Karyera planlamasına uşaqlıqdan başlamaq gələcək uğurların təməlini qoyur. Erkən yaşlarda uşağın maraq və bacarıqlarının aşkarlanması, onun potensialını inkişaf etdirməyə geniş imkan yaradır. Bu proses gəncin həm təhsil, həm də şəxsi həyatında məqsədyönlü olmasına, doğru peşə seçimləri etməsinə şərait yaradır.
“Azərbaycan müəllimi”nin mövzu ilə bağlı suallarını karyera planlaması üzrə mütəxəssis Şəhla İbrahimova cavablandırır.
– Karyera planlaması neçə yaşdan aparılmalıdır?
– Karyera planlaması hansısa bir yaş həddi ilə deyil, əslində, uşağın maraqlarının müşahidəsindən başlayır. Adətən, 11–13 yaşdan uşaq və yeniyetmələrin bacarıqlarını daha aydın görmək olur. Amma erkən mərhələdə valideyn və məktəb uşağın nəyə maraq göstərdiyini, hansı fəaliyyətlərdən zövq aldığını izləməlidir. Planlaşdırma sözünü “təzyiq” yox, “yol xəritəsi” kimi anlamaq lazımdır.

– Karyera planlamasının erkən yaşdan aparılmasının üstünlüyü nədir?
– Ən böyük üstünlük zamanın qazanılmasıdır. Erkən yaş mərhələsində şagirdin gizli bacarıqlarının aşkara çıxarılması böyük əhəmiyyət daşıyır. Çünki sonradan həmin bacarıqları inkişaf etdirmək üçün kifayət qədər zaman olur. Bu isə son mərhələdə düzgün peşə və ixtisas seçimi etməyə şərait yaradır. Karyera planlamasının erkən dövrlərdə başlaması ilə yeniyetmədə özünəinam formalaşır. Bu, gənci həm təhsil, həm də şəxsi həyatda daha məqsədyönlü edir.
– Xaricdə karyera planlaması necə aparılır? Maraqlı təcrübələrdən bizə danışa bilərsinizmi?
– Bu sahə Azərbaycanda yeni-yeni təşəkkül tapır. Cəmiyyətimizdə bu məsələ ilə bağlı müəyyən stereotiplər var. Ölkəmizdə karyera planlaması adətən ali təhsil müəssisələrinə qəbul imtahanları yaxınlaşanda həyata keçirilir. Amma dünyada bu proses daha sistematik şəkildə olur. Məsələn, Skandinaviya ölkələrində məktəblərdə “Career Day” adlanan günlər var. Burada müxtəlif peşə sahibləri uşaqlara öz işlərini tanıdırlar. Almaniyada 9-cu sinif şagirdləri müxtəlif şirkətlərdə qısamüddətli təcrübə keçirlər. ABŞ-də isə “mentorship” mədəniyyəti güclüdür, şagirdlər maraq göstərdikləri sahənin mütəxəssisləri ilə bir neçə ay birgə işləyirlər. Bu, uşaq üçün yalnız nəzəriyyə deyil, real təcrübə deməkdir.
– Valideynlər övladlarının hansısa sahəyə maraqlı olduğunu müəyyən etmək üçün hansı addımları atmalıdırlar?
– Karyera planlaması prosesinin əsas fiqurlarından biri valideyndir. Övladlarının hansı sahəyə maraq göstərdiklərini erkən yaşda müəyyən etmək üçün valideynlər ən sadə iş olaraq onları müşahidə etməlidirlər. Uşağın oyun zamanı hansı rolları seçdiyi, hansı dərslərə həvəslə hazırlaşdığı onun xarakteri və daxili aləmi haqqında çox informasiyanı özündə ehtiva edir. Uşağın marağı uzunmüddətli xarakter daşıyarsa, artıq bu, bir siqnaldır. Əsas odur ki, valideyn “mən istəyirəm ki, həkim olasan” yanaşmasını kənara qoysun və övladını dinləsin.
– Bu mənada məktəbin üzərinə hansı vəzifələr düşür?
– Karyera planlaması zəncirinin aparıcı elementlərindən biri məktəblərdir. Təhsil müəssisələri yalnız akademik bilik verməklə kifayətlənməməlidir. Şagirdə peşələrin müxtəlifliyini göstərmək, həmçinin ona öz güclü tərəflərini tanımağa imkan yaratmaq əsas funksiyalardan biri olmalıdır. Bu, psixoloji dəstək, peşəkarlarla görüşlər və praktik layihələrlə mümkündür. Şagirdlər günlərinin müəyyən hissəsini məktəbdə keçirirlər. Bəzi hallarda müəllim şagirdin gizli bacarığını valideyndən də tez aşkara çıxara bilir. Onun hansı fənlərə maraq göstərdiyini, hansı sahələrə aid əlavə bacarıqlarının olduğunu bilirlər. Bu mənada müəllim-şagird-valideyn üçbucağının rolu danılmazdır.

– Bu gün məktəblərimizdə peşə təmayüllü siniflər var. Bunu karyera planlamasının başlanğıcı hesab etmək olarmı?
– Əlbəttə, bu, başlanğıcdır. Amma yalnız təmayüllü siniflərlə kifayətlənmək olmaz. Çünki uşaqların maraqları zaman keçdikcə dəyişə bilər. Ona görə təmayüllü siniflərlə yanaşı, “çevik karyera yönləndirilməsi” tədbirlərini də ehtiyatda saxlamaq lazımdır, yəni şagirdin marağı dəyişərsə, başqa sahəni də sınamaq imkanı nəzərdən keçirilməlidir. Bu baxımdan valideynlərin üzərinə düşən yük və məsuliyyətin həcmini anlamaq çətin deyil. Hansısa şəxsin əmək bazarına qoşulması artıq karyera planlaması prosesinin nəticəsidir. Bu proses erkən yaşlarda təhlillərə əsaslanaraq həyata keçirilir.
– Bizdə incəsənət və idman sahəsinə uşağın marağını müəyyən qədər erkən yaşdan aydınlaşdırmaq olur. Bu, digər sahələrdə necə olur?
– Bəli, incəsənət və idman vizual sahələrdir, nəticə tez görünür. Digər sahələrdə bunu müəyyənləşdirmək üçün uşaqlara daha çox eksperiment imkanı yaratmaq lazımdır. Məsələn, məktəbdaxili layihələr, STEAM laboratoriyaları, debat klubları, sosial fəaliyyətlər köməyə çata bilər. Uşaq özünü müxtəlif rollarda sınadıqca hansı sahədə daha həvəsli olduğunu tez görmək olur.
– İxtisasları uşaqlara necə tanıtmalıyıq? Mütəmadi görüşlər ideyası necədir?
– Tamamilə razıyam. Şagirdlər yalnız kitabdan oxuyaraq peşəni tanıya bilməzlər. Onlar canlı insanı, onun işə münasibətini, gündəlik həyatını görməlidirlər. Bu görüşlər mütəmadi olsa, şagirdlərdə həm real təsəvvür yaranar, həm də motivasiya artır. Əlavə olaraq, “kölgə günü” (job shadowing) təcrübəsi tətbiq oluna bilər: şagird bir gün seçdiyi mütəxəssisin yanında olur, işini yaxından izləyir. Bu tipli fəaliyyətlərlə yeniyetməliyin erkən mərhələsində karyera planlamasını sistematik şəkildə həyata keçirmək olar.

– Peşə və ixtisas seçimində tərəddüd edən şəxslərlə iş necə aparılır? Bu işlə məşğul olan mütəxəssislər prosesi necə təşkil edirlər?
– Əvvəldə qeyd etdiyim kimi, Azərbaycanda bu sahə yenidir. Cəmiyyət karyera planlamasını ənənəvi valideyn-dost məsləhətləri üzərində qurur. Bu tendensiya həmişə uğurlu olmur. Peşə və ixtisas seçimi zamanı tərəddüd edən və konsultasiya məqsədilə mütəxəssisə müraciət edən yeniyetmə ilə, ilk növbədə, səmimi söhbət aparılır. Konsultasiyanın konkret müddətini əvvəlcədən proqnozlaşdırmaq doğru sayılmır. Bir sıra faktorlardan asılı olaraq bu müddət dəyişə bilər. Konsultasiya prosesi bir neçə mərhələdən ibarətdir: ilkin tanışlıq və məqsədin müəyyənləşdirilməsi, meyil və maraqların analizi, akademik göstəricilərin dəyərləndirilməsi və əmək bazarının təhlili. Konsultasiya prosesi zamanı yeniyetmələrə müxtəlif məzmunlu (maraq testi, qabiliyyət testi, şəxsiyyət testi, peşə uyğunluğu analizi) testlər təqdim edilir. Sonda isə nəticələrə əsaslanaraq ona daha uyğun olduğu peşə-ixtisas sahələri təklif olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər