· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Obyektiv münasibət daha dəyərlidir

Azərbaycan Respublikası müstəqilliyi dövründə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olduqdan sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlətin təhsil siyasətinin əsas istiqamətləri müyyən edilərək ölkədə təhsil islahatlarının aparılmasına önəm verildi. Bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkədəki iqtisadi kapitalı insan kapitalına çevirmək haqqında fikrini bəyan edərək  təhsilə diqqət və qayğını daha da artırdı. Təhsil islahatları çərçivəsində təsdiqini tapmış "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum)" ölkədə ümumi orta təhsilin keyfiyyətini və rəqabətədavamlılığını yüksəltmək məqsədi ilə qəbul olunmuş konseptual sənəd kimi pedaqoji prosesin fəaliyyət proqramına çevrilmişdir.

ölkədəki mövcud mütərəqqi potensialı saxlamaqla dünya təcrübəsində uğurla sınaqdan çıxmış modellərə əsaslanaraq  islahatın əsas tərkib hissələrindən olan məzmun islahatlarının aparılmasına artıq başlanılmışdır. Belə ki, ibtidai təhsil pilləsi üçün fənn kurrikulumları hazırlanmış və bu kurrikulumlar əsasında  I siniflər üçün müxtəlif fənlər üzrə təlim  komplektləri yaradılmışdır. Cənab nazir Misir Mərdanov ümumtəhsil məktəblərində cari tədris ilində təhsilin yeni kurrikulumlarla başlanmasını mühüm hadisə kimi qiymətləndirmişdir. Bu proses pedaqoji kollektivlər arasında ruh yüksəkliyi yaratmış, I siniflərdə yeni fənn kurrikulumlarının tətbiqi diqqət mərkəzində dayanmışdır.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, yenicə vüsət almış dövlət əhəmiyyətli bu prosesə kölgə salmaq məqsədi ilə bəzi mətbuat səhifələrində müxtəlif səviyyəli yazılar çap olunmaqda davam edir. "Pedaqoqika" nəşriyyatının direktoru Əlövsət Osmanlının "Azadlıq" qəzetində çap olunmuş ucuz sensasiya yaratmaq təsiri bağışlayan "Mərdanovun - "Riyaziyyat-1" fəlakəti" başlıqlı silsilə məqalələrini oxuduqdan sonra vətəndaşlıq mövqeyindən çıxış edərək bir ziyalı kimi, bir peşəkar riyaziyyat müəllimi kimi bu məsələlərə öz obyektiv münasibətimi bildirməyi  qərara aldım. Müəllifin qəzetin müxtəlif saylarında çap olunmuş məqalələrində "fəlakət" adlandırdığı iradlara aydınlıq gətirmək istəyirəm.

Qəzetin 19 noyabr 2008-ci il tarixli nömrəsindəki məqalədə irad tutulan "Əşyanın yeri" mövzusu daxilində verilmiş çalışmalar (səh.10) müəyyən mənada müzakirə mövzusu ola bilər. Belə ki, bu çalışmaların tədrisinin şagird nailiyyətləri ilə nəticələnə bilməsi üçün tədrisi aparan müəllim yüksək elmi-nəzəri, metodik hazırlığa malik olmalıdır. çalışmanın məzmununun bir qədər mürəkkəb olmasını və tədrisin məhz  5-ci dərsdə tövsiyə edilməsini nəzərə alsaq, fikrimcə, bu çalışmanın tədrisi prosesində müəllim fəal əlaqələndirici rolunda çıxış etməlidir. Birincilərin məktəbəqədər təhsil mərhələsində gündəlik həyatda (kompüter oyunları, televiziya və s.) bu çalışmanın ifadə etdiyi məzmunla qismən tanış olmasına, tədrisin bu mövzuya ayrılmış 3-cü saatda aparılmasına diqqət yetirsək çalışmanın müvəffəqiyyətlə tədris ediləcəyinə əminlik yaranır. Bu çalışmanın tədris məqsədi heç də "koordinatların müəyyənləşdirilməsi" deyil. Əslində, bu çalışmanın məzmunu kurrikulumun əsas tələblərindən biri olan şaquli inteqrasiyanın yaradılması mövqeyindən çıxış edərək təhsilin növbəti mərhələlərində koordinatlarla bağlı biliklərin yaxşı mənimsənilməsinə stimul yaradacaq, həm də bu çalışma şagirdlər arasında ilk diaqnostik qiymətləndirmə nümunəsi ola bilər.

Həmin məqalədə toxunulan digər məqam dərslikdə  müəlliflərin "Toplama və çıxmanın qarşılıqlı əlaqəsi" (səh.64) mövzusu ilə bağlı verdikləri şərhin qüsurlu olmasına aiddir. Fikrimcə, bu mövzunun məzmununun şərhi induksiya metoduna əsaslanıb verilsəydi, nəticə daha uğurlu alınardı. Onu da qeyd edim ki, məqalə müəllifi bu mövzu ilə bağlı dərslikdəki şərhi qəzetdə tam vermədiyindən oxucuda bu haqda yanlış təsəvvür yaradır. Dərslikdə şərhin tam mətnini oxuduqda hər şeyi anlamaq olur. Yeni anlayış olan "Ədədlər ailəsi" vasitəsi ilə toplama və çıxmanın qarşılıqlı əlaqəsinin öyrədilməsinə aid metodik tövsiyələr müəllim üçün vəsaitdə dolğun şəkildə verilmişdir.  

Göstərilən digər irad isə dərslikdə "Həndəsi fiqurlar" (səh.72)  mövzusu ilə əlaqədardır. Xatırlatmaq istərdim ki, mövzu ilə bağlı verilmiş şərhin məqsədi üçbucaq, kvadrat, düzbucaqlı və dairə kimi sadə həndəsi fiqurlar haqqında təsəvvür yaratmaq və formasına görə bu fiqurları ayırd edə bilmək üçün ilkin biliyin verilməsindən ibarətdir. Bu mövzunun tədris məqsədi heç də paraleloqramın növlərini, ellipslə dairə arasındakı fərqi ayırd etmək deyil. Sinifdəki şagirdlərin dərketmə səviyyəsindən asılı olaraq müəllim bu mövzu ilə bağlı məzmunu bir qədər ümumiləşdirib (hərəkətli paraleloqram və çevrə modelləri üzərində) şagirdləri daha da ətraflı məlumatlandıra bilər. Mövzudakı anlayışların dəqiq təyini və xassələrinin araşdırılması isə təhsilin növbəti mərhələlərinin öhdəsində qalır.

Qəzetin 20 noyabr tarixli nömrəsində yer alan məqalədə müəllifin razılaşmadığı bir neçə çalışmanın tərtibi üzərində dayanmaq istərdim. çalışma 1-də 10 nəfər arasında sorğu keçirilir. Keçirilən sorğuya 9 şagirdin  cavab verməsi təbii haldır. Mümkün deyilmi ki, şagirdlərdən biri sorğuda təklif olunan süd, meyvə şirəsi, çayı deyil, məsələn, kofe içsin? Cədvəlin bu məzmunda tərtib olunması nöqsanlı deyil, əksinə, bu ideya əsasında qurulmuş cədvəl şagirdlərdə fərqli fikir söyləyə bilmək bacarığını formalaşdırmağa yönəldilmişdir. İrad tutulan çalışma 2-nin mətninə diqqətlə nəzər yetirilsəydi, yəqin ki, bu çalışmanın ifadə etdiyi cox gözəl mahiyyət də aydınlaşardı. Mətnə diqqət edin:

Neçə kərpic tökülmüşdür?

Əvvəlcə təxmin et. Sonra say.

