
Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur.
Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Azərbaycan hökuməti ilə bir sıra xarici ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramları (HTP) mühüm əhəmiyyət kəsb edir. Proqram gənclərimizə dünyanın nüfuzlu ali təhsil müəssisələrində yüksəksəviyyəli mütəxəssislər kimi formalaşmasına öz töhfələrini verir.
Belə gənclərdən biri də bu yaxınlarda HTP çərçivəsində Çin Xalq Respublikasının Çin Neft Universitetində magistratura təhsilini başa vuran Ziyəddin Ömərovdur.
.jpeg)
“Azərbaycan müəllimi”nə müsahibəsində Z.Ömərov proqramın əhəmiyyəti, Çində təhsil imkanları, hədəfləri barədə danışır. Əvvəlcə müsahibimizi oxuculara təqdim edirik.
– Sizi oxuculara necə təqdim edək?
– Mən – Ziyəddin Ömərov Xaçmaz rayonunun Həbibkənd kəndində hərbçi ailəsində dünyaya gəlmişəm. Orta təhsilimi kənd məktəbində başa vurmuşam. Məktəb illərində riyaziyyat olimpiadalarında iştirak edərək məktəbimizi təmsil etmişəm. Kiçik yaşlarımdan texniki fənlərə böyük marağım olub və özümü gələcəkdə dinamik, texnoloji bir mühitdə görürdüm. Bu səbəbdən ölkəmizin iqtisadiyyatının mühüm hissəsi olan neft sektorunda mühəndis olmaq qərarı aldım.
2018-ci ildə Xəzər Universitetinin “Neft-qaz mühəndisliyi” (ingiliscə) ixtisasına qəbul olundum, eyni zamanda, sıfırdan ingiliscə öyrənib həm də universiteti fərqlənmə ilə bitirdim. Təhsil aldığım müddətdə Xəzər Universitetində SPE (Society of Petroleum Enginers) “Khazar Chapter” tələbə təşkilatının prezidenti kimi fəaliyyət göstərmiş və tələbələrin elmi-texniki inkişafına dəstək olmuşam.
Magistr təhsilimi davam etdirmək üçün bir neçə ölkəni nəzərdən keçirdikdən sonra HTP proqramı vasitəsilə Çində tam təqaüdlə magistratura təhsili almağa qərar verdim. Proqramın qalibi oldum və Çinə yollandım. Xaricdə təhsil mənə həm akademik, həm də şəxsi inkişaf baxımından bir çox bacarıqlar qazandırdı. Çində oxuduğum müddətdə müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil etdim, texnologiya və enerji sahəsində yeni biliklər qazandım və liderlik bacarıqlarımı inkişaf etdirdim. Gələcəkdə qazandığım bilik və təcrübəni Azərbaycan üçün faydalı sahələrdə tətbiq etmək və ölkəmin inkişafına töhfə vermək əsas hədəfimdir.
.jpeg)
Texnologiya və mədəniyyətin qovuşduğu ölkədə təhsil almaq mənim üçün ən doğru seçim oldu
– Necə oldu ki, Çində ali təhsil almağa qərar verdiniz? Bu nə ilə bağlı idi?
– Texnologiya tarixdə ilk dəfə şərqdən qərbə, daha sonra qərbdən şərqə keçmişdi, amma indi yenidən şərqdən qərbə doğru dəyişir və texnologiyanın mərkəzlərindən biri məhz Çindir. Mən də texnologiyanı qabaqcıl mənbədən izləmək və ona vaxtında uyğunlaşmaq üçün Çində təhsil almağı seçdim.
Çində ali təhsil almağa qərar verməyim həm ixtisasımla, həm də şəxsi inkişafımla bağlı idi.
Çin enerji sahəsində də sürətlə inkişaf edən bir ölkədir və bu sahədə qabaqcıl təcrübələrə malikdir. Beləliklə, neft-qaz mühəndisliyi üzrə biliklərimi genişləndirmək, eyni zamanda, yeni texnologiyaları öyrənmək və bu sahədə aparılan tədqiqatların bir parçası olmaq şansı əldə etdim. Onların zəngin və qədim mədəniyyəti də qərarımın əsas meyarlarındandır. Ona görə də texnologiya və mədəniyyətin qovuşduğu ölkədə təhsil almaq mənim üçün ən doğru seçim oldu.
Burada hər şey elektronlaşdırılıb və texnologiya üzərindən idarə olunur
– Çin təhsil mühitinə adaptasiya olunmaq və bu mühitdə təhsil almaq sizin üçün çətinliklər yaratdımı?
– Bəli, əvvəlcə fərqli dil və mədəniyyət mühiti olduğu üçün müəyyən çətinliklər oldu. Çində ingilis dili bilən insanların az olması ilk vaxtlarda müəyyən çətinliklər yaradırdı. Həmçinin mobil proqramları səlis istifadə edə bilməməyim də əsas çətinliklərdən idi. Bu özünü, məsələn, taksi sifarişi, yemək, onlayn alış-veriş kimi gündəlik ehtiyaclarda göstərdi, çünki burada hər şey elektronlaşdırılıb və texnologiya üzərindən idarə olunur. Əvvəlcə bu sistemlərə uyğunlaşmaq çətin idi, amma öyrəşdikdən sonra gördüm ki, əksinə, həyatım daha rahat və komfortlu oldu, demək olar ki, hər şey əlçatan və sürətli şəkildə həll olunurdu.

