Bütün xəbərlər
8 may, 16:05

Sakit sinif otağı. Müəllimi diqqətlə dinləyən şagirdlər və onlara həvəslə yeni dərsi izah edən müəllim…

Bu mənzərəni gözümüzün önündə canlandıranda hər birimizin gördüyü, haqqında eşitdiyi, “dərs prosesi belə olmalıdır” dediyi bir təsvir yaranır. Lakin bəzi hallarda şıltaq, nadinc davranışları ilə bu dərs prosesini pozan şagirdlər həm müəllimi, həm də məktəb rəhbərliyini çıxılmaz vəziyyətdə qoyurlar. Nadinc, aqressiv və qaydalara tabe olmayan şagirdlərin artması məktəbdaxili nizam-intizamın qorunmasını çətinləşdirir. 
Bu zaman belə bir sual meydana çıxır: davranış pozuntuları olan şagirdlərin məktəbini dəyişdirmək problemi həll edirmi, yoxsa sadəcə bir müddətə təxirə salır?

Bu yanaşma bəzən daha rahat çıxış yolu kimi görünsə də, onun həm pedaqoji, həm də psixoloji baxımdan nə qədər effektiv olduğu mübahisəlidir. Pedaqogika üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova “Azərbaycan müəllimi”nə bildirib ki, bəzən şagirdin məktəbinin dəyişdirilməsi digər şagirdlərin təhlükəsizliyi və ümumi mühitin qorunması baxımından qaçılmaz görünə bilər, lakin bu, problemin köklü şəkildə həllinə xidmət etmir: 

“Bu addım çox diqqətlə, yalnız son çarə olaraq atılmalıdır. Çünki bu, əslində, problemin kökünə enmək deyil, üzərinə örtük çəkməkdir. Şagirdin hər hansı yanlış davranışı bizə onun eşidilmək, anlaşılmaq və ona doğru yoldan yanaşmaq ehtiyacının olduğunu göstərir. Əslində, bu bizim üçün həm də bir siqnaldır. Əgər bu davranışların arxasındakı səbəblər: istər ailədaxili gərginliklər, istər özünəgüvən çatışmazlığı, istər emosional ehtiyaclar, istərsə də yaş böhranları nəzərə alınmadan, araşdırılmadan məktəb dəyişdirilərsə, problem sadəcə ünvan dəyişər, eyni hallar yeni mühitdə də təkrarlana bilər. 

Araşdırılmamış, səbəbi anlaşılmamış hər qərar gələcəkdə daha böyük bərpası çətin problemlərə yol aça bilər. Davranış pozuntusu, əslində, bir nəticədir, səbəb isə görünməyən, lakin dərinlərdə olan ehtiyaclar, çatışmazlıqlar, bəzən isə sadəcə duyulmama hissidir. Bu səbəbləri araşdırmadan atılan addımlar şagirdin özünü daha da təcrid olunmuş, anlaşılmamış və etibarsız hiss etməsinə səbəb ola bilər. Uşaq məktəbdən çıxarılarsa və bu səbəblərə toxunulmazsa, mesaj belə olur: “Sən harada olursansa ol, qəbul olunmayacaqsan”. Bu isə onu daha aqressiv və ya ümidsiz edə, həm özünəgüvənini, həm də gələcək münasibətlərə baxışını ciddi şəkildə zədələyə bilər.  

Ona görə də məktəb dəyişməsi son çıxış yolu kimi düşünülməlidir. Şagirdin gələcəyi üçün təhlükə yaradan bu yanaşma əvəzinə, onu dinləmək, müşahidə etmək və fərdi dəstək mexanizmləri yaratmaq daha faydalı olar. Əsas hədəf şagirdə dəstək göstərmək, ona özünü dərk etmək və dəyişmək fürsəti tanımaqdır. Məktəb rəhbərliyi və ailə bu prosesdə müttəfiq olmalıdır. Sevgi, anlayış və düzgün yanaşma olarsa, bu davranışlar çox zaman kökündən həll olunur. Çünki uşaq qəbul və dəyər hiss etdiyi mühitdə nadincliklə deyil, potensialı ilə fərqlənmək istəyir”.

Yeni məktəb mühitinə keçidin şagirdin psixoloji vəziyyətinə təsiri barədə də danışan X.Məmmədova qeyd edir ki, əgər şagird əvvəlki mühitdə qəbul edilmədiyini hiss edibsə, bu keçid onu daha da qapanmağa, ya da daha sərt reaksiya verməyə sövq edə bilər. Bu səbəbdən keçid prosesi sadəcə texniki yox, həm də emosional baxımdan idarə olunmalıdır:

“Yeni məktəb yeni dünya deməkdir və bu dünya şagird üçün həm fürsət, həm də təhlükə daşıya bilər. Yeni münasibətlər, yeni müəllimlər, yeni qaydalar...
Ona zaman vermək, müşahidə etmək, ehtiyac duyduğu anda yanında olmaq lazımdır. Xüsusilə yeniyetməlik dövrü özlüyündə çətin bir mərhələdir, bu dövrdə bir də mənsubluq hissi itərsə, nəticə bəzən geri dönüşsüz ola bilər. Əgər köhnə məktəbdə yaşadığı xoş olmayan təcrübələrdən psixoloji izlər qalıbsa, yeni məktəbə keçid bu izləri daha da dərinləşdirə bilər. Ona görə bu keçid diqqətlə planlaşdırılmalı, uşaq müşahidə altında saxlanmalı və ona “sən tək deyilsən, biz sənin yanındayıq” mesajı daim hiss etdirilməlidir.

Bu zaman komanda şəklində işləmək, əməkdaşlıq etmək mühümdür. Valideynlər, müəllimlər, məktəb rəhbərliyi və psixoloqlar bir-birindən ayrılıqda deyil, ümumi məqsəd və yanaşma ilə hərəkət etməlidirlər. Ən vacib addım ortaq dil, ortaq niyyət və ortaq sevgidir. Valideyn, müəllim, rəhbərlik və psixoloq yalnız informasiya mübadiləsi üçün yox, birgə yol yoldaşı olmaq, əməkdaşlıq etmək üçün bir araya gəlməlidirlər. 

İlk növbədə davranış pozuntusunun səbəbləri araşdırılmalı, şagirdin emosional ehtiyacları, ailə mühiti, özünüifadə imkanları qiymətləndirilməlidir. Hər bir uşaq diqqət, dəyər və sevgi görmək istəyir. Biz müəllimlər olaraq uşaqların içindəki potensialı kəşf etmək üçün var olmalıyıq. Bu prosesi müşahidə ilə yanaşı, empatik yanaşma və nümunəvi davranışla müşayiət etməliyik. Valideynlər isə mühakimə etmək əvəzinə, dinləməyə və əməkdaşlığa açıq olmalıdırlar. Psixoloqlar təkcə problemlə məşğul olan yox, həm də inkişafı istiqamətləndirən tərəf olmalıdırlar. Hər şeyin başında sevgi dayanır. Sevgi varsa, anlayış da, səbirlə yanaşma da olur. Belə bir mühitdə uşaq öz yerini tapır, davranış pozuntusu yerini özünəinamlı, sağlam münasibətlərə verir”.

Müsahibimiz bildirir ki, hər uşağın özünəməxsus hekayəsi var. O hekayəni dinləmək, doğru yerdən müdaxilə etmək və ona ikinci bir şans vermək lazımdır. Tərbiyə cəza, uzaqlaşdırmaqla yox, yaxın olmaqla baş verir.

Şərhlər

Xəbər lenti

8 may, 17:46

IV və VI siniflərində monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

8 may, 14:13

Paytaxt məktəbliləri beynəlxalq olimpiadaya vəsiqə qazandılar

8 may, 13:52

Bakı məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.