Bütün xəbərlər
3 iyul, 10:53

Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəbi Lənkəran-Astara bölgəsində öz nailiyyətləri ilə seçilən təhsil müəssisələrindən biridir. Bu məktəb hətta 2024–2025-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında da biologiya fənni üzrə əldə etdiyi yüksək nəticəsinə görə kənd rayonlarının seçilən təhsil müəssisələrinin siyahısına daxil ola bilib.  

Məktəb və kollektivlə tanışlıqdan sonra bu uğurların təsadüfi olmadığını anladıq.

Gördüklərimizdən belə nəticəyə gəlmək olar ki, məktəbin biologiya müəllimləri illərin zəhməti, təcrübəsi və sevgisi ilə bu nəticələrin əsasını çoxdan qoyublar.
“Azərbaycan müəllimi” bu məktəbin biologiya fənni üzrə uğurlarının arxasında duran səbəbləri araşdırmağa çalışıb.

“Sevgi ilə öyrətdiyim şagirdlərim bu gün həmkarlarımdır”

1990-cı ildən bu məktəbdə çalışan, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilən Cəmilə Muradova üçün biologiya sadəcə fənn deyil, həyat dərsidir: “Fənni şagirdlərə sevdirmək lazımdır. Dərsi həyatla əlaqəli formada tədris edirəm ki, şagird onun əhəmiyyətini dərk etsin. Mövcud bölmələri əyani vəsaitlərlə təqdim edirəm”.

Ömrünü təhsilə, tədrisə həsr edən Cəmilə müəllim dərsdənkənar vaxtlarda da şagirdlərlə məşğul olur, şagirdlərin olimpiadalara hazırlaşmasına yardım edir:
“Şagirdlərlə yaş səviyyəsinə və maraq dairəsinə uyğun işləyirəm. Fəxr edirəm ki, vaxtilə biologiya fənnini sevgi ilə öyrətdiyim şagirdlərim bu gün həmkarlarımdır”.

“Potensiallı şagirdləri tibb sahəsinə yönləndirməyə çalışıram"

Artıq 18 ildir ki, bu məktəbdə biologiya fənnini tədris edən Əlizamin Əliyev deyir ki, uğurun əsas sirri müəllim və şagird arasında güclü münasibətlərin qurulmasıdır:

“Düşünürəm ki, tibb sahəsində savadlı kadrlara həmişə ehtiyac var. Bu səbəbdən 5–11-ci siniflərdə tədris etdiyim biologiya fənninə marağı artırmağa və potensiallı şagirdləri tibb sahəsinə yönləndirməyə çalışıram. Biologiya fənnini sevdirmək və maraq yaratmaq üçün ilk növbədə güclü müəllim-şagird münasibətlərinin qurulması vacibdir, bunun üçün əlimdən gələni edirəm”.

Əlizamin müəllim deyir ki, dərslərində mövzuları şagirdlərə əzbərlətməkdən qaçır, daha çox mövzunu anlamağa və düşünməyə kömək edən təlim metodlarından istifadə edir:

“Şagirdlərin təxəyyülünü işə salmaq üçün həyatla bağlı misallardan istifadə edirəm. İnteraktiv sual-cavablar, qrup müzakirələri və vizual təqdimatlar da dərslərimizi daha maraqlı edir. Çətin mövzular – biokimya, genetika, ontogenez kimi sahələrdə isə sxem, cədvəl, müqayisəli izahlar köməyə gəlir. Sadə dillə və ardıcıl təkrarlarla bu mövzuları şagirdlər üçün asanlaşdırırıq”.

Əlizamin müəllim videodərslər, maketlər, müasir texnologiyalar vasitəsilə şagirdlərin dərslərə marağını artırdığını, valideynlərlə sıx əməkdaşlığın  şagirdlərin evdə də nizamlı çalışmalarına şərait yaratdığını bildirir:

“Məktəbdə biologiya üzrə keçirilən viktorinalar, esse müsabiqələri, oyun xarakterli dərslər şagirdlərin həm fənnə marağını artırır, həm də təqdimat bacarıqlarını formalaşdırır. Gələcəkdə daha çox təcrübəyə əsaslanan dərslər, simulyasiyalar və fənlərarası inteqrasiya layihələri həyata keçirməyi planlaşdırıram”.

“Şagirdin potensialını üzə çıxarmaq üçün fərdi yanaşma vacibdir”

Lənkəran Dövlət Universitetinin məzunu olan Pərvanə Qafarova 2009-cu ildən bu məktəbdə biologiya fənnini tədris edir. Onun üçün şagirdlərlə fərdi münasibət ən vacib amildir:

“Biologiya fənninə marağı artırmaq üçün ilk növbədə şagird- müəlli münasibətlərinin düzgün qurulması çox vacibdir və mən də bunun üçün daim çalışıram. Onların hər birinə fərdi şəkildə, gücüm çatdığı qədər dəstək göstərirəm, potensiallarını üzə çıxarmağa çalışıram”.

Pərvanə müəllim dərslərdə interaktiv sual-cavab, qrup işi, vizual təqdimatlar, laboratoriya işləri və sadə təcrübələrdən istifadə edir. Çətinlik yaradan mövzularda isə xüsusi yanaşma tətbiq etdiyini deyir:

“Biokimya, genetika, ontogenez bölmələrində çətinlik yaşanırdı. Bu mövzuları sxemlərlə aydın, anlaşılan səviyyədə izah edərək şagirdlərə dəstək oldum”.
O, oyun xarakterli dərslər keçməyə üstünlük verir, valideynlərlə əməkdaşlığa böyük önəm verdiyini bildirir:

“Əlavə vəsaitlərdən də istifadə edirəm. Məqsədim sistemli tədris planı və müasir texnologiyalarla davamlı uğur əldə etməkdir”.

“Biologiya həyat yolumu seçməyimdə böyük rol oynayıb"

Builki qəbul imtahanlarında uğur qazanan, biologiya fənni üzrə göstəricilərinə görə xüsusi fərqlənən məzunlardan biri Jalə Əkbərovadır.
O, biologiyaya marağının 8-ci sinifdən yarandığını deyir:

“İnsan bədəninin quruluşu, orqanların bir-birilə əlaqəsi, həyat proseslərinin necə baş verməsi məni cəlb edirdi. Fikirləşirəm ki, biologiya həyatla çox bağlıdır, ona görə də bu fənnlə bağlı olan sahə üzrə ixtisaslaşmağa qərar verdim”.

Tibbi təhsil almaq istəyən Jalə biologiyanın həyat yolunu seçməsində böyük rol oynadığını bildirir.

Jalə genetika mövzusunda çətinlik çəksə də, müəllimlərinin köməyi ilə bu maneəni aşmağı bacarıb:

“Biologiya dərsləri maraqlı, həyatdan nümunələrlə zəngin keçirilirdi. Məktəbimizin bütün müəllimləri bizə əlavə vaxt ayırır, dəstək olurdular”.

Məktəbin biologiya müəllimlərinin fikirlərindən aydın olur ki, məktəbin biologiya sahəsindəki uğurunun kökündə zəhmət, sevgi və məsuliyyət dayanır. Onların əməyi və fədakarlığı bu gün şagirdlərin nəticələrində, sabah isə ölkənin tibb və elm sahəsində yetişəcək kadrlarında öz əksini tapacaq.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.