Bütün xəbərlər
30 aprel, 15:00

Lənkəran rayonu R.Həsənov adına Viravul kənd 1 nömrəli tam orta məktəbin 12 nəfər XI sinif şagirdinin 9-u (75 faiz) buraxılış imtahanında 230-dan çox bal toplayaraq yüksək nəticə göstərib.

“Azərbaycan müəllimi” zəhmət və məqsədyönlülüklə uğur qazanan bu gənclərin məktəbindən hazırlanan reportajı təqdim edir.

1923-cü ildən fəaliyyət göstərən Viravul kənd 1 nömrəli tam orta məktəbi Lənkəran rayonunun təhsil xəritəsində özünəməxsus yer tutur. Hazırda məktəbdə I-XI siniflər üzrə 11 sinif komplekti fəaliyyət göstərir. Tədris prosesi 29 nəfər ixtisaslı və təcrübəli müəllim tərəfindən həyata keçirilir. Məktəb direktoru Azər Rəcəbli bildirir ki, pedaqoji heyət və valideynlər arasında sıx əməkdaşlıq sayəsində burada sağlam təhsil mühiti formalaşıb, şagirdlərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb. 1996-cı ildə Parakənddə pedaqoji fəaliyyətə başlayan Azər müəllim 2008-ci ildən Viravul kənd məktəbində direktor vəzifəsində çalışır.

Rayon üzrə ilk üçlükdə qərarlaşan məktəb

Məktəblə tanışlıq zamanı məlum oldu ki, son illərdə şagirdləri fənn olimpiadaları və müxtəlif bilik müsabiqələrində əhəmiyyətli uğurlar qazanıblar. Xüsusilə 2022-ci ildə Respublika fənn olimpiadasında kimya fənni üzrə III yerin sahibi olan Əfsanə Məmmədlinin qazandığı bürünc medal məktəbin adına yazılan qürurverici nəticələrdən biridir. Məktəbin buraxılış və qəbul imtahanlarındakı nəticələri də diqqətəlayiqdir. Məktəb XI siniflər üzrə imtahan nəticələrinə görə region üzrə ilk yerdə, IX sinif üzrə nəticələrinə görə isə ilk üçlükdə qərarlaşır. Ali məktəblərə qəbul faizinin 60%-dən yuxarı olması da məktəbdə tədrisin sistemli şəkildə aparıldığını sübut edir.

Tədrisin keyfiyyətinə kompleks yanaşma

Tədrisin keyfiyyətinin artırılması məqsədilə məktəbdə kompleks tədbirlər görülür. Pedaqoji heyətlə söhbətdən anlaşılır ki, dərslərin planlaşdırılmasından tutmuş psixoloji dəstəyə qədər hər mərhələdə sistemli iş aparılır. Şagirdlərin inkişaf səviyyəsi nəzərə alınır, biliklərinin artırılması üçün fərdi yanaşma tətbiq olunur. Eyni zamanda, “təhsil üçbucağı” uğurla qurulub. Müasir texnologiyaların tətbiqi məktəbdə geniş vüsət alıb. İnteraktiv lövhələr, elektron platformalar ("Google Classroom", “Zoom”, “e-jurnal” və s.), tənqidi düşünmə və layihə əsaslı dərslər tədrisin səmərəliliyini artırır. Müəllimlər mütəmadi olaraq yeni metodikalarla bağlı təlimlərə qatılır və qabaqcıl təcrübələri öyrənərək tətbiq edirlər. 

Azər müəllim bildirir ki, məktəbdə yaradıcı və sosial fəaliyyətlərə də böyük önəm verilir: “İdman yarışları, debat turnirləri, intellektual oyunlar, musiqi və teatr festivalları şagirdlərin hərtərəfli inkişafına imkan yaradır”.

