Bütün xəbərlər
7 oktyabr, 17:24

Azərbaycan Prezidenti İlham Əliyevin 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında imzaladığı Sərəncam bu il də istedadlı gənclərin uğur yolunu işıqlandırıb.

Sərəncama əsasən, 102 tələbə bu yüksək mükafata layiq görülüb. Mükafat alan tələbələrin 36 nəfəri Bakı Ali Neft Məktəbində, 13 nəfəri isə ADA Universitetində təhsil alır. 

Prezident təqaüdünə layiq görülən gənclərin bir neçəsi öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.

Gəncə şəhəri 13 nömrəli tam orta məktəbin məzunu olan Alı İsmayılov da Prezident təqaüdü ilə mükafatlandırılan tələbələrdən biridir. Buraxılış imtahanında 297,5, blok imtahanında isə 400 bal toplayan Alı BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasında təhsil alır. 

Onun bugünkü uğurlarının təməli hələ şagird ikən qoyulub. Alı şagird olduğu dövrdə də aktivliyi ilə seçilib, müxtəlif yarışlarda, Respublika fənn olimpiadalarında iştirak edərək final mərhələsinə qədər irəliləyib.

Alı söyləyir ki, ətrafındakı hər kəsin yaxşı xüsusiyyətlərini özündə toplamağa çalışıb. Uşaqlıqdan kompüterə marağı və universitetə daxil olmaq arzusu olub: “Bütün günü dərs oxuyan tələbələrdən deyildim. Əsas məqsədim effektiv öyrənmək və zəif tərəflərimi gücləndirmək idi. Builki tələbələrə də məsləhətim odur ki, zəif tərəflərini müəyyən edib onların üzərində çalışsalar, məqsədlərinə çatarlar”. 

Tələbə həyatı barədə danışan Alı deyir ki, yeni mühitə alışmaq çətin olsa da, dostlarla, müəllimlərlə əlaqələr qurmaq onu ruhlandırır. Prezident təqaüdünü əldə etdikdə isə böyük sevinc hissi yaşayıb: “Prezident təqaüdünə layiq görüləcəyimi təxmin edirdim. Bu öz əziyyətinin bəhrəsini görməkdir. Bu təqaüd ilə gələcəyimizə, şəxsi inkişafımıza daha çox yatırım etmək imkanımız olacaq. Ümumiyyətlə, Prezident təqaüdü abituriyentlərdə böyük motivasiya və həvəs yaradır. Bir çox abituriyentlər bu təqaüdü almaq üçün xüsusi həvəslə çalışırlar”.

Alı bakalavriat təhsilini bitirdikdən sonra dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək istəyir. Eyni zamanda, xaricdə qazanacağı təcrübəni Azərbaycanda tətbiq edərək bu sahənin ölkəmizdə inkişafına töhfə verməyi də arzulayır. 

“Dövlətimizin göstərdiyi bu etimadı doğrultmağa çalışacağam”

Bakı Türk Liseyinin məzunu olan Xədicə İsmayılzadə 680 balla II ixtisas qrupu üzrə respublika birincisi olub. Xədicə də bütün təhsil həyatı boyunca uğurları isə seçilib. IX və XI sinifləri qırmızı attestatla bitirmiş Xədicə Prezident təqaüdünə layiq görüldüyünü öyrəndikdə böyük qürur və sevinc hissi yaşayıb: “Hədəfim həmişə ən yüksək nəticə idi. Bu nailiyyət yalnız abituriyent hazırlığı ilə bağlı deyil, illər boyu yüksək nəticələrlə oxumağın nəticəsidir. Prezident təqaüdü mənim üçün yalnız sevinc deyil, həm də məsuliyyətdir. İham Əliyevin təhsilə verdiyi önəmin, diqqətin  bir göstəricisi olan Prezident təqaüdünə layiq görülmək ailəm, vətənim üzərində məsuliyyətimi daha da artırır. Dövlətimizin göstərdiyi bu etimadı doğrultmaq üçün çalışacağam”. 

Xədicənin valideynləri də iqtisadçıdırlar. Buna görə də onun “Maliyyə” ixtisasını seçməsi təsadüfi deyil. Bu ixtisas üzrə təhsilini məhz BANM-də almaq isə onun çoxdankı hədəfidir: “Düşünürəm ki, bu ixtisasa sevgim, motivasiya qaynağım elə ailəmdir. Bu il BANM-də “Maliyyə” ixtisasına qəbulun aparılacağı xəbəri məni çox sevindirdi. Çünki ali təhsilimi məhz BANM kimi nüfuzlu ali məktəbdə almaq istəyirdim”.

Sabunçu rayonu 68 nömrəli tam orta məktəbi yüksək göstəricilərlə bitirən Rəhim Fərəczadə də Prezident təqaüdünə layiq görülən BANM tələbələrindən biridir. 697 bal toplayaraq BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olan Rəhim müxtəlif riyaziyyat və informatika olimpiadalarında uğurlar qazanıb, “Fermat Mathematical Olympiad”da (FMO) gümüş medalın sahibi olub. 

“Prezident təqaüdü bizim inamla və daha yaxşı çalışmağımıza səbəb olur”

BANM-ə marağı da bacısı Dənizin uğuru sayəsində yaranıb. Rəhim deyir ki, bacısının uğuru ona hər zaman daha çox çalışmağa həvəsləndirib: “Planlı olmaq çox önəmlidir. Dərs, istirahət və sosial həyat arasında balans saxlamaq uğurun açarıdır. Prezident təqaüdü isə yalnız maddi dəstək deyil, həm də motivasiyadır. Gələcəkdə kibertəhlükəsizlik və kompütür elmləri sahəsində peşəkar olmaq istəyirəm, yarışlarda iştirak edib ölkəmi və universitetimi layiqincə təmsil etməyi planlayıram”.

Rəhim hələ yeni başlayan tələbəlik həyatı haqqında da danışaraq bildirir ki, yeni mühitə öyrəşmək başda çətin olsa da, indi dostları və tələbə yoldaşları ilə gününü olduqca maraqlı keçirir. 

Qəbələ rayonu Daşca kənd tam orta məktəbinin məzunu olan Səmra Mahmudova 692,6 bal toplayaraq ADA Universitetinin “Kompüter elmləri” ixtisasına daxil olub. Səmra üçün bu universiteti seçməkdə əsas səbəb təhsil sisteminin fərqli və onun üçün uyğun olması olub. Elə ixtisasını seçməyindəki motivasiya da bu peşənin gələcəkdə perspektivli olmasıdır. 

“Bu təqaüd tələbələrə böyük dəstəkdir”

Səmra bildirir ki, o, hər zaman dərslərini planlı şəkildə oxuyub, həm özünə və ailəsinə, həm də dərslərinə düzgün vaxt ayırıb: “Kiçik yaşlarımdan dərslərimə məsuliyyətli yanaşmışam, nəticədə XI sinifdə dərslərim mənə çətin gəlmirdi. Yüksək bal toplamağımın səbəbi də həm müəllimlərin verdiyi tapşırıqlar, həm də əlavə testlər üzərində işləməyimdir. Builki abituriyentlərə də məsləhətim odur ki, vaxtlarını düzgün bölsünlər, qarşılarına hədəf qoysunlar”.

Səmra tələbəlik həyatını maraqlı və əyləncəli hesab edir. Prezident təqaüdünü aldığı zaman isə böyük sevinc hissi yaşayıb. Gələcəkdə özünü IT sahəsində ixtisaslaşmış mütəxəssis kimi görür və planlaşdırır ki, təhsilinin bir qismini xaricdə davam etdirsin.

T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin məzunu Ayla Abdıyeva 692,4 bal toplayaraq III ixtisas qrupu üzrə ölkə üçüncüsü olub. Onun da seçimi məhz ADA Universitetidir. ADA-da “Hüquq” ixtisası üzrə təhsil alan Aylanın bu sahəni seçməyi də təsadüfi deyil. Babasının və atasının izi ilə gedən Ayla gələcəkdə ölkəmizə layiqli hüquqşünas kimi xidmət etməyi arzulayır.

“Prezident təqaüdü mənə daha böyük nailiyyətlərə imza atmaq üçün motivasiya verir”

“Universitetə hazırlıq prosesi çətin olsa da, məqsəd qoymusansa, ona çatmaq üçün əzmlə çalışmalısan. Müəllimlərimin inamı və dəstəyi mənə çox kömək oldu. Prezident təqaüdü isə 17 yaşımda əldə etdiyim ən böyük nailiyyətlərdən biridir. Ölkə başçısının bu etimadını doğrultmaq üçün əzmlə çalışacağam”, – deyən Prezident təqaüdçüsü qeyd edir ki, bütün bu nailiyyətlər onun çəkdiyi əziyyətin bəhrəsidir.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.