Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - 44

 

Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy

Bookmark and Share

(Əvvəli ötən sayımızda) 

Fuksun həyat yoldaşı Aleksandra Andreyevna Fuks tanınmış şair T.P.Kamenevin bacısı qızı idi. O, şairə idi. Rus dilini öyrənməkdə Kazımbəyə Aleksandra Andreyevna kömək edirdi. Qaynar Kazan həyatı Kazımbəyi qucağına almışdı. Kazımbəyin universitetdə  oxuduğu mühazirələr bir-birindən maraqlı olduğundan tələbələr onu acgözlüklə dinləyirdilər. Mirzə Kazımbəy gündə 16 saatdan çox mütaliə edir və yazı-pozu ilə məşğul olurdu. Onun Kazan Universitetində işlədiyi dövrdə universitetin elm, siyasət, tərbiyə və digər sahələr üzrə ab-havası bir o qədər də qənaətbəxş deyildi. K.F.Fuks vəfat etdikdən sonra bu vəziyyəti çarizmin sadiq nökərlərindən olan L.M.Maqnitski yaratmışdı. O, 1819-1826-cı illərdə Kazan təhsil dairəsinin Rus çarı I Aleksandr tərəfindən   popeçiteli vəzifəsinə təyin olunmuşdu. Nəhayət, təxminən, 20 ilə yaxın (1827-1846-cı illər) görkəmli rus riyaziyyatçısı və materialist alimi N.İ.Lobaçevski iyul ayının 30-da səsvermə nəticəsində universitetin rektoru seçilir.  O, ümumiyyətlə mütərəqqi fikirli, xeyirxah, materialist, vətənpərvər və həqiqətə uyğun olmayanlarla barışmayan bir insan idi.   N.İ.Lobaçevski 1828-ci il iyulun 5-də universitetin təntənəli yığıncağında söylədiyi nitqdə üzünü tələbələrə və professorlara tutaraq bildirdi ki, "Bu binaya ayaq basan gənclik burada hər hansı fikirdən məhrum olan bir cümlə də eşitməyərək müəyyən əhəmiyyəti olmayan bir söz də onun qulağına çatmayacaq. Burada bekarçılıq nəticəsində uydurulan şeylər deyil, həqiqi mənada mövcud fənlər öyrəniləcəkdir. Burada dillərin və tarixi biliklərin köməyi ilə dəqiq elmlər və təbiət elmləri tədris olunacaqdır".

Mirzə Kazımbəyin 2 il ərzində bir alim kimi keçdiyi inkişaf yolunu müşahidə edən rektor Mirzə Kazımla yaxşı münasibətdə olmaqla tezliklə onunla dostlaşdı. O, bir dəfə Kazımbəyə demişdi: "İnsan səhv edər, yalnız dəlilər dediklərindən dönmürlər".

Tezliklə Kazımbəy Lobaçevskilər ailəsinin ən sevimli qonağı oldu. Belə bir vəziyyəti görən bəzi alimlər paxıllıq edirdilər. Belə hallarda Kazımbəy rektora deyirdi: "Qulaq asın, Nikolay İvanoviç, paxıllıq haqqında Nəsirəddin Tusinin "Əxlaqi-Nasirindən" sizə bir parça oxuyum:

- "Paxıl  ən şər adama deyirlər və o, həmişə qəmli olar, çünki xalqın xeyrini görəndə kədərlənər... Paxıllığın ən murdar təhlükəli növü alimlər arasındadır... Elmdə paxıllıq ehtiyacdan deyil, adamın zatından doğulur".  Lobaçevski isə cavabında: "Gözəl deyilib, çox gözəl deyilib!" söyləmişdir.

Mirzə Kazımbəy Kazan Universitetində işlədiyi dövrdə elmi iş və tədris işləri ilə bərabər mütərrəqi adamlarla, şairlərlə, Kazana gələn qonaqlarla, A.S.Puşkinlə görüşmüş və əlaqə saxlamışdır. Hələ 17 yaşlı Lev Nikolayeviç Tolstoyu universitetə hazırlamışdır. 1838-ci il oktyabrın 19-da Kazımbəyin atası vəfat etmiş və 1839-cu ilin qışında ögey qardaşı Əbdülsəttar Kazımbəyin yanına gəlir. Həmin ilin 18 oktyabrında Əbdülsəttar Kazan Universitetinə ilk Azərbaycan dili fənnini tədris edən müəllim kimi daxil oldu.

Mirzə Kazımbəy Kazanda yaşadığı 23 ildə Peterburq həsrəti onun üçün şirin bir röyaya çevrilmişdi. O, yazırdı ki, "Peterburq mənim təsəvvürümdə əfsanəvi, əlçatmaz bir şəhərə çevrilib. Peterburq həyatı tamam başqa bir aləmdir. Mən həmişə Peterburqu görmək, orada fəaliyyət göstərmək fikri ilə yaşamışam".

Kazımbəy Peterburqa getməkdə kübar cəmiyyət kimi yaşamaq fikrində deyildi. Böyük dərya gəmiləri açıq dənizdə üzmək üçün yaranır. Mirzə Kazımbəy də çalışırdı ki, böyük şəhərdə böyük iş görsün. Nəhayət, A.S.Puşkinin, L.N.Tolstoyun, H.İ.Lobaçevski və digər mütərrəqi şəxslərin köməyi ilə 1849-cu ildə arvadı Proskovya Aleksandrovna, qızı Olqa, oğlu Aleksandr Peterburq universitetində işləmək üçün yola düşdülər. Onlar oktyabr ayının 30 -da Peterburqa çatdılar. Bir gündən sonra o, Mirzə Cəfər Topçubaşovla görüşərək həmsöhbət oldu. Mirzə Kazımbəy onun kafedrasında işləməyə başladı. Mirzə Cəfər vəfat etdikdən sonra qəzetlər yazırdılar: "Universitetdə Mirzə Cəfəri Kazımbəy əvəz edəcəkdir". O zaman Peterburqda belə deyirdilər: "Fars dili kafedrasında Mirzə Cəfəri zəmanəmizin ən görkəmli adamlarından biri, təkcə bizdə yox, bütün Asiyada və bütün Avropada tanınmış asiyalı, dərin müsəlman təhsili almış və bu təhsili əsaslı surətdə Avropa elmi ilə birləşdirə bilmiş, eyni dərəcədə ərəb, fars, türk dillərini və habelə ingilis, fransız və rus dillərini bilən və bütün bu dillərdə yazan,əsərlərini çap etdirən, Kazanda 23 illik zəhmətindən sonra oranın ümumi məhəbbətini və hörmətini qazana bilmiş Kazımbəy əvəz etdi".

Baxmayaraq ki Kazımbəyi Rusiya oğulluga götürmüşdü, lakin o, vətənini, xalqını heç vaxt unutmurdu. O yazırdı: "Vətən nədir? Vətən haradan başlayır, harda qurtarır? Deyirlər, Vətən anadır. Ananın doğması da olur, ögeyi də. Bəs Vətənin ögeyi Vətən varmı? Anası ölənə yetim deyirlər. Bəs Vətənsizə? Çox vaxt atalı-analı yetimlər olur. Bəlkə Vətən yalnız doğulduğun yerdir, ya səni dünyaya gətirənlərin yeridir, hərçənd ki, sən oranı heç görməmisən. Bəlkə Vətən o torpaqdır ki, sənə ana kimi süd verib, ata kimi çörək. Səni yetişdirib böyüdüb. Ana ilə Vətənin bir fərqi var! Ögey ana olur, amma ögey Vətən olmur. Sonradan sənə qismət olmuş, sənin əlindən tutmuş, sənə analıq etmiş uzaq bir ölkəyə ögey vətən deməzlər, ikinci Vətən deyərlər. Vətənsiz insan varmı? İnsanı Vətəndə cəlb eləyən nədir? Onun insanlarıdırmı, ya torpağı, daşı? Hər şeyi - insanları da, daşı da, suyu da, çörəyi də. Lap çılpaq qayaları da, daşları da. Ona görə insana bu yerin Vətən daşı - vətəndaşı deyirlər. Nizami Gəncəvi ömrü boyu Vətən torpağına bağlı qaldı, heç zaman onu tərk etmədi, heç ziyarətə də getmədi. Onun doğulduğu, böyüdüyü, yaşayıb yaratdığı Gəncə torpağı ömürlük müqəddəs oldu. Kazımbəyin vətəni Dərbənd idi, doğma Azərbaycanın bir guşəsi. Onun qələmə aldığı "Dərbəndnamə" əsəri də Vətənə olan böyük məhəbbətinin təzahürü idi".

Mirzə Kazımbəy Peterburqda həyat yoldaşı Proskovya Aleksandrovnanı ağır xəstəlikdən sonra itirmişdi. O, iki uşaqla tək qalmışdı - qızı 11 yaşında, oğlu 10 yaşında idi. Mirzənin də 52 yaşı tamam olmuşdu. Mirzənin dərdi böyük idi. Ancaq atasının sözləri qulaqlarında həmişə səslənirdi: "Arvadsız ev - susuz dəyirman, heç bir fərqi yoxdur. Ancaq uşaqsız ev məzardır, uşaqlı ev bazardır".

O, atasının bu sözlərinə görə bir qədər təskinlik tapırdı. Mirzə həmişə müdriklərin dediyi kəlamı əsas tuturdu. "Ağıldan borc istəyən insan heyvandan pisdir".

Mirzə Kazımbəy Vətənini, ailəsini, xalqa xidmət etməyi çox istəyirdi. O deyirdi: "Bütün insanların Vətənə və saf ailəyə ehtiyacı var. Bunu hər adam başa düşməz, hər adam dərk etməyə qadir olmaz. Bunu böyük sərkərdə Napoleon da dərk edə bilməmişdir. Dərk edə bilsəydi, yazmazdı ki, "Mənim Fransaya ehtiyacım yoxdur, Fransanın mənə ehtiyacı var". Mirzə, bu dəmdə ailəsi Proskovya ilə keçirdiyi günləri yadına saldı. Yaxşı günlər də olub, ağır günlər də. Aralarında sədaqət olub, inam olub. Düz deyiblər, əri arvadıyla sınaqdan çıxarmaq olar, arvadı da əriylə. Məhəbbət tələb edir. Ağır günlərdə arzularla yaşayıblar, arzular da onları yaşadıb. Onlar təsəllilərini əməkdə görüblər. Mirzə Proskovyanı çox sevirdi. Necə deyərlər: "Ərlə arvadın xəmiri bir yerdə yoğrulur". Onlar kasıb dolanıblar, ancaq gülər üzləri olub.

Mirzənin həyat yoldaşı, qeyd etdiyimiz kimi, öləndən sonra o, evlənmədi. Baxmayaraq müxtəlif şayiələr danışırdılar, Mirzə ancaq elmlə və uşaqların taleyi ilə məşğul idi. O deyirdi: "Fikir elmin atasıdır, söz anası, yazı isə onun həyatıdır. Əlbəttə, sözsüz bəşəriyyət bir boşluqdur. Ən qiymətli söz yerində deyilmiş sözdür. Yerində deyilməmiş söz əyri kamandan atılan oxa bənzəyir. Sözün ən qüdrətlisinə müdrik söz deyirlər. Onu da demək hər kişiyə qismət olmur. Müdrik söz cavahirə bənzəyər. Söz var bütöv, söz var yarımçıq, söz var ürək bulandırar, söz var taqətsizi ayağa qaldırar, söz var ölumə gətirib çıxarar, söz var insana elə güc, elə qüvvət verər ki, o, ölümlə üz -üzə gələr və qorxmaz. Bəd söz tez yayılar, adi söz addım-addım addımlayar". Kazımbəy dediyi sözün sahibi idi.

Bəli, Peterburq həyatı Kazımbəyə yeni dostlar, tanışlar bəxş etmişdir. Onlardan Nekrasov, Çernışevski, Puşkin, Lermontov, Belinski, Şeyx Şamil universitet həmkarları, mütərrəqi şəxslər, jurnal və digər mətbuat xadimləri var idi.

Mirzə Kazımbəyin dediyi kimi, ən maraqlı tanışlıq və görüşü Şeyx Şamillə olmuşdur.

