
Ali təhsil sistemində müşahidə edilən yeni dəyişikliklərdən biri bəzi ali məktəblərin müəyyən ixtisaslarında dərs günlərinin azaldılaraq 4 günlük tədris modelinə keçilməsidir. Məqsəd yalnız cədvəli qısaltmaq deyil, tədris prosesini daha çevik, səmərəli və müasir təhsil standartlarına uyğunlaşdırmaqdır.
”Tələbələr proqramı daha az dərs günü ilə də səmərəli şəkildə mənimsəyə bilirlər”
Mövzunun aktuallığını nəzərə alaraq, bir neçə universitetə sorğu göndərdik. UNEC-in Rəqəmsal Təhsil Mərkəzinin direktoru Kəminə Cəbrayılova “Azərbaycan müəllimi”nə bildirib ki, bu ali məktəbdə bakalavriat səviyyəsində tələbələrin həftəlik dərs qrafiki 4 gün müəyyən edilib. Qeyri-ixtisas fənləri isə onlayn formatda tədris olunduqda bu müddət bəzən 3 günə qədər enir.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən tədris standartları və planları beynəlxalq standartlara uyğun şəkildə yenilənib: “Məhz bu səbəbdən dərs günlərinin sayı 4 olaraq müəyyən edilib. Fənlərin sayı, auditoriyadaxili və auditoriyadan kənar yüklərin həcmi beynəlxalq təcrübə əsasında hesablanıb, fənn proqramları isə bu yanaşmaya uyğun tərtib olunub. Plan hazırlanarkən tələbələrin könüllülük fəaliyyəti və digər inkişaf imkanları da nəzərə alınıb”.
Kəminə Cəbrayılova qeyd edib ki, müəllimlərin dərs yükü “Tədris yükünün müəyyən edilməsi haqqında” qaydalara əsasən hesablanır. Dərs günlərinin azaldılması müəllimlər üçün əlavə məsləhət saatları və görüşlər keçirmək imkanı yaradır: “Tələbələr proqramı daha az dərs günü ilə də səmərəli şəkildə mənimsəyə bilirlər. Bunun əsas səbəbi fənn proqramlarında təkrarlanan mövzuların aradan qaldırılması və strukturun daha məqsədyönlü şəkildə qurulmasıdır. Beləliklə, tədris prosesi həm tələbələr, həm də müəllimlər üçün daha çevik və effektiv olur. Bu standartlar yalnız universitetin qərarından asılı deyil, müəyyən edilmiş dövlət qaydaları çərçivəsində tənzimlənir. Bununla belə, bu fənlərin əcnəbi tələbələr üçün ayrıca keçirilməsi zəruri olaraq qalır”.
“Jurnalistika” və digər bəzi ixtisaslarda dərslər artıq 4 gün keçiririlir
2025-2026-cı tədris ilinin payız semestrindən Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsində “Jurnalistika” və digər bəzi ixtisaslarda həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib. Universitetdən bildirilib ki, ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə həftəlik dərs yükü mövcud qaydalara əsasən, 20-22 saat müəyyən edilib. BDU-da dərs cədvəllərinin 4 və ya 5 iş gününə uyğun tərtib edilməsi bu qaydalara tam uyğundur.
Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, hazırda universitetdə dərslər 5 gün davam edir: “AzTU-da bakalavriat səviyyəsində dərslər 5 gün keçirilir. Əgər hər hansı dəyişiklik edilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Beləliklə, bəzi universitetlər artıq 4 günlük dərs rejiminə keçid edib, bəziləri isə hələ ənənəvi 5 günlük sistemi qoruyur. Bəs dərs günlərinin azaldılması tələbələrin tədris keyfiyyətinə, müəllimlərin iş yükünə və ümumi təhsil mühitinə necə təsir göstərə bilər?
”Bu yanaşma bütün ixtisaslara şamil edilmir, əsasən qeyri-ixtisas, xüsusilə humanitar fənlərə aid edilir”
Məsələ ilə bağlı təhsil eksperti Vüsal Kərimli “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, belə tədris prosesləri dünyanın müxtəlif ölkələrində, xüsusilə Türkiyədə geniş tətbiq olunur: “Bu yanaşma bütün ixtisaslara şamil edilmir, əsasən qeyri-ixtisas, xüsusilə humanitar, məsələn, tarix, konstitusiya və digər oxşar fənlərə aid edilir. Tələbələr ali təhsil müddətində ixtisasdan əlavə bu fənləri onlayn formatda, yəni hibrid təhsil şəklində öyrənə bilərlər. Dünyanın bir çox yerlərində, xüsusən Türkiyədə, dərslər sinxron və ya asinxron şəkildə keçirilir: müəllim canlı dərs deyə bilər və ya əvvəlcədən hazırlanmış videodərslər vasitəsilə tələbələr mövzuları öyrənirlər”.
“Gələcəkdə bu yanaşmanın tətbiqi genişlənə bilər”
O qeyd edib ki, bu modelin təhsilə heç bir ziyanı yoxdur, əksinə, bir çox üstünlükləri mövcuddur: “Məncə, Azərbaycanda da ali təhsil sistemində gələcəkdə bu yanaşmanın tətbiqi genişlənə bilər. Hazırda bu istiqamətdə pilot təcrübələr aparılır və onların nəticələri təhlil olunur. Təcrübə kifayət qədər maraqlıdır. Onun müsbət tərəflərinə tələbənin auditoriyaya fiziki olaraq daha az gəlib-getməsi, şəhərdə nəqliyyat sıxlığının azalması, ətraf mühitin qorunmasına töhfə verilməsi və tələbələrin nəqliyyat və digər əlavə xərclərdən azad olması daxildir. Gələcək peşə hazırlığına bu modelin birbaşa mənfi və ya müsbət təsiri yoxdur. Ümumilikdə, belə dərslər zamanı ciddi problem müşahidə edilmir, əksinə, sayı artırılsa, təhsildə daha müsbət dinamika müşahidə oluna bilər”.
”Tələbənin yalnız humanitar fənlər üçün universitetə fiziki olaraq gəlməsinə ehtiyac yoxdur”
Mütəxəssis vurğulayıb ki, universitetlərin əksəriyyəti Bakıda yerləşdiyi üçün sıxlıq və logistika baxımından əlavə problemlər yaradır: “Nəticə olaraq, bəzi qeyri-ixtisas fənlərinin tamamilə onlayn keçirilməsi və bu təcrübənin genişləndirilməsi müsbət addım hesab olunur. Bu yanaşma bir daha göstərir ki, təhsil sistemində 4-5 günlük dərs həftəsi əvəzinə 4 günlük dərs modelinə keçmək mümkündür. Yenə də vurğulamaq lazımdır ki, tələbənin yalnız humanitar fənlər üçün universitetə fiziki olaraq gəlməsinə ehtiyac yoxdur. Əslində, təhsil müddətinin 4 il deyil, 3 il olması daha məqsədəuyğundur. Çünki 4 ilin bir ili əsasən ixtisasla əlaqəli olmayan, humanitar və ümumi fənlərə həsr olunur. Bu fənlərin onlayn şəkildə tədris edilməsi belə tələbənin təhsil keyfiyyətinə mənfi təsir göstərmir, əksinə zaman və resurs baxımından daha səmərəli olur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər