Bütün xəbərlər
17 iyul, 10:27

Bir çox mədəniyyətlərdə musiqi nəsildən-nəslə ötürülən ənənələrin bir hissəsidir. Bu ənənələr musiqi üslublarını, mahnıları və ifaçılıq texnikalarını əhatə edir. Musiqi istedadı yalnız genetik bir meyil deyil, həm də mühitin təsiri ilə inkişaf edən qabiliyyətdir. Ailənin musiqi ilə məşğul olması və musiqi tərbiyəsi uşaqlarda musiqi istedadının ortaya çıxmasına və inkişaf etməsinə kömək edə bilir.

“Azərbaycan müəllimi” bütün azərbaycanlıların yaxşı tanıdığı Növrəslilər nəslinin uğurlu davamçısı olan Nailə Növrəslini oxucularına təqdim edir.

“2025-ci ilin ən əlamətdar çıxışı atamla birgə səhnəni bölüşmək idi”

Həmsöhbətimiz Nailə Növrəsli tarda ilk dəfə harmonik caz standartları ifa edən tarzən, Qarabağ Universitetinin İncəsənət fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının müdiri Arslan Növrəslinin övladıdır. O, 5 avqust 2014-cü ildə Bakı şəhərində anadan olub və hazırda valideynlərinin işi ilə əlaqədar Xankəndi şəhərində yaşayır.

Anası Aybəniz Növrəsli sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünasdır və Qarabağ Universitetinin baş müəllimidir. Nailə bildirir ki, vokal sənətinə maraq onda lap kiçik yaşlarından yaranıb:

“Bu, daha çox ailə üzvlərimin musiqiçi olmasından irəli gəlir. Evimizdə daim musiqi səslənib və səslənməkdədir. Atamın ifaları, çoxsaylı konsert çıxışları mənim bu istiqamətə yönəlməmə səbəb olub”.

Nailə artıq Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin 6-cı sinfinə keçib. Bakıda yaşadığı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında təhsil alıb.

Musiqi sahəsində əldə etdiyi uğurlar haqqında bəhs edən gənc ifaçı deyir:

“Vokal ixtisası üzrə müəllimim qabaqcıl təhsil işçisi, mükəmməl pedaqoq Nuridə Axundzadədir. Ən böyük uğurum 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Uşaq İncəsənət Festivalındakı çıxışım və I yerə layiq görülməyim olub. Bu festivala qədər və sonra bir çox konsertlərdə çıxış etmişəm: Tahir Salahovun, Niyazinin, Bülbülün ev muzeylərində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə keçirilən tədbirlər, İncəsənət Muzeyində həyata keçirilən layihələr, “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil olunan silsilə konsertlər, bayram tədbirləri, Olimpiya Komitəsinin yaranmasının ildönümü ilə əlaqədar Milli Konservatoriyada keçirilən konsertləri qeyd edə bilərəm. Mənim üçün 2025-ci ilin ən əlamətdar çıxışı Qarabağ Universitetinin İncəsənət fakültəsinin Böyük zalında atam Arslan Növrəsli ilə birgə onun solo konsertində səhnəni bölüşmək idi”.

Təhsil və musiqi arasındakı tarazlığı necə qoruduğuna gəldikdə, Nailə bildirir ki, hərtərəfli inkişaf üçün 3 istiqamətdə məşğul olmaq mütləqdir:

“Ailəmizdə daim bu məsələ mənə aşılanır. Bu, elmi, yaradıcı və fiziki inkişafdır. Odur ki, hər üç yolu birləşdirməyi bacarmalıyıq. Hələ ki, bu barədə çətinliyim yoxdur. Əksinə, yaradıcılıq yorğun məqamlarda bir növ istirahət mənbəyinə də çevrilir”.

Uşaq İncəsənət Festivalı qalibinin sözlərinə görə, əvvəlcə bu müsabiqədə iştirakla bağlı tərəddüd edib:

“Həmin vaxta qədər yarış ruhlu layihədə heç vaxt iştirak etməmişdim. Lakin mənə inam göstərən doğmalarım, müəllimim və mənə güvənən insanların dəstəyi ilə qatıldım. Nə yaxşı ki, bu addımı atmaqdan geri çəkilmədim. Festivaldakı çıxışımız 3 mərhələdən ibarət idi. Hər mərhələdə yeni repertuarla iştirak edirdik. Bu da qısa müddətdə intensiv hazırlıq, ciddi məşqlər, həyəcan, bəzən ruhdan düşməyə gətirib çıxarsa da, nəticə çox gözəl oldu. Festival nəticəsində yeni tanışlıqlar qazandım. Klassik və milli musiqi aləti ifaçıları, rəssamlar, rəqqaslarla tanış oldum və yaradıcı çevrəm genişləndi. Qeyd etdiyim kimi, 3 mərhələdən ibarət olan festivalın hər pilləsində biz müxtəlif münsiflər heyəti  qarşısında çıxış edirdik. Qiymətləndirilmənin göstəriciləri yekunda sıralamamızı müəyyən etdi. Qalibiyyət zamanı keçirdiyim hissləri tam ifadə etmək mümkün deyil. Sadəcə bunları deyə bilərəm: qürur, emosiya, hədəfə çatma, həyəcan”.

“Daxilindəki sevgini dinləyicilərə ötürməlisən, əks halda, cansız ifa ortaya çıxar”

Gələcək arzularını dilə gətirən istedadlı şagird qeyd edir ki, mütləq şəkildə öz yolunu incəsənət istiqamətində qurmaq istəyir:
“Vokalla məşğul olmaqla yanaşı, rəsm, dizayn sahəsinə də böyük marağım var. Bu istiqamətdə valideynlərim məni dəstəkləyərək professional şəkildə məşğul olmama imkan yaradıblar. Lakin onu bilirəm ki, hansı istiqamətə yönlənəcəyimdən asılı olmayaraq, mükəmməl nəticə göstərməliyəm”.
Müsabiqələrdə iştirak edəcək uşaqlara tövsiyəsində Nailə vurğulayır ki, iştirakçılar ifa texnikalarını dərindən öyrənməli, özünə güvənərək səhnəyə çıxmalıdırlar:

“Səhnə mədəniyyəti bu ixtisas üzrə inkişafın əsas açarıdır. Müəllimin tapşırıqlarına riayət etməklə yanaşı, daxilindəki sevgini də dinləyicilərə ötürməlisən. Əks halda, cansız ifa ortaya çıxar. Əsas məsələlərdən biri də musiqinin gözəlliyini duymaqdır. Müsabiqələrdəki iştirakı bayram və sevincli bir hadisə olaraq qəbul etmək və mütləq qalibiyyətə can atmadan musiqi naminə iştirak etmələrini tövsiyə edərdim”.

Nailə Növrəslinin uğurun sirri haqqında düşüncəsi isə belədir:

“Uğurun sirri yoxdur. O, insan həyatındakı naxışdır. Əks halda, hər kəs saysız uğurlara imza atardı”.

Gənc ifaçımıza bu naxışın daim həyatını bəzəməsini, müvəffəqiyyət dolu gələcəyə irəliləməsini diləyirik.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.