Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı
Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional
Mərkəzindən AzərTAc-a bildirmişlər ki,
Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya
Azərbaycanlı Gənclərinin (DAG) I konqresinin
açılış mərasimində DƏ-İKGF-nin baş katibi, səfir
Elşad İsgəndərov təbrik nitqi ilə çıxış
etmişdir.
E.İsgəndərov xaricdə təhsil alan azərbaycanlı
tələbələri və diasporun gənc fəallarını
ölkəmizin milli maraqlarının qorunmasında,
xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında məlumatların yaşadıqları və
təhsil aldıqları ölkələrin ictimaiyyətinə
çatdırılması işində fəal iştirak etməyə
çağırmışdır.
Baş katib İKGF-nin mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət"
kampaniyasının vacibliyini vurğulayaraq,
azərbaycanlı gəncləri Xocalı faciəsinin
insanlığa qarşı cinayət kimi tanınması üzrə
aparılan işlərdə fəal olmağa çağırmışdır.
E.İsgəndərovun sədrliyi ilə keçirilmiş
"Mədəniyyətlərarası dialoqun inkişafında
gənclərin rolu" işçi qrupunda kampaniyanın
əlaqələndiricisi, Kolumbiya Universitetinin
məzunu Nicat Məmmədli 2008-ci ildən etibarən
"Xocalıya ədalət" kampaniyası çərçivəsində
görülmüş işlər barədə məlumat vermişdir. İşçi
qrupunun iştirakçıları DƏ-İKGF-nin BMT
Sivilizasiyaların İttifaqı prosesində rolu, o
cümlədən 2011-ci ildə Bakıda keçirilməsi
planlaşdırılan Qlobal Gənclər Sivilizasiyaların
İttifaqı Uğrunda Hərəkatının təsis qurultayı ilə
bağlı görülən işlər haqqında danışmışdır.
Tədbirin yekunlarına dair qəbul olunmuş sənəddə
"Xocalıya ədalət" kampaniyasına dəstək ifadə
olunmuş, xaricdə yaşayan azərbaycanlı gənclərin
kampaniyanın həyata keçirilməsində fəal
iştirakının vacibliyi vurğulanmışdır. |