Bütün xəbərlər
3 iyun, 15:00

"Oğul bala, gözəlim, can, başına dönüm, ürəyim". 

Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin nəzdindəki Distant Təhsil Mərkəzində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar onlara bu sözlərlə sevgilərini çatdıran müəllimlərinin əhatəsindədirlər.

“Azərbaycan müəllimi” mərkəzin təhsil şəraiti ilə tanış olmaq üçün buraya üz tutub.

Qeyd edək ki, 19 oktyabr 2022-ci ildə yaradılan mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə məktəbə gələ bilməyən uşaqların müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəmələrini təmin etməkdir. Mərkəz Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir. İbtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə tədris elə bu məktəbin müəllimləri tərəfindən aparılır. Mərkəz üçün 9 sinif otağı ayrılıb; hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılıb. Dərslər onlayn keçirilir.

Distant Təhsil Mərkəzinin təlim-tədris işləri üzrə direktor müavini Aynur İmamquliyeva bildirir ki, əvvəl burada 27 şagird təhsil alırdısa, bu say artıq 29-a yüksəlib. Mərkəzdə 21 müəllim çalışır: “Sağlamlıq imkanları məhdud uşaqlarla işləmək asan deyil. Onlara uyğunlaşmaq, xarakter və psixologiyalarını bilmək lazımdır. Bizdə 1-dən 11-ə qədər bütün siniflər mövcuddur və şagirdlər dərslərə həvəslə qoşulurlar. Məsələn, 8-ci sinif şagirdi Nirgül Quliyevanın anası deyir ki, qızı dərsə 20 dəqiqə əvvəl qoşulmağa hazırlaşır. Müəllimlərimiz onların dərsə marağını artırmaq və könlünü xoş etmək üçün əllərindən gələni edirlər. Bu uşaqlar qayğıya ehtiyacı olan balalardır”.

“Bizə məktəbə gedə bilməyən, əlil arabasında olan uşaqların valideynləri müraciət edirlər”

Maraqlıdır, bəs sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının bu mərkəzdə təhsil ala bilməsi üçün nə zaman müraciət etməlidirlər? Sualımızı cavablandıran Aynur İmamquliyeva deyir ki, sağlamlıq imkanları məhdud uşaqların valideynləri ümumi qəbul zamanı sistemə qoşula bilərlər: “Bizə məktəbə gedə bilməyən, əlil arabasında olan uşaqların valideynləri müraciət edirlər. Bəzən qəbul aparılmayan vaxtda da müraciətlər edilir. Bu müraciətlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə edilir, oradan bizə yönləndirilir. Siyahı verilir, reydlər aparılır və təhsilə cavab verən uşaqlar sistemə salınır. Sonra sənədləşmə aparılır. Dərslər orta məktəb səviyyəsindədir, lakin uşaqların asan qavraması üçün onları sadələşdirilmiş formada edirik. Uşaqların çox yorulmamasından ötəri dərslər 30 dəqiqə keçirilir”.

Aynur İmamquliyevanın sözlərinə görə, bu uşaqlara attestat da verilir: “Bununla bağlı Təhsil Nazirliyindən valideynlərə əvvəlcədən müraciət olunur. Şagird buraxılış imtahanında iştirak etmək istəyirsə, xüsusi mərkəzə aparılır. Buradakı otaqda tək imtahan verir ki, qorxu və həyəcan keçirməsin. İmtahanda iştirak edə bilməyən uşaqlara müəyyən güzəştlər də edilir”.

Uşaqlar həm də sosiallaşırlar

Aynur xanım deyir ki, mərkəz məktəb kimi fəaliyyət göstərir və uşaqlar buranı öz məktəbləri kimi qəbul edirlər: “Bəzən siniflərdə 3-6 şagird olur, onlar bir-birilərini görür, söhbət edir, sosiallaşırlar, dərsə aid sual-cavablar edirlər. Distant Təhsil Mərkəzi şagirdlərin məktəb səviyyəsində təhsil almalarını təmin edir, valideynlər də çox razıdırlar”.

“Dərs zamanı küsən uşaqlar olur, onları əzizləyir, “gözəlim”, “ürəyim, canım” deyə çağırıram”

İngilis dili müəllimi Sərfinaz Quliyevanın 25 illik pedaqoji stajı var. O, mərkəz fəaliyyətə başlayandan burada çalışır. Deyir ki, sağlamlıq imkanları məhdud uşaqlarla işləmək xüsusi bacarıq tələb edir: “Psixologiyanı bildiyim üçün onlarla işləmək asandır. Uşaqları əyləndirmək, şirin dillə danışmaq, onların qəlbini qazana bilmək bacarığım var. Bizdə dərs zamanı küsən uşaqlar olur, onları əzizləyir, “gözəlim”, “ürəyim, canım” deyə çağırıram, dərsə qoşulurlar. Kompüteri açanda ingiliscə salamlayıram ki, bu da uşaqlara motivasiya verir. Bəzən dərsin başlanmasına çox vaxt qalır, amma görürsən ki, uşaqlar artıq qoşulublar. Onlara xoş sözlər deyib könüllərini almaq lazımdır”.
Müəllim əlavə edir ki, bu uşaqları öyrətmək asan deyil, çünki bu gün deyilən dərs sabah unudula bilər: “Amma onlar artıq sərbəst şəkildə ingilis dilində salamlaşa, ad-soyadlarını deyə bilirlər, 10-a qədər sayır və rəngləri tanıyırlar”.

Uşaq müalicəyə görə dərslərə qoşula bilmirsə…

Valideynlərlə əlaqələrin qurulmasını çox vacib sayan Sərfinaz müəllim deyir ki, valideynlər uşaqlarına kömək etməklə onlara da yardım etmiş olurlar: “Uşaqlarını etibarlı əllərə əmanət edərək rahat işləyə bilirlər. Arxayındırlar ki, nəzarət altındadırlar. Elektron lövhədən istifadə edirik, əgər uşaq müalicəyə görə dərslərə qoşula bilmirsə, şəklini çəkib tapşırıqları göndəririk. Tapşırıqları müstəqil edə bilməsələr, onları müəllimlərin köməyi ilə edirlər. Hər gün səhər cədvəllər xatırlanır, iş planı əvvəlcədən qurulur, amma bu, standart olmur”.

“Müəllim-şagird deyil, müəllim-dost münasibətimiz var”

Müəllimlərə sağlamlıq imkanları məhdud uşaqlarla işləmə ilə bağlı təlim keçirilib, onlara davranış qaydaları izah olunub. Zamanla müəllimlər bu sahədə daha təcrübəli Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əliyeva deyir: “Əvvəl çəkindim, düşündüm ki, çox çətin olacaq. Amma sonra uşaqların xarakterini öyrəndim. Artıq müəllim-şagird deyil, müəllim-dost münasibətimiz var. Uşaqlar tətillərdə dərslərin olmasını istəyirlər. Onlayn təhsilin ən müsbət tərəfi budur ki, uşaqlar tək qalmır, bir-biriləri ilə əlaqədə olur, sosiallaşırlar.

“Valideynlər də rahatdırlar”

Tutu müəllim əlavə edir ki, 9-cu sinif şagirdi Sənan ədəbiyyata maraq göstərir, dərslərlə kifayətlənməyərək əlavə kitablar oxuyur:

“Nəzmin, Aysun da aktiv şagirdlərdir. Uşaqlar əlavə məlumatlar istəyirlər. Onlarla işləmək mənim üçün həzzdir. Hər biri özünəməxsus xüsusiyyətə malikdir”.

Aysunun dərsi 

Mərkəzdə müəllimlərlə söhbət etdikdən sonra dərs prosesində də iştirak etdik. Gördük ki, şagirdlər həqiqətən dərsə böyük həvəslə qoşulurdular. Onların evdə dərsə qoşulma şəraiti və valideynlərin dəstəyi də maraqlıdır. Buna görə mərkəzin 9-cu sinif şagirdi Aysu Əliyevanın evinə yollandıq.

Aysu çox gülərüz qızdır, bizi də xoş təbəssümlə qarşılayır. Rahat dərs oxuya bilməsi üçün pulsuz internet və kompüterlə təmin olunub. Distant Təhsil Mərkəzi fəaliyyətə başlayandan Aysu burada təhsil alır.
Aysu ilə qısa söhbət etdik:

– Aysu, necəsən?

– Yaxşıyam, siz necəsiniz?

– Sənin dərsə həvəsə qoşulmanı  görməkdən çox məmnun oldum. Hansı dərsləri xoşlayırsan?

– Rus dili, (bir az fikirləşir) fizika, informatika.

– Hansı müəllimi daha çox sevirsən?

– Bütün müəllimlərimi çox sevirəm.

– Bəs hansı sinif yoldaşlarını?

– Sənan, Nəzmi.

Aysunun anası Xumar Əliyeva söhbətə qoşularaq deyir ki, qızı dərsdə oturmağı sevir, çünki sinif yoldaşları ilə ünsiyyət qurur, sosiallaşır və təhsil alır: "Aysu ünsiyyət qurmaqda çox yaxşıdır. Dövlət tərəfindən ona çanta, qələm, məktəb ləvazimatları pulsuz verilir. Mən də dərslərdə ona kömək edirəm. Heç bir dərsdən geri qalmır".

Xumar xanım müəllimlərdən razılıq edir və bildirir ki, dərslər yaxşı keçirilir, əlavə izaha ehtiyac qalmır.

Aysu serebral iflicdən əziyyət çəkir, onun kimi bir çox uşaqlar evdən çıxıb məktəbə gedə bilmirlər. Lakin bu mərkəz vasitəsilə dərs oxuyur və cəmiyyətə inteqrasiya olunurlar. Növbəti dəfə başqa uşaqlarla da söhbət edəcəyik. Bu dəfə isə sevgi dolu reportajı burada tamamlayırıq. Çünki təhsil almaq hər kəsin haqqıdır və Aysu kimi uşaqlarımıza bu haqqın verilməsi böyük sevincdir.

1 /4

Şərhlər

Xəbər lenti

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili üzrə MİQ-də bu mövzulardan suallar düşəcək

5 iyun, 13:32

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

5 iyun, 13:16

Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib

5 iyun, 12:47

BMU tələbəsi İKTA-nın müsabiqəsində I yerin qalibi olub

5 iyun, 12:21

Sabahın hava proqnozu açıqlanıb

5 iyun, 12:15

Dəyişikliklər müsbət nəticə versə də, erkən nikah problemi yenə də aktualdır – Deputat

5 iyun, 12:05

Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi

5 iyun, 11:55

BSU rektoru Berlində keçirilən konfransda çıxış edib

5 iyun, 11:41

“Müasir metodist” layihəsini uğurla tamamlayanların statistik göstəriciləri açıqlanıb

5 iyun, 11:31

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilib

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.