Bütün xəbərlər
22 iyul, 13:45

Sözün sehri ilə yaşayan, ədəbiyyatın ruhunu şagirdlərinə sevdirən müəllimlərimiz çoxdur. Onlardan biri də Astara rayonu Ş.Əliyev adına Rudəkənar kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Firuzə Mirzəyevadır.

“Azərbaycan müəllimi” olaraq həm pedaqoji, həm də bədii yaradıcılığı ilə seçilən bu müəllimlə söhbətləşdik.

Bərdə rayonunda anadan olan Firuzə müəllim ilk müəllimlik addımlarını Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində atıb.

2018-ci ildən isə bu rayonun Ş.Əliyev adına Rudəkənar kənd ümumi orta məktəbində pedaqoji fəaliyyət göstərir. O, müəllimliyə sevgisinin əsas qaynağının anası olduğunu deyir:

“Anam müəllim olub. Onun peşəsinə necə sevgi ilə yanaşdığını görərək böyümüşəm. Xala, bibi, dayılarım da ali təhsilli olublar. Lap uşaqlıqdan gəlincikləri yığıb onlara dərs keçərdim. Beləliklə, ən çox sevdiyim fənn üzrə – ədəbiyyat sahəsində təhsil almağı seçdim. V-VI siniflərdə Viktor Hüqo, Aleksandr Düma, Lev Tolstoy kimi dünya ədəbiyyatı nümayəndələrinin əsərlərini oxuyurdum. Azərbaycan ədəbiyyatının isə demək olar ki, bütün klassik və çağdaş müəlliflərinin yaradıcılığı ilə tanış idim”.

Firuzə müəllim əvvəl ailəsinin təzyiqi ilə IV ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşsa da, daxilindəki ədəbiyyat sevgisi üstün gəlib:
“Mən III qrup üzrə imtahan verərək öz istədiyim ixtisas üzrə təhsil aldım. Düşünürəm ki, insan öz arzusunu həyata keçirmək üçün mübariz və prinsipial olmalıdır. Həmişə vicdanlı və dürüst olmağa çalışmışam. Şagirdlərimi heç zaman öz övladımdan ayırmamışam”.

Firuzə Mirzəyeva ədəbiyyat dərslərini daha maraqlı və canlı keçirmək üçün müasir təlim texnologiyalarına üstünlük verir:
“Ədəbiyyat dərsi müasir, fəal və şagirdyönümlü olmalıdır. Dərs zamanı bütün şagirdlər prosesə cəlb olunmalıdır. Əsərlərin səhnələşdirilməsi, rollu oyunlar, simulyasiya, proqnozlaşdırma, “Mən kiməm?” kimi oyunlar vasitəsilə şagirdlərin tədqiqatçılıq və yaradıcı təfəkkürünü inkişaf etdirirəm”.

Onun fikrincə, müəllimlik yalnız bilik verməklə bitmir, eyni zamanda sevgi aşılamaq, dəstək olmaq və motivasiya yaratmaq deməkdir:
“Uşaqlara sevgi aşılamaq lazımdır. Onlara uğura gedən yolun iştirakçısı olduqlarını hiss etdirməliyik. Hər zaman onların əlindən tutmalı, yıxıldıqda qalxmağı öyrətməliyik”.

Yeni təhsil proqramları – yaradıcı müəllimlər üçün geniş imkanlar

“Bugünkü müəllim yaradıcı olmalı, daim yenilikləri izləməli və şagirdləri kəşf etməyə təşviq etməlidir. Yeni proqramlar intellektual potensialı formalaşdırır, milli-mənəvi dəyərləri qoruyur. Bu proqramlardan düzgün istifadə edərək, düşünmə qabiliyyətinə malik, vətənə layiqli vətəndaşlar yetişdirmək mümkündür”,- deyir Firuzə Mirzəyeva.

“Şagirdlərimin arasında şeir və hekayə yazanlar var”

Firuzə Mirzəyevanın özü də şeir və hekayə yazır:

“Orta məktəb illərindən yazmağa başlamışam. Bu, şagirdlərimə də təsir edib. Bəziləri utanaraq şeirlərini mənimlə bölüşsə də, sonradan inamla paylaşmağa başladılar. Bəlkə də onların arasından gələcəyin Nizamiləri, Füzuliləri yetişəcək”.

Müəllim yaradıcı nümunələrini dərsdə istifadə etməklə öyrənməni daha maraqlı edir:

“Ana dili və ədəbiyyat dərslərində real həyat hadisələrinə əsaslanan kiçik hekayələrdən istifadə edirəm. Bu, şagirdlərin diqqətini daha çox cəlb edir. Krossvord, söz oyunları və digər aktiv üsullarla dərsləri canlandırıram”.

Bədii təfəkkür – uşaqların daxili dünyasını açan açar

“Bədii təfəkkür və rabitəli nitqin inkişafı üçün ən təsirli metodlardan biri hekayə qurmaq və nəql etmə üsuludur. Ədəbiyyat gecələri, yazıçılarla görüşlər, kitabxana ilə əlaqə, bədii əsərlərin təhlili uşaqlarda maraq oyadır”.

Müəllim belə hesab edir ki, ədəbiyyat incə ruh, ülvi hisslərdir. Əgər uşaq ədəbiyyatı sevərsə, onların arasında zorakılıq və intihar hallarının da qarşısı alınar: “Əsərlər vasitəsilə vətən sevgisi, fədakarlıq kimi dəyərlər şagirdlərə aşılanır. Ədəbiyyat cəmiyyət üçün şəxsiyyət formalaşdırır. Bu şəxsiyyət vətənə və insanlığa faydalı bir fərd kimi yetişir”.

“Uğur qazanan qız şagirdlərimin sayı oğlanlardan çoxdur”

Firuzə müəllim qızların təhsilə cəlb olunması üçün də xüsusi fəallıq göstərir:

“İlk fəaliyyət illərimdə qızların təhsildən geri qalması problemi ilə qarşılaşdım. Bu sahədə çox çalışdım. Bu gün qürurla deyə bilərəm ki, uğur qazanan qız şagirdlərimin sayı oğlanlardan çoxdur. Onların səsi ali məktəblərdən, peşə məktəblərindən, Respublika fənn olimpiadalarının final mərhələsindən gəlir”.

O, “Peşə təmayüllü siniflər” layihəsində də fəal iştirak edib. Qızların aşpazlıq, dərzilik, eləcə də idman sahələrində uğurlar qazandığını böyük qürurla qeyd edir.

“Müəllim hər zaman örnək olmalıdır”

“Müəllim nümunəvi obraz olmalıdır. Şagirdlər bizləri özlərinə örnək kimi görür. Ona görə müəllim yüksək mənəvi dəyərlərə sahib olmalı, həm şəxsi həyatında, həm də peşəsində tərbiyəli, dürüst, sevgi dolu bir insan kimi çıxış etməlidir. Mən bütün müəllimlərə arzu edirəm ki, təkcə dərs deyil, şəxsiyyətləri ilə də örnək olsunlar”.

1 /5

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.