ümumiləşdirilib. Məktubdan məlum olur ki, Gəncə şəhərinin təhsil işçiləri hazırda ölkəmizdə həyata keçirilən dərslik siyasətini, yeni fənn kurrikulumlarına əsasən hazırlanmış dərslikləri bəyənir və müdafiə edirlər. Məktubda son illər hazırlanaraq çap olunmuş ayrı-ayrı dərsliklər barədə Gəncə şəhər müəllimlərinin ümumiləşdirilmiş rəy və mülahizələri öz əksini tapıb.

Sumqayıt şəhər 16 nömrəli məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Rəşid Hümbətov redaksiyamıza göndərdiyi yazıya "Yeni" dərslik, yaxud köhnə dərsliyin üzü köçürülmüş variantı" başlığı qoyub. Məktubunun əvvəlində son illər ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, əldə olunan uğurlardan söz açan müəllif son vaxtlar müxalifətyönümlü mətbuat orqanlarının səhifələrində təhsilimizin inkişafına, kurrikulum islahatı ilə əlaqədar yazılan dərsliklərə, Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasına böhtan dolu yazılarla rastlaşmasından təəssüf hissi keçirdiyini bildirir. R.Hümbətov həmin yazıların çoxunun müəllifi olan Ə.Osmanlıya müraciətlə yazır: "Hörmətli Əlövsət müəllim, insanın, şəxsiyyətin böyüklüyü odur ki, o, yeniliklə köhnəliyi, yaxşı ilə pisi müqayisə edir, düzgün nəticə çıxarır və həqiqəti etiraf edir. Siz həqiqəti etiraf etmək əvəzinə, itirilmiş "şöhrətinizi" geri qaytarmağa çalışırsınız. Sizi narahat edən odur ki, on ildən çox bir vaxtda müəlliflərindən biri olduğunuz "Riyaziyyat-1" dərsliyi Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qəbul olunmamasıdır. Bu, əslində Sizi narahat etmək əvəzinə, rəqabətə, II, III, IV siniflər üçün yazılacaq "Riyaziyyat" dərsliklərini yazmağa hazırlamalı idi. Təəssüflər olsun ki, bunun əvəzində Siz Nayma Qəhrəmanova və Cəmilə Əsgərovanın yazdıqları "Riyaziyyat" dərsliyinə qara yaxmağa başladınız. Vəziyyət isə Sizin dediyiniz kimi deyildir. Mövcud dərslik sinif müəllimləri tərəfindən yaxşı qarşılanmış və müsbət rəy qazanmışdır. Həmin dərsliyin uğuru onun dil sadəliyində, başqa fənlərlə əlaqələndirilməsində, məntiqində, şagird təfəkkürünün inkişafına imkan yaratmasındadır. Mən Sizin hazırladığınız dərsliyi də əldə etmişəm, diqqətlə səhifələri vərəqləmiş, hər bir materialla tanış olmuşam. Əfsuslar olsun ki, yuxarıda sadaladığımız uğurları Sizin "Riyaziyyat-1" dərsliyində görmürük. Sizin kitabınızın dili həddindən artıq quru və cansıxıcıdır.

Dərsliyi vərəqlədikcə görürük ki, Sizin həmmüəllifi olduğunuz "Riyaziyyat-1" dərsliyi köhnə dərsliyin bir çox hallarda üzü köçürülmüş yeni nəşrindən başqa bir şey deyil. Kitabda köhnə dərslikdə olan şəkil və illüstrasiyalardan dəfələrlə istifadə olunmuşdur.

Bakı şəhər Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun əməkdaşları Raisə BağırovaArif Əhmədov öz məktublarını tamamilə Ə.Osmanlının həmmüəllif olduğu riyaziyyat dərsliyinin təhlilinə həsr ediblər. Məktubda oxuyuruq:

"Ə.Osmanlının digər müəlliflərlə birlikdə tərtib etdiyi birinci siniflər üçün "Riyaziyyat" dərsliyinə baxarkən onun yeni təlim metodlarına uyğun gəlmədiyini aydın şəkildə görürük. Dərslik ənənəvi təhsil proqramına əsaslanıb. Mövzularda və çalışmalarda heç bir yazılı izahat yoxdur. Bu da mövzuların mənimsənilməsində şagirdlər üçün böyük çətinlik yaradır.

Kürdəmir RTŞ metodkabinetinin direktoru Seyidhüseyn Qasımov, RTŞ-ın məsləhətçisi İsmayıl Mehdiyev, Beyi kənd orta məktəbinin ibtidai sinif müəllimi Səməd Bədəlov da redaksiyamıza göndərdikləri məktubda son vaxtlar "Azadlıq" qəzetinin bir sıra saylarında müəllifləri Nayma Qəhrəmanova və Cəmilə Əsgərova olan "Riyaziyyat-1" dərsliyi barədə "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlının yazılarını oxuyub dərin təəssüf hissi keçirdiklərini bildirir, Milli Kurrikulum əsasında yazılmış dərslik haqqında söylənilən bəzi qərəzli fikirlərin onları ciddi narahat etdiyi üçün bu barədə fikirlərinin ölkənin pedaqoji ictimaiyyətinə çatdırılmasını xahiş edirlər.

Məktub müəllifləri yazırlar ki, yeni  "Riyaziyyat-1" dərsliyi nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vasitədir. Burada şagirdlərin təfəkkürünü inkişaf etdirməklə əqli fəaliyyətin əsas üsulları formalaşdırılır və nəticədə şagirdlərin şəxsiyyət kimi inkişafına xidmət edilir.

Hazırladı:

Yusif ƏLİYEV