Bütün xəbərlər
2 iyul, 12:02

Son illərdə dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərini yüksək akademik göstəricilərlə başa vuran gənclərimizin xoş sorağını eşidirik. Gənclərimiz beynəlxalq ali təhsil məkanında yüksəkhazırlıqlı mütəxəssis kimi tanınır və elmi-pedaqoji, tədqiqatçılıq fəaliyyətlərində ciddi uğurları ilə diqqəti cəlb etməkdədirlər. Belə gənclərdən biri də xaricdə təhsil həyatını başa vuraraq dünyanın və Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Oksford Universitetində müəllimlik fəaliyyətinə başlayan Mehman İsmayıllıdır. Onun akademik təhsil həyatı zəngin və uğurludur, bir çox gənclərimiz üçün örnək və qürurvericidir. 

Beləliklə “Azərbaycan müəllimi” olaraq növbəti müsahibimiz Mehman İsmayıllı ilə söhbətimizə onun uğur yolu ilə körpü salırıq.

– Sizi oxucularımıza necə təqdim edək?

– Şəki şəhərində anadan olmuşam. İlk ibtidai təhsilimi Şəki şəhər 17 nömrəli orta məktəbdə alsam da, orta təhsilimi şəhər 18 nömrəli orta məktəbdə yüksək attestat balı ilə başa vurmuşam. Orta məktəbdən sonra ABŞ Dövlət Departamentinin təşkil etdiyi FLEX təqaüd proqramını qazanaraq, Ohayo ştatında bir il əlavə orta təhsil almışam. Daha sonra Bakı Mühəndislik Universitetində (Qafqaz Universiteti) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsilimi ingilis dilində, 92 bal ortalaması ilə tamamlamışam. Təhsil müddətində bir sıra təşkilatlarda iqtisadiyyat sahəsində təcrübə proqramlarında iştirak etmişəm.

Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci tədris ilində  Böyük Britaniyanın Qlazqo Universitetində “Maliyyə iqtisadiyyatı” ixtisası üzrə magistr dərəcəsi almışam. Magistr təhsili zamanı Azərbaycan mədəniyyəti, tarixi və dəyərlərini Şotlandiyada təhsil alan digər azərbaycanlı gənclərlə birlikdə yerli və xarici tələbələrə tanıtmaq istiqamətində aktiv fəaliyyət göstərmişik. Həmçinin Qlazqo Universitetinin jurnallarında iqtisadi mövzularda müxtəlif məqalələrim dərc olunmuş və “ABŞ-də maliyyə liberallaşmasının istehsalat sənayesinə təsiri” mövzusunda magistr dissertasiyasını müdafiə etmişəm. 

Təhsilimi başa vurduqdan sonra vətənə dönərək "Gilan Holdinq"də maliyyə iqtisadçısı kimi fəaliyyətə başlamışam. Bu dövrdə Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak etmiş, eyni zamanda Macarıstan–Azərbaycan təhsil proqramları üzrə keçirilən müsahibə panellərində iqtisadiyyat üzrə könüllü müsahibəçi kimi çıxış etmişəm. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) MBA proqramı çərçivəsində “Maliyyə bazarları” fənnini tədris edərək Azərbaycan təhsilinə öz töhfəmi verməyə çalışmışam.

2017-ci ilin sentyabr ayında Lester Universitetinin Biznes Məktəbində iqtisadiyyat üzrə doktorantura təhsilinə başlamışam və həmin ildən etibarən həm Lester Universitetində, həm də “London Business School”da akademik fəaliyyət göstərirəm. Doktorantura dissertasiyam sənaye və eksperimental iqtisadiyyat mövzularında esselərdən ibarətdir və hazırda dünyanın aparıcı elmi jurnallarında dərc olunmaq üzrə hazırlanır. 

Doktorantura təhsilimi başa vurduqdan sonra Varvik Universiteti və daha sonra Mançester Universitetinin iqtisadiyyat departamentlərində mühazirəçi kimi çalışmışam. Hazırda isə Oksford Universitetinin İqtisadiyyat Departamentində mühazirəçi olaraq fəaliyyət göstərirəm.

Ölkəmizdə gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramları (DP) icra olunur. DP məzunu kimi proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz? Bu proqram sizin üçün nə kimi imkanlar yaradıb?

– Dövlət Proqramının əsas üstünlüklərindən biri onun fərdi mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları üçün əlçatan olmasıdır. Digər təqaüd proqramları ilə müqayisədə bu proqram, təhsilin inklüziv şəkildə hər kəs üçün əlçatanlığını qarşısına məqsəd qoyaraq, ölkənin insan kapitalının inkişafı üçün aydın və strateji yol xəritəsi təqdim edir.  

Mənim üçün bu proqram yalnız xaricdə təhsil almaq fürsəti deyil, eyni zamanda geniş düşüncə tərzi, beynəlxalq akademik və peşəkar mühitlə tanışlıq, həmçinin Azərbaycanı qlobal elmi və mədəni müstəvidə layiqincə təmsil etmək imkanı yaratdı. Dövlət Proqramı vasitəsilə əldə etdiyim bilik və təcrübə, bugünkü elmi və peşəkar fəaliyyətimin əsas təməlini təşkil edir.

– Bilirik ki, Oksford Universitetində müəllimlik edirsiniz, müəllimliyə qəbul prosesi necə keçdi, yəqin ki, müəyyən tələblər və ya sınaqlar oldu? Bu qərarı necə verdiniz? 

– Əslində qəbul prosesi kifayət qədər sadə, eyni zamanda olduqca rəqabətli idi. Vakansiya econjobmarket.org saytında elan olunmuşdu və tələblər çox dəqiq və şəffaf şəkildə göstərilmişdi. Mən hesab edirdim ki, vakansiyanın şərtlərinə tam cavab verirəm, bu səbəbdən CV-mi və digər sənədlərimi yenidən gözdən keçirərək, tələb olunan formatda müraciət etdim.

Təxminən bir ay sonra iki mərhələdən ibarət müsahibəyə dəvət aldım. Müsahibə prosesindən uğurla keçdikdən sonra Oksford Universitetindən rəsmi qəbul məktubu aldım. Bu qərarı verməyimdə əsas amillərdən biri Oksford Universitetinin elmi mühiti, akademik səviyyəsi və beynəlxalq nüfuzu idi. Bu cür imkanın həm şəxsi inkişafım, həm də elmi fəaliyyətim üçün böyük perspektivlər yaradacağına inandığım üçün qərarı tərəddüdsüz qəbul etdim.

– Oksford Universitetində müəllim kimi fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik. Tələbələrə hansı fənni tədris edirsiniz?

– Hazırda Oksford Universitetinin İqtisadiyyat Departamentində mühazirəçi kimi fəaliyyət göstərirəm. Magistratura səviyyəsində tələbələrə “Davranış iqtisadiyyatı və maliyyəsi” fənnini tədris edirəm. Bu fənn, ənənəvi iqtisadi nəzəriyyələri psixologiya ilə birləşdirərək insanların iqtisadi qərarlarını daha real kontekstdə izah etməyə çalışır.

Mühazirələr zamanı tələbələrə həm nəzəri biliklər, həm də real həyat nümunələri əsasında formalaşmış eksperimental nəticələr təqdim olunur. Əsas məqsəd tələbələrin iqtisadi qərarvermə proseslərini daha dərindən başa düşməsinə və bu bilikləri gələcək akademik və peşəkar fəaliyyətlərində tətbiq edə bilməsinə şərait yaratmaqdır.

– Dünyanın nüfuzlu universitetində müəllimlik sizin üçün necə bir hissdir? Oksfordun azərbaycanlı müəllimi kimi tədris prosesindən nə dərəcədə məmnunsunuz?   

– Bir azərbaycanlı olaraq Oksford Universiteti kimi nüfuzlu bir elm ocağında ölkəmi və xalqımı təmsil etmək mənim üçün həm çox fərqli, həm də dərin qürurverici bir hissdir. Bu, təkcə şəxsi uğur deyil, eyni zamanda Azərbaycan gənclərinin beynəlxalq elmi mühitdə yer ala biləcəyinin real sübutudur.

Oksford Universitetində yaradılmış elmi və pedaqoji imkanlar daha əvvəl çalışdığım universitetlərlə müqayisədə olduqca geniş və çoxşaxəlidir. Akademik mühit yüksək səviyyədə əməkdaşlıq və tədqiqat ruhu ilə seçilir. Tədris prosesi isə tələbələrin fəal iştirakı, sual vermək və müstəqil düşünmək bacarığı üzərində qurulub ki, bu da müəllim kimi fəaliyyətimi daha mənalı və stimullaşdırıcı edir. Bu mühitdə çalışmaq mənə həm elmi, həm də şəxsi inkişaf baxımından böyük fürsətlər yaradır və bu fürsətlərdən maksimum şəkildə faydalanmağa çalışıram.

– Tələbələriniz hansı ölkələrdəndir və onlarla ünsiyyətiniz necədir? Onların arasında azərbaycanlı tələbələr də varmı?

– Hazırda dərslərə yeni başlayacağım üçün tələbələrimin konkret hansı ölkələrdən olacağı barədə dəqiq məlumatım yoxdur. Lakin Oksford Universiteti beynəlxalq tələbə müxtəlifliyi ilə tanınır və əminəm ki, dərslərdə dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə qarşılaşacağam. Ümid edirəm ki, bu sıralarda azərbaycanlı tələbələrə də rast gələcəyəm, çünki son illər ərzində Azərbaycan gəncləri beynəlxalq akademik mühitdə öz fəallığı və bilik səviyyəsi ilə seçilirlər.

Tələbələrlə qarşılıqlı hörmətə və açıq ünsiyyətə əsaslanan akademik münasibət qurmağı çox önəmli hesab edirəm. İnanıram ki, bu cür yanaşma onların elmi potensialını daha da üzə çıxarmağa və tədris prosesini qarşılıqlı faydalı bir təcrübəyə çevirməyə kömək edəcək.

– Nüfuzlu universitetdə müəllim həmkarlarınızla münasibətləriniz necədir, əcnəbi müəllimlər özlərini professor-müəllim heyətinin tamhüquqlu üzvü kimi hiss edə bilirlərmi? 

– Əlbəttə. Oksford Universitetində təhsil və elmi fəaliyyətin əsas prinsiplərindən biri bərabərhüquqluluq və inklüzivlikdir. Burada akademik mühit elə qurulub ki, müəllim heyətinin bütün üzvləri, milli mənsubiyyətindən asılı olmayaraq, özlərini bu kollektivin tamhüquqlu və dəyərli bir hissəsi kimi hiss edirlər.

Mənim həmkarlarımla münasibətlərim olduqca səmimi və əməkdaşlığa əsaslanır. Burada qarşılıqlı hörmət, fikir mübadiləsi və elmi əməkdaşlıq ruhu çox yüksəkdir. Yeni gələn xarici müəllimlərə inteqrasiya üçün xüsusi dəstək mexanizmləri mövcuddur və bu da onların adaptasiyasını asanlaşdırır.

Oksfordda hər kəsin fikrinə dəyər verilir və bu yanaşma, həm elmi-tədqiqatlarda, həm də pedaqoji fəaliyyətlərdə yüksək məhsuldarlıq və əməkdaşlıq mühiti yaradır.

– Xaricdə təhsil almaq və ya akademik karyera qurmaq istəyən gənclərə nə kimi tövsiyələriniz olardı?

–İstər təhsildə, istər karyerada, istərsə də şəxsi həyatda özünüz üçün ən yaxşısını hədəfləyin. Uğur heç vaxt təsadüf deyil, o məqsədyönlü zəhmət, ardıcıl çalışma və özünəinam nəticəsində əldə olunur.

Risk almaqdan çəkinməyin, lakin bu risklər yaxşı düşünülmüş və ağıllı şəkildə hesablanmış olmalıdır. Bəzən inkişafa gedən yol təhlükəsiz zonanı tərk etməkdən keçir.

Əgər akademik karyera düşünürsünüzsə, xüsusilə doktorantura səviyyəsində, diqqətli seçim etmək çox vacibdir. Çünki doktorantura təhsili digər təhsil pillələrindən xeyli fərqlənir, burada motivasiya, şəxsi maraq və davamlılıq əsas rol oynayır. Ona görə də yalnız həqiqətən maraq duyduğunuz və sizi uzun müddət intellektual olaraq cəlb edəcək sahələr üzrə doktorantura seçimi etməyiniz tövsiyə olunur.

Və ən əsası heç vaxt öz potensialınızı kiçiltməyin. Azərbaycanlı gənclər beynəlxalq akademik mühitdə uğur qazanmaq üçün tam potensiala malikdirlər. Yetər ki, inamla addımlasınlar və məqsədlərinə sadiq qalsınlar.

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.