Bütün xəbərlər
27 yanvar, 14:42

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi də iştirak hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100 faiz nəticə göstərib. 

“Azərbaycan müəllimi” həmin şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

Region üzrə olimpiadanın rayon (şəhər) turunda coğrafiya fənnindən maksimum nəticə göstərən yeganə şagird - Ümid Əlizadə Lənkəran şəhər S.Kazımbəyov Texniki-riyaziyyat təmayüllü liseyin IX sinfində təhsil alır: “Keçən il olduğu kimi, bu il də olimpiadaya coğrafiya fənni üzrə qatıldım. İlk mərhələdə 25 sualın hamısını düzgün cavablandıraraq 100%-lik nəticəyə nail oldum. Qeyd edim ki, fənn olimpiadasında ilk cəhdim deyil. Keçən il olimpiadanın bütün mərhələlərini keçib finala çıxdım, aşağı yaş qrupları üzrə coğrafiya fənnindən ən yüksək balı toplayaraq qızıl medal qazandım. Gələcəkdə ölkəmə layiqli səfir olmağı planlaşdırıram. İnanıram ki, əgər əzmli olsam, məqsədimə nail olacağam. II qrup üzrə imtahan verəcəyəm. Buraxılış fənləri ilə yanaşı, coğrafiya və tarixi də mükəmməl mənimsəməliyəm”.

Ümidin sözlərinə görə, uğurunun əsas səbəbi valideynlərinin sevgisi və diqqətidir: “Hər zaman valideynlərimin dəstəyini hiss edirəm. Təbii ki, nailiyyətlərimdə, bacarıqlarımın artırılmasında müəllimlərimin əziyyəti danılmazdır. Onlara göstərdikləri “inadkar” səylərinə görə təşəkkür edirəm. Yaşıdlarıma demək istəyirəm ki, hər nə olursa olsun, məqsədlərindən dönməsinlər. Heç bir iş asan başa gəlmir, müəyyən çətinliklər olur. Bu səbəbdən heç nədən qorxmayın. Ən əsası, məsuliyyətli olun. Sonda demək istəyirəm ki, insan aliliyin ən üst səviyyəsində olsa, rəqiblərindən qat-qat yüksək nəticə göstərsə belə onun hər zaman başqasının tövsiyəsinə ehtiyacı olur. Çünki səhvsiz insan yoxdur. Mən özüm də həmişə böyüklərimin, müəllimlərimin tövsiyələrini dinləyib nəticə çıxarıram”.

“Müəllimlərinizin tövsiyələrini diqqətlə dinləyin” 

Regionda fizika fənni üzrə maksimum nəticə göstərən 2 şagirddən biri olan Rəvan Rzalı Masallı rayonu Lürən kənd Faiq Şükürov adına tam orta məktəbin X sinifində təhsil alır: “Bu, mənim fizika üzrə əldə etdiyim ilk uğurum deyil, 2022-2023-cü tədris ilində fizika üzrə olimpiadanın final mərhələsində yarışmaq hüququ qazanmışam. Uğurlarım yalnız bunlardan ibarət deyil, ibtidai sinifdən uğurlu, çalışqan şagird olmuşam. Rayonda keçirilən müxtəlif bilik yarışlarında iştirak edərək yüksək nəticələr əldə etmişəm və fəxri fərmanlarla təltif olunmuşam.

2021-2022-ci tədris ilində VII Respublika fənn müsabiqələrində fizika fənni üzrə II yeri tutmuşam. “Xarıbülbül” bilik yarışmasında fizika fənni üzrə II yerə layiq görülmüşəm. Ziyalı ailəsində dünyaya göz açmışam. Babam, nənəm, anam, əmim müəllim, atam isə həkimdir. İbtidai sinif müəllimim anam olub. Uğurlarımda müəllimlərimin və valideynlərimin əməyi danılmazdır. Özüm həkim olmaq istəyirəm. Atamın həkim olması məndə də bu peşəyə qarşı böyük sevgi yaradıb. Məqsədim atamın yolunu davam etməkdir. Buna görə biologiya, kimya, fizika fənlərini daha yaxşı öyrənirəm. Fizika fənninə olan xüsusi marağı isə məndə əmim - fizika müəllimim olan Tural Cəbiyev yaradıb. Bu fənn üzrə uğurlar qazanmağımda onun böyük rolu var. Buna görə həyatım boyu ona minnətdaram. Yaşıdlarıma demək istəyirəm ki, vaxtlarını səmərəli keçirsinlər, dərslərinə məsuliyyətlə yanaşsınlar, müəllimlərinin tövsiyələrini diqqətlə dinləsinlər. Gələcəkdə seçdikləri peşə ilə öz xalqına, dövlətinə vicdanla, şərəflə xidmət etsinlər”.

“Kiçik ikən böyük qardaşımın dərsləri ilə maraqlanırdım”

Astara rayonunun Vaqo kəndində anadan olan Hikmət Abiyev də fizika fənni üzrə maksimum nəticə göstərənlərdəndir: “Hazırda Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin VIII sinfində təhsil alıram. Gözümü açandan evimizdə kitaba böyük marağın olduğunu görmüşəm. Kiçik ikən yaşca böyük qardaşımın dərsləri ilə maraqlanırdım. Anam da müəllimdir, doğma dilimizi tədris edir. Hələ ibtidai sinifdə oxuyanda müxtəlif sınaqlara gedir, yüksək nailiyyətlər əldə edirdim. Respublika səviyyəli ilk uğurum 6-cı sinifdə oxuyarkən olub. Respublika fənn müsabiqələrinin rayon mərhələsində riyaziyyat fənni üzrə mümkün 100 baldan 82-sini toplamışdım. Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən “Xarıbülbül” bilik yarışmasında VIII-IX sinif şagirdləri arasında fizika fənni üzrə I yerə layiq görülmüşəm.

VII sinifdə oxuyarkən fizikaya böyük marağımın olduğunu görən müəllimimiz Afaq Şükürova bu fənnin sirlərini sevə-sevə mənə öyrətməyə başladı. Respublika fənn müsabiqəsində III yerə layiq görüldüm. Uğur qazanmağımda təhsil aldığım Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin rolu böyükdür. Müəllimlərimiz bizə elm öyrətməklə yanaşı, qayğımıza da qalırlar. Bunun nəticəsidir ki, hər il məktəbimizin məzunları respublikanın müxtəlif ali məktəblərinə daxil olurlar. Uğurlarıma görə valideynlərimə və müəllimlərimə minnətdaram. Məktəbli dostlarıma tövsiyəm budur ki, zamanı dəyərləndirsinlər. Hər şey vaxtında daha gözəldir”.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.