Sol tərəfdəki şəkildə yerdəki kərpiclərin sayı divardan düşmüş kərpiclərin sayına bərabər verilmişdir. Sağdakı şəkildə isə yerdəki kərpiclərin sayı divardan düşmüş kərpiclərin sayından çox verilmişdir. Hər iki şəklin altında təxmini sayı və dəqiq sayı yazmaq tələbi qoyulmuşdur. çalışmanın bu məzmunda tərtib olunması şagirdlərdə  məntiqi təfəkkürün inkişaf etdirilməsinə yönəldilmişdir və problem-situasiya yaratmaq üçün yaxşı nümunədir.

Məqalə müəllifi iş dəftərində çalışma  1 (səh.58)  ilə bağlı aşağıdakı suala cavab istəyir: Hər iki tərəfində ox işarəsi qoyulmuş bu xəttin mənası nədir?" Cavab: Bu xəttin mənası ondadır ki, hər iki nümunəyə diqqət yetirdikdən sonra nəticə çıxart və uyğun misalları tərtib et.

İrad tutulan 2 və 3-cü çalışmaların (İş dəftəri, səh.53)  mətnləri qüsurludur. Belə hesab edirəm ki,dərslik müəllifləri bu çalışmaların mətnini bir daha nəzərdən keçirməlidirlər.

Qəzetin 21 noyabr tarixli nömrəsində çap olunmuş məqalədə müəllim üçün vəsaitdə (səh.95) verilmiş şərhlə bağlı tutulan iradlar bizi də narahat edir. Dərslik müəllifləri həndəsi fiqurlarla bağlı verdikləri izahat zamanı anlayışların təyinində müəyyən təhriflərə yol vermişlər. ümid etmək istərdik ki, bu məsələlərə aydınlıq gətirməkdən ötrü köməkçi materiallar hazırlanıb metodik mərkəzlərə göndəriləcək. 

Qəzetin 28 noyabr tarixli nömrəsindəki məqalədə sadalanan iradlardan biri dərslikdə "Onluqlar və təkliklər" mövzusu (səh.27)  ilə bağlı verilmiş çalışma haqqındadır. Qeyd etmək istərdim ki, yeni biliyin öyrədilməsi mərhələsində şagirdləri düşünüb tapmağa təhrik etmək məqsədi ilə bu çalışmada verilən səhv elementlərin şagirdlər tərəfindən müəyyənləşdirilməsinin nəzərdə tutulması şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin yaradılmasına yönəldilmiş düzgün addımdır. çalışmanın ifadə etdiyi standartların formalaşdırılması bir dərs üçün nəzərdə tutulmur. "11-20 arası toplama və çıxma" mövzusunun tədrisinə 28 saat vaxt ayrıldığından bu çalışmanın tədris məqsədi ədədlərin onluq və təklik tərkibi haqqında ilkin təsəvvürün verilməsinə xidmət etmiş olur. Müəllim üçün vəsaitdə yerinə yetirilməsi nəzərdə tutulmuş məşğələlərin bir dərsdə yerinə  yetirilməsi  çətinlik yarada bildiyi halda, şagirdlərin marağına uyğun seçimin aparılması məqsədəuyğun olar.

Qəzetin 29 noyabr tarixli nömrəsindəki məqalədə dərslikdə toplama və çıxma cədvəllərinin tərtib olunmasının unudulduğu irad tutulur. Belə düşünürəm ki, bu cür cədvəllərin dərslikdə hazır şəkildə verilməsi yeni kurrikulumun tələblərinə uyğun deyil, çünki cədvəllərin hazır şəkildə şagirdlərə təqdim olunması onların yaradıcılıq, tədqiqatçılıq qabilliyyətlərinin davamlı inkişafının qarşısını alır. Pedaqoqika elmində çoxdan praktik təsdiqini tapmış  bir fikri xatırlatmaq yerinə düşər: "Qulaq asdıqda-unuduram, gördükdə-yadda saxlayıram, özum etdikdə-anlayıram". Odur ki, həmin cədvəllərin mövzu ilə bağlı ümumiləşdirici dərslərin birində müəllimin bələdçiliyi ilə şagirdlər tərəfindən hazırlanması interaktiv təlim fəaliyyətinin qurulmasına nümunə ola bilər.

Məqalədə toxunulan iradlardan biri də dərsliyin 66-cı səhifəsində "ümumiləşdirici tapşırıqlar" mövzusu ilə bağlıdır. Əvvəla onu qeyd edim ki, məqalədə dərslikdəki materialın yarımçıq verilməsi oxucunu çaşdıra bilər. Dərslikdə tamlıqla şərh olunan bu mövzu 10 dairəsində şagirdlərin toplama və çıxmaya aid öyrəndikləri üsulları ümumiləşdirməklə öyrənilmiş biliklərin məntiqli şəkildə sistemləşdirilməsinə zəmin yaradır. Həm də belə ümumiləşdirici tapşırıqların dərslikdə verilməsi mövzu ilə bağlı summativ qiymətləndirilmələr aparılması üçün əsas resurslara nümunədir. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni üsul və meyarlarından çıxış edərək dərslik müəllifləri müəllim üçün vəsaitdə bu məsələyə elmi-metodik aydınlıq gətirmişlər.

Göründüyü kimi, dərslik komplekti ilə bağlı tutulan iradların mütləq əksəriyyətinin heç bir elmi-metodik əsası yoxdur. Fəaliyyət olan yerdə nöqsanların mövcud olması qaçılmaz olduğundan bu komplektdə də müəyyən nöqsanlara yol verilmişdir. Ancaq həlli mümkün olan nöqsanların şişirdilərək fəlakət adlandırılması ən azından ədalətsizlikdir. Əgər tənqid prizmasından yanaşmaq məqsəd seçilərsə, hazırda istifadə olunan və müəlliflərindən biri Əlövsət Osmanlı olan "Riyaziyyat" dərsliklərini və digər dərslikləri tənqid hədəfindən sığortalanmış hesab etmək olmaz. Əgər ümumi işimizin xeyrinə  problemlərin həllində maraqlıyıqsa, bir ziyalı kimi daha sivil yol seçilməli idi.

Məni  bir vətəndaş olaraq daha çox narahat edən milli mənəvi dəyərlərimizə göstərilən sayğısızlıqdır. Məqalələrində dərslik komplektində mövcud olan problemlərə obyektiv yanaşmaq əvəzinə daha çox həyəcan, təhqir və qəzəbin ifadə edilməsini, "Milli Kurrikulumun" "ayaqaltı" adlandırılmasını, milli dərsliklərimizin erməni dərslikləri ilə müqayisə olunmasını, müstəqil respublikamızda təhsilin inkişafında müstəsna zəhməti olan elm, nüfuz sahiblərinin  yersiz ittiham olunmasını mənəvi dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirirəm.

Əlövsət Osmanlı məqalələrinin birində məqaləsi ilə eyni səhifədə çap olunmuş Pablo Nerudanın "Söz" essesini oxumağı tövsiyə edir. Həmin essedən aşağıdakı cümlə daha çox diqqətimi cəlb etdi:

"...Onlar əbədi basdırılmış  tabutlarda, yeni açılmış çiçəyin gözündə yaşayırlar..."

Bəli, hər sözün öz çaları, hər sözün öz çəkisi, hər sözün öz ömrü olur. Dil  açıb söz deyəndə gərək elə deyə biləsən ki, əbədi basdırılmış tabutlarda yox, real həyatda yaşamaq gücünə qadir olsun, gərək elə deyəsən ki, bir çiçək ömrü yox, çiçək  təravəti, çiçək zərifliyi olsun... 

 

Müzəffər HACIYEV,

Astara rayonu, N.Əliyev adına Maşxan kənd orta məktəbinin

riyaziyyat müəllimi, N.K.Krupskaya mükafatı laureatı, 

"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi",

"İlin ən yaxşı müəllimi"