Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - 03

 
Kamalı böyük, qəlbi sadə sənətkar
 

1994-cü ilin 24 aprelindən indiyə kimi bir kitab üzərində işləyirəm. Az qala bir ömür olan bu müddətdə necə olub ki, yazıb başa çatdıra bilməmişəm... Səbəblər çoxdur. çoxəsrlik Azərbaycan və türk xalqları folkloru və poeziyasının, aşıq yaradıcılığının, etnoqrafiya və müsiqi yatırımızın bilicisi, hafizi, sələflərini dərin sevgi ilə təbliğ və təhlil edən, müdrik tədqiqatçısı olan, qüdrətli şair və alovlu vətənpərvər, türk dünyasının tanınmış sənətkar oğlu... haqqında  yazmaq heç də asan deyil, ağır, məsuliyyətli bir işdir. El məhəbbəti qazanmış sənətkar, vətəndaş, ictimai xadim haqqında qeydləri Zəlimxan Yaqubun 60 illik yubileyi ərəfəsində nəzərdən keçirirəm. 

Xalq adamıdır Zəlimxan Yaqub. Neçə il əvvəl Başkeçidin dolayından aşmış maşında neçə-neçə yurddaşımız vardı və onların neçəsi bu hadisə zamanı dünyasını dəyişmişdi. Bu kədərli xəbərin Azərbaycan mətbuatında dərc olunduğu günlərdə Zəlimxan dolmuş buluda dönmüşdü. Təsadüfən rastlaşdıq və o, həmin mərhumların qırxında iştirak eləmək üçün rayona gedirdi. Borçalının ağrılı, acılı günləri idi və ermənilərin, gürcü familiyası altında maskalanmış rəzillərin, bir də onların xaç qardaşları olan millətçi ünsürlərin təklədiyi Borçalı çalxanırdı. Bir şair dönürdü doğma yurda. İçəridə köz-köz olan bir ürək yanırdı, odlu misralar söylənməsəydi soyumayacaqdı bu ürək: "Nəymiş Allah bu Borçalı deyilən" şeiri yarandı.

Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən olan Zəlimxan Yaqub yaradıcılığı bədii-estetik dəyəri, forma və məzmun zənginliyi, mövzu və fikir müxtəlifliyi ilə yanaşı, oxucunun tarixi yaddaşını təzələməsi, klassik irsin qüdrətli ənənəsini yaşatmasına - "didaktik obrazlarla insanların zehninə və qəlbinə" təsir etməsinə görə haqlı olaraq XX əsrin qüdrətli ədəbi tənqidçilərinin diqqətini cəlb edib:

...Zəlimxan Yaqubun ata və baba ocağı - ana Borçalıdır, saz və söz ocağı - müqəddəs Göyçədir, ayrılmaz zərrəsi, qəlpəsi olduğu xalqın, millətin ocağı - Azərbaycandır. Bu şeirlərdən yayılan işıqda və ahəngdə hər üç ocağın üçünün də odunu və nəğməsini tanımaq olar.

...Sazı Qorqud kökləyib, Ələsgər çalıb, Kərəm yandırıb, Xəstə Qasım və Qul Abbas toza döndərib, Araza səpələyib. Saz Koroğlunun üsyanı, Qurbaninin qəmi, Alının öyüdü, Dədə Şəmşirin bizə vəsiyyəti olub. Onun ən müxtəlif mahnılarını bir yerə yığmaq, bədii sahmana salmaq və saza poema yazmaq isə ilk dəfə Zəlimxan Yaquba nəsib olub..." (Yaşar Qarayev).

Hər bir sənətkar, hər şeydən əvvəl, öz dövrünün, öz mühitinin oğludur və o, özü ilə bir zaman kəsiyində yaşayan söz ustaları ilə istər mənəvi-milli, istərsə də bədii-estetik qayə baxımından  əlaqəlidir. Bu əlaqə, ilk növbədə, onların tarixi hadisə və fakta, xalqın sosial-siyasi durumuna münasibətlərindəki tipoloji-bədii-estetik baxışlarda üzə çıxır, təsdiqlənir. Bu baxımdan Z.Yaqubun yaradıcılığının təsadüf etdiyi zaman X.R.Ulutürk, H.Arif, B.Vahabzadə, M.Araz, V.Səmədoğlu, Qabil, N.Xəzri və b. sənətkarların yazıb-yaratdıqları dövrlə üst-üstə düşür. Z. Yaqubun əsərlərində millilik, türkçülük, islamçılıq, istiqlal mövzuları xüsusi yer tutur.

Bunlar "Vətən" nəşriyyatının 2009-cu ildə çapdan buraxdığı "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlı ikicildlik kitabda (ümumilikdə 730 səhifəlik) toplanmış məqalələrdə təsvir, təhlil və təqdir olunmuşdur.

Zəlimxan Yaqub orta məktəb dərsliklərində əsərləri keçilən, ali məktəblərin filologiya fakültələrində tələbə auditoriyasının daimi mövzusu olan şairlərdəndir.

Bu maraq və diqqət, mütaliəyə olan tükənməz meyil bir sıra amillərlə bağlıdır: xalq şairinin əsərlərində dilimizin şirinliyi, tariximizin zənginliyi, folklorumuzun ölməzliyi, sazımızın möcüzəsi, muğamın sehri, insanlığın dəyəri, təbiət gözəlliyi, sazın-sözün qüdrəti öz bədii-fəlsəfi, tarixi-estetik əksini tapmışdır.