Azərbaycanı layiqincə təmsil etməyə çalışdım
– HTP çərçivəsində Çində ali təhsil arzunuzu reallaşdırdınız. HTP-nin əhəmiyyəti və həyatınızda rolu barədə nə deyə bilərsiniz? Bu barədə düşüncələrinizi bölüşməyinizi xahiş edirik.
– HTP rəqabətli bir proqramdır və bu proqramın qalib tələbəsi olaraq özümü hər zaman özəl hiss edirdim. Çünki bu yolda Elm və Təhsil Nazirliyinin əməkdaşlarının daim dəstəyini hiss edirdim və bu mənə həm motivasiya, həm də dövlətimizin mənə olan inamını doğrultmaq üçün məsuliyyət hissi verirdi. Bu məsuliyyət məni daha çox çalışmaq, öyrənmək və inkişaf etmək üçün həvəsləndirdi. HTP sayəsində uğurlu məzuniyyətlə yanaşı, universitetdə bir neçə nailiyyətlərə imza atdım və Azərbaycanı layiqincə təmsil etməyə çalışdım. Və mən bu proqramı həyatımın dönüm nöqtəsi adlandırıram.
Eyni anda həm mühəndislik, həm də proqramlaşdırma üzrə məzun oldum
– Çində təhsil sizə nə verdi, hansı bilik və təcrübələri qazandırdı və tədqiqat mövzunuz, ixtisasınız barədə nə deyə bilərsiniz? Təhsil dövründə hansı uğurlarınız oldu?
– Çində təhsil almaq mənə həm ixtisasım üzrə dərin biliklər, həm də beynəlxalq səviyyədə tədqiqat aparmaq bacarıqları qazandırdı. Mən “Neft-qaz mühəndisliyi” üzrə magistratura təhsili aldım və tədqiqat “Süni intellekt üsullarından istifadə edərək hidravlik qırılmada qum (proppant) həcminin proqnozlaşdırılması” mövzusunda aparılıb. Sadə dillə desəm, kompüter modelinə öyrədirəm ki, hidravlik qırılma zamanı quyulara nə qədər qum vurulmasının daha səmərəli olacağını özü qərar verə bilsin.

Hidravlik qırılma zamanı bu qum şist və sıx kollektorlarda yaranan xırda çatlaqları açıq saxlamaq üçün vurulur ki, neft və qaz həmin çatlaqlardan quyulara axa bilsin. Bu üsul həm hasilatın səmərəliliyini artırmağa, həm də xərclərin azalmasına kömək edir. Tədqiqat nəticəsində süni intellekt modeli vurulacaq qum həcmini 90%-dən çox dəqiqliklə proqnozlaşdırmağa nail olduq və bu, işin ən uğurlu nəticələrindən biri oldu.
Beləliklə, ixtisasımın “Neft-qaz mühəndisliyi” olmasına baxmayaraq, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi ilə məşğul olmaq mənə proqramlaşdırmanın əsaslarını öyrənmək və praktikada tətbiq etmək imkanı yaratdı. Sanki eyni anda həm mühəndislik, həm də proqramlaşdırma üzrə məzun oldum deyə bilərəm.
Ən son və önəmli nailiyyətlərimdən biri də Çinin və dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan CNPC-nin 30 iyun 2025 də keçirdiyi “Digital Intelligence Empowering a Low-carbon Future” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən gənc liderlərdən biri kimi iştirak etmək hüququ qazanmaqdır. Bu tədbir dünyanın və Çinin ən nəhəng neft şirkəti olan CNPC tərəfindən təşkil olunmuşdur və tədbirdə 9 fərqli ölkədən gənc liderlər çıxış etmiş, 25 ölkədən media nümayəndələri iştirak etmişdir.
Tədbirin əsas məqsədi aşağıdakılar idi:
- Rəqəmsal və ağıllı texnologiyalar vasitəsilə enerji sektorunda aşağı karbonlu gələcəyi sürətləndirmək;
- İqlim dəyişikliyinə qarşı qlobal səyləri dəstəkləmək;
- Gənc liderlərin rəqəmsal və ağıllı texnologiyalardan istifadə edərək enerji keçidindəki çağırışlara dair unikal baxışlarını paylaşmaq;
- Qlobal uğurlu təcrübələri və qabaqcıl trendləri müzakirə etmək, beynəlxalq perspektivləri iştirakçılara çatdırmaq.

Çıxışım zamanı təhsil dövründə apardığım araşdırmamın əsas mövzusu kimi rəqəmsal texnologiyanın neft sektorunda tətbiqi və dolayısı ilə karbon qazını minimallaşdırmaq üçün vasitə olduğu, Azərbaycanın iqlim dəyişikliyi və enerji keçidi mövzusunda necə həssas olduğunu, bu istiqamətdə atılan addımları və ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsi ilə bağlı fikirlərimi beynəlxalq mediaya çatdırmaq imkanı qazandım. Bu mənim üçün həm böyük məsuliyyət, həm də Azərbaycan gəncliyini beynəlxalq platformada təmsil etmək baxımından çox önəmli təcrübə oldu.
Çində ali təhsilə marağın artması təsadüfi deyil
– Çin ali təhsilinə bütün dünyada maraq var. Sizcə, Çin universitetlərini fərqli edən nədir?
– Bütün dünyada Çində ali təhsilə marağın artması təsadüfi deyil. Məncə, Çin universitetlərini fərqli edən əsas məqam elmi-tədqiqat mühitinin güclü olması və real sənaye ilə universitetlərin sıx əməkdaşlığıdır. Məsələn, böyük şirkətlər universitetlərə real problemlər təqdim edir və tələbələr bu problemlərin həllində birbaşa iştirak edirlər.
Artıq sosial şəbəkələrin əlçatan olması gənclərin Çin texnologiyasının necə inkişaf etdiyini və bir texnologiya brendi olduğunu görürlər, təbii ki, bunun arxasında güclü təhsilin dayandığından xəbərdardırlar.
Bu faktorlar Çində təhsili cazibədar edir və mən öz təcrübəmdə də gördüm ki, burada təhsil almaq yalnız diplom qazanmaq deyil, həm də peşəkar, texnoloji və şəxsi inkişaf üçün geniş imkanlar əldə etməkdir.
Demək olar ki, Çindəki bütün universitetlərin imkanları dünya standartlarının üzərindədir. Orada təhsil almaq sanki futuristik bir mühitdə olmaq kimidir, çünki hər şey rəqəmsallaşdırılıb və tələbələr üçün tam əlçatandır. Bu mühit həm təhsili, həm də tədqiqatı daha məhsuldar və rahat şəkildə həyata keçirməyə şərait yaradır.
Rəqabət Çini hər gün daha da inkişaf etdirir
– Çin ali təhsilində sizin üçün maraqlı olan hansı tendensiyaları qeyd edərdiniz? Çinli gənclər hansı sahələrə və ixtisaslara daha çox meyil göstərirlər? Onların elmi-tədqiqatlarda uğurları nə ilə bağlıdır?
– Çin ali təhsilində məni maraqlandıran əsas tendensiyalardan biri rəqəmsallaşma və texnologiyanın təhsilə tam inteqrasiya olunmasıdır. Dərslərdə, laboratoriyalarda və tədqiqatlarda süni intellekt və böyük məlumat bazasından istifadə geniş yayılıb.
Digər təsirləndirən məqamlardan biri çinli gənclərin, ümumiyyətlə, Çin xalqının işə yanaşma tərzidir. Çin psixologiyasında gördükləri hər hansı bir işi 100% dəqiqliklə və mükəmməl yerinə yetirmək istəyi var. Əgər həmin şəxsin işi təhsildirsə, bütün gücünü oxumağa sərf edir, işləməlidirsə, işini ən yüksək səviyyədə görməyə çalışır. Bu yanaşma bütün Çin xalqına xasdır və ölkədə bütün sahələrdə rəqabət artırır. Bu rəqabət isə Çini hər gün daha da inkişaf etdirir.
Bundan başqa, Çində professorlar və tələbələr araşdırma mövzularını əsasən sənayedəki real problemlərin həllinə yönəldirlər. Bu yanaşma həm sənayenin inkişafına töhfə verir, həm də tədqiqatların nəticələrinin praktikada dərhal tətbiq olunmasına imkan yaradır. Nəticədə, Çinin sənayesi və texnologiyası sürətlə irəliləyir, gənclər isə həm nəzəri, həm də praktiki biliklərlə böyüyür və ölkənin inkişafına töhfə verirlər.
Çinli alimlərlə əməkdaşlıq edərək ölkəmizdə qabaqcıl həllərin tətbiqinə dəstək olmağı planlaşdırıram
– Qarşıdakı illər üçün nə kimi hədəfləriniz var?
– Qarşıdakı illər üçün əsas hədəfim elm və texnologiya sahəsində dərin tədqiqatlar apararaq ölkəmin inkişafına töhfə verməkdir. Bu arada şad xəbər vermək istəyirəm ki, HTP proqramı vasitəsilə doktorantura təhsilimi Çində davam etdirmək şansı qazandım və artıq “China University of Geosciences”də PhD təhsilimi davam etdirəcəyəm.
Gələcəkdə təhsili başa vuraraq Azərbaycana qayıdıb enerji və texnologiya sahəsində elmi-tədqiqat işlərimi davam etdirməyi və çinli alimlərlə əməkdaşlıq edərək ölkəmizdə qabaqcıl həllərin tətbiqinə dəstək olmağı planlaşdırıram. Eyni zamanda, Azərbaycanlı tələbələrə dəstək olmaq, onların beynəlxalq elm və texnologiya sahəsində inkişaf etməsi üçün körpü rolunu oynamaq əsas hədəflərimdəndir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər