Bütün xəbərlər
11 iyul, 13:31

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngəzur mahalı-bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”. Ümummilli Lider Heydər Əliyevin bu kəlamını önə çıxarmağımız təsadüfi deyil. Çünki Qərbi Azərbaycanda minlərlə soydaşımızın uyuduğu qəbiristanlıqların, yüzlərlə maddi-mənəvi abidələrin vandalcasına dağıdılması, yox edilməsi, viran qoyulması zaman-zaman davam edən  erməni şovinizm siyasətinin, bu siyasətin doğurduğu barbarlığın acı yekunudur. 

Bu yaxınlarda işıq üzü görən və Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla qarşılanan “Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar”  toplusunun I cildinin nəşri ölkəmizin ictimai-siyasi-mədəni həyatında  böyük hadisədir və vaxtında yazılmış kitabdır. 

5 hesabatdan ibarət olması nəzərdə tutulan “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının I cildinin Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqlarına həsr edilməsi məntiqi cəhətdən düzgün hesablanıb və bu seçimi tədqiqatçıların uğuru  kimi dəyərləndirmək lazımdır.  Niyə? Çünki hər bir xalqın, ölkənin  qəbiristanlıqları onun maddi-mənəvi irsinin bir hissəsidir, həm də ən kövrək hissəsidir, keçmişinin daşlaşmış yaddaşıdır, əzizlərinin ruhudur, harayıdır.  İtirilmiş yurd yerlərində məzarlıqların yox edilməsi insanın yaddaşında ən ağrılı nöqtədir.  Doğmalarının itkin düşən məzar yerlərinin  düşmən tapdağında qalması nisgilini  insan heç vaxt yaddaşından silə bilmir,  bu ağrı onu daim təqib edir,  haraylayır, yurd yerinə dönməyə çağırır, milli kimliyini, mənliyini silkələyir. İtirilmiş məzar yerləri həm də milli yaddaşımızı silkələyən, oyadan   zəngdir. Bu zəng  doğmaların itkin ruhlarına, məzarlıqlarına sahib çıxana, onlara qovuşana kimi çalınacaq...

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məntiqi, müdrik, uzaqgörən siyasəti, Azərbaycan ordusunun gücü,  əsgərinin qeyrəti, şücaəti sayəsində vətənimizin ərazi bütövlüyünün bərpa olunması, gözəl Qarabağımızın, Şuşamızın, əzəli yurd yerlərimizin  geri qayıtması, ədalətin zəfər çalması sözlə ifadə oluna bilməyəcək möhtəşəm hissdir.  2025-ci il  iyulun 4-də Xankəndi şəhərində keçirilən  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə dediyi sözləri xatırlamaq istəyirəm: “İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb”. Ölkə başçısı bu mötəbər tədbirdə birmənalı olaraq deyir ki: “Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”. 

“Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar”  toplusunun I cildinin nəşrini bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirmək lazımdır. Ön sözə istinadən deyə bilərik ki, tədqiqatın əsas məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mənəvi irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların hazırkı vəziyyətini sənədləşdirmək, dağıntıların miqyasını və  dəyən zərəri müəyyən etməklə daxili və xarici auditoriyanı məlumatlandırmaqdır. Bu məqsəd Prezident İlham Əliyevin dedikləri ilə  də üst-üstə düşür. Böyük vətənpərvərlik missiyası,  amalı ilə ərsəyə gətirilmiş kitab tədqiqatın həcmi, işlənmə texnologiyası, nəfis tərtibatı ilə  Azərbaycan tarixçilik elmində ən fundamental tədqiqat əsəri sayılmalıdır, həm də ölkəmizin bütövlüyünə hesablanmış,  vaxtında yazılmış elmi, məntiqi hesabat kimi dəyərləndirilməlidir.  Gərgin elmi axtarışların, çəkilən kollektiv əməyin məhsulu olan bu nəşri  xalqın, millətin yaddaşını silkələyən ağrı kitabı, dastanı da adlandırmaq olar. Bir xalqın məzarlıqlarının bu cür vəhşiliklə, barbarcasına dağıdılmasını, yox edilməsini kitabda olsa belə, sakitcə oxumaq, şəkilləri laqeydcə seyr etmək çox çətindir, hüznlüdür. Qeyd edək ki, tədqiqatın I cildi Ermənistanın müasir inzibati bölgüsündəki 24 rayonda yalnız azərbaycanlıların yaşadığı 172 təmiz və ermənilərlə qarışıq şəkildə məskunlaşdıqları 105 yaşayış məntəqəsinə dair məlumat bazası olmaqla bərabər, həm də o yerlərin qəbiristanlıqları haqqında  informasiya mənbəyidir. Peyk təsvirlərindən, müasir texnologiyaların verdiyi imkanlardan istifadə həm  tədqiqatın elmiliyini, dəyərliliyini artırır, həm də  sözügedən məkanlar barədə dəqiq fikir formalaşmasına yardımçı olur. 

Mənə elə gəlir ki, nəşr olunmuş bu hesabat daşıdığı məna yükünə, böyük vətənpərvərlik missiyasına görə hər bir azərbaycanlının, həmçinin vətəndən kənarda yaşayan soydaşlarımızın stolüstü kitabına çevrilməlidir. Yaşlı, orta, gənc nəsil-fərqi yoxdur, damarında azərbaycanlı qanı axan hər bir yurddaşımız bu kitabı oxumalı, məlumatlanmalı, baş verənlərdən ibrət dərsi çıxarmalı, təbliğinə yardımçı olmalıdır.

Xatırladaq ki, toplunun I cildi Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbiristanlığın müasir peyklər vasitəsilə təsviri, tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini özündə əks etdirən zəngin bir mənbədir, fundamental tədqiqatdır. Tədqiqat işində dünya ölkələrinin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, 1960-1980-ci illərin məxfilik qrifi götürülən kəşfiyyat peyklərinin təsvirlərindən istifadə olunması onun elmiliyini və dəyərini artırır.

“Siz gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. 2002-ci ilin 13 sentyabrında Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinin açılışındakı bu nitqi Ulu Öndərin doğma yurd-yuvalarından didərgin düşənlərə təsəllisi  deyildi, dahiyanə uzaqgörənliyi idi, inamı idi, qətiyyəti idi. Bu inam və qətiyyəti biz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə də görürük: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq”. 

“Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının nəşrini bu inamın məntiqi davamı hesab edir, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürümüzü bildirir, hesabatın davamını gözləyirik. O yerlərə qayıdacağımız, soydaşlarımızın məzarlarını ziyarət edəcəyimiz gün isə uzaqda deyil…

Natiq İBRAHİMOV,

Lənkəran Dövlət Universitetinin rektoru, professor

1 /1

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.