Şairlik İlahi nemətidir. Allahın müqəddəs kitabında "Şairlər" surəsi qəlbi İlahi nuru ilə dolu olanlara çox böyük bir həqiqəti bildirmirmi? Şairlik bəşəriyyətə xidmətdir. Z.Yaqubun poetik anlamında bu, belə mənalandırılır: 

Ətəklərin genişi, zirvələrin ucası,

çinarların nəhəngi, palıdların qocası,

Qartalların uçuşu, qayaların haçası,

Yerin, göyün ləngəri məni şair elədi!

 

...Min illik kədər yatır hər havanın bəmində,

Könüllərin ahı var kirpiklərin  nəmində.

Hönkürüb ağlamışam yasında, matəmində,

Xalqın dərdi, kədəri məni şair elədi!

 

Kökü göylərdən gəlir qəlbə daman səslərin,

Qarşısına haqq çıxar haqq axtaran kəslərin.

Ruhu Allaha bağlı əsl müqəddəslərin

Haqdan gələn xəbəri məni şair elədi!

 

Dərdi tükənməz olar sinəsi dağlı xalqın,

Əli haqdan üzülməz torpağa bağlı xalqın.

Alaçıqlı-dəyəli, aranlı-dağlı xalqın

Min-min sinədəftəri məni şair elədi!

 

Ərənlər haqq yolunda çarpışan şirə döndü,

Qəbirlər ziyarətə, ocaqlar pirə döndü.

Ozan haqq aşığına, şaman şairə döndü,

Eşqin gücü, təpəri məni şair elədi!!! 

Zəlimxan Yaqub yaradıcılığının başlıca qaynaqlarından biri el yaradıcılığı, ədəbi-estetik dəyərlərinin əsası üzvi folklorizmdir.

Z.Yaqubun şeir və poemalarında atalar sözü və məsəllər, dastanlarımızdan alınmış beyt, misra və ifadələr ümumi mətnlərlə poetik vəhdət təşkil edir. El hikməti, el həqiqəti, el tərbiyəvi fikri ilə Z.Yaqub fikri arasındakı mənəvi bağlılıq, fikri-tərbiyəvi məna və təsir motivlərinin oxşarlığı "Borçalıda qalan izlər", "Yunus İmrə" kimi poemalarda üzvi tərkib hissəsinə çevrilib. "Saz" poeması Azərbaycan ədəbiyyatında bu mövzuda qələmə alınmış monumental sənət əsəridir.

Z.Yaqub yaradıcılığındakı xalq pedaqogikası elementləri iki mənbəlidir: 1) Şairin qan yaddaşı, Borçalı ədəbi-bədii-mədəni mühitinin məhsulu olan təfəkkür və təxəyyülünün bəhrələri; 2) folklor materialları və etnoqrafik motivlərdən məqsədyönlü istifadə.

Zəlimxan Yaqub yaradıcılığında tərbiyənin aktual problemləri öz bədii-didaktik əksini tapıb. Bu baxımdan şairin "Dünyada", "Yaxşıdı", "Səbr eləmə", "Ucalığın yolu" və s. əsərləri daha çox pedaqoji-ictimai əhəmiyyətlidir. Z.Yaqub sələfi müdrik Sabirin bədii-estetik fikrinin davamı kimi müasiri olduğu gəncliyə üz tütüb, tarixi saxta yazanlara qarşı üsyankar bir ruh aşılamağı özünün qayəsi bilmişdir. Z.Yaqubun özünəməxsus lirizmlə cilalanıb naxışlanmış bu və ya digər əsərləri halallıq, saflıq, həqiqətpərəstlik, düzlük, vətən sevgisi kimi dərin hisslər aşılayır.

"Göyçə dərdi", "Vətən yaraları", "Şair harayı" kimi əsərlərində Z.Yaqub insanlığı alçaldan milli təzyiqə qarşı üsyan qaldırır, milli köləliyi pisləyir, gənclikdə bu mənəvi eybəcərliyə qarşı barışmazlıq hissi aşılayır. Bu qəbildən olan əsərlərin gənc nəslin həyata hazırlanmasında, milli mənlik şüurunun formalaşmasında, milli ləyaqət tərbiyəsində təsirli vasitə kimi rolu danılmazdır. "Zəlimxan qarğışı", "Rəsul Həmzətova məktub", "Göyçə dərdi" kimi əsərlərin doğurduğu böyük auditoriyalı oxucu marağı həmin sənət nümunələrindəki vətənpərvərlik və milli təəssübkeşliklə əlaqəlidir. Bu və ya digər poemada tarixi şərait, mənəvi-psixoloji iqlim barədə yığcam məlumat verən şair güclü yaddaş duyğusunun gücü ilə oxucusunu tərpədir, canlandırır, onu hadisələrin önündə getməyə kökləyir. Bu əsərlərdəki səfərbərlik ruhu, vətəndaşlıq harayı, didərginlik ağrısı, vətəndə vətənsizlik dərdi, babaların qəhrəmanlıq tarixçəsinə üz tutub nəsilləri bu örnəyə istiqamətləndirmək motivləri çox önəmlidir.

Təbii ki, bütöv yaradıcılığı millilik zəminində, bəşərilik, xəlqilik və müasirlik, sadəlik və fəlsəfi-estetik fikir dərinliyi ilə əriş-arğac olub naxışlanan şairin irsi böyük kamal sahibi olan, "sinəsində dumduru bir bulaq" axan, xalqa bağlı sənətkarın sadə qəlbinin nəğmələridir. 

Şamxəlil MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - 03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov