Bütün xəbərlər
11 iyun, 10:40

Son illərdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin uğurlu təhsil və karyera həyatı hər birimiz üçün sevindiricidir. Ölkəmizdə insan kapitalının inkişafına xidmət edən xaricdə təhsil üzrə Dövlət Proqramları neçə-neçə istedadlı gəncin yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasına vəsilə olub. Belə gənclərdən biri də Ali Cahangir oğlu Məmmədovdur. 

Beləliklə də “Azərbaycan müəllimi” qəzeti olaraq “Dövlət Proqramı təqaüdçüləri” rubrikasından növbəti müsahibəni oxuculara təqdim edirik.

Təhsilin gücünə inanıram

– Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

– Mən, Ali Cahangir oğlu Məmmədov Bakıdakı 3 nömrəli tam orta məktəbi bitirmişəm. Uzun illərdir ki, təhsilin gücünə inanıram və bu yolda davamlı öyrənməyə, öyrətməyə çalışıram. ADA Universitetində “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bakalavr təhsilimi başa vurduqdan sonra “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Viskonsin-Madison Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili aldım. Bununla yanaşı, bu universitetin “Enerji analizi və siyasəti” üzrə də akademik ixtisaslaşma proqramını da tamamladım. Həmin universitetdə 2 illik müəllimlik və tədqiqatçılıq fəaliyyətim olub.

Təhsil yalnız diplom deyil…

– ABŞ-də təhsil almağa necə qərar verdiniz? Bu yolda sizi nələr motivasiya etdi?

– Əslində, bu yol asan olmayıb. Hər şey bir sualla başladı: “Daha çox nə edə bilərəm?” Azərbaycan və Avropada topladığım təcrübə, beynəlxalq layihələrdəki fəaliyyətim məni bu sualla üz-üzə qoydu. Mən daim inanırdım ki, təhsil yalnız diplom deyil – bir vəzifədir, cəmiyyət qarşısında öhdəlikdir. ABŞ-də təhsil almaq istəyi bu anlayışla formalaşdı. Buradakı təhsil sistemi – analitik düşüncəni və tədqiqata əsaslanan öyrənməni təşviq etdiyi üçün qərarımı qəti verdim. Dövlət Proqramı isə bu arzumu reallaşdırmaqda açar rolunu oynadı.

Azərbaycan dili kurslarında müəllimlik etmişəm

– Akademik ixtisas sahəniz və pedaqoji fəaliyyətiniz haqqında ətraflı məlumat verə bilərsinizmi?

– Təhsil sahəsində ixtisaslaşmağım əsasən Dövlət idarəçiliyi və İctimai siyasət üzərində qurulub. Bununla yanaşı, enerji siyasəti və sosial rifah məsələlərinin kəsişməsində dayanan tədqiqatlar aparıram. Məsələn, enerji siyasətinin cəmiyyətin müxtəlif təbəqələrinə təsiri, resurs bölgüsü və dayanıqlı inkişaf kimi mövzular üzərində işləyirəm. Viskonsin–Madison Universitetində beynəlxalq münasibətlər, siyasət, mədəni müxtəliflik və ən əsası Azərbaycan dili kurslarında müəllimlik etmişəm. Müxtəlif beynəlxalq konfranslarda, o cümlədən BMT, NASA konfransı və COP-la bağlı tədbirlərdə çıxışlarım olub.

Universitet təşəbbüslərimi yüksək qiymətləndirdi

– ABŞ-də dərs deməyə necə başladınız? Bu proses necə baş verdi?

– 2023-cü ildən etibarən Viskonsin–Madison Universitetində müəllimlik fəaliyyətinə başlamışam. Əvvəlcə müəllim köməkçisi kimi fəaliyyət göstərirdim. Lakin tədrisə, tələbələrlə işləməyə, dərs planlarına və seminarların təşkilinə verdiyim töhfə nəticəsində müstəqil dərs demək imkanım yarandı. Dərs dediyim sahə yalnız nəzəri bilikləri deyil, tələbələrin düşüncə tərzini formalaşdıran və müzakirə ruhunu inkişaf etdirən yanaşmaları əhatə edir. Universitet bu təşəbbüslərimi yüksək qiymətləndirdi və artıq tam hüquqlu dərs deyən müəllimlərdən biri oldum.


– Universitetin rəhbərliyi sizin təşəbbüslərinizə necə reaksiya verdi? Qarşılaşdığınız çətinliklər oldumu?

– Başlanğıcda hər yeni sistemə uyğunlaşmaq müəyyən çətinliklər yaradır. Xüsusilə dərs dediyiniz ölkənin dili, mədəniyyəti, tələbə yanaşması fərqli olanda daha çox məsuliyyət hiss edirsiniz. Ancaq universitet rəhbərliyi çox açıq fikirli və təşəbbüslərə dəstək verən bir mühit yaradır. Mən də bu mühitdən istifadə edərək Azərbaycanla bağlı mövzulara dərslərdə toxunmağa başladım və bu da tələbələrdə böyük maraq doğurdu

Azərbaycan dilinin sədası, ədəbiyyatı və mədəniyyəti xarici tələbələrə fərqli və cazibədar gəlir

– Azərbaycan dilini tədris etdiyinizi eşitmişik. Bu necə həyata keçirilir və tələbələr necə qarşılayır?

– Bəli, universitetdə Azərbaycan dili ilə maraqlanan tələbələr üçün onlayn əsasda qısa modul dərsləri təşkil edirəm. Bu rəsmi fənn formatında olmasa da, maraq əsaslı və könüllü əsasda təşkil olunur. Dilə olan maraq, xüsusilə Qafqaz regionuna və beynəlxalq əlaqələrə yönəlmiş tələbələr arasında hiss olunur. Əlbəttə – tədris kiçik qruplarla, motivasiyası yüksək olan tələbələrlə həyata keçirilir. Azərbaycan dilinin sədası, ədəbiyyatı və mədəniyyəti tələbələrə fərqli və cazibədar gəlir.

Xaricdə Azərbaycan dilinin tədrisi həm diplomatik, həm də mədəni baxımdan strateji əhəmiyyət daşıyır

– Sizcə, əcnəbilərə Azərbaycan dilinin tədrisi ölkəmiz üçün nə dərəcədə vacibdir?

– Bu, sadəcə dil öyrətmək deyil, ölkəmizi tanıtmaq deməkdir. Hər bir öyrədilən söz, paylaşdığımız hər bir mahnı və ya tarixin parçası Azərbaycanın mədəniyyət xəritəsini bir az daha genişləndirir. Əgər biz dilimizi xaricdə tanıtmağa davam etsək, gələcəkdə bu insanlar Azərbaycanın dostları, tərəfdaşları və bəlkə də diplomatik körpüləri olacaq. Bu səbəbdən xaricdə Azərbaycan dilinin tədrisi həm diplomatik, həm də mədəni baxımdan strateji əhəmiyyət daşıyır.

ABŞ universitetinin azərbaycanlı müəllimi

– Bir ABŞ universitetində azərbaycanlı müəllim olmaq sizə hansı hissləri yaşadır?

– Bu hissi izah etmək bir qədər çətindir, çünki eyni anda həm qürur duyursunuz, həm də böyük bir məsuliyyət hiss edirsiniz. Mən oxuduğum universitetdə ikili diplom olaraq dövlət idarəçiliyi sahəsində təhsil almış və eyni zamanda enerji siyasəti üzrə təqaüdçü olaraq ixtisaslaşmış və məzun olmuş ilk azərbaycanlıyam. Bu iki sahəni birlikdə başa vuran ilk şəxs olmaq mənə əlavə məsuliyyət yüklədi: Azərbaycanın adını yalnız akademik uğurlarla deyil, həm də müsbət təəssüratlarla təmsil etmək. Mən bu sahədə əlaqələrin inkişaf etdirilməsində kiçik də olsa öz töhfəmi verməyə çalışıram.

Hər bir azərbaycanlı tələbə ölkəmizi layiqincə təmsil edir

– Universitetdə təhsil alan digər azərbaycanlı tələbələr barədə nə deyə bilərsiniz?

– Burada azərbaycanlı tələbə sayımız çox olmasa da, olduqca fəaldırlar. Hər biri fərqli sahələrdə – mühəndislikdən ictimai elmlərə qədər öz sahəsində müsbət nəticələr göstərir. Akademik uğurlar, tədbirlərdə iştirak və müxtəlif sosial layihələrdə təmsilçilik baxımından fəallığımız yüksəkdir. Əminliklə deyə bilərəm ki, burada hər bir azərbaycanlı tələbə ölkəmizi layiqincə təmsil edir. Təhsil aldığım müddət ərzində mən həmçinin AZSA – Azərbaycan Tələbə Assosiasiyasında vitse-prezident vəzifəsində fəaliyyət göstərmişəm. Bu təşkilat komandamızla birlikdə ölkəmizi ləyaqətlə təmsil edir, Azərbaycan mədəniyyətini, tarixini və dəyərlərini beynəlxalq tələbə mühitində tanıtmağa xidmət edir.

“Amerikalı səfirin qarşısında bir gənc Azərbaycan diplomatı kimi dayandım”

Tələbə və müəllim kimi təhsil dövründə hansı yaddaqalan günü qeyd edə bilərsiniz?

– Beynəlxalq təhsil yolumda yaşadığım ən unudulmaz və qürurverici anlardan biri, ABŞ-nin BMT-dəki səfiri, təcrübəli diplomat Linda Thomas-Greenfieldin universitetimizə etdiyi rəsmi səfər zamanı baş verdi. Səfir universitet rəhbərliyi ilə görüşlərindən sonra bir neçə tələbə ilə şəxsi görüş keçirmək istədiyini bildirdi və həmin tələbələr arasında məhz mənimlə fərdi görüş istədi.

O görüşə sinəmdə Xarı bülbül simvolu olan yaxalıq, içimdə isə Azərbaycan sevgisi və məsuliyyəti ilə qatıldım. Bu mənim üçün sadəcə bir təhsil təmsilçiliyi deyildi, qalib, inkişaf edən və gələcəyini elmə, gənclərə etibar edən bir ölkənin vətəndaşı kimi səfirin qarşısında dayanmaq idi. Görüş zamanı Azərbaycanın son illərdəki yüksəlişindən, təhsilə verilən önəmdən, gənclərə yaradılan imkanlardan danışdım.

O an özümü real bir gənc Azərbaycan diplomatı kimi hiss etdim. Rəsmi statusum olmasa da, duruşum, düşüncəm və davranışımla ölkəmin müasir, qlobal səviyyədə düşünən və dəyişiklik yaradan gənc simasını nümayiş etdirdim. Bu görüş, yaddaşımda sadəcə bir diplomatik epizod deyil, Azərbaycanın dünyadakı yeni nəsil obrazının bir nümunəsi kimi qaldı.


Başqasının uğuruna çevrilə bilmək

– Sonda, gələcək planlarınızla bağlı oxucularımıza nə demək istərdiniz?

– Diplomatik sahəyə marağım uşaqlıqdan bəri böyük olub. Hesab edirəm ki, bu gün dünyada və xüsusilə bölgəmizdə gənc, enerjili və düşünən diplomatlara ciddi ehtiyac var. Mən isə zamanla yalnız bir ixtisas sahibi deyil, hərtərəfli yetişmiş bir diplomat kimi formalaşdım, həm elmdə, həm beynəlxalq ictimai mühitdə, həm yad ellərdə ölkəmi təmsil edərək, həm də mədəniyyətimizi tanıtmaqla.

Mənim üçün diplomatiya yalnız xarici siyasətlə yanaşı, ölkəni düşüncə ilə, mədəniyyətlə, təhsil və tədqiqatla təmsil etmək missiyasıdır. Gələcək planlarım da məhz bu xətt üzrə davam edir. Tədqiqatlarımı daha da dərinə aparmaq və enerji siyasəti ilə sosial rifah arasındakı əlaqəni araşdırmaq istəyirəm. Gələcəkdə həm tədqiqat, həm də tədris sahəsində ölkəmizə və beynəlxalq akademik cəmiyyətə töhfə vermək arzusundayam. Eyni zamanda, hazırda Azərbaycanda qurduğum ilk sosial təhsil platforması olan “HopEdu” vasitəsilə gənclərimizin beynəlxalq təhsilə çıxışını asanlaşdırmaq üçün çalışıram. Mənim üçün ən böyük uğur – başqasının uğuruna çevrilə bilməkdir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.