“Əsas məqsədimiz məktəbdə təhsilin keyfiyyətini davamlı olaraq yüksəltməkdir”

Məktəb rəhbərliyi və müəllim heyəti fəxri fərman və diplomlarla təltif olunub. Məktəbin direktoru 2022-ci ildə Lənkəran-Astara Regional Təhsil İdarəsinin “Fəxri fərman”ı ilə mükafatlandırılıb. Bu mükafatlar pedaqoji fəaliyyətin yüksək dəyərləndirilməsinin sübutudur. Azər müəllim universitetlərə qəbul nəticələrinin yüksək olduğunu bir daha xatırladır: “Hər tədris ilində məzunlarımızın 60%-dən çoxu ölkəmizin müxtəlif ali təhsil müəssisələrinə qəbul olur. Məzunlarımız arasında ölkənin tanınmış universitetlərində təhsil alan, müxtəlif sahələrdə uğurlu karyera quran şəxslər var. Onların uğurları, məncə, məktəbimizdə verilən keyfiyyətli təhsilin, sağlam pedaqoji mühitin və öyrənməyə təşviqedici atmosferin nəticəsidir. Bizim bundan sonra üçün də əsas məqsədimiz məktəbdə təhsilin keyfiyyətini davamlı olaraq yüksəltmək, sağlam psixoloji və pedaqoji mühiti möhkəmləndirmək, fənlərarası inteqrasiyanın artırılması, innovativ tədris metodlarının geniş tətbiqi və valideynlərin təhsil prosesinə daha fəal cəlb olunmasıdır”.

Direktor gələcək planlardan da danışır: “Gələcəklə bağlı çoxlu planlarımız var. Birincisi, müəllimlərimizin qabaqcıl beynəlxalq təlimlərdə iştirakını təmin etmək, STEAM və robototexnika layihələrinin məktəbimizə inteqrasiyası üçün çalışmaq, şagirdlər üçün fərdi inkişaf proqramları yaratmaq, İKT əsaslı tədrisi gücləndirmək, məktəbdə “Açıq qapı” günlərinin keçirilməsi və valideynlərlə daha sıx əməkdaşlığın təşkili əsas hədəflərimizdir”.

“Uğurun formulu nədir? – Məktəblilər cavab verir...

Uğurlu nəticələri ilə seçilən məktəbin üç şagirdi - Zeynəb, Əfsanə və Vəfa - şəxsi təcrübələrini bizimlə bölüşürlər. Onların hekayələri motivasiya baxımından olduqca zəngindir.

XI sinif şagirdi olan Əfsanə Məmmədli bu il buraxılış imtahanında Azərbaycan dilindən 93, riyaziyyatdan 91, ingilis dilindən 60, ümumilikdə 244 bal toplayaraq məktəb üzrə ən yüksək nəticə göstərən 9 nəfərdən biri olub. Əfsanə planlı hazırlığın, intizamın və məqsədyönlülüyün vacibliyini vurğulayır: “Hər gecə növbəti günün dərs planını hazırlayırdım, səhər artıq məqsədim olurdu. Məncə, burada əsas məsələ intizamlı olmaqdır. Bəzən olurdu ki, yazdığım planları çatdıra bilmirdim, gündəlik vaxt bölüşdürmə çətinliyi yaşayırdım, bu məni çox narahat edirdi. Həmçinin sınaq imtahanlarda da vaxt çətinliyi yaşayırdım, amma çoxlu sınaqlar işləyərək bunu aradan qaldırdım. Bəzən telefon çox vaxtımı alırdı, ona görə telefondakı proqramlara vaxt limiti qoymuşdum. Bəzən ruhdan düşürdüm, amma valideynlərim və hədəfim məni daha da əzmkar edirdi. Ailəmin, müəllimlərimin və dostlarımın inamı məni çox motivasiya edirdi. Valideynlərim imtahan nəticəsinin necə olmasından asılı olmayaraq, yanımda olacaqlarını deyirdilər. Müəllimlərim zəif tərəflərimi düzəltməyə çox dəstək oldular. Motivasiya mənbəyim gələcəyim idi”,  – deyən Əfsanə həm də internet resurslarından faydalandığını qeyd edir və gələcəkdə kimya mühəndisi olmaq istədiyini söyləyir.

“Arzum vətənimə layiqli vətəndaş olmaqdır”

Digər şagird Zeynəb Həsənzadə buraxılış imtahanında Azərbaycan dilindən 98, riyaziyyatdan 100, ingilis dilindən 95, ümumilikdə 293 bal yığıb. Zeynəb uğurları haqqında bunları deyir: “Uğur qazanmağımın əsas səbəbi məndən böyük bacı-qardaşımın əldə etdiyi nailiyyətlərdir. Bu məni ruhlandırır. Eyni zamanda, uğur qazanmağımda ilk növbədə ibtidai sinif müəllimimin böyük rolu var. Başda riyaziyyat müəllimim – atam Ruslan müəllim olmaqla üzərimdə əməyi olan bütün müəllimlərə borcluyam. Günortaya qədər məktəbdə olurdum, günün ikinci yarısı isə verilən tapşırıqları yerinə yetirirdim. Bu mənim əsas metodum idi. Arzum güclü proqramist olmaq, yeni-yeni layihələr üzərində işləmək və vətənimə layiqli vətəndaş kimi yetişməkdir”.

“Dərs edərkən musiqi dinləmək məni xoşbəxt edirdi”

Buraxılış imtahanında Azərbaycan dilindən 88, riyaziyyatdan 88, ingilis dilindən 73, ümumilikdə 249 bal toplayan Vəfa Məmmədovanın özünəməxsus hazırlıq metodu var: “İmtahanlara ciddi hazırlaşmağa çalışırdım. Dərs edərkən musiqi dinləmək məni xoşbəxt edirdi. Plan cədvəlim yox idi, hansı dərs mənə daha görünürdüsə, ondan  başlayırdım. Bəzən yorğunluq, stres motivasiyamı azaldırdı, amma uğur arzusu məni ayaqda saxlayırdı. İnternetdəki mənbələr də mənim üçün əsas resurs idi. Müəllimlərim və ailəm hər zaman mənə güvən, inam duyğusunu hiss etdirdilər. Ən azından uğursuz olsam belə, yanımda onların olacaqlarını bilirdim. Dünyadakı çox insanın məni tanımasını və sevməsini, gələcəkdə məndən bəhs edərkən ali təhsilli bir qız kimi bəhs etmələrini arzulayıram”.

Şagirdlərin sözlərindən, eləcə də gördüyümüz məktəb mühitindən belə nəticəyə gəlmək olar ki, bu məktəbdə əldə olunan uğurlar təkcə müəllimlərin deyil, valideynlərin və daim öz üzərində çalışan şagirdlərin birgə əməyinin nəticəsidir. Məktəb rəhbərliyi və kollektivin təhsilə olan yanaşması, müasir dövrün tələblərinə uyğunlaşdırılan metodlar və səmimi əməkdaşlıq ruhu bu təhsil ocağını rayonun qabaqcıl məktəblərindən birinə çevirib.

Şərhlər

Xəbər lenti

13 may, 20:55

NDU-da dünyamiqyaslı yazıçı Şandor Lejakın kitablarının təqdimatı olub

13 may, 20:43

Şandor Lejak: Təhsilin yaxşı olması imkan verir ki, Azərbaycan daha da inkişaf etsin

13 may, 19:55

Lənkəranda 108 şagird PISA-da iştirak edib 

13 may, 17:10

“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub

13 may, 16:57

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarığını nümayiş etdirir

13 may, 16:36

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13 may, 16:03

Biləsuvar məktəbliləri ABŞ-də ölkəmizin elmi potensialını nümayiş etdirirlər

13 may, 15:42

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

13 may, 15:35

Naxçıvan məktəbliləri ilk dəfə PISA tədqiqatında iştirak edirlər

13 may, 15:20

Sosial medianı qadağan etmək olarmı? 

13 may, 15:19

AzMİU-da “Gələcəyin qurucuları” layihəsinə start verilib

13 may, 15:15

Sultan Raev: Türk dünyasının ümumi birliyi Naxçıvandan başlayır

13 may, 15:13

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” bəlli oldu

13 may, 15:08

Həmkarlar ittifaqına necə üzv olmaq olar?

13 may, 15:00
13 may, 14:37

“Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri  mükafatlandırılıb

13 may, 14:00

Uşaq və yeniyetmələr evdən niyə qaçırlar? – ARAŞDIRMA

13 may, 13:30

BANM və Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

13 may, 13:11

Sabahın hava proqnozu açıqlanıb

13 may, 12:47

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.