Bütün xəbərlər
12 may, 10:55

Tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının (RFO) qalibləri olan şagirdlərimizin uğur hekayələrini təqdim etməyə davam edirik. Bu dəfə şimal bölgəmizin ümumi təhsil müəssisələrinin şagirdləri ilə tanış olduq.

"Azərbaycan müəllimi" coğrafiya fənni üzrə RFO-da yüksək nəticə göstərmiş Qusar rayonunun şagirdləri ilə həmsöhbət olub.

“Ümid edirəm ki, bu nailiyyət ölkəmizin elm və təhsil uğurlarına kiçik də olsa, bir töhfə olacaq”

Coğrafiya fənni üzrə RFO-da qızıl medal qazanan Qəhrəman Məlikov ilk təhsilini Qusar rayon Hil kənd 3 nömrəli ümumi orta məktəbdə alıb. Hazırda isə professor Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Məktəbli hələ ibtidai sinifdə oxuyarkən təbiətdə baş verən hadisələrə böyük maraq göstərib. Qəhrəman xatırlayır ki, ibtidai siniflərdə kitabxanadan aldığı kitablarda dünya haqqında mövzuları həvəslə oxuyub, internetdə axtarıb baxdığı məqalələr onda coğrafiya fənninə xüsusi sevgi oyadıb: “6-cı sinifdə Turan Pirəliyevin bizə coğrafiya fənnini tədris etməsi ilə bu həvəs daha da böyüdür. Biliklərimi artırmaqda mənə kömək edən, bu fənnə artan marağımı daim təşviq edən Turan müəllim, eləcə də digər müəllimlərim – Zöhrə Bəkirova, Nürəddin Yüzbəyov, Kamran Tahirov fənn olimpiadalarına qatılmağıma şərait yaratdılar. Eyni zamanda, digər fənn müəllimlərim, valideynlərim, sinif yoldaşlarım və dəyərli dostum Elvira Məlikova da mənə xüsusi dəstək verdilər”.  

Dərslərinə həmişə məsuliyyətlə yanaşan Qəhrəman hər gün əvvəlcədən hazırladığı gündəlik plan üzrə təkrarlar etdiyini, həm mövzunu anladığını, həm də praktik testlər həll etdiyini deyir: “İstirahət və oxu vaxtımı balanslı şəkildə qurmağa çalışıram. Vaxt bölgüsünə riayət etməyim həm dərslərimdə, həm də olimpiadaya hazırlıqda mənə çox kömək edir. Olimpiadaya marağım daha çox özümü sınamaq istəyindən yaranıb. Dərs zamanı verilən adi tapşırıqlardan kənara çıxmaq, mövzunu daha dərindən öyrənmək həvəsi məndə bu marağı formalaşdırdı. Hazırlıq zamanı əvvəlki illərin suallarını analiz edir, müxtəlif test toplularından istifadə edir və çətinlik çəkdiyim mövzular üzərində xüsusi olaraq çalışırdım. Bilmədiyim, mənə qaranlıq qalan mövzularda müəllimdən də yardım alırdım. Hər gün müəyyən saatlarımı bu məqsədə ayırırdım və bu rejim mənim uğuruma böyük təsir etdi”. 

RFO haqqında məlumat verən şagird  vurğulayır ki, onun üçün yarışma çox maraqlı, eyni zamanda, həyəcanlı keçib, asan, həm də çətin səviyyəli suallarla qarşılaşıb: “Bəzən çətinliklər qarşısında çəkinmədən düşünmək və soyuqqanlı qalmaq lazım olur. Qalib olduğumu öyrəndikdə inanılmaz dərəcədə sevindim. Bütün əziyyətlərimin nəticə verdiyini görmək çox qürurverici idi. O an ailəmin, müəllimlərimin və öz zəhmətimin bəhrəsini gördüm. Ailəm mənə hər zaman dəstək göstərib. Hazırlıq vaxtlarımda mənim üçün sakit mühit yaradıb, yorulduğum zaman motivasiya veriblər. Onların inamı və dəstəyi mənim üçün çox dəyərlidir. Atam və anamın "sən bacararsan" sözləri hər zaman qulağımda səslənir”.

Nümunəvi məktəbli öncəki illərdə də müəyyən uğurlara nail olub. 2023-2024-cü tədris ilində coğrafiya üzrə keçirilən RFO-da II yerə layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbində Qusar rayonu üzrə altı məktəbin komandası arasında bilik yarışı təşkil olunub. Qəhrəmanın kapitanı olduğu komanda yarışda 1-ci yeri qazanmağa müvəffəq olub. 

Olimpiada qalibi uğurunun sirrini əzmli olması, davamlılığı və vaxtını düzgün bölməsi ilə əlaqələndirir: “Hər gün irəliyə doğru bir addım atmağa çalışıram. Həm özümə, həm müəllimlərimə, həm də ailəmə güvənirəm. İstəyin varsa, zəhmətə qatlanırsan və nəticə mütləq gəlir. Gələcəkdə bu fənn üzrə daha da dərinləşmək, nüfuzlu universitetlərdə təhsil almaq və ölkəmi beynəlxalq səviyyədə təmsil etmək istəyirəm. Ümid edirəm ki, bu nailiyyət ölkəmizin elm və təhsil uğurlarına kiçik də olsa, bir töhfə olacaq”.

Qəhrəman Məlikov onun kimi yüksən nəticə əldə etmək istəyən şagirdlərə tövsiyəsində deyir: “Heç vaxt özünüzə “bacarmaram” deməyin. Kiçik addımlarla başlayın, amma ardıcıl olun. Səbir edin, çünki uğur birdən-birə gəlmir. Suallardan qorxmayın, hər bir sual sizə nəyisə öyrədir”.

 “Heç vaxt tənbəllik edib "sabah oxuyaram" demədim”

Yasin Məlikov Qusar rayon R.Səfərəliyev adına Xuray kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. Məktəblinin sözlərinə görə, olimpiadalara maraq onda 7-ci sinifdən özünü büruzə verib və o, digər şagirdlərin uğur qazandığını görərək özünə “mən də bacararam” deyib. 8-ci sinifdə bu müsabiqədə iştirak etməyə qərar verib və planlı şəkildə çalışmağa başlayıb. “Dərslərimi çox yaxşı oxuyuram. Diqqətimi coğrafiyaya yönəltməyim digər fənnləri də oxumağıma maneə deyil. Coğrafiya çox maraqlı və yaxşı bildiyim fənndir. Kiçik yaşlarımdan bu fənnə xüsusi marağım var. Coğrafiya müəllimim Vəfa Pirəliyeva məni yarışmaya  ruhlandırıb. Müəllimlərim Gülxar Osmanona və Müzəffər Orucov də mənə böyük dəstək göstəriblər”, - Yasin bildirir.

Olimpiada imtahanlarından bəhs edən məktəbli özünə inandığını dilə gətirir: “Olimpiada mənim üçün çox gözəl nəticələndi. RFO-nun bütün mərhələlərini uğurla keçərək finalda II yerə layiq görüldüm və gümüş medal qazandım. Uğurlu nəticəni öyrəndiyim zaman əziyyətlərimin bəhrəsini gördüyüm üçün çox sevindim. Ən böyük dəstəyi mənə ailəm göstərib. Onların dəstəyi olmasaydı, bu uğuru qazana bilməzdim. Onun üçün də bu uğur təkcə mənim deyil, mənə inanan, hər zaman yanımda olan valideynlərimin və müəllimlərimin uğurudur”.

Yasinin ən böyük arzusu gələcək olimpiadalarda qızıl medal qazanmaq və universitetə yüksək balla qəbul olmaqdır. Həmçinin o, beynəlxalq olimpiadalarda iştirak etməyi hədəfləyib. Yasinin şagirdlərə tövsiyəsi belədir: “İradəli olsunlar, kiçik əyləncələri bir qırağa qoyub əsas məqsədlərinə yönəlsinlər. Həvəs göstərdikləri sahələrdə aktiv iştirak etsinlər. Çünki həvəssiz o qədər də yaxşı uğur qazanmaq mümkün deyil. Uğur qazanmağımın sirri yoxdur. Məqsədyönlü və çox çalışdım. Heç vaxt tənbəllik edib "sabah oxuyaram" demədim. Özümə inandım, əziyyətlərimin yerdə qalmaması üçün əlimdən gələni etdim”. 

 

1 /1

Şərhlər

Xəbər lenti

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

11 iyul, 10:17

Çinin Beihang Universitetində BMU ilə əməkdaşlıq görüşü keçirilib

11 iyul, 10:10

Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

11 iyul, 10:04

Nazir Ruanda Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

11 iyul, 10:01

Metodistlərlə onlayn görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.