Bütün xəbərlər
3 iyun, 11:15

İşğaldan azad olunmuş Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ruhani və mədəniyyət paytaxtına çevrilib. Bu qədim şəhər nəinki tariximizin, həm də gələcəyimizin rəmzidir.

İyunun birində – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə – Şuşa növbəti bayramını qeyd edirdi. Türk dünyasının mədəniyyət incisi, qəlbimizin tacı olan bu şəhər artıq dördüncü ildir ki, türkdilli xalqların məktəblilərini bir araya gətirən beynəlxalq uşaq yaradıcılıq festivalına ev sahibliyi edirdi. “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı bu bayram tədbiri bir uşaq şənliyi olmaqdan daha çox, türkün birliyinə, ruhuna və gələcəyinə bir çağırış, bir and yeridir.
Şuşaya hər səfər bir duyğular selidir, hisslərin səssiz pıçıltısıdır. Aşırımlı yollarda qəlbin sükuta bürünən, tarixlə baş-başa qalan anıdır. Qəhrəman əsgərlərimizin sıldırım qayalara dırmaşaraq bu şəhəri azad etdiyi səhnələr bir anlıq göz önündə canlanır. Hər kəsin içindən keçən eyni ehtiramla: "Salam, əsgər! Ruhun şad olsun!", - deyirsən. Bura təkcə coğrafi məkan deyil, bura ruhun təmizləndiyi, insanın içində bir xalqın gücünü hiss etdiyi məkandır.

Şuşaya hər səfər təkrarsız bir duyğudur. Yol boyu keçdiyin hər qarış torpaq səni tarixə, qürura, eyni zamanda inam və ümidə bağlayır. Burada torpağın hər zərrəsi şəhid qanı ilə yoğrulub, hər daşın, hər qayanın altında bir əfsanə yatır.

Bu müqəddəs şəhərə ayaq basanda ruhun sanki arınır, burada aparılan quruculuq işləri isə səni sabaha, işıqlı gələcəyə kökləyir. Şuşada bərpa edilən hər bina, çəkilən hər küçə bir əzmin, qəhrəmanlığın, bir dövlət iradəsinin təcəssümüdür. Şair Mikayıl Müşfiqin misraları bu yerdə dilə gəlir: 

“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki…
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!”

Budəfəki səfərdə mən bu hissləri yaşadım, gördüklərimin yaratdığı təəssüratları sizlərlə sadəcə bölüşmək istədim. Arada fürsət tapıb 1 nömrəli Şuşa məktəbinə də baş çəkdik. Həmkar dostum Elxan Nəcəfovla Şuşanın içi ilə məktəbə sarı yollandıq, qədim binarın hər daşı, küçələrin döşəməsi sanki dil açıb danışır, gözlərinin qarşısında qədim mənzərəni canlandırırdı. Hər yanından keçən yerli sakinlərin məlhəm bir doğmalıqla salam verməsi çox böyük bir qürur hissi yaşadırdı. Elə bil şəhərin özü səni qucaqlayırdı. Qədimliyin içində gələcəyə boylanan məktəbdən aldığımız təəssürüat isə tamam başqa idi. 

Məktəb gələcəyin nəfəsini daşıyırdı. Zamanın sınağından keçmiş bu binada indi yeni imkanlar məhz gələcəyə yol açır. Müasir texnologiyalar, elm və sənətin inteqrasiyası ilə qurulmuş laboratoriyalar hər bir şagirdə "düşün, öyrən, müqayisə et, yarat", - deyirdi. Dron texnologiyaları, mühəndislik, CodeLab, mekatronika və robototexnika, peyk sistemləri, alternativ enerji, ROV və AUV sistemləri, pilotsuz gəmi laboratoriyaları — bunlar artıq Azərbaycan təhsilinin gələcəyidir. Burada olmaq, bu atmosferi yaşamaq insana bircə arzu təlqin edir: “Kaş biz də bu məktəbdə oxuya biləydik...”

Məktəbin həyətində isə başqa bir həyat vardı — uşaq qəhqəhələri, həyəcanlı futbol oyunu və meydançadakı şuşalı məktəblilər. Uşaqların hər biri çox gözəl idi, qartal baxışlarında, səmimi simalarında o qədər xoşbəxt bir duyğu var idi ki... Onlara baxdıqca anlayırdın ki, Şuşa artıq gələcək nəsillərin şəhəridir.  Hər bir uşaqda xoşbəxtliyin, azadlığın və ümidin parıltısı yaşayırdı. Məktəbin direktoru Səbinə xanım bizi səmimiyyətlə qarşılayaraq məktəbin infrastrukturu, məqsədləri, şagirdləri barədə məlumat verdi. Sabahkı festivalda Şuşa məktəblilərinin də səhnəyə çıxacaqlarını qürurla bildirdi. Bu xəbər bizə bir zamanlar xəyal kimi görünən gerçəklərin reallaşdığını sübut etdi. Məktəbin kitabxanasında Elxan müəllimin Rəsul Rzanın şeir kitabını vərəqləyərkən “Çinar” şeirindən xatırladığım misralar dilə gəldi: Belə məğrur dayanmağa haqlıyam, Mən kökümlə bu torpağa bağlıyam.

Festival axşamı isə şəhər daha da canlandı. Küçələrdə türk, qazax, qırğız, azərbaycanlı, şimali kiprli və macar uşaqlarının səsi səslərə qarışmışdı. Qəhqəhələr, ifalar Şuşa dağlarında əks-səda verirdi. Şuşa bir musiqi simfoniyasına dönmüşdü.

Səhərisi gün isə səhnə uşaqların idi. Səhnədə əsl möcüzə baş verdi. Təqdim olunan nömrələr, hər bir uşaq ifası əsl qəhrəmanlıq nümunəsi idi. Qardaşlığın, dostluğun salnaməsi idi. Balaca ifaçılar yalnız rəqs və musiqi nümayiş etdirmirdi – onlar milli kimliklərini, mədəni irslərini, türk birliyini yaşadırdılar. 
Uşaqların hər biri Şuşa konservatoriyasının səhnəsində sanki imtahan verir, buranın dəyərini anlayaraq, layiqincə ölkəsini təmsil etməyə çalışırdılar.

Bu səfərdə bir təsirli görüş də oldu. Aprel döyüşlərinin qəhrəman şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə qarşılaşma, şəhid övladlarının festivala qatılması, sanki Şuşada ucalan canlı bir abidə qarşısında dayanmağa bərabər idi. Həmin abidə Şəhid uşaqlarının Anaların qanadları altında məğrur duruşları ilə düşmənə göz dağının, qəhrəmanlığın ölməzliyini canlandırırdı. Şəhidlərin ruhuna ehtiram, gələcək nəsillərin xoşbəxtliyi naminə bir dua idi bu xəyal. Bu uşaqların varlığı, onların gülüşü bir daha sübut edirdi: qəhrəmanlarımızın ruhu yaşayır və gələcək artıq qoruma altındadır.

Sözün tükəndiyi yer idi hər məqam. Bu səfər, bu festival, bu duyğular bir daha deyirdi ki, uşaqlar xoşbəxt böyüməlidirlər. Onlar üçün qurulan hər məktəb, təşkil olunan hər tədbir gələcəyimizə qoyulan möhkəm təməl, milli yaddaşımıza yazılan bir ümiddir. Şuşadan səslənən bu uşaq sədası isə bütün Türk dünyasının birliyinə, sabaha olan inamın simfoniyası idi.

Mehriban VƏLİYEVA,
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Şərhlər

Xəbər lenti

5 iyun, 13:35

Fransız dili müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

5 iyun, 13:32

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

5 iyun, 13:16

Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib

5 iyun, 12:47

BMU tələbəsi İKTA-nın müsabiqəsində I yerin qalibi olub

5 iyun, 12:21

Sabahın hava proqnozu açıqlanıb

5 iyun, 12:15

Dəyişikliklər müsbət nəticə versə də, erkən nikah problemi yenə də aktualdır – Deputat

5 iyun, 12:05

Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi

5 iyun, 11:41

“Müasir metodist” layihəsini uğurla tamamlayanların statistik göstəriciləri açıqlanıb

5 iyun, 11:31

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilib

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

5 iyun, 09:59

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

5 iyun, 09:51

Azərbaycan Milli Konservatoriyasında “Bülbülə ehtiramla” adlı tədbir keçirilib

5 iyun, 09:42

AƏSMA və TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.