Bütün xəbərlər
15 aprel, 11:11

“Azərbaycan müəllimi” Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ilə müsahibəni təqdim edir.

“Tədqiqata yanaşmamız tədrislə birbaşa bağlıdır”

– Anar müəllim, BSU-nun gələcək inkişaf strategiyası nələri əhatə edir və universitetin respublika və beynəlxalq təhsil məkanında mövqeyini gücləndirmək məqsədilə hansı institusional islahatlar, akademik yeniliklər və beynəlxalq əməkdaşlıq təşəbbüsləri planlaşdırılır?

– 2030-cu ilə qədər “BSU 2030: Strateji İnkişaf Planı”nda həm öyrənmə, həm tədqiqat, həm də bütövlükdə universitetin inkişafı kontekstində bir çox məsələlər qarşıya hədəf olaraq qoyulub. Biz keyfiyyətli təhsilin təşkili baxımından kifayət qədər uğurlu addımlar atırıq. Universitetdə müxtəlif kafedralarda və fakültələrdə həyata keçirilən tədris prosesi müasir təhsil yanaşmaları və səriştə əsaslı təhsilin təşkili baxımından Azərbaycanın iqtisadiyyatı və cəmiyyətinin tələbləri, eləcə də əmək bazarının çağırışları kontekstində qurulmaqdadır. Bu istiqamətdə müxtəlif daxili sənədlərimiz, mexanizmlərimiz və strukturlarımız mövcuddur.

Bakı Slavyan Universitetinin pedaqoji, sosial və filoloji sahələr üzrə qarşıya qoyduğu əsas hədəflərdən biri inklüziv təhsilin təşviqi, tətbiqi və universitetdə inklüziv təhsil mühitinin formalaşdırılmasıdır. Bu, universitetin “BSU 2030: Strateji İnkişaf Planı”nda əksini tapmış əsas istiqamətlərdəndir. Bu istiqamətdə universitetdə son dövrlərdə əhəmiyyətli nəticələr əldə olunub.

Digər mühüm hədəflərimizdən biri isə öyrənmə prosesinin idarə olunmasının, onun şəffaflığının və obyektivliyinin təmin edilməsi, ümumilikdə təhsilin səmərəliliyinin artırılmasıdır. Bu, həm təhsil alanlar, həm təhsil verənlər, həm də ümumi inzibati heyət üçün daha əlverişli və effektiv sistemin qurulmasını nəzərdə tutur. Bu məqsədlə “Rəqəmsal BSU” layihəsi həyata keçirilir. “Rəqəmsal BSU” universitetin təlim, tədris, tədqiqat və idarəetmə sahələrində bütün prosesləri rəqəmsal platformalar üzərindən idarə etməsini təmin edən müasir yanaşmadır.

Tədqiqata yanaşmamız isə tədrisə birbaşa bağlıdır. Bakı Slavyan Universiteti yarandığı ilk gündən etibarən Slavyanşünaslıq sahəsində yalnız Azərbaycanda deyil, bütövlükdə regionda aparıcı ali təhsil müəssisələrindən biri kimi tanınır. Universitetimizdə müxtəlif Slavyan ölkələrinin dilləri, mədəniyyəti, ədəbiyyatı və siyasi sistemləri öyrənilir. Bu sahələr üzrə mütəxəssislər, xüsusilə həmin dilləri bilən və tərcümə edə bilən peşəkarlar hazırlanır. Eyni zamanda, Slavyan dünyasına dair geniş biliklərə malik regionşünas mütəxəssislər də yetişdirilir. Bu istiqamətlər üzrə fəaliyyət universitetimizin müxtəlif fakültələrində həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk və yeganə olan Balkanşünaslıq kafedrası məhz universitetimizdə yaradılıb. Bu kafedra yeni yaranmış və sürətlə inkişaf edən istiqamətlərdən biridir.

“Növbəti tədris ilindən başlayaraq BSU-nun bütün fakültələrində təlim, tədris və öyrənmə proseslərinin elektron resurslar vasitəsilə rəqəmsal əsasda idarə olunması nəzərdə tutulur.”

– Qeyd etdiyiniz, “Rəqəmsal BSU” layihəsi nə zaman tam tətbiq olunacaq?

– Bu məqsədlə artıq bir neçə modul üzrə fəaliyyətimiz yekunlaşıb. Fakültələrimizin birində pilot layihə olaraq uğurla həyata keçirilib. Artıq sentyabra qədər digər fakültələrdə də pilot mərhələlərin keçirilməsi, sentyabrdan etibarən isə bütün fakültələrimizdə növbəti tədris ilindən başlayaraq qiymətləndirmənin elektron jurnallar əsasında aparılması və ümumilikdə təlim, tədris və öyrənmə proseslərinin elektron resurslar vasitəsilə rəqəmsal əsasda idarə olunması nəzərdə tutulur.

"İstəyirik ki, kafedralar yalnız dərs keçilən məkanlar olmasın, onlar həm də tədqiqat mərkəzlərinə çevrilsin”

– Universitetlərin tədqiqat mühiti kimi fəaliyyət göstərməsi tez-tez vurğulanır. Bakı Slavyan Universitetində təhsil və tədqiqat arasında əlaqə hansı səviyyədə qurulub?

– Bu dövrün əmək bazarına və cəmiyyətin inkişaf sferasına baxışı əvvəlkilərdən köklü şəkildə fərqlənir. İnformasiya və bilik indiki zamanda son dərəcə sürətli və asan şəkildə ötürülə bilir – telefonlar, planşetlər, digər rəqəmsal vasitələr bu prosesi sürətləndirir. Bu reallıq fonunda kadr hazırlığına və elmi yaradıcılığa yanaşmamız da dəyişməlidir. Bu məsələlər bir-birindən ayrı deyil. Elm, elmi yaradıcılıq və tədqiqat, təlim-tərbiyə proseslərindən kənarda dayana bilməz. Əksinə, bu proseslər bir-birini tamamlayaraq qarşılıqlı şəkildə inkişaf etməlidir.

Bu baxımdan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət siyasətləri və dəstək layihələri xüsusilə diqqətəlayiqdir. BSU-nun daxilində də bu istiqamətdə bir sıra stimullaşdırıcı mexanizmlər mövcuddur. Məsələn, 2022-ci ildə biz universitetdə gənc tədqiqatçıların layihələrinin stimullaşdırılması məqsədilə xüsusi bir mexanizm yaratdıq.

Bakı Slavyan Universitetində tətbiq olunan bu stimullaşdırma mexanizminin əsas məqsədi gənc tədqiqatçıların apardıqları elmi işlərin beynəlxalq elmi platformalarda – xüsusilə də “Scopus”, “Google Scholar” və digər nüfuzlu indekslərdə nəşr edilməsini təşviq etmək idi. Bu, bizim üçün ilkin bir təşəbbüs idi və düşünürəm ki, kifayət qədər uğurlu nəticələr verdi.

Aparılmış təhlillər və təcrübə bizə göstərdi ki, bu istiqamətdə işləri daha da genişləndirmək mümkündür və zəruridir. Məhz bu nəticələrə əsaslanaraq, artıq 2024–2025-ci tədris ili üçün universitetin Elmi Şurasının qərarı ilə yeni stimullaşdırma mexanizmləri tətbiq olunmağa başlanıb. Artıq müəlliflərimizin beynəlxalq elmi bazalarda məqalələrinin nəşri daha sistemli və sürətli şəkildə baş verməsi üçün çalışırıq.

Lakin burada bir vacib məqamı da qeyd etmək istərdim. Bizim əsas məqsədimiz yalnız məqalələrin çapı və ya onların beynəlxalq bazalarda yer alması deyil. Bu, sadəcə gedilən yolun bir mərhələsidir. Bizim baxışımız daha genişdir. Biz tədqiqat spektrinin genişləndirilməsini, tədqiqatların yalnız formalaşdırılması deyil, onların dərinləşdirilməsini və praktik nəticələrə yönəldilməsini əsas hədəf kimi görürük.

Dillərlə bağlı tədqiqatlardan tutmuş regional kontekstlərdə aparılan araşdırmalara qədər geniş bir sahəni əhatə edən elmi işlər mövcuddur. Bu işlərin universitet daxilində daha əlverişli və stimullaşdırıcı mühitdə aparılması olduqca vacibdir. Biz istəyirik ki, kafedralar yalnız dərs keçilən məkanlar olmasın, onlar həm də tədqiqat mərkəzlərinə çevrilsin, hər bir əməkdaş həm də tədqiqatçı kimi fəaliyyət göstərsin. Çünki universitet yalnız tədris müəssisəsi deyil, eyni zamanda elmin inkişaf etdiyi canlı bir məkandır.

Əlbəttə ki, bizim tətbiq etdiyimiz stimullaşdırma mexanizmləri yalnız məqalələrin çapı ilə yekunlaşmır. Əsas məqsədimiz bu tədqiqatların nəticələrinin praktik tətbiqinə nail olmaq, onları cəmiyyət və təhsil mühiti üçün faydalı hala gətirməkdir. Məhz bu baxımdan stimullaşdırma mexanizmlərimizin əsas hədəfi daima daha geniş və nəticəyönümlü yanaşmanı təmin etməkdir.

Hazırda universitet daxilində fəaliyyət göstərən xüsusi komissiya bir neçə istiqamət üzrə fəal iş aparır. Buraya həm müəlliflərin birgə monoqrafiyalarının nəşri, həm müxtəlif mövzularda kitabların çapı və metodik vəsaitlərin hazırlanması daxildir. Yaxın aylarda bu istiqamətdə bir neçə nəşrin ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu da stimullaşdırma çərçivəsində həyata keçirilən və ali təhsildə elmi fəaliyyətin görünən nəticələrindən biri olacaq.

