Bütün xəbərlər
12 iyun, 17:31

Biz illər boyu imtahan zalında həyəcan yaşayan şagirdləri görməyə öyrəşmişik. Onların qarşısında isə sakit və zəhmli baxışları ilə şagirdləri izləyən, onların biliyini qiymətləndirən tərəf – müəllimlər əyləşiblər. Amma indi sıra müəllimlərdədir. Bu dəfə biliyi qiymətləndirən, sualları yoxlayan deyil, biliyi qiymətləndirilənlər, suallara doğru cavab axtaranlar müəllimlərdir. 

Müəllimlərin sertifikatlaşdırılması dövlət ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. Bu imtahanlar müəllimlərin peşə bacarıqlarını qiymətləndirməklə yanaşı, onların öyrənmək və öyrətmək həvəsini də ortaya çıxarır.

2024-cü ildə keçirilən sertifikatlaşdırma imtahanında maksimal bal toplayaraq fərqlənən müəllimlərdən biri – Hürü Xanpəriyeva “Azərbaycan müəllimi” ilə təcrübəsini bölüşüb.
Hürü Xanpəriyeva 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında da uğurlu nəticə göstərərək – 56 bal toplayaraq ilk pedaqoji fəaliyyətinə Balakən rayonunun Mahamalar kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2021-ci ildən Bakı şəhəri 21 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi işləməyə başlayan Hürü Xanpəriyeva işini sevərək, məsuliyyətlə yerinə yetirən pedaqoqlardandır.

Müəllimlik mənim üçün sadəcə bir iş yeri, bir vəzifə deyil…

Müsahibimiz bildirir ki, müəllimlik peşəsinə yiyələnmək onun həyatının ən dəyərli seçimi olub: “Uzun illərdir ki, bu sahədəyəm. İşimi həm məsuliyyətlə, həm də sevərək yerinə yetirirəm. Müəllimlərin sertifikatlaşdırılması imtahanında riyaziyyat fənni üzrə maksimum bal toplayaraq həm özüm üçün böyük bir uğur qazandım, həm də həmkarlarıma nümunə oldum”.

Hürü müəllim bildirir ki, imtahanlarda uğur qazanmağında planlı və ardıcıl şəkildə hazırlaşmağının böyük rolu olub: “İmtahana xüsusi hazırlaşmamışam. Sadəcə, hər gün müəyyən qədər vaxt ayıraraq əvvəlki illərin imtahan suallarına baxırdım. Düzdür, imtahan zamanı bir qədər həyəcanım var idi, amma hazırlığım, özünəinamım bu həyəcanı idarə etməyə imkan verdi”.

“Qarşıma məqsəd qoymuşdum ki, sertifikatlaşdırma imtahanında maksimal nəticə göstərim”

H.Xanpəriyeva bildirir ki, sertifikatlaşdırma imtahanı ona çox şey qazandırıb. İlk növbədə özünəinamı artıb, fənn üzrə biliklərini sistemləşdirmək imkanı əldə edib: “Sertifikatlaşdırma imtahanında maksimal bal toplamaq mənə həm maddi, həm də mənəvi baxımdan üstünlüklər verdi. Ən önəmlisi isə bu nəticə sübut etdi ki, zəhmət çəkən, planlı işləyən hər bir kəs uğura çata bilər. 
Sertifikatlaşdırma sadəcə biliklərin yoxlanılması deyil, müəllimlərin peşəkarlığının, gələcək nəsillərə verəcəyi töhfənin təsdiqidir”.

“Mənim üçün müəllimlik uşaqların həyatında iz qoymaq deməkdir”

Hürü müəllim qeyd edir ki, müəllimlik peşəsini seçməyi təsadüfi olmayıb. O özü də bir müəllim ailəsində böyüyüb. Anası müəllim olduğu üçün bu peşəyə sevgisi elə uşaq yaşlarından başlayıb. Elə indi də pedaqoji fəaliyyəti anasından gördüyü kimi, qarşılıqlı hörmət və anlayış üzərində qurulub. Hər bir şagirdə müstəqil fərd kimi yanaşaraq onların daxili potensialını ortaya çıxarmağa çalışır: “Riyaziyyat müəllimi olaraq fənnimi çox sevirəm. Bu fənn şagirdlərə düşünməyi, məntiq yürütməyi, nəticə çıxartmağı öyrədir. Riyaziyyatı şagirdlərimə gündəlik həyatla əlaqələndirərək izah etməyə çalışıram. Şagirdlərə bu fənni sevdirmək üçün vizual materiallardan, oyun tipli tapşırıqlardan istifadə edirəm. Onlara riyaziyyatın sadəcə imtahan fənni yox, həyatda da istifadə olunan bir bacarıq olduğunu aşılamağa çalışıram. Uğur qazandığını hiss edən hər bir şagird dərsə daha maraqla qoşulur. Elə mənim üçün də onların uğurunu görmək ən böyük motivasiyadır”.

Müsahibimiz bu il sertifikatlaşdırma imtahanı verəcək müəllimlərə tövsiyə edir ki, imtahan zamanı əsas məsələ həyəcanlanmamaqdır. Hazırlıq prosesi yorucu və çətin olsa da, uğur qazanmaq üçün lazım olan hər şey artıq onların əlindədir. 

“Hədəfim maksimum bal toplamaq idi”

2024-cü ildə sertifikatlaşdırma imtahanında maksimal bal toplayaraq uğur qazanan digər bir müəllim Yeganə Xəlilovadır. 1995-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək ilk pedaqoji fəaliyyətinə başlayıb. 2009-cu ildən Bakı şəhəri 265 nömrəli məktəbdə riyaziyyat-informatika fənlərini tədris edir. 
Yeganə müəllim bildirir ki, sertifikatlaşdırmadan əvvəl imtahana xüsusi olaraq hazırlaşmayıb: “Yorğun olanda çətin sualları həll edirəm və sanki bununla dincəlirəm. Elə sertifikatlaşdırmadan əvvəl də belə edirdim. Maksimum bal toplamağı hədəf seçdiyim üçün metodika istiqamətinə xüsusi vaxt ayırırdım”.

“Sertifikatlaşdırma imtahanında ixtisas sualları tədris proqramlarını tam əhatə edirdi”

İmtahan suallarının çətinlik səviyyəsi haqqında danışan müsahibimiz qeyd edir ki, suallar çətin deyildi və tədris proqramlarını əhatə edib: “İxtisas sualları məktəb proqramlarını əhatə etdiyi üçün onları tam yaza biləcəyimə əmin idim. Diaqnostik qiymətləndirmədə həm riyaziyyat, həm də informatika fənni üzrə iştirak edib yüksək nəticə göstərmişəm”.

“Sertifikatlaşdırma bütün müəllimlərin təkmilləşməsinə kömək edir”

Müəllimlərin sertifikatlaşdırılması prosesinin üstünlükləri haqqında danışan Yeganə müəllim bildirir ki, bu imtahanlar müəllimlərin özünü təkmilləşdirməsinə stimul verir: “Sertifikatlaşdırma imtahanının üstün cəhəti odur ki, bu imtahan təkcə müəllimlərin biliyini qiymətləndirmir, onları sınağa çəkmir, onların özlərini təkmilləşdirməsinə şərait yaradır. Buna görə də sertifikatlaşdırmanı müsbət qiymətləndirirəm. Çünki müəllimlərin hamısı ətrafına baxır və araşdırır, oxuyur, nəsə öyrənir”.

“Bəlkə də, ömrümdə belə bir həyəcan yaşamamışdım”

Y.Xəlilova imtahanqabağı stres və həyəcan hissindən də danışaraq qeyd edib ki, yuxarı bal toplamağının digər bir səbəbi imtahanda həyəcanlanmamağıdır. O, həyəcan hissini ilk dəfə imtahanda 60 bal topladığını görəndə yaşayıb. O, bu anları “həyatımdakı ən böyük həyəcan” kimi təsvir edir. 
Yeganə müəllim peşəsinin müqəddəsliyinə inanır və şagirdlərində də fənnə qarşı maraq hissi oyatmağa çalışır. Sertifikatlaşdırmadan sonra  həm şagirdləri, həm də müəllim həmkarları arasında nüfuzunun yüksəldiyini söyləyir. Bu il sertifikatlaşdırmada iştirak edəcək həmkarlarına isə həyəcanlanmamağı tövsiyə edir, sadəcə dərslikdə olan mövzulara diqqət yetirməyin imtahanda uğur qazanmaq üçün yetərli olduğunu düşünür.

Şərhlər

Xəbər lenti

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

13 iyun, 14:48

ARTİ-də təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib

13 iyun, 14:24

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatır

13 iyun, 14:20

AzMİU-da tələbələr insan hüquqları barədə maarifləndiriliblər

13 iyun, 13:35

Texnologiyanı sevdirən müəllim: Bu fənni elmi yanaşma, mühəndisliklə birləşdirirəm

13 iyun, 13:08

İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır

13 iyun, 13:00

Səssiz sinif, “dəcəl” şagirdlər və “Bizsiz darıxacaqsınız” deyən məzunlar REPORTAJ

13 iyun, 12:30

DİN-dən "Son zəng"lə bağlı xəbərdarlıq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.