Bütün xəbərlər
7 oktyabr, 14:47

Bir gün 24 saatdır və bu hamıya bərabər verilən sərvətdir. Uğur qazananlar da, geri qalanlar da bu eyni vaxt çərçivəsində yaşayır, fəaliyyət göstərirlər. Fərq isə onun necə idarə olunmasındadır.

Gözümüzü açırıq vaxtın bir göz qırpımında başa çatdığını görürük. Bir neçə ay əvvəldən qurduğumuz planlara o zaman hələ tezdir desək də, artıq gerçəyə dönmək üçün növbədədir. Və bu vaxt çatışmazlığını xüsusilə şagirdlər öz gündəlik həyatlarında daha çox hiss edirlər. Dərslər başlayıb, bir tərəfdən məktəbin tələbləri, digər tərəfdən hazırlıqlar, test kitabları və kurslar. Hələ ailə ilə, dostlarla vaxt keçirmək,sosial medianı izləməyi demirik. Bu qədər işin arasında şagirdin özünü itirmədən necə motivasiyasını artırmaq və zamanı onun xeyrinə necə səmərəli idarə etmək olar?

“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın fikirlərini öyrənib.

Bugünkü uşaqların gündəlik həyatında diqqət yayındırıcı faktorlar var

Psixoloq deyir ki, zaman həyatımızın ən dəyərli sərvətidir. Onu necə idarə etdiyimiz, ondan nə qədər səmərəli istifadə olunması gələcək uğurlarımızın açarıdır. Bu, təkcə şagirdin deyil, həm də ailənin və məktəbin birlikdə daşıdığı bir məsuliyyətdir. Və bu məsələ hazırda ən aktual problemlərdən biridir və bir sıra səbəbləri var. Şagirdlərin dərsə qarşı motivasiyasının azalmasının kökündə sadəcə tənbəllik və ya məsuliyyətsizlik dayanmır: “Burada həm ailə mühitinin, məktəbin yanaşmasının, həm də uşağın psixoloji ehtiyaclarının birlikdə rol oynadığını görürük. İlk növbədə, bugünkü uşaqların gündəlik həyatında çox sayda diqqət yayındırıcı faktorlar var ki, bunlara misal olaraq telefonları, sosial medianı,oyunları göstərə bilərəm. Adlarını çəkdiklərim sürətli zövq verən vasitələrdir, dərs isə səbir və zaman tələb edən bir prosesdir. Əgər uşaq dərsdə “niyə öyrənirəm?” sualına cavab tapa bilmirsə, motivasiya orada artıq zəif olur. Yəni motivasiyanın azalması çox vaxt dərsdən uzaqlaşmaq istəyi yox, dərsin uşaq üçün mənasız görünməsindən qaynaqlanır”.

“Oxumasan, bu həyatda heç nəyə nail olmayacaqsan deməkdənsə…”

Psixoloqun sözlərinə görə, bu məsələdə ailənin də rolu var. Belə ki, valideynlər düzgün yanaşmanı bacarsalar daha rahat şəkildə problemi həll etmiş olarlar. Onlar bəzən yalnız nəticəyə fokuslanırlar. Məsələn, “qiymət necə oldu?”, “uşaq dərsi oxuyur, ya yox?”.  Ata-analar unudurlar ki, nəticəyə aparan yol emosional dəstək və anlayışdan keçir. Əgər bir uşaq özünü evdə başa düşülmüş, qəbul olunmuş və dəyərli hiss etmirsə, o, dərsə fokuslana bilmir.

Həmsöhbətimiz tövsiyə edir ki, valideynlər gündəlik nəzarətçi deyil, tərəfdaş rolunda olsunlar. Uşağın plan qurmasına yardım etsinlər, amma onun əvəzinə qərar verməsinlər. “Oxumasan bu həyatda heç nəyə nail olmayacaqsan” kimi hədə-qorxulu cümlələr əvəzinə, “gəlin birgə plan quraq”, “sən nə vaxt daha yaxşı oxuya bilirsən?” tipli suallarla onlara yanaşsalar daha uğurlu nəticə əldə edərlər. Valideynlər övladlarına təzyiq yox dəstək olmalıdırlar, onlarda motivasiyanı daxildən formalaşdırmağa kömək, gündəlik planlaşdırma vərdişinə təşviq etməlidirlər. Uşaqların dərslə, əlavə hazırlıqla yüklənmələrinin qarşısını almaq üçün balanslı gündəlik (dərs+istirahət+şəxsi vaxt) yaradılmalıdır: “Oxu ki, həkim olasan” deməkdənsə, onun öz maraqlarını və məqsədlərini tapmasına yardım edin. Uğur gözləntilərinizi deyil, onun qabiliyyətini və maraqlarını əsas götürün. Səhvlərinə görə tez tənqid etməyin. Bunun yerinə səylərini qiymətləndirin: Məsələn, ona “Əhsən, bu gün özün dərslərini vaxtında başladın öyrənməyə və  bu böyük irəliləyişdir!” deyə bilərsiniz. Bir psixoloq olaraq demək istərdim ki, uşaqlar özlərini başqaları ilə müqayisə etməsinlər. Hər bir insanın öyrənmə sürəti və maraq sahəsi fərqlidir. Əgər hansısa fəndən çətinlik çəkirlərsə bu, onların “zəif” olmasını deyil, bu, sadəcə həmin sahədə başqa bir yanaşma ilə işləməklərinə ehtiyac olduğunu göstərir.

Yeniyetmələr o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradır

Zeynəb Əliyeva bildirir ki, xüsusilə yuxarı sinif şagirdləri üçün motivasiya problemi daha kəskin və kompleks formada özünü göstərir. Yeniyetmələr həm ali məktəbə hazırlıq, həm də gələcək karyera ilə bağlı ciddi qərarlar vermək məcburiyyətində qalırlar. Zaman çatışmazlığı və planlama problemləri onlar üçün daha xarakterikdir. Bu isə onların üzərində həm daxili, həm də xarici təzyiqin artmasına səbəb olur. Butün bunlar bir sıra problemlərdən qaynaqlanır ki, onlardan biri də düzgün vaxt bölgüsünün olmamasıdır. Yeniyetmələr hazırlıqlar, məktəb tapşırıqları, sınaqlarla və bəzən əlavə dərslərlə o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradır. Vaxtı necə bölməli olduqlarını bilmədikləri üçün ya hər şeydən qaçmaq istəyirlər, ya da yalnız bir istiqamətə fokuslanırlar: “Bu yaşda çoxları hələ nə istədiklərinə tam qərar verməyiblər. “Hansı fakültəyə gedim?”, “Bu mənə uyğun olacaqmı?”, “Valideynlərimin istədiyi istiqamət mənim maraqlarıma uyğundurmu?” kimi suallar cavabsız qalanda motivasiya da qeyri-sabit olur. Məqsəd aydın olmayanda isə istənilən iş yorucu və mənasız görünür. X-XI sinif şagirdləri yaşıdları ilə müqayisə edilməyə daha həssas olurlar, həm də imtahan uğursuzluğunun həyatı məhv edəcəyi kimi qəlibləşdirilmiş fikirlərlə böyüyürlər. Bu da onların özlərinə qarşı inamını sarsıdır və motivasiyanı azaldır. Sadəcə dərs və imtahana yönəlmiş həyat tərzi bir müddətdən sonra ruh düşkünlüyü yaradır. Bu yaşda uşaqlar həm də sosiallaşmaq, maraqlarını kəşf etmək və özlərini ifadə etmək ehtiyacındadırlar. Həyat təkcə dərs deyil və bu balansın qurulmasına kömək etmək vacibdir”.

Həmsöhbətimiz onu da əlavə edir ki, bu zaman vaxtın düzgün idarə edilməsi üzrə fərdi dəstək verilməlidir. Yeniyetmələrə konkret və real planlama üsulları öyrədilməlidir. Məsələn, onlar “Pomodoro” texnikası, həftəlik hədəf siyahısı, prioritet sıralama, kimi sadə, amma effektli metodlardan istifadə edə bilərlər.

Həmçinin motivasiya üçün məqsəd tapmağa kömək olunmalıdır. Hədəflərini daha konkretləşdirmək məqsədilə peşə yönümlü testlər, real həyatdan nümunələr və fərdi maraqlar əsasında istiqamət göstərmək faydalıdır. Motivasiya daimi hiss deyil. O gəlir və gedir. Amma məqsəd və vərdiş varsa, motivasiya olsa da, olmasa da irəliləmək mümkündür. Ona görə də şagirdlər öz məqsədlərini müəyyənləşdirməli, nə üçün oxuduqlarını, bu onlara gələcəkdə nə qazandıracaq? kimi sualların cavabını tapanda motivasiya da daha dayanıqlı olur.

Eyni zamanda vaxtı bölməyi və hər şeyə böyük iş kimi baxmamağı öyrənmək lazımdır. Böyük dərsi kiçik hissələrə bölmək, özünə real hədəflər qoymaq çox kömək edir. Valideyn və müəllimlər daha çox emosional dəstək verməlidirlər. Bu yaşda təzyiq deyil, anlayış və bərabər müzakirə önəmlidir.

Müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edir

Psixoloq söyləyir ki, bununla bağlı məktəb və müəllimin də üzərinə bir sıra öhdəliklər düşür. Onun sözlərinə görə, məktəbdə müəllim yalnız bilik verən deyil, eyni zamanda uşağın məktəblə emosional bağını quran əsas fiqurdur. Əgər müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edir və dərsə marağını itirir.

Müəllimlər çalışmalıdır ki, dərsi həyatla əlaqələndirsinlər. Məsələn, bir riyaziyyat mövzusunu gündəlik həyatda necə istifadə olunduğunu göstərmək, ya da tarixi müasir hadisələrlə əlaqələndirməklə şagirdlərdə maraq oyatsalar, daha çox uğur əldə edilər. Bundan əlavə, məktəbdə vaxtın düzgün planlaşdırılması üçün uşaqlara bu bacarığın öyrədilməsi vacibdir. Bu sadəcə tapşırıq verməklə bitmir. Uşaqlara plan qurmaq, vaxt bloklarına bölmək, fasilə verməyi düzgün istifadə etmək kimi vərdişlər öyrədilməlidir.

İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdır

Ümumiyyətlə, bu məsələlərdə sistemli yanaşma vacibdir. Psixoloqun fikrincə, məktəb, valideyn və psixoloqun birgə işləməsi əsas şərtdir.

İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdır. Sonra ona planlaşdırma bacarığı öyrədilməlidir. Ardınca isə onu davamlı olaraq müsbət tərəflərdən qiymətləndirmək lazımdır. Əgər biz uşağa “Sən bu sahədə inkişaf etmisən” deyə bilsək, onun motivasiyası artacaq. Tənqid və müqayisə deyil, anlayış və istiqamət göstərmək daha effektlidir. Uğur, yalnız yüksək qiymət deyil, eyni zamanda səylə, çalışmaqla, davamlılıqla ölçülməlidir.

Zamanın düzgün idarə olunması, güclü motivasiya və qarşılıqlı anlayış şagirdi uğura aparan ortaq yoldur.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.