Bütün xəbərlər
11 iyul, 16:23

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. 

Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər.

"Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.

Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.
O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.

Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:

“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.

Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.

“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.

Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:

“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.

Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:

“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.

MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:

“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.