Bütün xəbərlər
9 oktyabr, 15:48

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt artıq yalnız elmi-fantastik filmlərin mövzusu deyil. O, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dünyada olduğu kimi, Azərbaycanda da gənc mütəxəssislər bu sahəyə böyük maraq göstərir, müxtəlif layihə və startaplar üzərində çalışırlar.
Nihat Abdullayev və Ləman Əliyeva da belə gənclərdəndir.

Onlar süni intellektdən istifadə etməklə ətraf mühitin avtomatik təsvir edilməsi üçün ağıllı eynək ixtira ediblər. Bu yaxınlarda isə ixtiralarına görə Əqli Mülkiyyət Agentliyindən patent alıblar. 

"Azərbaycan müəllimi" həmin gəncləri sizə təqdim edir.

Ətraf mühiti analiz etdikdən sonra səsli təsvirlər yaradır

Nihat və Ləman ixtiraları barədə həvəslə danışaraq, ağıllı eynəyin üstünlükləri və xüsusiyyətləri haqqında məlumat verirlər. Onların sözlərinə görə, ağıllı eynək görmə qabiliyyəti olmayan və ya zəif görən şəxslər üçün nəzərdə tutulmuş köməkçi texnologiyadır. Qurğu istifadəçinin ətraf mühitini analiz edərək, ətrafdakı obyekt, səth, məsafə və hərəkətli elementlər haqqında səsli təsvirlər yaradır. Məqsəd istifadəçinin gündəlik həyatında müstəqilliyini artırmaq, real vaxtda təhlükəsizlik imkanlarını yaxşılaşdırmaqdır. Eynək həm qapalı, həm də açıq mühitlərdə işləyə bilir, səhnə tanıma, obyekt identifikasiyası, təhlükəli zonaların xəbərdarlığı və səsli yönləndirmə funksiyalarını dəstəkləyir. Bundan əlavə, sistem vayfay və blutuz üzərindən mobil tətbiqə qoşularaq fərdi parametrlərin tənzimlənməsi və proqram yenilənməsinin həyata keçirilməsinə imkan verir.

Texniki baxımdan qurğu süni intellektlə gücləndirilmiş çoxsəviyyəli analiz mexanizminə malikdir. Kamera vasitəsilə toplanan vizual məlumatlar mikroprosessor üzərində emal olunur və dərin öyrənmə əsaslı neyron şəbəkələr vasitəsilə obyektlərin çoxsəviyyəli xüsusiyyətləri çıxarılır. Sistem zaman ardıcıllığını və səhnə kontekstini təhlil edərək diqqət mexanizmi ("attention mechanism" ) ilə daha vacib obyektlərə fokuslanır və istifadəçi üçün ən əhəmiyyətli vizual məlumatları önə çıxarır. Emal olunmuş nəticələr mini-USB səs sistemi vasitəsilə səsli təsvirlərə çevrilir, enerji təminatı isə yüksək tutumlu akkumulyatorla dəstəklənir. Beləliklə, qurğu ətraf mühiti real vaxtda analiz edərək istifadəçi üçün onu təsvir edir.

Qlobal innovasiya arenasında yer almaq istəyirlər

Gənclər bildirirlər ki, gələcək planları ölkəmizi daha yüksək beynəlxalq səviyyələrdə təmsil etmək və bayrağımızı qlobal innovasiya arenasında ucaldmaqdır: “Ümid edirik ki, təşəbbüslərimiz Azərbaycanı yalnız regional deyil, həm də qlobal miqyasda süni intellekt və innovasiya sahəsində dünyanın aparıcı mərkəzinə çevrilməsinə təkan verəcək".

Süni intellekt sahəsində peşəkar fəaliyyət

Qeyd edək ki, Nihat Abdullayev gənc yaşlarından Azərbaycanın innovasiya və texnologiya ekosistemində uğurlara imza atmış, çoxmilyonluq auditoriyaya xidmət edən süni intellekt həllərinin və texnoloji patentlərin müəllifidir. O, orta təhsilini Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində qızıl nişanla bitirib. Oxuduğu ADA Universitetinin Mühəndislik və İT fakültəsində ümumi orta müvəffəqiyyət göstəricisi (100%) ilə fərqlənib. Daha sonra ən nüfuzlu texnologiya universitetlərindən biri olan Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda elmi tədqiqatlar aparıb və Koreya Dövlət Təqaüdünü (KGS) qazanıb. Erkən yaşlarından elmə və texnologiyaya olan marağı sayəsində fizika üzrə beynəlxalq və respublika səviyyəli olimpiadalarda birinciliklər əldə edib.

Hazırda Nihat Abdullayev “Azerconnect” Şirkətlər Qrupunun aparıcı süni intellekt mühəndisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, Nihat sahibkarlıq sahəsində də fəaldır. O, “SamSam” adlı süni intellekt əsaslı startapın həmtəsisçisi və texnologiyalar üzrə baş direktoru olub. Bu layihə uşaqların diqqət çatışmazlığı və hiperaktivlik sindromu ilə mübarizəsinə kömək edən, süni intellektlə dəstəklənən “təhsil oyuncağı” kimi Azərbaycan innovasiya ekosisteminə dəyərli töhfə verib. Onun innovasiya və sahibkarlıq sahəsindəki uğurları dövlət səviyyəsində yüksək qiymətləndirilib və 2025-ci ildə Prezident tərəfindən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

13 yaşından proqramlaşdırma ilə məşğul olur, indi isə elmi-tədqiqat aparır

Ləman Əliyeva süni intellekt mühəndisi, elmi-tədqiqatçı və startap həmtəsisçisi kimi Azərbaycan innovasiya və texnologiya ekosistemində tanınan gənc mütəxəssislərdəndir. O, ADA Universitetində Lütfi Zadə Təqaüdünə layiq görülmüş, mühəndislik və İT fakültəsində 100% ÜOMG nəticəsi ilə fərqlənib. Daha sonra ABŞ-də yerləşən Meri Vaşinqton Universitetində mübadilə semestri keçərək süni intellekt sahəsində elmi-tədqiqat fəaliyyəti aparıb. Ləman 13 yaşından proqramlaşdırma ilə məşğul olur və erkən yaşlarından elmə, texnologiyaya olan marağı sayəsində müxtəlif beynəlxalq layihə və elmi müsabiqələrdə fərqlənib.

Ləman Əliyeva da “Azerconnect” Şirkətlər Qrupunda süni intellekt mühəndisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, ölkəmizin süni intellekt sahəsində ilk və ən böyük icmalarından biri olan AI HUB təşkilatının həmtəsisçisidir. Bu layihə elmi-tədqiqat, laboratoriya fəaliyyəti və süni intellektin tətbiqləri istiqamətində ölkəmizdə innovasiyanın inkişafını təşviq etməyi, bilik mübadiləsini gücləndirməyi və gənclərin bu sahəyə marağını artırmağı nəzərdə tutur.

Regionun ən innovativ xanımı seçildi

Ləman həmçinin Qafqaz və Cənubi Asiya regionu üzrə “Women in Tech” yarışmasında iki il ardıcıl “regionun ən innovativ xanımı” seçilib, Azərbaycanın bayrağını beynəlxalq arenada ucaldaraq ölkəmiz üçün tarixi uğura imza atıb. O da innovasiya və sahibkarlıq sahəsindəki nailiyyətlərinə görə 2025-ci ildə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Bu iki gəncin uğuru bir daha sübut edir ki, Azərbaycan gəncləri yaradıcılıq, bilik və texnoloji yenilik sahəsində qlobal səviyyədə rəqabət apara biləcək potensiala malikdir. Onların ixtirası təkcə texnoloji yenilik deyil, həm də insanlığa fayda gətirən sosial məsuliyyət nümunəsidir.

1 /1

Şərhlər

Xəbər lenti

9 oktyabr, 19:52

Peşə təhsili müəssisələrində “bootcamp”lara start verilib

9 oktyabr, 19:47

Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib

9 oktyabr, 19:41

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib

9 oktyabr, 17:56

Peşə mərkəzinin tələbəsi beynəlxalq yarışda uğur qazanıb

9 oktyabr, 17:54

ADNSU-nun rektoru təqaüdə çıxan müəllimlərlə görüşüb

9 oktyabr, 17:28

Valideynlərin diqqətinə: Qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb

9 oktyabr, 17:02

Kolleclərə qeydiyyat prosesi uzadılıb

9 oktyabr, 16:50

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq – YENİLİK

9 oktyabr, 16:27

Vətən müharibəsi iştirakçıları məktəblilərlə görüşüblər

9 oktyabr, 16:22

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.