Şeyx Şamil Mirzə Kazımbəyin hüzuruna getməyi özünə şərəf bilmişdir. Şeyx Şamil və Mirzə Kazımbəy həmişə arzulamışlar ki, bir-biri ilə görüşsünlər. Bu arzular uzun çəkməmişdir. Nəhayət, 1859-cu il oktyabrın 3-də Şeyx Şamil oğlu ilə birlikdə Kazımbəylə görüşmüşlər. Həmin ayın 6-da isə Kazımbəy Şeyx Şamilin köməkçiləri vasitəsilə məktubunu almışdır. Şamil Kazımbəydən bir neçə özünə lazım olan kitabı istəmiş və Kazımbəy həmin kitabları Şamil üçün göndərmişdir.

Nəhayət, oktyabrın 7-də Şeyx Şamil özü üçün ayrılmış yaşayış yerinə - Kaluqaya yola düşmüşdür.

Şeyx Şamil kimdir?: - Dünya  xalqlarının azadlıq mübarizəsinin  qəhrəmanları çoxdur. Lakin onlardan heç də hamısı tarixə Şeyx Şamil qədər həyəcanlı və parlaq səhifələr bəxş etməmişdir.

Şamil 9 iyul 1797-ci ildə Dağıstanın Kimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdur. Gənc yaşlarında məşhur qumuq şairi Şeyx Cəmaləddindən və başqalarından təhsil almışdır. Şeyx Şamil Dağıstan və Çeçenistanda çar müstəmləkəçiliyinə qarşı 40 ilə qədər davam edən mübarizənin rəhbəri, ərəb ədəbiyyatının gözəl bilicisi, XIX əsrin 20-ci illərindən Qazı Məhəmmədin, sonralar isə Həmzə bəyin sirdaşlarından biri olmuş, 1835-ci ildə imam seçilmiş, Dağıstan, çeçen xalqlarının milli qəhrəmanı, yüksək təşkilatçılıq, natiqlik, şəxsi igidliyi olan vətənpərvər bir insan kimi tanınmışdır. General Baryatinskinin 360 minlik qoşunu ilə Qunib-aulunda  1859-cu ilin 26 avqustunda fəxri şərtlərlə ruslara təslim olunmuşdur. O, ailəsi ilə birlikdə Kaluqaya göndərilmişdir. 1870-ci ildə II Aleksandrın icazəsi ilə o, Məkkəyə ziyarətə gedir. Rəvayətə görə o, Məkkəyə çatmamış Mədinədə vəfat etmişdir.

O, dönüş zamanı öz müridlərinə müraciət edərək deyirdi: "Ata, babalarımız  başlarında  papaq,  üzlərində bığ gəzdiriblər və vətənin qorunub saxlanılmasını da bacarıblar. Siz də papaq, bığ gəzdirirsiniz, gərək xalqını, millətini və  torpaqlarını  göz  bəbəyi  kimi  qoruyasınız".

40 il rus ali məktəblərində mühazirə oxuyan Kazımbəy rus ədəbiyyatının klassikləri də onun diqqət mərkəzində idi. Alim Puşkinin,  Nekrasovun,  Belinskinin,  Lermontovun,  Çernışevskinin,  Qriboyedovun,  Qoqolun,  Karamzinin  və digərlərinin əsərlərini dərindən öyrənir və onları digər dillərə tərcümə edirdi.

Bir gün M.Kazımbəy evində buxarının qabağında oturub dərin fikrə dalmışdı. Alovun işığında yaranmış kölgələr bir-birinin ardınca qaçır, sanki alimi onun düşüncələrindən ayırmağa çalışırdılar. Bu zaman atasının ona dəfələrlə təkrar etdiyi müdrik sözlər qulağında səsləndi: "Bu həyat bizə hədiyyə verilib, əmanət verilib. Bir gün gəlib əmanəti istəyəcəklər".  Doğrudur istəyəcəklər. İstəyəndə də soruşarlar ki, de görək bu əmanətdən necə istifadə etmisən. Kazımbəy yaxşı başa düşürdü ki, hələ çox işi yarımçıq qalıb, hələ deyilməmiş sözü çoxdur, yazılmamış səhifələri var və qatı açılmamış kitablar onu gözləyir.