Paralel olaraq, bu il BSU-nun “Elmi əsərlər” jurnalının yubiley ilidir. Bu jurnal 1955-ci ildən nəşr olunmağa başlayıb və 70 illik yubileyini qeyd etməyə hazırlaşırıq. Uzun illər ərzində formalaşan və inkişaf edən jurnalımız bu gün artıq elmi ictimaiyyət tərəfindən tanınan və nüfuzlu bir elmi nəşrə çevrilib. Eyni zamanda, jurnal bir sıra beynəlxalq elmi bazalarda indekslənib.

Qeyd etmək istərdim ki, 2023-cü ildə BSU-da Yüksək Təhsil Mərkəzi yaradılıb. Bu mərkəz Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin 7 və 8-ci səviyyələrinə – yəni magistratura və doktorantura səviyyələrinə uyğun olaraq fəaliyyət göstərir. Onun əsas funksiyası bu səviyyələrdə təhsilin və tədqiqat fəaliyyətinin təşkili, keyfiyyətinin artırılması və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işləri əlaqələndirməkdir.

Yüksək Təhsil Mərkəzinin fəaliyyəti, əslində, hər birimizə tanış olan “RDI” – yəni “Tədqiqat, İnkişaf və İnnovasiya” konsepsiyası çərçivəsində həyata keçirilir. Biz bu yanaşma ilə ali təhsildə tədqiqat fəaliyyətinin təşkili və idarə olunmasına sistemli şəkildə yanaşmağa çalışırıq. Bu isə həm təhsilin keyfiyyətinə, həm də elmi nəticələrin effektivliyinə müsbət təsir göstərir.

Hal-hazırda universitet daxilində bir neçə elmi laboratoriya fəaliyyət göstərir. Onlardan biri Azərbaycanşünaslıq məsələlərinin tədqiqi ilə məşğuldur. Bu laboratoriya müasir dövrün aktual problemləri çərçivəsində Azərbaycanla bağlı araşdırmalar aparır.

Digər bir laboratoriyamız isə tərcümə və lüğətçilik sahəsinə həsr olunub. Burada müasir leksikografik yanaşmalar tətbiq olunmaqla tərcümə fəaliyyətinin elmi əsasları üzərində işlər görülür.

Ən son yaradılan laboratoriyamız isə Qərbi Azərbaycan Elmi Tədqiqatlar Mərkəzidir. Bu laboratoriyanın əsas fəaliyyəti elmi resursların toplanması, tədqiqatların aparılması, dərslərin təşkili, konfransların keçirilməsi və digər elmi tədbirlərin planlaşdırılmasıdır. Bu istiqamətdə həm yerli, həm də beynəlxalq elmi ictimaiyyətlə əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Hazırda inklüziv dərslərin təşkili ilə bağlı ayrıca bir elmi-tədqiqat mərkəzinin və ya laboratoriyanın, yaxud daha geniş formada bir kafedranın yaradılması da müzakirə olunur. Elmi Şura bu məsələni artıq bir neçə dəfə müzakirə edib və ilkin sənədlər hazırlanıb. Gözlənilir ki, bu il Elmi Şuranın bir iclasında bu təşəbbüs rəsmiləşdiriləcək.

“Psixologiya” ixtisasına ilk ilindən 100% dövlət sifarişi əsasında qəbul həyata keçirilir və növbəti illərdə də öz populyarlığını qoruyub saxlamaqdadır”

– Yeni ixtisasların tədrisi üçün pedaqoji kadrların hazırlanması və müvafiq proqramların təkmilləşdirilməsi üçün hansı tədbirlər həyata keçirilir?

– Təhsil proqramlarının yenilənməsi istiqamətində biz inklüziv təhsillə bağlı təşəbbüsləri də irəli sürmüşük. Son üç il ərzində Bakı Slavyan Universitetində həm bakalavriat, həm də magistratura səviyyəsində bir sıra yeni ixtisaslar üzrə qəbul həyata keçirilir.

Bakalavriat səviyyəsində “Psixologiya”, “Korreksiyaedici təlim”, “Filologiya (türk dili və ədəbiyyatı)”, “Politologiya” və “Tarix müəllimliyi” ixtisasları açılıb. Magistratura səviyyəsində isə “Tərcümə (fransız dili)”, “Türk dili və filologiyası” ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə tədris prosesi uğurla təşkil olunur və kifayət qədər yüksək nəticələr əldə edilir.

Xüsusilə qeyd etməliyəm ki, “Filologiya (türk dili və ədəbiyyatı)” ixtisasına maraq və qəbul göstəriciləri yüksək səviyyədədir. “Psixologiya” ixtisasına isə artıq ilk ilində 100% dövlət sifarişi əsasında qəbul həyata keçirilir və növbəti illərdə də  öz populyarlığını qoruyub saxlamaqdadır.

Əlavə təhsil, yəni ikinci ali təhsil istiqamətində bizə edilən müraciətlərin böyük əksəriyyəti “Psixologiya”, “Beynəlxalq münasibətlər”, “Filologiya” kimi ixtisaslara yönəlib. Bu ixtisaslara həm klassik təhsil formasında, həm də əlavə təhsil kontekstində cəmiyyət tərəfindən kifayət qədər böyük maraq göstərilir. Hazırda isə bizim təhsil proqramlarımız yenilənmə mərhələsindədir.

“Universitetimizdə bundan sonra regionşünaslıq daha çox ölkə mərkəzli deyil, konkret regionlar üzrə aparılacaq"

– Universitetdə erməni dilinin tədris olunması ilə bağlı plan var idi. Bu plan hələ də gündəmdədir?

– Gəlin belə deyək: 2025–2026-cı tədris ilindən başlayaraq regionşünaslıq istiqamətində yeni bir mərhələyə qədəm qoymağı planlaşdırırıq. Bu məqsədlə artıq müvafiq təhsil proqramları üzrə sifarişlərimizi Elm və Təhsil Nazirliyinə təqdim etmişik. Universitetimizdə bundan sonra regionşünaslıq daha çox ölkə mərkəzli deyil, konkret regionlar üzrə aparılacaq. Bu yanaşma çərçivəsində ilk olaraq Mərkəzi Asiya regionu üzrə tədrisə başlamağı nəzərdə tutmuşuq. Həmin region üzrə təqdim ediləcək xarici dil özbək dili olacaq. Bu istiqamətdə artıq Özbəkistandakı tərəfdaşlarımızla ilkin razılaşmalar əldə olunub. Oradan dəvət ediləcək müəllimlərin siyahısı müəyyənləşib. Regionşünaslıq çərçivəsində tələbələrə özbək dili xarici dil kimi tədris olunacaq.

Bundan əlavə, Türkologiya kafedramızın əməkdaşlarından biri bir illik elmi ezamiyyətlə Özbəkistana göndəriləcək. Məqsəd həmin əməkdaşın özbək dilini dərindən öyrənməsi və universitetimizin özbək dili üzrə kadr potensialının formalaşdırılmasıdır.

Daha bir mühüm yenilik isə 2026–2027-ci tədris ilində “Qafqazşünaslıq” ixtisasının açılması planıdır. Bu istiqamətdə də hazırlıq işləri görülür. Qafqazşünaslıq çərçivəsində təklif ediləcək xarici dillərdən birinin erməni dili olması nəzərdə tutulur.

““Qərbi Azərbaycana qayıdış” konsepsiyası Bakı Slavyan Universitetində tədris olunan bütün slavyan dillərinə tərcümə edilib”

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının BSU-nun təhsil strategiyalarına inteqrasiyası hansı əsas istiqamətləri əhatə edəcək? Bu istiqamətdə BSU-da yeni açılan Qərbi Azərbaycan Tədqiqatları Mərkəzinin və universitetin professor-müəllim heyətinin rolu nədən ibarət olacaq?

– Bizim elmi mühitdə Qərbi Azərbaycan tarixi və Qərbi Azərbaycan mədəniyyəti istiqamətində tədqiqatların stimullaşdırılması üçün yeni bir mexanizm formalaşıb. Artıq həmkarlarımız seçmə fənlər hazırlayıb, dərsliklər üzərində çalışır, bu istiqamətdə elmi məqalələr yazırlar. Bu prosesin nəticəsi olaraq universitetimizin Türkologiya kafedrasında və Pedoqogika və Psixologiya kafedrasında ilk təşəbbüslər həyata keçirilib. Müəlliflərin monoqrafiyaları hazırlanıb və bu monoqrafiyalar sözügedən stimullaşdırıcı mexanizmin tərkib hissəsinə çevrilib.

Bakı Slavyan Universitetində 2024-cü ilin sentyabr ayında Qərbi Azərbaycan İcması ilə yaxından işləməyi planlaşdıran Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Mərkəzin metodoloji bazasının formalaşmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq mərkəzinin mühüm rolu olub. Universitetimizdə mövcud olan dillər üzərindən metodoloji formatımızı formalaşdırmağa çalışırıq.

2025-ci il fevralın 13-də Bakı Slavyan Universitetində “Qərbi Azərbaycan Tədqiqatlarda” mövzusunda böyük bir konfrans keçirildi. Konfransın əsas məqsədi Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların istiqamətini müəyyənləşdirmək, bu sahədəki tələbatları və gələcək perspektivləri müzakirə etmək idi.
Konfrans çərçivəsində bir çox mühüm məsələlər müzakirə olundu. Qərbi Azərbaycanla bağlı tədqiqatların slavyan dillərində tərcümə edilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları da diqqət mərkəzində oldu. Məsələn, Qərbi Azərbaycanla bağlı tədqiqatların müxtəlif slavyan dillərində dərc olunması, bu dillərdəki mənbələrin işlənməsi və tərcüməsi, xüsusilə də rusdilli arxiv materiallarının tədqiqi və tərcüməsi önəmli məsələlərdəndir. Buraya həm də bizim mövcud imkanlarımız, elmi potensialımız və bu sahədə göstərə biləcəyimiz güc də daxildir. Bu istiqamətdə hələ görüləsi xeyli iş var.

Sevindirici haldır ki, həmkarlarımız artıq “Qərbi Azərbaycana qayıdış” konsepsiyasını universitetimizdə tədris olunan bütün slavyan dillərinə tərcümə ediblər. Biz hesab edirik ki, bu təşəbbüs bu sahəyə verilən ilk dəyərli töhfələrdən biri olacaq. Hazırda bir sıra vəsaitlər də hazırlanır və nəşr prosesindədir. Türkologiya kafedrasındakı həmkarlarımız, Qərbi Azərbaycan mövzusunda monoqrafiyalar yazıblar. Bu monoqrafiyalardan biri "Qərbi Azərbaycan Şüvələri" mövzusunda yazılıb və hazırda rəy prosesindədir. Yaxın aylarda nəşr olunması gözlənilir. Eyni zamanda, digər monoqrafiyalar da tezliklə işıq üzü görəcək.

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

– Xarici tələbələrin cəlb edilməsindən danışsaq, bununla bağlı məlumatları bölüşə bilərsiniz? Neçə xarici tələbəniz var və əsasən hansı ixtisaslarda təhsil alırlar?

– Bakı Slavyan Universitetində 154 əcnəbi tələbə təhsil alır, onlar əsasən Filologiya (Rus dili və ədəbiyyatı), Rus dili və ədəbiyyatımüəllimi, Filologiya (İngilis dili və ədəbiyyatı), Beynəlxalq münasibətlər, ibtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (İngilis dili) ixtisaslarında təhsil alırlar.

Qeyd edim ki, Bakı Slavyan Universiteti 2023-cü ildə Elm və Təhsil Nazirinin əmri ilə “Əcnəbi tələbələrlə işin təşkili” sahəsində fərqlənən 5 ali təhsil müəssisəsindən biri adına layiq görülüb. Əcnəbi tələbələrlə bağlı fəaliyyət sahəmiz kifayət qədər genişlənməkdədir. Bu, yalnız ənənəvi olaraq bizə müraciət edən slavyan ölkələrinin və ya qonşu dövlətlər – Gürcüstan və Türkiyənin tələbələri ilə məhdudlaşmır. Artıq bizim coğrafi arealımız Cənubi Koreyaya qədər genişlənib. Son illərdə biz Çin və İsveçrədən də tələbələr qəbul etmişik. Bu proses bir neçə istiqamət üzrə formalaşır. Birinci istiqamət əcnəbi tələbələrin birbaşa olaraq Bakı Slavyan Universitetinin müxtəlif təhsil proqramlarına və hazırlıq qruplarına müraciətləri əsasında qəbul olunmasıdır. İkinci istiqamət isə tərəfdaş universitetlərlə qarşılıqlı əməkdaşlıq müqavilələri çərçivəsində mübadilə proqramları əsasında həyata keçirilir. Məsələn, bizim tələbələr Qazaxıstana gedirlər, oradan isə tələbələr bizə gəlirlər. Bu kontekstdə biz daha çox Qazaxıstan, Özbəkistan və Rusiya universitetləri ilə geniş əlaqələr qurmuşuq.  Bu xüsusda qeyd etməliyəm ki, hazırda Beynəlxalq Təhsil Proqramları Şöbəmiz “Beynəlxalq yay məktəbi”nin təşkil edilməsi üzərində ciddi şəkildə çalışır.

Azərbaycanlı tələbələrimizin, yəni öz tələbələrimizin Bolqarıstana, Polşaya yay məktəbi və təcrübə proqramları çərçivəsində göndərilməsi artıq bir ənənəyə çevrilib. Bu xüsusda qeyd etməliyəm ki, son illərdə Beynəlxalq Təhsil Proqramları Şöbəmiz beynəlxalq yay məktəbləri və təcrübə proqramlarının hazırlanması üzərində fəal şəkildə işləyir. Bu təşəbbüs tələbələrimizin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını genişləndirməyə xidmət edəcək.

İnklüziv təhsil sahəsindəki fəaliyyətimiz, xüsusən də “İbtidai sinif müəllimliyi” ixtisasında daha da gücləndirilib. Universitetimiz inklüziv təhsil sahəsindəki təlim mərkəzlərindən birinə çevirir.

– Universitetdə inklüziv təhsilin təşkili ilə bağlı hansı işlər görülür?

– Bakı Slavyan Universitetinin təşəbbüsü ilə inklüziv təhsilin təşkili üzrə ölkəmizin ən böyük müzakirə platformasını yaratmağa nail olmuşuq. Bu, bəlkə bir qədər təvazökarlıqdan uzaq səslənsə də, düşünürəm ki, həmkarlarımla – Bakı Slavyan Universitetinin mütəxəssisləri ilə bu uğura imza atmağa nail olmuşuq. 2022-ci ildən başlayaraq “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihəyə start vermişik.

Həmin il Beynəlxalq Autizm Aylığı çərçivəsində Bakı Slavyan Universitetinin təşəbbüsü ilə ölkə səviyyəsində böyük rezonans doğuran bir konfrans təşkil etdik. Bu uğurlu addımdan sonra biz təşəbbüsü layihə formatında davam etdirdik.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2023-cü ildə layihə çərçivəsində 4 regionda – Astara, Biləsuvar, Şamaxı və Şəmkirdə regional təhsil idarələri ilə birgə görüşlər keçirdik. Təxminən 400 nəfər, müəllim, psixoloq, məktəb direktoru və regional təhsil idarələrinin rəhbərləri də bu tədbirlərdə fəal iştirak etdilər.
Layihənin əsas məqsədlərindən biri, orta məktəblərdə çalışan müəllimlərimizin inklüziv təhsillə bağlı ehtiyaclarını müəyyənləşdirmək, bu mövzuda onlarla müzakirələr aparmaq və onlara əlavə bilik və bacarıqlar qazandırmaqdan ibarət idi. Bu məqsədlə 2023-cü ildə təşkil etdiyimiz regional görüşlərdə təxminən 300 müəllimin iştirakı ilə sorğular keçirdik. Bu sorğular bizə ehtiyacların daha dəqiq şəkildə müəyyənləşdirilməsinə kömək etdi. Məhz həmin nəticələrə əsaslanaraq, 2024-cü ildə keçirdiyimiz “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı ikinci konfransda mövcud ehtiyacları daha dərindən müzakirə etmək imkanımız yarandı.

Artıq bu mərhələdən başlayaraq konfransımız beynəlxalq status aldı. Polşadan və digər ölkələrdən həmkarlarımız – mütəxəssislər Azərbaycana gələrək bu mövzu ətrafında bizimlə birgə fəaliyyət göstərdilər. Eyni zamanda 2024-cü ildə müəllim və tələbələrimizi Polşaya və Rusiyaya ezam etdik. Bu səfərlər çərçivəsində onlar inklüziv təhsillə bağlı müxtəlif təcrübələrlə tanış oldular və ölkəmizə yeni biliklər, metodik yanaşmalar gətirdilər.

Bu il də aprelin 10-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı üçüncü konfransımızı təşkil etdik. Əlamətdar məqamlardan biri odur ki, bu konfrans artıq beynəlxalq miqyasda böyük maraq doğurur. Bu dəfəki konfransda Özbəkistan, Polşa, Finlandiya və İtaliyadan olan təhsil üzrə ekspertlər iştirakı ediblər. Bu da layihənin həm elmi, həm də praktiki əhəmiyyətini bir daha sübut edir.

İnklüziv təhsil sahəsindəki yanaşmamızın əsas məqsədi, təhsil proqramlarımızı və tədris proseslərini nə qədər inklüziv hala gətirə biləcəyimizə dair konkret addımlar atmaqdır. Bu yanaşmanı artıq təhsil proqramlarımızda həyata keçirmişik. Hər bir təhsil proqramında inklüziv təhsilin əsas prinsiplərinə uyğun olaraq fəaliyyət göstərilir və bu prinsiplər tələbələrin fərdi ehtiyaclarına uyğun şəkildə təşkil edilir.

İnklüziv təhsil sahəsindəki fəaliyyətimiz, xüsusən də “İbtidai sinif müəllimliyi” ixtisasında daha da gücləndirilib. Bu proqramlar bir neçə ildir sistemli şəkildə tətbiq etdiyimiz təcrübələrə əsaslanaraq, biz inklüziv təhsil tələbələrinə uyğun şəkildə bütün tədris prosesini formalaşdırmışıq. Tədris nəticələrində inklüziv təhsil prinsiplərinin tətbiqi və tələbələrin bu prinsiplərə uyğun olaraq qiymətləndirilməsi çox vacibdir. Hər bir dərs və proqram, adaptiv təhsil yanaşmasını özündə ehtiva edir.

Bütün bu addımlar, bizə təhsil prosesinə daha inklüziv yanaşmanın necə tətbiq olunduğunu və bunun nə qədər təsirli olduğunu göstərir. Bu təsirləri daha da genişləndirmək məqsədilə, biz əldə etdiyimiz nəticələri və konfranslarda əldə olunan bilikləri tədris prosesinə daxil etməyi planlaşdırırıq. Bu, inklüziv təhsil sahəsindəki inkişafı davamlı etmək və təhsil sisteminin daha geniş bir təbəqəsinə yayımaq məqsədini güdür.

Təhsil prosesində bəzi tələbələr xüsusi yanaşmaya ehtiyac duyur. Bu tələbələrə yanaşmalarımız isə fərdi şəkildə həyata keçirilir. Bu məsələyə yanaşarkən çox vacib bir nöqtəni qeyd etmək lazımdır: inklüziv yanaşmalarda baş vermiş yanlışlıqlar inklüziv mühitin formalaşmasına istəmədən mənfi təsir göstərə bilir.

Bu, inklüziv təhsilin yanlış tətbiqi nəticəsində ortaya çıxan bir səhvdir. Lakin, Bakı Slavyan Universitetində bu məsələlərə çox həssas yanaşılır və hər bir tələbənin fərdi ehtiyacları nəzərə alınır. İnklüziv təhsil mühitinin formalaşdırılması yalnız tədris yanaşmalarından ibarət deyil, həm də ümumi resurs və infrastruktur tələblərini əhatə edir.

Bu baxımdan, biz bütün infrastruktur layihələrimizi universal universitet təhsili konsepsiyasına uyğun şəkildə hazırlayırıq. Hər bir layihə, tələbələrin hərəkətliliyini və mobilliyini təmin etməyə yönəlir, yəni tələbələrimizin hərtərəfli təhsil alması üçün fiziki və rəqəmsal infrastrukturun əlverişli olmasına xüsusi diqqət yetirilir. Biz ilkin olaraq universitetimizin əsas binasında yerləşən kitabxana-resurs-informasiya mərkəzində inklüziv təhsil konseptini tətbiq etməyə başlamışıq. Bundan əlavə, təlim mərkəzimiz artıq öz formatını tapmağa başlayıb və bu, bizi sevindirən bir haldır. Çünki bu, işimizin nəticəsi olaraq universitetimiz inklüziv təhsil sahəsindəki təlim mərkəzlərindən birinə çevirir.

Qeyd etmək istəyirəm ki, inklüziv təhsil anlayışı əcnəbi tələbələri də əhatə edir. Az öncə onların sayını Sizə bildirdim. Bununla yanaşı, hazırda universitetimizdə sağlamlıq imkanları məhdud olan 17 nəfər tələbə təhsil alır. Bu tələbələrin tədris prosesində fəal iştirakını təmin etmək məqsədilə universitet tərəfindən bütün zəruri və əlverişli şərait yaradılıb.

“Bakı Slavyan Universiteti təkcə tədris etdiyi dillər üzrə deyil, xüsusilə də slavyan dilləri üzrə regionun aparıcı sertifikatlaşdırma və testləşdirmə mərkəzinə çevrilməyi hədəfləyir”

– Universitetdə dillərin tədrisi ilə yanaşı, sertifikatlaşdırma istiqamətində hansısa təşəbbüslər var?

– Universitetimizdə müxtəlif dillərin daha dərindən öyrənilməsi üçün Dil və Mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər həm də universitetin beynəlxalqlaşması və mədəni mübadilə baxımından mühüm rol oynayır. Hazırda biz bu mərkəzlərin fəaliyyətində yeni bir mərhələyə keçid prosesindəyik. Bakı Slavyan Universiteti özünün Strateji İnkişaf Planında göstərdiyi kimi, 2030-cu ilə qədər tədris etdiyi dillər üzrə deyil, xüsusilə də slavyan dilləri üzrə regionun aparıcı sertifikatlaşdırma və testləşdirmə mərkəzinə çevrilməyi hədəfləyir. Məsələn, Alman dili və Rus dili üzrə sertifikatlaşdırma mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülüb. Bu istiqamətdə Kazan Federal Universiteti ilə ötən ilin may ayında rektorun iştirakı ilə ilk onlayn test yoxlaması həyata keçirilib. Eyni zamanda, bu mərkəzlər yalnız dil öyrənmə mərkəzləri olmaqla kifayətlənmir, paralel şəkildə region üzrə daha dərindən təhlil apara biləcək, tematik və tədqiqat yönümlü tədris mərkəzlərinin yaradılmasını da nəzərdə tutur. Bu da Bakı Slavyan Universitetinin həm regional, həm də beynəlxalq səviyyədə elm və təhsil mühitində rəqabətə davamlı mövqe qazanmasına xidmət edir.

– 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi fonunda Bakı Slavyan Universitetində konstitusiya hüququ və tələbələrin maarifləndirilməsi üzrə xüsusi tədbirlər və ya layihələrin həyata keçirilməsimi planlaşdırılıb?

– Konstitusiya və Suverenlik İli çərçivəsində həyata keçirdiyimiz əsas fəaliyyətlərdən biri gənclərin maarifləndirilməsinə yönəlmiş “Yeni dövrün Azərbaycanı” mövzusunda rektorun şagirdlərlə görüşləridir. Bu layihənin məqsədi gənclərimizin Konstitusiya və dövlətçilik tariximiz haqqında məlumatlandırılması, onların bu mövzuda müzakirələrə cəlb olunması və təşəbbüskarlığının təşviq edilməsidir. Bu məqsədlə rektorun şagirdlərlə görüşləri təşkil edilib.

Layihə çərçivəsində indiyədək üç əsas görüş təşkil etmişik. İlk görüş Naxçıvan şəhərində keçirilib və burada təxminən 250 nəfər məktəblinin iştirakı ilə Azərbaycanın “Konstitusiyasına gedən yol”, “Ulu Öndər Heydər Əliyevin Sovet dövründə göstərdiyi strateji fəaliyyət”, “Müstəqillik və dövlət quruculuğu prosesi”, eləcə də Prezident İlham Əliyevin ərazi bütövlüyü və suverenliyin bərpası, konstitusion dövlətin inkişafı istiqamətindəki misilsiz tarixi xidmətləri  haqqında tezislər ətrafında müzakirə təşkil edilib.

İkinci görüş Quba şəhərində baş tutub. Təqribən daha 50 nəfər məktəbli ilə interaktiv şəkildə müzakirə təşkil edildi. Üçüncü görüş isə Nəsimi rayonunda yerləşən BSU-nun məktəb-lisey kompleksində təşkil olunub.

Bu layihənin davamı olaraq növbəti görüşləri aprel ayı ərzində Naxçıvanda, Qaxda və Qəbələdə keçirməyi planlaşdırırıq. Görüşlər həmin bölgələrdən olan millət vəkillərinin, Yeni Azərbaycan Partiyasının yerli təşkilat rəhbərlərinin iştirakı ilə təşkil olunur və məktəblilər üçün xüsusi maarifləndirici mühit yaradılır.
Eyni zamanda biz bu fəaliyyətləri beynəlxalq müstəviyə daşımağı planlayırıq. Azərbaycanın xaricdə tanıdılması və xüsusilə xarici tələbələrə ölkəmiz haqqında dolğun məlumatların verilməsi istiqamətində də işlər planlaşdırılır.

Bildiyiniz kimi, Bakı Slavyan Universitetinin Avropada, xüsusilə də Şərqi Avropada – Slavyan və Balkan regionlarında çoxsaylı tərəfdaş universitetləri mövcuddur. Biz həmin tərəfdaşlıq imkanlarından istifadə edərək Azərbaycanın dövlətçilik tarixi, Konstitusiya inkişaf yolu və milli dəyərləri haqqında xarici tələbələrə təqdimatlar keçirməyi planlaşdırırıq.

Aprelin 8-də Albaniya Respublikasının Tirana Universitetində Azərbaycanın bu ölkədəki səfiri Anar Hüseynov ilə birlikdə 100 nəfərə yaxın tələbə qarşısında “Yeni dövrün Azərbaycanı” mövzusunda təqdimatla çıxış etdim. Oxşar tədbir aprel ayının sonunda Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində keçirilməsi planlaşdırılır.

– Universitetin infrastrukturunun müasirləşdirilməsi və təmir işləri ilə bağlı hansı addımlar atılıb?

– Bakı Slavyan Universiteti hazırda iki binada yerləşir. Hər iki korpusumuzda infrastruktur tələbələrin ehtiyaclarına uyğun şəkildə yenilənməyə çalışılır. Həm bu binamızda, həm də digər binamızda təlim mühitinin formalaşması üçün zəruri olan tələblər nəzərə alınaraq müvafiq dəyişikliklər aparılır. Kitabxanamız, müxtəlif dil mərkəzlərimiz və digər müvafiq strukturlar yalnız zahiri, vizual təmir baxımından deyil, həm də texnoloji təchizat baxımından yenilənib. Artıq tələbələrimizin birbaşa internet çıxışı olan resurslardan istifadə imkanları genişlənib və bu sahədə əvvəlki illərlə müqayisədə 100-150% artım müşahidə olunur.

– Bu gün ən ağrılı məsələlərdən biri də tələbə yataqxanalarının sayının az olmasıdır. Siz bu problemin həllini nədə görürsünüz? BSU-nun yataqxanaları ilə bağlı vəziyyət necədir?

– BSU-nun 4 yataqxanası var, yataqxanalardan üçündə tam, birinin isə yarısında keçmiş məcburi köçkünlər məskunlaşıb. Yerdə qalan hissə tələbələrimizin ixtiyarındadır. Çox şükür ki, bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən böyük qayıdış həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlər böyük həvəslə öz doğma yurd yuvalarına qayıdırlar. Bu da o deməkdir ki,  yataqxanalarımız getdikcə daha çox tələbələrin ixtiyarında olacaq.

“Bizim əsas hədəfimiz daha böyük və nüfuzlu beynəlxalq reytinqlərə daxil olmaqdır”.

– Universitetin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə sahib olması üçün hansı addımlar atılıb?

– Belə deyim, bu istiqamətdə fəaliyyətimiz var, çalışırıq. Hazırda biz hər hansı bir beynəlxalq reytinqdə, yəni qlobal səviyyədə nüfuzlu reytinq sistemlərində yer almamışıq. Söhbət QS, Times Higher Education və digər nüfuzlu reytinq sistemlərindən gedir. Daha kiçik platformalarda hazırlanan reytinqlərdə isə biz mütəmadi olaraq yer alırıq. Hətta bu yaxınlardaonlardan daha birində də yer aldıq. Lakin bizim əsas hədəfimiz daha böyük və nüfuzlu beynəlxalq reytinqlərə daxil olmaqdır. Təbii ki, Bakı Slavyan Universitetinin profili daha spesifik və dar istiqamətlidir, bu da əhatəliliyin nisbətən məhdud olması baxımından bəzi çətinliklər yarada bilər. Bu, bəlkə də həmin reytinqlərdə yer almağa təsir göstərir. Amma universitet olaraq bu istiqamətdə davamlı fəaliyyət göstəririk. Hazırda Times Higher Education-un "Reporter" kateqoriyasında yer alırıq. İnanıram ki, gələcəkdə Bakı Slavyan Universiteti bu böyük beynəlxalq reytinqlərdə də layiqli yer tutacaq.

Foto: Kənan Qafarov

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.