O, elmlə yaşayırdı. Elə əsərlər yazdı ki, xalqına, vətəninə xidmət etsin. Belə deyirlər: "Xoşbəxt o adamdır ki, şöhrəti onun özündən çox yaşasın". Kazımbəy deyirdi: "Sən özün sərbəst olmaqla iş bitmir, çalış ətrafındakılar səndən asılı olsunlar, onların sərbəstliyini əlindən al, düşünməyə qoyma, qoy onlar sənə baş əysin, səndən çəkinsinlər, qorxsunlar. Əlbəttə elmdə, düşüncədə, hörmətdə, yaxşılıqda, insanlara münasibətdə, ağılda, bir sözlə, bütün müsbət fikirlərdə". O deyirdi: "Qərb öz siyasətilə Asiyada maarifi bərpa edə bilməz... Ölkənin islahatları ölkənin özündə doğulmalıdır".

M.Kazımbəy bir sıra əsərlər yazmışdır. Onlardan "Azərbaycan dilinin qrammatikası", "Firdovsiyə görə fars mifologiyası", "Bab və bablar", "Dərbəndnamə", "İslamın tarixi", "Müridizm və Şamil", "Azərbaycan tarixi haqqında oçerklər", "Azərbaycan sözünün mənası", "Ərəb dilinin qrammatikasından tərcümələr", "Avesta və onun Azərbaycanla əlaqəsi", "Türk-tatar dilinin qrammatikası" və s. göstərmək olar.

Bir  sözlə, M.Kazımbəy elmlə məşğul olmuşdur.  M.Kazımbəy yazır: "Mən elm, maarif, mədəniyyət və tədrisdən, digər sahələrdən, hadisələrdən tam xəbərdaram". Əgər Məhəmməd peyğəmbər xalqı elmə çağırıb və elm qapılarını onların üzünə açıbsa da yenə elmin, maarifin və digər sahələrin məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. Əvvəla bu məsələlərin cavabını imamlara istinad edilən hadisələrə əsasən verək və sonra isə işin həqiqətinə diqqət ilə baxaq: Əvvəl "Misbahüş-şəriknə" kitabında İmam Sadiq Əleyhissalamın adından deyilir: "Elm hər halətin kökü və hər bir yüksək mənzilin nihayətidir. Peyğəmbər buyurmuşdur ki, elmi (ibadət və yəqin elmin) istəmək hər bir müsəlman kişi və qadının borcudur". İmam Əli buyurubdur: "Elmi Çində də olsa tələb et. Bu da öz nəfsini bilməkdən ibarətdir ki, onun vasitəsi ilə böyük Allahı tanımış olarsınız". Peyğəmbərlər buyurubdur ki, bir adam öz nəfsini tanıyırsa, Allahı da tanıyar.

Böyük alim Mirzə Kazımbəy həmişə deyirdi: "Yüz dəfə oxumaqdansa, bir dəfə görmək yaxşıdır".

O, səfərə çıxmaq üçün çar Rusiyasının yüksək rütbəli şəxslərindən icazə ala bildi. 1869-cu il mayın 2-də Kazımbəy səfərə çıxmaq üçün Peterburqa "İngilis sahili" adlanan yerə gəldi. Qohum-qardaşlarla, dostlarla görüşdülər, bu vida dəqiqələri Kazımbəyə çox ağır idi. Gözləri doldu... Yolçu yolda gərək... Xırda gəmilərə minib, Kronştadta yola düşdülər. Kronştadtda onları "Prosski Oryol" gəmisi gözləyirdi.

Üzərində Prussiyanın sarı-qara bayrağı dalğalanan nəhəng gəmi ağır-ağır nəfəs alıb yerindən tərpəndi. Gəmi nəhayət Fin körfəzinin dalğalarını yarıb açıq dənizə çıxdı, Ştettin şəhərinə üz tutdu...

Nəhayət, Kazımbəy Ştettində qatara minib Berlinə yola düşdü. O, Almaniyadan sonra Fransaya, Londona və Avropanın bir sıra iri və xırda şəhərlərinə səyahət etmişdi. Kazımbəy 1869-cu il noyabrın 1-də altı aylıq səfərdən sonra Kronştadtda doğma torpağa ayaq basdı. O, səfərdən qayıdandan sonra xəstəliyi imkan vermədi ki, tam gücü ilə işləsin.

Mirzə Kazımbəy 1870-ci il xəstəliyinə görə noyabrın 7-də universitetin rektoruna məktub göndərdi. Məktubda yazılmışdı: "Mənim xəstəliyim getdikcə güclənir. Şərq dilləri fakültəsinin dekanlığına rəhbərlikdən imtina etməyə məcburam. Xahiş edirəm yeni dekanın seçilməsi barədə göstəriş verəsiniz". Universitetin rektorluğu M.Kazımbəyi həmin vəzifədən azad etmədi. Hələ alimin ölümündən 18 il sonra da dekanlıq vəzifəsi boş qaldı.

Böyük alim xəstə olarkən çarpayısının başında sevimli qızı Olqa, oğlu Aleksandr və çarpayının sol tərəfində Rusiya maarif naziri, ucaboy, enlikürək qraf Dmitri Tolstoy dayanmışdılar. Mirzə ağır-ağır nəfəs alırdı. Qraf üzünü Mirzəyə tutub demişdi: - "Mən əminəm ki, siz sağalıb ayağa duracaqsınız, qabaqda sizi çox işlər gözləyir".

Mirzənin üzündən xəfif bir kölgə keçdi və dedi: "Başa düşürəm qraf, amma ölüm ayağında kişiyə təskinlik verməzlər. Ölüm haqdır və haqq olduğu üçün qorxulu deyil. Yaxşı olar ki, yaxanı ölümün əlinə verməyəsən! Qraf, ölüm qorxulu deyil. Qorxulu olan gələcək nəsillərin məhkəməsidir. Gərək elə yaşayasan ki, gələcək nəsillər səni dar ağacına çəkməsinlər".

Axşam yetdi, xəstənin halı tamamilə dəyişdi. Mirzə ürəyində balalarının gələcəyinin necə olacağını düşünürdü.

Nəhayət, 1870-ci il noyabrın 27-də axşam saat 10-da 68 yaşlı böyük alim, Azərbaycan şərqşünası, maarifçi rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazımbəy Aleksandr Qasım oğlu əbədi olaraq gözlərini yumdu.

Noyabrın 28-də Peterburq qəzetləri alimin ölüm xəbərini öz səhifələrində dərc etdilər. Cənazə qoyulmuş universitet zalı, koridorları, universitet meydanı alimlərlə, tələbələrlə, alimi yaxından-uzaqdan tanıyanlarla dolu idi. Maarif naziri öz işçiləri ilə, xarici işlər nazirliyinin, qəzet və jurnallarının əməkdaşları da burada idilər. Cənazəni xüsusi vaqonla Pavlovska apardılar. Pavlovsk qəbiristanlığında matəm mitinqi oldu. Mitinqi maarif naziri Dmitri Tolstoy açdı. Alim haqqında nitq söylədi, dedi ki, böyük alimin ölümü Rusiya elmi üçün çox ağır itkidir. Sonra qraf İlya Berezin və universitetin rektoru danışdılar. Rektor dedi: - "Faydalı elmi pedaqoji fəaliyyəti, dərin humanist xarakteri və nəcib xasiyyəti ilə elmi Şura üzvlərinə yaxşı məlum olan M.Kazımbəyin simasında Peterburq universiteti ağır və əvəzolunmaz bir itkiyə məruz qalmışdır. M.Kazımbəyin surəti onu səmimi-qəlbdən sevən yoldaşların xatirindən heç zaman silinməyəcəkdir.

Nə qədər ki, Şərq haqqında məlumatlar araşdırılacaq - bu isə heç vaxt qurtarmayacaq, Kazımbəy ağır minnətdarlıq duyğusu ilə yad ediləcəkdir".

Müdriklərimiz yaxşı deyiblər: "Sən ey bu günün və gələcəyin xoşbəxt nəsilləri, gözüaçıq, alnıaçıq, pak, xeyirxah ol, vətənin, torpağın, saflığın keşiyində dur, keçmişini unutma və gələcəyin qurulması üçün var-qüvvəni sərf et".

Hər kəs onu da bilsin ki, mərd, ölümdən qorxmayan şəxs və yaxud millət heç vaxt ölməyir! 

Məmmədağa RZAYEV,
Təhsil Problemləri İnstitutunun böyük  elmi işçisi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov